Məhkəmə qərarları › İş №2(103)-3917/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3917/2021

30.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3917/2021 30.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi ilə, İddiaçı cavabdehlər “xxxx” MMC-nin (Cavabdeh1 MMC), “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh3nə qarşı “hərracın nəticələrinin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2263/2020 saylı, 17.11.2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı cavabdehlər “xxxx” MMC-nin (Cavabdeh1 MMC), “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh3nə qarşı “hərracın nəticələrinin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi, 2 a saylı evin 37 saylı mənzilinin “xxxx” BOKT MMC-yə satılmasına dair Cavabdeh1 MMC tərəfindən keçirlən hərracın nəticələrinin, yəni 07.12.2017-ci il tarixdə tərtib edilmiş 100 saylı protokol və “hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” 07.12.2017-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və həmin sənədlər əsasında “xxxx” BOKT MMCyə verilmiş çıxarışın ləğv edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi, 2 a saylı evin 37 saylı mənzili mülkiyyət hüququ əsasında iddiaçının həyat yoldaşı X2 məxsus olmuşdur. İddiaçı X5 ilə 2000-ci ildə tarixdə nikaha daxil olmuş və sözügedən əmlak da nikah dövründə alınmışdır. Həmin əmlak X1 götürdüyü kredit borcu ilə əlaqədar olaraq cavabdeh "xxxx" MMC qarşısında ipoteka ilə vüklü edilmişdir. Sonradan kredit öhdəlikləri icra edilə bilmədiyindən “xxxx" MMC Bakı şəhəri Xətai Rayon Məhkəməsinə "kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair” iddia ərizəsi ilə müraciət etmiş, həmin məhkəmədə iddiaya baxılaraq iddia tələbinin qismən təmin edilməsi barədə 08 oktyabr 2015-ci il tarixli qətnamə qəbul edilmişdir. Sonradan isə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 oktyabr 2015-ci il tarixli qətnaməsi icraya yönəldilmiş və icra olunması üçün Bakı şəhəri Xətai rayon icra və Probasiya şöbəsinə göndərilmişdir. Bundan sonra isə ipoteka predmetinin hərracda satılmasına dair Bakı şəhəri Xətai rayon icra və Probasiya şöbəsi tərəfindən "Cavabdeh1" MMC-yə sifariş məktubu göndərilmişdir. Həmin sifariş məktubu əsasında isə "Cavabdeh1" MMC tərəfindən iki dəfə hərrac keçirilmiş və təkrar hərracdan Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi, 2 a saylı evin 37 saylı mənzil satılmışdır. Belə ki, "Cavabdeh1" MMC X4 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi, 2 a saylı evin 37 saylımənzili təkrar harracdan 82.875 manat məbləğinə tələbkar "xxxx" BOKT MMC-yə satmış və bu barədə 07.12.2017-ci il tarixli, 100 saylı protokol tərtib edilmiş, eyni zamanda həmin tarixdə də "hərracın yekunları üzrə əmlakın alqı-salqısı barədə müqavilə" də bağlanmışdır. Halbuki, sözügedən işlə bağlı aparılan proseslərin heç birindən iddiaçının xəbərini olmamışdır. Belə ki, nə iddiaçı "xxxx" BOKT MMC-nin cavabdeh X2, iddiaçıya və digərlərinə qarşı "kredit borcunun ödənilməsi və tutmanın ipoteka predmeti olan əmlaklara yönədilməsi" tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etməsindən, nə həmin məhkəmədən mülki iş üzrə keçirilən məhkəmə iclaslarından, nə də ki, qəbul edilmiş məhkəmə qərarından iddiaçının xəbəri olmamışdır. Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 08 oktyabr 2015-ci il tarixli qətnaməsi barədə məlumat əldə etdikdən dərhal sonra həmin qərarın surətini əldə etmiş və ondan apelyasiya şikayəti vermişdir. Lakin apelyasiya şikayəti təmin olunmamışdır. Eyni zamanda bu qətnamədən daha sonra kassasiya şikayəti versə də həmin şikayət də təmin edilməmişdir. Həmçinin iddiaçının məhkəmə iclaslarından xəbəri olmadığı kimi ipoteka predmeti olan əmlakın hərracda satılması barədə də iddiaçıya məlumat verilməmişdir. Halbuki, iddiaçı sözügedən əmlakın birgə mülkiyyətçisidir. Uzun müddət iddiaçı bu mənzildə yaşamış və əşyaları da həmin mənzildədir. Halbuki, ümumi birgə mülkiyyət hüququ əsasında ona məxsus olan mənzilin hüquqi müqəddəratı 07 dekabr 2017-ci il tarixdə keçirilən hərracda həll edildiyi halda həmin hərracın keçirilməsi vaxtı və yeri barəsində ona heç bir bildiriş və ya xəbərdarlıq məktubu göndərilməmiş, əmlakın satılmasına münasibət bildirməyi öyrənilməmiş və bununla da iddiaçının əmlak hüquqları pozulmuşdur. Ona görə də iddiaçı hesab edir ki, Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi 2 a saylı evin 37 saylı mənzilin "xxxx” MMC-yə satılmasına dair "xxxx" MMC tərəfindən keçirilən hərracın nəticələri, yəni 07.12.2017-ci il tarixdə tərtib edilmiş 100 saylı protokol və "hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə" eyni tarixli müqavilə etibarsız hesab edilməli, həmin sənədlər əsasında "xxxx" BOKT MMC-yə verilmiş çıxarış ləğv edilməlidir. "xxxx" MMC tərəfindən keçirilən hərracın nəticələri ilə bağlı iddaçıda heç bir sənəd yoxdur. Müvafiq sənədlərin təqdim olunması üçün iddiaçı "xxxx" MMCyə müraciət etsədə həmin sənədlərin iddiaçıya təqdim edilməsindən şifahi olaraq imtina edilmişdir. Ona görə də sözügedən sənədlər məhkəmə qaydasında cavabdehdən əldə edilməlidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2263/2020 saylı, 17.11.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət edilmişdir (sədrlik edən: Vüqar Quliyev). Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2263/2020 saylı, 17.11.2020-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ünvan 2 evin 37 saylı mənzili mülkiyyət hüququ əsasında X1 adına olmuşdur. İddiaçı X5 ilə 2000-ci il tarixdə nikaha daxil olmuşdur və sözügedən əmlak da birgə nikah dövründə alınmışdır. Yəni, iddiaçı qeyd olunan mənzilin birgə mülkiyyətçisidir. Həmin əmlak X1 götürdüyü kredit borcu ilə əlaqədar olaraq cavabdeh “xxxx” MMC qarşısında ipoteka ilə yüklü edilmişdir. Sonradan kredit öhdəlikləri icra edilə bilmədiyindən “xxxx” MMC X2, X3 və iddiaçıya qarşı Bakı şəhəri, Xətai Rayon Məhkəməsinə “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair” iddia ərizəsi ilə müraciət etmiş, həmin məhkəmədə iddiaya baxılaraq iddia tələbinin qismən təmin edilməsi barədə 08 oktyabr 2015-ci il tarixli qətnamə qəbul edilmişdir. Sonradan isə Bakı şəhəri, Xətai Rayon Məhkəməsnin 08 oktyabr 2015-ci il tarixli qətnaməsi icraya yönəldilmiş və icra olunması üçün Bakı şəhəri, Xətai rayonu İcra və Probasiya şöbəsinə göndərilmişdir. Bundan sonra isə ipoteka predmetinin hərracda satılmasına dair Bakı şəhəri,Xətai rayon İcra və Probasiya şöbəsi tərəfindən Cavabdeh1 MMC-nə sifariş məktubu göndərilmişdir. Həmin sifariş məktubu əsasında isə Cavabdeh1 MMC tərəfindən iki dəfə hərrac keçirilmiş və təkrar hərracdan Bakı şəhəri, Xətai rayonu, Vunq tau küçəsi, 2 a saylı evin 37 saylı mənzil “xxxx” MMC-nin mülkiyyətinə keçirilmişdir. Belə ki, Cavabdeh1 MMC X1 adına olan ünvan 2 evin 37 saylı mənzilini təkrar hərracdan ilkin qiymətindən təxminən 50.000 manat ucuz qiymətə, 82.875 manat məbləğinə, tələbkar “xxxxBank Olmayan Kredit Təşkilatı” MMC-yə satmış və bu barədə 07.12.2017-ci il tarixli, 100 saylı protokol tərtib edilmiş, eyni zamanda həmin tarixdə də “hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqavilə” də bağlanmışdır. Qeyd olunan dövrdə iddiaçı X6 azadlıqdan məhrumetmə növündə cəza çəkmiş, məhkəmə və icra proseslərindən xəbəri olmamış, müvafiq qurumlar tərəfindən qanunvericiliyin tələblərinə uyğun iddiaçıya məlumat verilməsi təmin edilməmişdir. Cəzamı çəkib azadlığa çıxandan sonra Bakı şəhəri, Xətai rayon məhkəməsinin 08 oktyabr 2015-ci il tarixli qətnaməsini əldə edərək, həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Lakin apellyasiya şikayəti, eyni zamanda kassasiya şikayətim təmin olunmamışdır. Məhkəmə proseslərindən məlumatı olmadığı kimi, mülkiyyəçisi olduğu, ipoteka predmeti olan mənzilinin hərracda satılması barədə iddiaçıya qanunvericiliyə uyğun qaydada məlumat verilməsi də təmin olunmamışdır. İddiaçı mübahisə predmeti olan mənzilin mülkiyyətçisi olmaqla bərabər, həm də həmin mənzildə yaşayır və əşyaları da həmin mənzildədir. Birgə mülkiyyət hüququ əsasında iddiaçıya da məxsus olan mənzilin hüquqi müqəddəratı 07 dekabr 2017-ci il tarixdə keçirilən hərracda həll edildiyi halda həmin hərracın keçirilməsi vaxtı və yeri barəsində iddiaçıya heç bir bildiriş və ya xəbərdarlıq məktubu göndərilməmiş, əmlakımın satılmasına münasibəti, hər hansı təklifinin olub-olmaması müəyyən olunmamışdır və bununla da cavabdehlər tərəfindən iddiaçının konstitusiya və qanunlarda təsbit olunmuş əmlak hüquqları, məhkəmə müdafiəsi hüquqları kobud şəkildə pozulmuşdur. Pozulmuş hüquqlarının bərpa və müdafiə edilməsi üçün müraciət etdiyi Nərimanov rayon məhkəməsi də iddiaçının iddia tələblərinə səthi yanaşmış, iş üzrə əsl həqiqəti ortaya çıxarmağa təşəbbüs göstərməmişdir. İddiaçının iddia tələbinin əsasını İcra mərhələsində birgə mülkiyyətçisi olduğu mənzilin hərrac yolu ilə satılması prosesi zamanı iddiaçıya məlumat verilməməsi təşkil edir. Birinci instansiya məhkəməsi isə bu pozuntunu ətraflı araşdırmadan öz qətnaməsinin 3-cü səhifəsinin 6-cı abzasında göstərir ki, guya Cavabdeh1 MMC iddiaçıya 30.08.2017-ci il tarixdə 01/79 nömrəli bildiriş göndərmişdir. Qeyd olunan fakt həqiqətə uyğun deyil və məhkəmə prosesi zamanı Cəmiyyətin məhkəməyə təqdim etdiyi və məhkəmənin də iddiaçının nümayəndəsinə verdiyi bildirişlərin surəti arasında iddiaçıya ünvanlanmış hər hansı bildiriş mövcud olmamışdır. İndi məhkəmənin qətnaməsində belə bir bildirişə istinad etməsi iddiaçıya aydın deyil və sual doğurur. Keçirilmiş hərrac nəticəsində guya ki, mənzilin satılmaması səbəbindən mənzilin ucuz qiymətə “xxxx BOKT” MMC-yə təklif olunması barədə məhkəmənin qeyd etməsi də düzgün olmamışdır. Çünki, bu satılma yox, sadəcə olaraq mənzilin demək olar ki, havayı olaraq ələ keçirilməsidir. Məhkəmə öz qətnaməsində iş materiallarında hərracın keçirilməsi barədə iddiaçıya ünvanlanmış bildirişin mövcud olduğunu və həmin bildirişin iddiaçıya verilməsini sübut etməyə cəhd etsədə bu fakt məhkəmə prosesində araşdırılmamış, təsdiq olunmamışdır. Tərəflərin izahatları: Kollegiya iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə bamayaraq tərəflər kollegiya iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarında olan ASAN 5 tərəfindən 17 aprel 2020-ci il tarixdə verilmiş AA ******* nömrəli Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan ərizənin məzmunundan görünür ki, iddiaçı poçt vasitəsi ilə cavabdehə məktub göndərərək 100 saylı protokolun və “hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” 07.12.2017-ci il tarixli müqavilənin rəsmi qaydada təqdim edilməsini xahiş etmişdir. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 fevral 2019-cu il tarixli Qətnaməsinin surətindən görünür ki, X1 cavabdehlər Cavabdeh1 MMC-nə, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinə, “xxxx” BOKT MMC-nə və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinə qarşı keçirilmiş hərracın nəticələrinin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Məhkəmənin 21.09.2020-ci il tarixli 2(005)-2263/2020 nömrəli sorğusuna cavab olaraq, Cavabdeh1 MMC tərəfindən keçirilmiş hərraca dair bütün sənədlərin təsdiq olunmuş surətləri məhkəməyə təqdim olunmuşdur. İş materiallarında olan Xətai rayon İcra şöbəsinin 03.08.2017-ci il tarixli 17/74-17964/13 saylı məktubun surətindən görünür ki, X1 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi 2a saylı evin, 37 saylı mənzilinin açıq hərrac vasitəsi ilə satılmasına dair Xətai rayon Məhkəməsinin 2(011)-3312 saylı 08.12.2015-ci il tarixli icra sənədinə əsasən ilkin satış qiyməti 130000 (yüz otuz min manat) manat müəyyən edilmişdir. İş materiallarında olan Cavabdeh1 MMC tərəfindən İddiaçı ünvanlanmış 30.08.2017-ci il tarixli № 01/79 nömrəli bildirişin təsdiq olunmuş surətindən görünür ki, Xətai Rayon Məhkəməsinin 2(011)- 3312/2015 nömrəli 08.12.2015-ci il tarixli icra sənədi üzrə X1 mülkiyyətində ünvan 2 evin 37 saylı ünvanında yerləşən mənzilinə tutmanın yönəldilməsi və hərracda satılması, hərracın 29.09.2017-ci il tarixində saat 11:00-da keçiriləcəyi barədə bildiriş İddiaçı göndərilmişdir. Bundan başqa eyni tarixli bildiriş X2 göndərilmişdir. İş materiallarında olan Cavabdeh1 MMC tərəfindən İddiaçı ünvanlanmış 11.10.2017-ci il tarixli № 01/79-1 nömrəli bildirişin təsdiq olunmuş surətindən görünür ki, Xətai Rayon Məhkəməsinin 2(011)-3312/2015 nömrəli 08.12.2015-ci il tarixli icra sənədi üzrə X1 mülkiyyətində ünvan 2 evin 37 saylı ünvanında yerləşən mənzilinə tutmanın yönəldilməsi və hərracda satılması, hərracın 10.11.2017-ci il tarixində saat 11:00-da keçiriləcəyi barədə bildiriş İddiaçı göndərilmişdir. Bundan başqa eyni tarixli bildiriş X2 və X3 da göndərilmişdir. İş materiallarında olan “xxxx BOKT” MMC tərəfindən 22 noyabr 2017-ci il tarixli 2794/HO-OUT saylı məktubun surətindən görünür ki, borclu X2 məxsus olan ünvan 3 ünvanda yerləşən əmlakın hərracda satılmadığına görə həmin əmlakın alınması təklifi qəbul edilmiş və hərracın keçrilməsi ilə bağlı 4.143,75 (dörd min yüz qırx üç manat yetmiş beş qəpik) manat təşkil edən xidmət haqqının ödənilməsinin təmin edilməsi qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh1 MMC tərəfindən tərtib edilmiş 100 nömrəli 07 dekabr 2017ci il tarixli hərracın yekunları barədə protokolun təsdiq olunmuş surətindən görünür ki, mülkiyyət hüququ ilə X2 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Vung Tau küçəsi, 2a saylı evin 37 saylı mənzili üzrə Xətai Rayon Məhkəməsi 2(011)-3312/2015 saylı 08 oktyabr 2015-ci il tarixli icra sənədinə, Bakı şəhəri Xətai rayon İcra və Probasiya Şöbəsinin 17/7417964/13 saylı 03 avqust 2017ci il tarixli məktubuna əsasən hərrac təşkil olunmuşdur. Əmlakın ilkin hərrac qiyməti 130 000 (yüz otuz min manat) manat, əmlakın təkrar hərracdakı ilkin satış qiyməti 110 500 (yüz on min beş yüz manat) manat, ipoteka predmetinin 25% aşağı olan qiyməti 82,875 (səksən iki min səkkiz yüz yetmiş beş manat) manat olmuş, əmlak tələbkar tərəfindən alınmışdır. İş materiallarında olan 30 avqust 2017-cil tarixli 156 (4726) tirajlı, 11 oktyabr 2017-cil tarixli 168 (3918) tirajlı, 17 noyabr 2017-cil tarixli 194 (3944) nömrəli “kaspi” qazetində qeyd olunan əmlakla bağlı Cavabdeh1 MMC tərəfindən elan yerləşdirilmişdir. Hüquqi dəyərləndirmə: Kollegiya işin mahiyyəti ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir: “İpoteka haqqında” Qanunun 34.1-ci maddəsinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. 39.2-ci maddəsinə görə ipoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir. “İpoteka haqqında” Qanunun 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. “İpoteka haqqında” Qanunun 41.2, 41.3, 41.4 və 41.5-ci maddələrinə əsasən, Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üsulu və satışı həyata keçirməli olan şəxs tərəflərin razılığı ilə müəyyən olunur. Razılığa əsasən ipoteka predmeti hərracda satıldıqda ipoteka saxlayan və ya ipoteka qoyan hərracın təşkilatçısına sifarişi verə bilərlər. Hərrac açıq auksion formasında keçirilir. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Həmin Qanunun 42.5 və 42.6-cı maddələrinə əsasən Ən yüksək qiymət təklif etmiş şəxs hərracı udmuş sayılır. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsinin tələbinə görə üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.2-ci maddəsinin tələbinə görə borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.3-cü maddəsinin tələbinə görə əmlak satılmadıqda həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 317.1-ci maddəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Kollegiya iş materiallarına və apellyasiya şikayətinin dəlillərinə əsasən qeyd ki, Xətai Rayon Məhkəməsinin 2(011)-3312/2015 nömrəli 08.12.2015-ci il tarixli icra sənədi üzrə X1 mülkiyyətində ünvan 2 evin 37 saylı ünvanında yerləşən mənzilinə tutmanın yönəldilməsi və hərracda satılması, hərracın vaxtları barədə bildirişlər (i.v. 65-68) İddiaçı yaşadığı ünvan 4 ünvanına göndərilmişdir. Bundan başqa eyni tarixli bildiriş X2 göndərilmişdir. İddiaçı arvadı X5 hərrac barədə məlumatlı oluşdur. Bunun nəticəsində iddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinə, “xxxx” BOKT MMC-yə və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinə qarşı keçirilmiş hərracın nəticələrinin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair iddia qaldırmış və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 fevral 2019-cu il tarixli Qətnaməsi ilə iddiasının təmin edilməməsi qət edilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq iddiaçının iddia ərizəsində və apellyasiya şikayətində əsas gətirdiyi mübahisəli mənzillə bağlı hərrac təşkilatçısının hərracın keçirilməsi barədə ona məlumat verməməsini, hərracın onun xəbəri və iştirakı olmadan keçirilməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hərrac təşkilatı tərəflərə icra sənədi üzrə borclu və tələbkara təqdim etdikləri rəsmi ünvan üzrə bir neçə dəfə rəsmi qaydada bildirişlər göndərmiş (i.v. 65-68), həmin bildirişlər barədə iddiaçının arvadı Lalə Museyibova rəsmi qaydada məlumatlı olduğundan cavabdehlər Cavabdeh1 MMC-yə, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinə, “xxxx” BOKT MMC-yə və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinə qarşı keçirilmiş hərracın nəticələrinin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair iddia qaldırmış və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 fevral 2019-cu il tarixli Qətnaməsi ilə iddiasının təmin edilməməsi qət edilmişdir. Kollegiya qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçının əmlakın hərraca çıxarılmasından tam olaraq xəbərdar olduğundan, qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq hərrac keçirildiyindən və ipoteka predmeti qanuni olaraq tələbkara təklif edildiyindən hərrac təşkilatının hərracın yekunları barədə protokolu etibarsız hesab edilməsi üçün əsas müəyyən edilməmişdir. İddiaçının qeyd edilən bildirişləri almamasına dair apellyasiya şikayətinin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 6 fevral 2016-cı il tarixli 0001 nömrəli qərarı ilə təsdiq edilmiş “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nın 9.26-cı bəndinə görə fiziki şəxslərə ünvanlanmış “Şəxsən verilmə” qeydli poçt göndərişləri yalnız ünvançıya və ya onun tərəfindən səlahiyyət verilmiş şəxsə verilir. Həmin Qaydaların 9.28-ci bəndinə görə xəbərnaməli poçt göndərişləri şəxsən ünvançıya, ünvançı olmadıqda isə onun yetkinlik yaşına çatmış ailə üzvünə verilir. Poçt göndərişini alan şəxs öz soyadını, adını, atasının adını və ünvançıya münasibətini göstərməklə xəbərnamədə imza edir. Həmin Qaydaların 9.29-cu bəndinə görə xəbərnaməli poçt göndərişi hüquqi şəxsə verilərkən xəbərnamədə alıcı barədə məlumatlar poçt rabitəsi operatorunun əməkdaşı tərəfindən qeyd edilir. Sadalanan əsaslardan göründüyü kimi “Şəxsən verilmə” qeydli poçt göndərişləri yalnız ünvançıya və ya onun tərəfindən səlahiyyət verilmiş şəxsə verilir. Hazırki iş üzrə poçt qəbzlərində isə “Şəxsən verilmə” qeydi ilə qəbzin verilməsini məcburi edən hal hərracla bağlı qanunvericlikdə nəzərdə tutulmamışdır. Qeyd edilən əsaslardan o da görünür ki, poçt göndərişləri şəxsən ünvançıya, ünvançı olmadıqda isə onun yetkinlik yaşına çatmış ailə üzvünə verilir. Belə vəziyyətdə poçt bildirişlərini qəbul edən şəxsin imzalaması poçt rabitəsi operatorunun vəzifəsi kimi deyil, əksinə olaraq poçt göndərişini alan şəxsə öz soyadını, adını, atasının adını və ünvançıya münasibətini həmin xəbərnamədə göstərmək hüququ vermişdir. Bununla belə qanunvericlik poçt rabitəsi operatoruna belə xəbərnamələrin yalnız hüquqi şəxsə verilərkən alıcı barədə məlumatların poçt rabitəsi operatorunun əməkdaşı tərəfindən qeyd edilməsinin məcburiliyini şərtləndirir. Hazırki mülki iş üzrə mübahisəyə qanunun analogiya üzrə tətbiqi imkanınının itirilmədiyini nəzərə alaraq kollegiya onu da qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 135.1-ci maddəsinə görə bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Mülki Prosessual Məcəllənin 135.3-cü maddəsinə görə məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 135.5-ci maddəsinə görə bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Kollegiyanın qənaətinə görə iddiaçı iddia ərizəsində və apellyasiya şikayətində həmin bildirişləri almamasını məhkəmədə mübahisələndirsə də hərracla bağlı bildirişlərin iddiaçının yaşayış ünvanı olan ünvan 5 haqlı olmuşdur. Belə ki, iddiaçının faktiki vermiş olduğu qeydiyyyat və yaşayış ünvanı iddia ərizəsindən də görünür ki, ünvan 6 ünvanı bir daha öz ünvanı kimi hazırki iddia ərizəsində də qeyd etmişdir. İddiaçının mübahisələndirdiyi kimi rəsmi qaydada bildirişi şəxsən imza etməməsi, (iddiaçı tərəfindəın imzalanıb-imzalanmadığı araşdırılmadan) lakin bildiriş barədə ailə üzvü olan Lalə Müseyibovanın məlumatlı olması sadalanan qanunvericliyin əsasları baxımından iddiaçının hərrac barədə məlumatlı olmaması kimi qiymətləndirilməsinə əsas vermir. Kollegiya hesab edir ki, iddiaçının istinad etdiyi əsaslar hərracın keçirilməsi haqqında protokolun və bundan irəli gələn hüquqi nəticələrin etibarsız sayılması üçün əsas deyildir. Hərracın keçirilməsi ilə bağlı göndərilmiş bildirişlərin iddiaçının şəxsən özü tərəfindən qəbul edilərək bu barədə müvafiq imzanın poçt qəbzlərinə qoyulmaması özlüyündə hərracın keçirilməsinə və bundan irəli gələn hüquqi prosedurların həyata keçirilməsinə maneə deyildir. Çünki, qanunvericilik hərracı keçirən təşkilatın üzərinə hərracın keçirilməsi barədə bildirişləri borclunun və ya daşınmaz əmlak sahibinin şəxsən özünə çatdırılması kimi bir vəzifə qoymayıb, bildirişlərin həmin şəxsin və ya şəxslərin yaşadığı və ya qeydiyyatda olduğu ünvana göndərilməsi qanunvericliyin sadalanan əsasları baxımından məlumatlandırmanın yerinə yetirilməsi kimi qiymətləndirilir. Əks halda əmlak mülkiyyətçisinə belə bildirişin şəxsən təqdim edilməsinin məcburiliyi hərracın keçirilməsi ilə bağlı məhkəmə qətnaməsinin icrasını mümkünsüz edərdi. Belə vəziyyət isə Konvensiyanın tələblərilə qeyri-müəyyənlik yaradardı. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində tərəflərə verilən prosessual təminatlar (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırması) məhkəmə qərarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı. İştirakçı dövlətlərin daxili qanunvericiliyi tərəflərdən birinin ziyanına məhkəmə qərarının icra olunmadan qalmasına imkan versəydi, onda 6-cı maddədə nəzərdə tutulmuş (təminat verilən) məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. Buna görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrasına Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün «məhkəmə araşdırmasının» ayrılmaz tərkib hissəsi kimi baxılmalıdır (Hornsbi Yunanıstana qarşı iş üzrə 1997- ci il 19 mart tarixli Qərar, § 40). Sadalanan xüsusatlara əsasən, kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin mövqeyi qanuni və əsaslı olduğundan, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdikləri dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2263/2020 saylı, 17.11.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar