Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3925/2021 14.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)-4972/2020 saylı qətnaməsindən iş üzrə cavabdeh “xxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona qarşı İddiaçı adına olan **********50055 saylı abonent kodlu, 20321872M137 saylı işıq sayğacında qeyd edilmiş 4817,10 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında quraşdırılmış **********50055 abonent kodlu, 20321872 NM137 saylı işıq sayğacına onun xəbəri olmadan baxış keçirilmiş və guya sayğacdan kənar xətt aşkarlanmışdır. Bunun əsasında ona ümumilikdə 4817,10 pul məbləğində borc yazılmışdır. Bu barədə ona rəsmi bildiriş aldığı vaxt məlum olmuşdur. Məsələni aydınlaşdırmaq üçün “xxxx” ASC-nin Bakı şəhəri, Nizami rayonu üzrə ərazi dairəsinə yaxınlaşdıqda həmin idarənin müdiri tərəfindən ona guya kənar xəttdən istifadə etdiyi üçün yuxarıda qeyd olunan borc hesablandığı bildirirdi. Bildirmək istəyir ki, onun iştirakı olmadan keçirilmiş baxışla və onun nəticələri ilə razı deyildir. Ona məxsus sayğacdan heç vaxt kənar xətdən istifadə edilməmişdir. Sayğac çöldə quraşdırıldığı üçün “xxxx” ASC-nin əməkdaşları ondan xəbərsiz şəkildə sayğaca baxış keçirmişlər. Lakin bu baxışın necə aparılması, onun nəticələri və akt tərtib olunub-olunmaması ilə bağlı onun xəbəri olmamışdır. Əlavə olaraq bildirmək istəyir ki, təxminən bir həftə on gün əvvəl Bakı şəhəri, Nizami rayon üzrə nəzarətçi işıq sayğacına baxış keçirmişdir. İşıq sayğacına əvəzlənmə aparıldığından bu sayğacı çıxardaraq yerinə yenisini qoyacağına dair ona məlumat vermişdir. Beləliklə, işıq sayğacı onun iştirakı olmadan çıxarılmışdır və onun sayğacının yerləşdirilməməsi barədə isə məlumatı olmamışdır. Həmin sayğacın qutusu da açarla bağlanılaraq nəzarətçi tərəfindən götürülmüşdür. Təxminən bir neçə gün sonra Bakı şəhəri, Nizami rayonu üzə həmin nəzarətçi ona zəng etdi və köhnə sayğacdan qalıq borcunun 200 manat təşkil etdiyini bildirdi. Həmin gün ərzində ödənişi nəzarətçiyə ödəmişdir. Bundan əvvəldə hər zaman ödənişi onun vasitəsilə həyata keçirirdi. Qeyd etdiyi çekləri isə məhkəmə iclası zamanı təqdim edəcəkdir. Ödəniş olunmuş məbləğə görə çeki tələb etmək üçün Bakı şəhəri, Nizami rayonu üzrə işıq idarəsinin müdirinə yaxınlaşdıqda ona bildirdi ki, sözügedən işıq sayğacı üzrə nəzarətçi ondan köhnə sayğacın qalıq borcu olaraq aldığı 200 manat pulu ödəməyib və şəxsi istehlakına sərf etmişdir. Nəticədə o yenidən həmin köhnə işıq sayğacı üzrə qalıq borcu olan 200 manat məbləğində pul vəsaitini ödəməli olmuşdur. Bakı şəhəri Nizami rayon işıq idarəsinin müdiri ilə söhbətimiz zamanı məlum oldu ki, köhnə işıq sayğacı çıxarıldıqdan sonra həmin nəzarətçi tərəfindən yenisi ilə əvəz edilməmişdir. Lakin işıq enerjisindən bu müddət ərzində əvvəlki qaydada istifadə etdiyi və heç bir problem olmadığı üçün sayğacın yenisi ilə əvəz olunduğunu hesab etmişdir. Onun işıq sayğacı yalnız bu zaman sayğacının bərpa olunması tələb etdikd ən sonra yerinə quraşdırılmışdır. Qeyd etdi ki, artıq uzun illərdir ki, işıq enerjisindən istifadə edir və bunun qarşılığında istehlak dəyərini vaxtlı-vaxtında ödəyir. Bu qədər borcun birdən-birə yaranması tamamilə absurddur. Hal-hazırda da sayğaca baxdıqda onun yaxşı vəziyyətdə, tam qaydasında olduğu və heç bir sayğaca qoşulmuş kənar xətt mövcud olmadığı açıq-aşkar görünür. Heç bir zaman qanunsuz xətdən istifadə etməmişdir. Bu səbəddən də hesab edir ki, “xxxx” ASC-nin ona qarşı bu tələbi tamamilə qanunsuz və əsassızdır. Qeyd etmək istəyir ki, “xxxx” ASC-nin binasına yaxınlaşaraq, bu borcların hüquqi əsasını, yəni müvafiq aktları tələb etsə də, bir vətəndaş olaraq onun müraciətinə lazımi cavab verilməmiş və aktlar təqdim edilməsindən imtina edilmişdir. Bu səbəbdən də o məhkəməyə borcun mövcudluğu və mənbəyi barədə heç bir akt təqdim edə bilmir. Aktları qəbul edən səlahiyyətli dövlət orqanı cavabdeh “xxxx” ASC olduğundan və həmin aktlar iddiaçının tələblərinə baxmayaraq, qanuni şəkildə və rəsmi qaydada iddiaçıya təqdim olunmadığından sübut etmə yükü artıq cavabdehin üzərinə düşür. Göstərilən müddəanın tələblərinə uyğun olaraq aktlar məhkəmə tərəfindən cavabdehdən tələb edilməsini, aktların varlığının əksi cavabdeh tərəfindən sübut olunmadıqda isə məhkəmə buna əsasən iddia tələbinin əsasını sübut edilmiş hesab etməklə qətnamə qəbul edilməsini xahiş etdi. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)-4972/2020 saylı qətnaməsi ilə iddia qismən edilərək, İddiaçı adına olan **********50055 saylı abonent kodlu, 20321872M137 saylı işıq sayğacında qeyd edilmiş 3963,96 (üç min doqquz yüz altmış üç manat doxsan altı qəpik) manat borcun silinməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət olunmuşdur. Qətnamədən narazı qalan cavabdeh “xxxx” ASC apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilən hissəsində ləğv edilməsi və həmin hissədə iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırırlır ki, xx.xx.2020-ci il tarixdə “xxxx” ASC-nin əməkdaşları abonent İddiaçı məxsus ünvanda quraşdırılmış elektrik sayğacına baxış keçirilmiş, baxış zamanı “fərdi yaşayış evin məxsus sayğac yerində yoxdur” qüsurunun aşkar olunması səbəbilə NDM No 019994 saylı akt tərtib edilmiş, sonradan “xxxx” ASC-nin Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair satış sahələri üzrə və Texniki sahələr üzrə tələblər barədə qərarla itirilmiş elektrik enerjisinin əvəzi olaraq 36036 kvts olmaqla, 3963,96 manat məbləğində borc iddiaçının **********50055 saylı abunə koduna daxil edilməklə, ödənilməsi barədə bildiriş göndərilməsi ilə müşaiyət olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.32-ci maddəsinə əsasən hesablama aparılmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, tərəflər məhkəməyə gəlməmiş, gəlməməklərinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın qismən təmin edilən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki, cavabdeh tərəf qeyd olunan hissədən şikayət vermiş, iddiaçı tərəf iddianın təmin edilməyən hissəsindən apellyasiya şikayəti verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarından Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi, ev 22-də (yeni qaydalarla: Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, ev 95) yerləşən 597,2 kv.m sahəsi olan daşınmaz əmlak və 0,09842 ha ölçüsü olan torpaq sahəsi tam mülkiyyət hüququ ilə xx.xx.2018-ci ildə ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İş materiallarından “xxxx” ASC tərəfindən İddiaçı adına verilmiş “Bildiriş”in surətindən görünür ki, işıqdan istifadə ilə bağlı ödənilməli olan məbləğ 4817,10 manat təşkil edir. İş materiallarından olan xx xxxxxxxx 2020-ci il tarixdə tərtib edilmiş, NDM 019994 saylı aktın surətindən görünür ki, abonent İddiaçı məxsus Çobanzadə 2405, mənzil 55 ünvanında EEİQ-na uyğun olaraq elektrik sayğacına baxış keçirilən zaman məlum oldu ki, abonentə məxsus ünvanda elektrik sayğacı yerində yoxdur və işlədicilər şəbəkəyə birbaşa qoşulmuşdur. Tərəflərindən ampermetr vasitəsi ilə axan yük ölçüldü. İ=25A, P=5,5 kvt, P sayğac-0 kvt. Elektrik sayğacın üzərində məlumat bazasına daxil edilməmiş 5212 kv.ts miqdarında elektrik enerji sərfiyyatı var. İş materiallarından xx.xx.2020-ci il tarixli ““xxxx” ASC üzrə EEİQ-nin tələblərinin pozulması halları aşkar edilmiş istehlakçılara itirilmiş elektrik enerjisinin bərpası məqsədi ilə verilmiş hesabata təklif”dən görünür ki, abonent İddiaçı məxsus Çobanzadə 2405, mənzil 55 ünvanında baxış keçirilən zaman məlum oldu ki, fərdi yaşayış evinə məxsus sayğac yerində yoxdur. 5,5 kvt x 390 gün x 24 saat x 0,7 =36036 kv.ts elektrik enerjisindən istifadə ilə bağlı qərar qəbul olunmuşdur. İş materiallarından xx.xx.2020-ci il tarixli, ******* saylı protokoldan görunur ki, abonent İddiaçı məxsus Çobanzadə 2405, mənzil 55 ünvanında yeni sayğac quraşdırılmışdır. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Bu müddəaya əsasən aktları qəbul edən səlahiyyətli dövlət orqanı cavabdeh “xxxx” ASC olduğundan və həmin aktlar iddiaçının tələblərinə baxmayaraq, qanuni şəkildə və rəsmi qaydada iddiaçıya təqdim olunmadığından sübut etmə yükü artıq cavabdehin üzərinə düşür. Ona görə də aktlar cavabdehdən tələb edilməli, aktların varlığının əksi cavabdeh tərəfindən sübut olunmadıqda isə iddia tələbinin əsasını sübut edilmiş hesab edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.2, 8.4, 8.17-ci bəndlərinə istinad etmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə qəbul etdiyi qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmişdir. Məhkəmənin qətnamədə göstərdiyi nəticə işin hallarına uyğun gəlmir. Buna görə də, qətnamə mübahisələndirilən hissədə tam olaraq ləğv olunmalı, işdə olan sübutlar əsasında yeni qətnamə qəbul edilməlidir. Belə ki, işdə olan araşdırılmış sübutlar əsasında müəyyən olunur ki, iddiaçının ünvanına 14 sentyabr 2020-ci il tarixdə baxış keçirilərkən, abonentə məxsus ünvanda elektrik sayğacının yerində olmadığı və işlədicinin şəbəkəyə birbaşa qoşulduğu, tərəflərindən ampermetr vasitəsi ilə axan yük ölçülərkən, İ=25A, P=5,5 kvt, P sayğac-0 kvt. olduğu müəyyən olunaraq, bu barədə NDM 019994 saylı akt tərtib olunmuşdur. xx.xx.2020-ci il tarixdə 5,5 kvt x 390 gün x 24 saat x 0,7 =36036 kv.ts elektrik enerjisindən istifadə ilə bağlı Qərar qəbul olunmuşdur. xx.xx.2020-ci il tarixli, ******* saylı protokol əsasında abonent İddiaçı məxsus Çobanzadə 2405, mənzil 55 ünvanında yeni sayğac quraşdırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.6-cı bəndinə əsasən enerji təchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri-cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerji təchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Həmin Qaydaların 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Həmin Qaydaların 8.33-cü bəndində təsbit olunmuşdur ki, məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Bundan əlavə, həmin Qaydaların 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Qeyd olunanlara əssasən kollegiya hesab edir ki, xx xxxxxxxx 2020-ci il tarixdə tərtib edilmiş, NDM 019994 saylı akt mübahisələndirilməmişdir. Kollegiya elektrik enercisinə görə 390 gün üçün 36036 kvts (dəyəri 3963,96 manat) sərfıyyat hesablanması ilə razılaşmır. Belə ki, sayğac evin çöl hissəsində yerləşdirilməklə, iddiaçının sayğacın olmamasına görə təqsiri müəyyən olunmur. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Belə olan halda kollegiya hesab edir ki, iddiaçının 30 gün üçün elektrik enerjisindən orta gündəlik sərfi 1386 kv.ts (5,5 kvt x 30 gün x 12 saat x 0,7 =1386 kv.ts) təşkil edir. Buna görə də, iddiaçının elektrik enerjisindən istifadəyə görə 152,46 manat (1386kv.ts x 0,11 manat=152,46 manat) məbləğində borcu yaranmış olur. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, mübahisələndirilən hissədə iddia tələbi qismən təmin edilməli, yeni sayğac quraşdırılmasına görə cavabdeh tərəfindən hesablanmış 3963,96 manat borcdan 152,46 manat çıxılmaqla, qalan 3811,5 manat hesablanmış borc silinməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1, 88-ci maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1, 385.1.2, 385.1.3, 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)- 4972/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə tam olaraq ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddia həmin hissədə qismən təmin edilsin. İddiaçı adına olan **********50055 saylı abonent kodu üzrə elektrik enerjisinin sərfiyyatına görə tələb olunan 3811,5 (üç min səkkiz yüz on bir manat əlli qəpik) manat borcu silinsin. İddia mübahisələndirilən qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-3925/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3925/2021
14.04.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver