Məhkəmə qərarları › İş №2(103)-392/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-392/2021

09.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-392/2021 09.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçının nümayəndəsi Emin Süleymanovun, Cavabdehin nümayəndəsi və vəkili Natiq Yaqubovun iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı müqavilənin ləğv edilməsi və borcun tutulması tələbinə dair 2(004)-6717/2013 saylı iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi və ona əlavə ilə məhkəməyə müraciət edərək, "İddiaçı” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli, DL-LA001- 095868 saylı daxili lizinq müqaviləsinin ləğv edilməsi və Cavabdeh İddiaçı ASC-nin xeyrinə 4468,12 manat əsas borc, 452,32 manat mükafat, 2047,75 manat cərimə, ümumilikdə 6968,80 manat borcun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "İddiaçı” ASC ilə borclu Cavabdeh arasında xx.xx.2012-ci il tarixdə DL-LA001-095868 saylı Daxili lizinq müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən İddiaçı ASC tərəfindən “Mercedes Benz A 160 markalı 10-PK- 784 dövlət qeydiyyat nişanlı avtomobil (şassi nömrəsi: WDB1680332J8662-56, rəngi: ağ, 2002-ci ilin istehsalı olan) borclu Cavabdeh verilmişdir. Qeyd edilən lizinq müqaviləsinin 01 saylı əlavəsinə əsasən Cavabdeh İddiaçı ASC-yə 2 il müddətində hər ayın 22-də 279 manat ödəməyi öhdəsinə götürmüşdür. Belə ki, cavabdeh qeyd olunan müqavilənin öhdəliklərini lazımınca yerinə yetirməyərək aylıq ödənişləri vaxtında ödəməmiş və bununla da müqavilə şərtlərini pozmuşdur. Borcluya dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq o, müqavilə üzrə götürdüyü öhdəlikləri könüllü yerinə yetirmək istəmir. xx.xx.2012-ci il tarixli, DL-LA001-095868 saylı daxili lizinq müqaviləsi üzrə Cavabdeh İddiaçı ASC-yə olan borcu əsas borc üzrə 4468,12 manat, mükafat 452,32 manat, cərimə 2047,75 manat, ümumilikdə 6968,80 manat məblğində təşkil edir. Daxili lizinq müqaviləsinin 10.1.4-cü maddəsinə əsasən “Lizinq alan” lizinq obyektindən istifadə üçün lizinq ödənişlərini ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəməzsə, lizinqverənin məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququna malikdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli qətnaməsi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı iddiası qismən təmin edilmiş, tərəflər arasında bağlanılmış lizinq müqaviləsinin ləğv edilməsi, 4468,13 manat əsas borc, 452,32 manat mükafatın və 400 manat cərimə olmaqla, cəmi 5320,45 manat borcun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 22,80 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı ASC arasında xx.xx.2012-ci il tarixdə DL-LAOO1-095868 saylı daxili lizinq müqaviləsi bağlanmış və müqaviləyə əsasən “İddiaçı" ASC tərəfindən 2002-ci il istehsalı olan "Mercedes Benz. A 160 markalı **-PK-*** dövlət qediyyal nişanlı avtomobil Cavabdeh istifadəsinə verilmişdir. Qeyd edilən müqavilənin İ saylı əlavəsinə əsasən Cavabdeh İddiaçı ASC-yə 2 il müddətinə aylıq 279 manat ödəyəcəyi barədə öhdəlik götürmüşdür. Cavabdeh lizinq müqaviləsi bağlandığı gün yəni xx.xx.2012-ci il tarixdə 1468 manat ilkin ödəniş və avtomobilin 2 illik sığorta haqqı olan 268,38 manat məbləğində pul ödəmişdir. Bundan əlavə 6 ay müddətində müqavilə üzrə öhdəliyini tam icra etmiş və buna əsasən avtomobili idarə elməyi üçün “İddiaçı" ASC’ tərəfindən müvafiq vaxtlarda etibarnamələr verilmişdir. Sonuncu dəfə ona xx.xx.2013-cü il tarixdə qüvvədə olma tarixi xx.xx.2013-cü il olan etibarnamə verilmiş və bundan sonra qısa müddət ərzində “Mercedes Benz A 160 markalı, İO-PK-784 dövlət qediyyat nişanlı avtomobil İddiaçı ASC tərəfindən götürülmüşdür. Yasamal Rayon Məhkəməsi qətnamə çıxararkən maddi və prosessual hüquq normalarını pozmuş, hüququn tətbiq edilməsində səhvə yol vermiş, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən faktiki halları aydınlaşdırmamış, işin taktiki halları ilə məhkəmənin gəldiyi nəticə arasında uyğunsuzluq yaranmışdır. Lakin məhkəmə qətnamə qəbul edərkən Cavabdeh tərəfindən ilkin ödəniş kimi 1468 manat pulun və avtomobilin 2 illik sığorta haqqı kimi ödədiyi 268,38 manat məbləğində pulun ödənildiyini, cavabdeh tərəfindən aylıq ödənişlərin neçə ay və hansı məbləğdə ödənildiyini və avtomobilin hansı tarixdə “İddiaçı" tərəfindən qəbul edilməsi ilə bağlı iş üzrə mühüm əhəmiyyət kəsb edən xüsusatları ümumiyyətlə araşdırmayaraq cavabdehin ədalətli məhkəmə araşdırılıması hüququnu kobud şəkildə pozmuşdur. Lakin məhkəmə tərəfindən qanunun tələbləri pozularaq cavabdeh kimi ona məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməmiş, iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin ona rəsmi qaydada verilməsi təmin edilməmiş, ümumiyyətlə qərəzli olaraq onun məhkəmə iclaslarında iştirakı üçün müvafiq şərait yaradılmamışdır. Apellyasiya baxışı zamanı cavabdehin vəkili şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. İddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı iş üzrə iddianın təmin edilmiş hissəsində qətnamə yoxlanılır. İşin müəyyən edilmiş hallarına əsasən, lizinq verən İddiaçı ASC ilə lizinq alan Cavabdeh arasında bağlanmış xx xxxxxx 2012-ci il tarixli, DL-LAOO1-095868 saylı lizinq müqaviləsinə əsasən, lizinq verən şassi nömrəsi WDB1680332J866256, 2002-cü il istehsalı olan “Mersedes Benz-A160” minik markalı, sedan tipli avtomobili satıcıdan əldə etməyi və lizinq alanın istifadəsinə verməyi, lizinq alan isə müqavilə ilə müəyyən edilmiş pul məbləğini 24 ay müddətində İddiaçı ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. Bundan başqa tərəflər arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqavilənin 9.2-ci bəndinə əsasən lizinq haqqı vaxtında ödənilməzsə, onda alan gecikdirilən hər gün üçün gecikdirilən məbləğin 1 faizi həcmində cərimə ödəməlidir. xx xxxxxx 2012-ci il tarixli əmlakın qəbulu barədə akta əsasən müqavilə üzrə satılan şassi nömrəsi WDB1680332J866256, 2002-cü il istehsalı olan “Mersedes Benz-A160” minik markalı sedan tipli avtomaşını qəbul etmişdir. İddiaçı ASC tərəfindən verilmiş xx xxxxxxxx 2013-cü il tarixli maliyyə arayışında göstərilmişdir ki, xx xxxxxx 2012-ci il tarixli, DL-LA001- 095868 saylı lizinq müqaviləsinə əsasən Cavabdeh iddiaçıya 4468,13 manat əsas borc, 452.32 manat mükafat və 2047,75 manat cərimə, cəmi 6968,80 manat borcu vardır. xx.xx.2012-ci il tarixli AB seriyalı 792725 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, WDB1680332J866256, 2002-ci il istehsalı olan “Mersedes Benz-A160” minik markalı, sedan tipli, ağ rəngli, **-PK-*** dövlət nömrə nişanlı avtomobil İddiaçı ASC-nin mülkiyyətindədir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi müqavilə üzrə öhdəliklər yerinə yetirilmədiyinə görə cavabdehdən borcun tutulmalı olmasına dair düzgün qənaətə gəlsə də, tutulmalı olan borcun məbləğini düzgün müəyyən etməmişdir və bu səbəbdən mübahisələndirilən qətnamə dəyişdirilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1 -ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 747.1-ci maddəsnə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə almır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Apellyasiya baxışı zamanı təyin edilmiş ekspertiza nəticəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli rəyə əsasən, xx xxxxxxxx 2013-cı il tarixinə Cavabdeh İddiaçı ASCnə olan əsas borcu 1461,91 manat, mükafat 328,09 manat olmaqla, borcu 1790 manat müəyyən edilmişdir. Kollegiya hesab edir ki, ekspert rəyi əsaslıdır, rəyə uyğun olaraq əsas borc və mükafat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Kollegiya hesab edir ki, iddiaçı 2047,75 manat cərimə borcunu tələb etsə də, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri, işin hallarını nəzərə alaraq, dəbbə pulunu tənasübsüz surətdə yüksəkdir və cərimə borcu azaldılaraq 50 manat müəyyən edilməlidir. Qeyd edilənlərə əsasən, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli, 2(004)- 6717/2013 saylı qətnaməsi dəyişdirilsin. Cavabdeh 1461,91 manat əsas borc, 328,09 manat mükafat və 50 manat cərimə olmaqla, cəmi 1840 (bir min səkkiz yüz qırx) manat tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar