Məhkəmə qərarları › İş №2(103)-3924/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3924/2022

09.06.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3924/2022 09.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi ilə, İddiaçı Cavabdeh2nə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh2nə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, ünvan 1 ünvanda qeydiyyatdadır və faktiki olaraq ünvan 2 ünvanda yaşayır. xx.xx.2007-ci il tarixdə Cavabdeh2 İB tərəfindən Bakı şəhəri, ünvan 4 ünvanda yerləşən istixanada qeyri-əhali üçün nəzərdə tutulmuş G-4 markalı, ******* №-li sayğac quraşdırılmış, 316916 №-li plomb vurulmuş, **********02040 №-li abonent kodu verilmiş və “Qaz sayğaclarının quraşdırılması, yoxlanılması, istismara qəbulu və abonentə təhvili haqqında” AKT tərtib edilərək onun imzası ilə təqdim olunmuşdur. Onunla cavabdeh arasında «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə» müqavilə bağlanmamış və o, hər hansı bir müqaviləyə imza atmamışdır. xx.xx.2011-ci il tarixdə Cavabdeh2 İB tərəfindən Bakı şəhəri, ünvan 5 ünvanda yerləşən istixanada quraşdırılmış G-4 markalı, ******* №-li sayğacı dəyişərək, qeyri-əhali üçün nəzərdə tutulmuş yeni G-6T ELSTER tipli, 28195597W №-li sayğac ilə əvəz etmişdir. 02 fevral 2012-ci ildə onun iştirakı olmadan Cavabdeh2 İB tərəfindən Bakı şəhəri, ünvan 5 ünvanda yerləşən həyətindəki istixanada qeyri-əhali üçün nəzərdə tutulmuş G-6T ELSTER tipli, 28195597W № li sayğac aparılmış, qaz təchizatının dayandırılması barədə 020533 № li AKT tərtib edilmiş, sayğac dövlət yoxlamasında yoxlamadan keçmişdir. 06 fevral 2012-ci il tarixli, MS 26№-li rəy əsasında sayğacın çıxışındakı plastmas boruya deşici alətlə müdaxilə olunması qeyd edilmiş, 1010 manat məbləğində zərər hesablanmış və ümumilikdə onun hesab koduna 1010 manat borc yazılmışdır. 26 iyul 2012-ci il tarixdə Cavabdeh2 İB, X2ı sahəsinin KQ 4518/6-6 №li xəbərdarlığında 2012-2013-cü il, yeni qış mövsümünün başlanması ilə əlaqədar yeni müqavilə bağlanmasını təklif etmiş, şifahi olaraq 1010 manat dəymiş zərərin ödənilməsindən sonra müqavilə bağlanacağı bildirilmişdir. xx.xx.2016-cı il tarixdə Cavabdeh2 İB-nin əməkdaşları Bakı şəhəri, ünvan 5-da yerləşən mənzildə və istixanada “Daxili qaz avadanlıqlarına texniki baxış xidməti işlərinin keçirilməsi” haqqında yoxlama aparmış, heç bir nöqsanın aşkar edilməməsi barədə 0609328№-li akt tərtib etmişdir. O, istixanada istiliyə tələbatı olmayan məhsullar əkdiyi üçün təbii qazdan imtina etmişdir. Abonentin saldosundan da görünür ki, onların arasında 08 may 2017-ci il tarixdə bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” 04/11020№-li müqavilə həqiqəti əks etdirmir. Onunla cavabdeh arasında heç bir müqavilə bağlanmamışdır. xx.xx.2020-ci il tarixdə Cavabdeh2 İB-nin əməkdaşları tərəfindən onun ünvanında yerləşən həyətindəki istixanaya baxış keçirilmiş və təbii qazdan istifadə etməsi faktı aşkar edilməmişdir. Qeyri-qanuni tərtib edilmiş Akt barədə ona heç bir məlumat verilməmişdir. Ona təqdim edilmiş 4 №-li foto-şəkildə hal-hazırda qonşusu tərəfindən istifadə olunan sayğacdan kənar xətt öz əksini tapmışdır. Qonşusunun abonent kodu və sayğacı olmadığı üçün "Azəriqaz" İB-nin nümayəndələrinin tərtib etdikləri AKT əsasında dəymiş maddi zərərin əvəzinin ödənilməsi onun üzərinə qoyulmuşdur. 3 №-li şəkildə ləğv edilmiş G-6T ELSTER tipli, 28195597W № li sayğacın qaz xəttinə birləşməsinin izi, 2 №-li şəkildə əhali üçün nəzərdə tutulmuş yeni sayğac və nəhayət 1 №li şəkildə istixanada heç bir istilik sisteminin olmaması aşkar görünür. Cavabdeh "Azəriqaz" İB-nin tərtib etdiyi qeyri-qanuni, imzasız AKT-a əsasən guya sayğacdan kənar təbii qazdan istifadə edilmiş, birliyə külli miqdarda ziyan dəymişdir. Cavabdeh "Azəriqaz" İB-nin iddia etdiyi həcmdə abonentin qazdan artıq istifadə etməsi barədə heç bir mütəxəssis araşdırması aparılmadan şişirdilmiş rəqəm yazılmışdır. Cavabdeh2 İB qaz xəttinə və ya sayğaca, məhz onun tərəfindən müdaxilə edilməsini təsdiq edən sübutları təqdim etməmişdir. Onun imzası olmayan tərtib edilmiş AKT isə qaz xəttinə və ya sayğaca müdaxilənin məhz onun tərəfindən edildiyini təsdiq etmir. Təbii qazdan sayğacdan kənar hər-hansı bir vasitə ilə qeyri-qanuni istifadə edilmişdirsə, küçədəki qaz kəmərinə birləşmə olmalıdır. Həmin birləşmə qaynaq vasitəsi ilə yarandığından hər bir halda əsas qaz kəmərində qaynaq izləri qalır. Bu səbəbdən yerində məhkəmə baxışı keçirilməsi zərurəti yaranır. Cavabdeh2 İB Bakı Regional Qazın Satışı Departamenti qeyd olunmuş müdaxilənin ona aid olmasını sübuta yetirmədikləri halda, Cavabdeh2 İB Bakı Regional Qazın Satışı Deportamenti «komissiyasının üzvləri» tərəfindən tərtib edilmiş inzibati AKT əsasında onun hesab koduna əsassız olaraq borc yazılmışdır. Halbuki, onun tərəfindən təbii qazdan qanunsuz istifadə halına yol verilməmişdir. O, cavabdeh Azəriqaz" İB-yə “itirilmiş qazın dəyərinin hesablanması komissiyasına müraciət edərək 1010 manat dəymiş zərər barədə qəbul edilmiş inzibati AKT-ı tələb etsə də, həmin AKT ona təqdim edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 №li qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə» Qaydalarına əsasən sayğaca baxış istehlakçının iştirakı ilə keçirilməli və iki nüsxədən ibarət AKT tərtib olunaraq bir nüsxəsi istehlakçıya verilməlidir. İddiaçı göstərilənləri nəzərə alaraq, Cavabdeh2 İB tərəfindən tərtib edilmiş aktın ləğv edilməsi və həmin aktdan irəli gələn 1010 manat məbləğin onun hesab kodundan silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-70/2022 saylı qətnaməsi ilə iddia tələbinin təmin edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan iş üzrə Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin tam ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi həqiqətə nail olmaq üçün sübutları əlaqəli şəkildə araşdırmamış, 2012-ci il tarixə qədər qalan borcu 2019-ci il tarixli akt üzrə hesablanmış borc kimi nəzərə almışdır. **********02040 istehlakçı hesabı üzrə saldodan göründüyü kimi, iddiaçının 1010 manat borcu 2012-ci il tarixə aiddir. Hazırkı iş üzrə İddiaçı Xətai Rayon Məhkəməsində mübahisələndirdiyi 30 mart 2019-cu il tarixli, ******* nömrəli akta, hələ 1 il bundan öncə tərəflərin birgə iştirakı ilə “maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3613/2021 nömrəli iş üzrə baxılarkən hüquqi qiymət verilmişdir. Xətai rayon Məhkəməsi isə Sabunçu Rayon Məhkəməsinin qətnaməsindən verilmiş apellyasiya şikayəti üzrə Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsini nəzərə almamış və MPM-in 261.0.2-ci maddəsinin tələbləri pozulmuşdur. 1-ci instansiya məhkəməsi iş materiallarını düzgün təhlil etməmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmiş, cavabdehin nümayəndəsi ərizə ünvanlayaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya ilk növbədə qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin 09 iyun 2022-ci il tarixli, 2(103)-3924/2022 saylı qərardadı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi iddia tələbinin aktın ləğv edilməsi tələbinə dair təmin edilməsi hissədə ləğv edilmiş və həmin hissədə mülki iş üzrə icraata xitam verilmişdir. Odur ki, apellyasiya baxışının predmetini qətnamənin iddia tələbinin borcun silinməsi hissəsində təmin edilməsinin qanuniliyinin yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşsa da, hesab edir ki, həmin nəticə işin həqiqi hallarına uyğun olmamışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh2 İB-si tərəfindən tərtib edilmiş “Təbii X1nın pozulması haqqında” 30 mart 2019-cu il tarixli, ******* nömrəli aktın surətində “abonentin təbii qazdan D/15 mm-lik rezin boru vasitəsilə istifadə etdiyi aşkar olundu” qeyd edilsə də, cavabdeh iddiaçı tərəfindən sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etməsi, eyni zamanda iddiaçıya məxsus həyətyanı sahəyə (istixanaya) dair hesablanmış 1010 manat məbləğində borcun yaranmasının və hesablanmasının əsasları ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Lakin işdən müəyyən olunur ki, İddiaçı adına **********02040 (istixana) və **********00000 (əhali) olmaqla, iki istehlakçı hesabı mövcuddur. İddiaçı iddia ərizəsində **********02040 istehlakçı hesabı (istixana) üzrə yaranmış 1010 manat borcu mübahisələndirmişdir. Belə ki, həmin istehlakçı hesabı üzrə iddiaçıya 2012-ci il tarixdə 1010 manat borc hesablanmışdır və iddiaçı bunun qanunsuz olduğunu iddia edir. Lakin birinci instansiya məhkəməsi İddiaçı digər istehlakçı hesabı olan **********00000 hesabı üzrə tərtib edilmiş 30 mart 2019-cu il tarixli, ******* nömrəli aktın ləğv edilməsi və həmin akt üzrə hesablanmış 1010 manat borcun silinməsi barədə qətnamə qəbul etmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun olmamışdır. Kollegiya ilk növbədə qeyd edir ki, iddiaçının tələbi 02 fevral 2012-ci il tarixli, 020533 nömrəli akt əsasında ona hesablanmış 1010 manatın silinməsinə yönəldiyindən, kollegiya sözügedən akt əsasında iddiaçıya hesablanmış borc üzrə yoxlama aparılmasını qanuni və əsaslı sayır. İş materiallarında olan Cavabdeh2 İB tərəfindən verilmiş abonentin saldosundan məlum olur ki, İddiaçı 2012-ci il üçün 1010 manat borcu olmuşdur. İş materiallarında olan Qaz sayğacının Dövlət Yoxlamasından keçirilməsinin nəticələri barədə Qazsalma İdarəsinin MS 26 №-li rəyinin surətindən məlum olur ki, 06 fevral 2012-ci il tarixdə Dövlət yoxlamasına gətirilmiş X2 Sahəsinin xidmət ərazisində Maştağa qəsəbəsi, Xanlar küçəsində yerləşən İddiaçı məxsus istixanada quraşdırılmış qaz sayğacına baxış keçirilmiş və sayğacın çıxışındakı plastmas boruya hər hansı bir deşici alətlə müdaxilə olunduğu müəyyən edilmişdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X1”nın 4.2-ci bəndinə əsasən (2012-ci ildə qüvvədə olmuş redaksiyasında) qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən (2012-ci ildə qüvvədə olan redaksiyasında) zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən cəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Hazırkı iş üzrə cavabdehin hüquqi şəxs yaratmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu iş materialları ilə sübuta yetmədiyindən kollegiya hesab edir ki, sayğacın işlək vəziyyətdə saxlanması öhdəliyini də cavabdeh daşımışdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafeylərinin müdafiəsinə təminat verir. Həmin maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Qanunun 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 İB iddiaçının ünvanında quraşdırılmış sayğacın çıxışındakı plastmas boruya iddiaçı tərəfindən müdaxilə edildiyini təsdiq edən və buna görə də ondan itirilmiş qazın dəyərinin tələb edilməsinə əsas verən məlumatların doğruluğuna dəlalət edən kifayət qədər mötəbər sübutlar təqdim etməmişdir. Bu səbəbdən iddiaçıya X1nın pozulmasına görə maddi ziyan hesablanmasının qanuni əsası olmamışdır. Ona görə də, kollegiya iddiaçının ona hesablanmış 020533 nömrəli, 02 fevral 2012-ci il tarixli akt üzrə borcun silinməsi barədə iddiasını əsaslı hesab edir. Məhkəmə kollegiyası bu qənaətə gəlir ki, birinci instasniya məhkəməsi işin hallarını düzgün müəyyən etməmiş, onun gəldiyi nəticə işin hallarına uyğun olmamışdır. Azərbaycan Respublikası MPM-nin 385.1.4-cü maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddianın qismən təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası həmçinin izah edir ki, hazırki iddianın qiyməti 5000 manatdan az olduğundan Azərbaycan Respublikası MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 398 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-70/2022 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh2nə qarşı “borcun silinməsi” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh2 tərəfindən İddiaçı hesablanmış 1010.0 (bir min on) manat borc silinsin. Qətnamənin “aktın ləğv edilməsi”nin təmin edilməsi hissəsində ləğv edilərək həmin hissədə iş üzrə icraata xitam verilməsi nəzərə alınsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15,10 manat dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar