Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3926/2025 30.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: kompensasiya ödənilməsi yolu ilə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X12 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlu və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılov Ayşən Səaddin qızının katibliyi, İddiaçı nümayəndəsi X7, İddiaçı nümayəndəsi-vəkili Vəkil1, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «kompensasiya ödənilməsi yolu ilə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi, mənzildən çıxarılma və mənzilə köçürülmə» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2668/2023 saylı 2 noyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. 2010-cu ildə X2 Ülkər Məmməd qızı ilə faktiki nikah münasibətlərinə girmiş və onların faktiki nikah münasibətlərindən 5 iyul 2014-cü il tarixdə X13 adlı övladları doğulmuşdur.
2. Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Dostluq küçəsində yerləşən 3 saylı evin 3 otaqlı, ümumi sahəsi 72,85 kv metr olan 26 saylı mənzili daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə X7 adına qeydə alınmışdır.
3. 2016-cı ildən X11 ilə Cavabdeh arasında faktiki ər-arvad münasibətləri pozulmuş və onlar ayrılmışlar.
4. Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin 20 fevral 2017-ci il tarixli, 2(002)- 818/2017 nömrəli qiyabi qətnaməsi ilə X7 Cavabdeh qarşı iddiası təmin edilərək Cavabdeh Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Dostluq küçəsində yerləşən 3 saylı evin 26 saylı mənzilindən istifadə hüququ itirilmiş hesab edilmişdir.
5. 9 aprel 2017-ci il tarixli notarial qaydada təsdiq edilmiş bağışlama müqaviləsinə əsasən, X11 Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Dostluq küçəsində yerləşən 3 saylı evin 26 saylı mənzilini bacısı İddiaçı bağışlamışdır.
6. Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Dostluq küçəsində yerləşən 3 saylı evin 26 saylı mənzili daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə İddiaçı adına qeydə alınmışdır.
7. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 19 dekabr 2017-ci il tarixli, 2(002)- 818/2017 nömrəli qətnaməsi ilə X7 Cavabdeh qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” barədə iddiası rədd edilmişdir.
8. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 20 fevral 2018-ci il tarixli, 2(002)53/2018 nömrəli qətnaməsi ilə Cavabdeh X8 qarşı “mənzilin birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilməsi, mənzildən payların müəyyən olunması, mənzilə dair İddiaçı adına verilmiş Çıxarışın etibarsız hesab edilməsi, mənzildən qeydiyyatdan çıxarılma” barədə iddiası rədd edilmişdir.
9. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 aprel 2019-cu il tarixli, 2(103)- 3318/2018 nömrəli qərardadı ilə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 20 fevral 2017-ci il tarixli, 2(002)-818/2017 nömrəli qiyabi qətnaməsinin icrasına dönüş edilərək, Cavabdeh Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Dostluq küçəsində yerləşən 3 saylı evin 26 saylı mənzilinə istifadə hüququ və qeydiyyatı bərpa edilmişdir.
10. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1 may 2019-cu il tarixli, 2(002)- 898/2019 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma və kirayə pulu tələbinə dair” iddiası rədd edilmişdir.
11. Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin 12 fevral 2020-ci il tarixli, 2(002)- 127/2020 nömrəli qətnaməsi ilə Cavabdeh X8 qarşı “mənzilə dair bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və Çıxarışın ləğv edilməsi” barədə iddiası rədd edilmişdir.
12. Birinci instansiya məhkəməsi tərəfindən "xxxx" MMC-nin G-10/23-112 nömrəli 16 oktyabr 2023-cü il tarixli rəyinə əsasən, ünvan 1 ünvanında yerləşən 3 saylı evin 3 otaqlı, ümumi sahəsi 72,85 kv.metr olan 26 saylı mənzilinin yerləşdiyi ərazidə oxşar şəraitdə olan mənzilin aylıq kirayə haqqı əşyasız 200 manat, əşyalı 300 manat, mənzilin vizual orta bazar qiyməti 75.000-80.000 manat təşkil edir.
13. "xxxx" MMC-nin CVN/O05-108/24 nömrəli xx.xx.2024-cü il tarixli hesabata əsasən müəyyən edilmişdir ki, ünvan 2 ünvanında yerləşən mənzilin 15 oktyabr 2024-cü il tarixə bazar dəyəri 97.000 (doxsan yeddi min) manatdır. Həmin Hesabata əsasən ünvan 2 ünvanının şəraitinə uyğun həmin ərazidə oxşar mənzilin aylıq kirayə haqqı bazara uyğun 15 oktyabr 2024-cü il tarixinə əşyalı olduqda 1 ayı 400 (dörd yüz) manat; əşyasız vəziyyətdə 1 ayı 350 (üç yüz əlli) manat təşkil edir. 14.İşin apellyasiya baxışı zamanı alınmış "xxxx" MMC-nin M 16/BD nömrəli 8 avqust 2025-ci il tarixli rəyinə əsasən, ünvan 1 ünvanında yerləşən 3 saylı evin 3 otaqlı, ümumi sahəsi 72,85 kv.metr olan 26 saylı mənzilinin rəy verilən tarixə kirayə haqqı 450 manat, bazar dəyəri 100.000 manat təşkil edir.
Birinci instansiya məhkəməsində icraat
15. İddiaçı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh X3 5 iyul 2014-cü il tarixdə doğulmuş azyaşlı övladı X13 ilə birlikdə ona məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Dostluq küçəsi 3 saylı evin 26-cı mənzilinə görə 20.000 manat kompensasiya ödənilməklə istifadə hüquqlarına xitam verilməsi və cavabdehin azyaşlı övladı ilə birlikdə həmin mənzildən çıxarılması və onun həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
16. İddia onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil üzərində mülkiyyət hüququ olmasına baxmayaraq həmin mənzildə cavabdeh öz azyaşlı övladı ilə birlikdə yaşayır və mülkiyyətçi kimi öz mənzilindən heç bir formada istifadə edə bilmir.
17. Birinci instansiya məhkəməsi tərəfindən 11 oktyabr 2023-cü il tarixdə "xxxx" MMCnə sorğu verilmiş və Mülki Məcəllənin 228.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi üçün mübahisəli mənzilin qiymətləndirilməsi aparılmış və müəyyən edilmişdir ki, həmin mənzilə oxşar ərazidə və şəraitdə olan mənzilin aylıq kirayə haqqı əşyasız 200 manat, əşyalı 300 manat, mənzilin vizual orta bazar qiyməti 75.000-80.000 manat təşkil edir.
18. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2668/2023 nömrəli 2 noyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilərək, cavabdehin və övladı 5 iyul 2014-cü il tarixdə doğulmuş X9 iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Qaradağ Rayonu, Sahil qəsəbəsi Dostluq küçəsi 3 saylı evin 26-cı mənzilindən istifadə hüquqlarına 20.000 manat kompensasiya ödənilməklə xitam verilməsi, cavabdehin və övladının həmin mənzildən çıxırılması və iddiaçının həmin mənzilə köçürülməsi qət edilmişdir.
19. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı cavabdehdən kompensasiya ödənilməklə mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia irəli sürmək hüququna malikdir və iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 228.2-ci və 228.5-ci maddələrinin tələbləri təşkil edir. Bundan başqa cavabdehin mübahisəli yaşayış sahəsindən istifadə hüquqlarının saxlanılması mülkiyyətçi kimi iddiaçının Mülki Məcəllənin 152.5-ci maddəsində nəzərdə tutulan əmlaka sərbəst surətdə sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə hüquqlarının pozulmasına da gətirib çıxarır. Bu səbəbdən də iddia təmin edilməlidir.
20. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə, Mülki Məcəllənin 152.1, 152.5, 158.1.2, 158.4, 228.2 və 228.5-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri
21. Həmin qətnamədən narazı qalan cavabdeh X5 apellyasiya şikayəti verərək, iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2668/2023 saylı, xx.xx.2024cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, kompensasiya məbləği onun azyaşlı uşağı ilə birlikdə əvvəlki yaşayış şəraitinə uyğun mənzillə təmin edilməsi üçün yetərli deyildir. Bundan başqa, məhkəmə tərəfindən kompensasiya məbləğinin hesablanması üçün əsas hesab edilən mənzilin kirayə dəyəri bazar qiymətinə uyğun şəkildə müəyyən edilməmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
Apellyasiya instansiyası məhkəməsində ilkin icraat
24. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 21 fevral 2024-cü il tarixli, 2(103)-1411/2024 saylı qətnaməsi ilə (hakimlər – Akif İsgəndərov (sədrlik edən və məruzəçi), Vahid Sadıqov və Məhəmməd Rüstəmli) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2 noyabr 2023-cü il tarixli, 2(002)- 2668/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
25. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Mülki Məcəllənin 228.2-ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünü əks etdirir. Ona görə də iddiaçı, cavabdehə kompensasiya ödənilməklə mənzildən istifadə hüququna xitam verilməsi barədə iddia irəli sürmək hüququna malikdir və iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 228.2-ci və 228.5-ci maddələri təşkil edir. Bundan başqa, cavabdehin mübahisəli yaşayış sahəsindən istifadə hüquqlarının saxlanılması mülkiyyətçi kimi iddiaçının Mülki Məcəllənin 152.5-ci maddəsi ilə nəzərdə tutulan əmlaka sərbəst surətdə sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə hüquqlarının pozulmasına gətirib çıxarır.
26. Kollegiya həmçnin qeyd etmişdir ki, iddiaçının mülkiyyətində olan mənzilin yerləşdiyi ərazidə oxşar şəraitli mənzillərin aylıq kirayə haqları həmin yaşayış sahəsinin yerindən (yol infrastrukturuna yaxınlığı, yaxınlıqda dükan, bazar, məktəb, bağça, xəstəxana və bu tip sosial, təhsil, səhiyyə və iaşə obyektlərinin yerləşməsi, binanın mərtəbəsi, günçıxan yaxud günbatan tərəfə baxması, mənzərə görünüşlərini izləməyə imkan verib verməməsi), təmirindən və şəraitindən (yeni tikilidə yerləşib yerləşməməsi, otaqların genişliyi, otaqların planlaşdırılması, yaşayış sahəsinin hər bir yerindən rahat istifadə etmək imkanının olub-olmaması və s.) asılı olaraq 250-450 manat arasında dəyişir. Cavabdehin əvvəlki şəraitə oxşar mənzildə 3 il ərzində normal şəraitdə yaşaması üçün hər ay 450 manat kirayə haqqı ödəməsi şərti ilə yaşamalı olmasını nəzərə aldıqda, riyazi hesablamaya görə bu dövr ərzində ödənilməli kirayə haqqının ümumi məbləği 16.200 manat təşkil edir. Birinci instansiya məhkəməsi kompensasiya məbləğini göstərilən qaydada müəyyən etsə də, iddiaçı tərəfindən bundan artıq məbləğdə kompensasiya təklif olunduğunu və işin digər hallarını qiymətləndirərək təklif olunan 20000 manat kompensasiya məbləğinin daha qənaətbəxş olduğu qənaətinə gəlmişdir.
27. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və mülki işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
Kassasiya instansiyası məhkəməsində ilkin icraat
28. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Əhməd Əhmədov (sədrlik edən və məruzəçi), Vüqar Həsənov və İspəndiyar Şəfiyev) 2(102)-2197/2024 nömrəli, 23 iyul 2024-cü il tarixli qərarı ilə kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 21 fevral 2024-cü il tarixli, 2(103)-1411/2024 saylı qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır.
29. Kollegiya qeyd etmişdir ki, hazırkı iddia tələbinin düzgün həlli üçün ilk növbədə cavabdehin mənzildən istifadə hüququna xitam verilməsi üçün iddiaçının ona təklif etdiyi 20.000 kompensasiya məbləğinin bazar qiymətinə uyğun olub-olmadığı və cavabdehin azyaşlı övladı ilə birlikdə həmin kompensasiya hesabına davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə mübahisəli mənzildə onlara xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verib-vermədiyi tam, hərtərəfli və obyektiv araşdırılmalıdır. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşarkən, cavabdehin 20.000 manat kompensasiya məbləğinin ona azyaşlı övladı ilə birlikdə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə mübahisəli mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verməməsinə dair apellyasiya şikayətinin dəlili üzrə lazımi araşdırma aparmadan, başqa sözlə cavabdehə ödəniləcək kompensasiyanın məbləğini bazar qiymətinə uyğun müəyyən etməməklə Mülki Məcəllənin 228.2-ci maddəsinin tələblərini pozub.
30. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, işə yenidən baxılarkən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutları araşdırmalı, onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməli, iddiaçı tərəfindən cavabdehə təklif edilən 20.000 manat kompensasiya məbləğinin yetərli olub-olmadığını araşdırmalı və bundan sonra iddianın əsaslı olub-olmamasına düzgün hüquqi qiymət verməlidir.
Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
31. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 15 yanvar 2025-ci il tarixli, 2(103)-348/2025 nömrəli qətnaməsi ilə (hakimlər – Xəyal Sarıyev (sədrlik edən və məruzəçi), Günay Axundova və Fərrux Qasımov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi təklif olunan 20.000 manat kompensasiya məbləği hissəsində dəyişdirilmiş, İddiaçı tərəfindən ödənilən kompensasiya məbləği 22.000 manat müəyyən edilmiş, kompensasiyanın ödənilməsi ilə Cavabdeh və övladı xx.xx.2014-cü il təvəllüdlü X9 həmin mənzildən istifadə hüquqlarına xitam verilməklə mənzildən çıxarılmaları eyni vaxtda icra edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, qiymətləndirmə hesabatının alınmasına görə ödənilməli olan 250 manat İddiaçı tutularaq "xxxx" MMC-nin hesabına köçürülməsi qət edilmişdir.
32. Apellyasiya baxışı zamanı alınmış "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, CVN/O05-108/24 nömrəli hesabata əsasən müəyyən edilmişdir ki, ünvan 2 ünvanında yerləşən mənzilin 15 oktyabr 2024-cü il tarixə bazar dəyəri 97000 (doxsan yeddi min) manatdır. Həmin Hesabata əsasən ünvan 2 ünvanının şəraitinə uyğun həmin ərazidə oxşar mənzilin aylıq kirayə haqqı bazara uyğun 15 oktyabr 2024-cü il tarixinə əşyalı olduqda 1 ayı 400 (dörd yüz) manat; əşyasız vəziyyətdə 1 ayı 350 (üç yüz əlli) manat təşkil edir.
33. Məhkəmə hesab etmişdir ki, "xxxx" MMC-nin rəyi kifayət qədər əsaslandırılmış, qiymətləndirmə X1 (BQS) və “Qiymətlindərmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, mənzilin yerləşdiyi ərazidə olan oxşar mənzillərə uyğun qaydada qəzet və internet məlumatlarına istinad olunmaqla, bazara uyğun şəkildə qiymətləndirmə həyata keçirilmişdir. Ona görə də, "xxxx" MMC-nin rəyi mötəbər sübut kimi qəbul olunmalıdır.
34. Həmçinin məhkəmə kollegiyası nəzərə almışdır ki, mübahisəli mənzilin yerləşdiyi ərazidə oxşar mənzillərdə əşyalı vəziyyətə aylıq kirayə haqqı məbləğinin 400 manat olması nəzərə alındıqda, təklif olunan 22.000 manat cavabdehə həmin ərazidə 5 ilə yaxın müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermiş olur. Məhkəmə təcrübəsində kompensasiyanın üç illik müdət üçün verilməsi halları da nəzərə alınmışdır.
35. Cavabdeh (vəkil-Vəkil3) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını, işə yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsində ikinci icraat
36. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Əhməd Nurməmmədov (sədrlik edən və məruzəçi), Rəşad Həsənov və Aqil Abbasov) 2(102)-1480/2025 nömrəli, 13 may 2024-cü il tarixli qərarı ilə kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 15 yanvar 2025-ci il tarixli, 2(103)-348/2025 saylı qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır.
37. Kollegiya qeyd etmişdir ki, 20.000 manat kompensasiya ödənilməklə cavabdehin mənzildən istifadə hüququna xitam vreilməsi və onun azyaşlı övladı ilə həmin mənzildən çıxarılması barədə apellyasiya instansiyası məhkəməsinin qənaəti ilə razılaşmayan Ali Məhkəmənin iş üzrə 23 iyul 2024-cü il tarixli qərarının məzmununa görə kassasiya instansiyası məhkəməsi cavabdehin mənzildən istifadə hüququna xitam verilməsi üçün apellyasiya məhkəməsinin müəyyən etidiyi 20.000 manat kompensasiyanın yetərli olmasının əsaslandırılması ilə razılaşmamışdır. İşə yenidən baxan apellyasiya məhkəməsi bu hala formal yanaşaraq "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, CVN/O05-108/24 nömrəli hesabatına əsasən cüzi fərqlə, yəni kompensasiyanın məbləğini 2.000 manat artırmaqla iddianı təmin etmişdir.
38. Həmçinin kollegiya hesab etmişdir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən və kassasiya instansiyası məhkəməsinin qərarındakı göstərişlərə formal yanaşmaqla gəldiyi nəticəsi qanuni və əsaslı sayıla bilməz.
Məhkəmə icraatı iştirakçılarının izahatları
39. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, onun 50 min manat pulunu versinlər ki, övladına şərait yarada bilsin. O, qarşı tərəfdən yaşadığı evin yaxınlığında ev istəyir. Məhkəmənin irəli sürdüyü təklifi ilə razı deyil. İstəyi 50 min manatdır. 40.Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi X11 apellyaiya şikayətinin təmin olunmasaını xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, kompensasiya məbləğini artıra bilmir. Xəstə adamdır, qaraciyər xəstəsidir. O işləmir, təqaüdçüdür. Onun verdiyi kompensasiya məbləğinə cavabdeh qəsəbədə ev ala bilər. Məhkəmənin irəli sürdüyü təklifi ilə razı deyil. Təklifi 23 min manatdır. 41.Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi-vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, Ali Məhkəminin qərarında deyilir ki, apellyasiya instansiyası məhkəməsi formal yanaşır. Apellyasiya məhkəməsi necə formal yanaşır ki, şəxs özü arayış gətirib ki, o yerdə kirayə haqqı 450 manatdır. 450 manatla 16 min 200 manat kompensasiya edir. Adamı məcbur edirlər ki, birinci instansiya məhkəməsində ya iddianı artırsın. Cavabdeh özü arayış gətirmişdir ki, kirayə haqqı 450 manatdır. Ali Məhkəmənin oxşar məhkəmə təcrübəsi olmuşdur. Öz verdiyi arayışa əsasən 3 illik kirayə haqqı 16 min 200 manat edir. 22 min manat pul təklif edirlər. Ekspertizada aşağı-yuxarı eyni məbləği demişdir. Ali Məhkəmənin qərarı tövsiyə xarakteri daşıyır. Təklif - 23 min manatdır.
Apellyasiya baxışının hədləri
42.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 43.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 44.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 45.Məhkəmə kollegiyası qeyd edir ki, qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi xahiş edilir. Bu səəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnaməni bütövlükdə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
46.“İnsan hüquqlarının və əsas azaldıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz”.
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin
47.152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) özistədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 48.152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 49.228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digərşəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 50.228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 51.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 31 mart 2006cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli qərarında göstərilir ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququ yaşayış sahəsinin mülkiyyətçisi olmayan istifadəçilərin hüquqi statusu müəyyən edilərkən “yaşayış sahəsi üzərindəki mülkiyyət hüququ” ilə “yaşayış sahəsindən istifadə hüququ” arasındakı fərq daim diqqətdə saxlanılmalıdır və nəzərə almaq lazımdır ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ vermir.
52. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli qərarında qeyd edilir ki, ... Mülkiyyətçi istifadə hüququna xitam verilməsi haqqında iddia qaldırarkən öziddiasında kompensasiya məbləğini göstərə və ya göstərməyə bilər. Lakin iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən aslı olmayaraq, işə baxan birinci instansiya məhkəməsi hər bir halda Mülki Məcəllənin 228.2-ci maddəsinin tələblərinə və Mülki Prosessual Məcəlləyə müvafiq olaraq kompensasiyanın məbləğini bazar qiymətinə uyğun müəyyən etməlidir.... Birinci instansiya məhkəməsi bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən mülkiyyətçinin həmin məbləğin ödənilməsi barədə razılığını nəzərə almalıdır. Bu halda mülkiyyətçi məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş bazar qiymətinə uyğun kompensasiya məbləği ilə razılaşa və ya razılaşmaya, öz iddiasından imtina edə, yaxud onun iddiası təmin olunmadığı təqdirdə yuxarı instansiya məhkəmələrinə şikayət verə bilər...”
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin
53.4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
54. 14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
55.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə müqayisəli şəkildə müzakirə edərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmadığından hər şikayət təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia rədd edilməlidir.
56. Belə ki, işin müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı, mübahisəli mənzilin mülkiyyətçisi olaraq, həmin mənzildən istifadə hüququna malik olan cavabdehə kompensasiya verilməsi yolu ilə azyaşlı övladı ilə birlikdə mübahisəli mənzilə istifadə hüquqlarına xitam verilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdehin mübahisəli mənzildən istifadə hüququna malik olması da qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinə əsasən öz təsdiqini tapmışdır.
57. İş materiallarından göründüyü kimi sonuncu apellyasiya baxışında İddiaçı cavabdeh X3 ünvan 3 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün 22.000 manat (sonuncu dəfə) kompensasiya verilməsini təklif etmiş, apellyasiya instansiyası məhkəməsi də həmin kompensasiya məbləğini istifadə hüququna xitam verilməsi üçün adekvat olması qənaətinə gəlmiş, kompensasiya məbləği olaraq 22.000 manat pulun iddiaçıdan cavabdehin xeyrinə tututlması qənaətinə gəlmişdir.
58. Kollegiya kassasiya instansiyasında işə baxan məhkəmənin qərarlarında şərh edilən göstərişlərin həmin işə yenidən baxan məhkəmə üçün məcburi olduğunu nəzərə alaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
59. Belə ki, bu kateqoriyadan olan işlərə baxan məhkəmə, cavabdehin yaşayış sahəsindən istifadə hüququna kompensasiya ilə xitam verilməsi mümkün sayıldığı təqdirdə, iddiaçının təklif etdiyi kompensasiya məbləğinin kifayət olub-olmamasını aydınlaşdırmalı, təklif olunan məbləği yetərli saymadıqda hansı məbləğin həmin hüququ ədalətli kompensasiya edə biləcəyini müəyyənləşdirməli, iddiaçının buna dair münasibətini öyrənməli və nəticəsindən asılı olaraq iddianı həll etməlidir.
60. Beləliklə, tərəflər arasında razılıq olmadıqda cavabdehin istifadə hüququna xitam verilməsi üçün konkret yaşayış sahəsinə (fərdi yaşayış evinə, mənzilə) münasibətdə zəruri olan yetərli kompensasiyanın məbləğini məhkəmə müəyyən etməlidir. Məhkəmə tərəfindən yetərli kompensasiyanın məbləğinin müəyyən edilməsi, özlüyündə iddiaçı tərəfindən həmin məbləğin ödənilməli olması barədə qərar qəbul etmək üçün əsas deyildir. Bu zaman iddiaçının məhkəmə tərəfindən müəyyən olunmuş kompensasiyanın ödənilməsi barədə razılığının olub-olmamasını nəzərə almalıdır. İddiaçının həmin məbləği ödəməyə razılıq verməməsi, iddianın rədd edilməsi üçün əsasdır.
61. Məhkəmə kollegiyası tərəfindən iddiaçının cavabdehə ödəməli olduğu kompensasiyanın maksimum məbləği müəyyənləşdirildikdən sonra, iddiaçıya qarşı tərəfə 27.000 manat verməklə mübahisəni yekunlaşdırması təklif edilmişdir. Belə ki, araşdırmaların nəticələrinə əsasən məhkəmə kollegiyası 27.000 manat kompensasiya verilməklə cavabdehin mübahisəli mənzilə istifadə hüququna xitam verilməsini ədalətli və qanunauyğun hesab etmişdir. Həmçinin, həmin məbləğ müəyyən müddət daxilində (beş ildən artıq) mübahisəli mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün əhəmiyyətli maddi dəstəkdir və bu, işin hallarına və mülkiyyətçi kimi iddiaçının qanunla qorunan hüquqlarının təmin edilməsi baxımından hər iki tərəfin mənafeyinə uyğundur.
62. Buna baxmayaraq iddiaçı tərəfindən təklif olunan məbləğ əsaslı sayılmamışdır. İddiaçının həmin məbləği ödəməyə razılıq verməməsi isə iddianın rədd edilməsi üçün əsasdır. Belə ki, bazar qiymətinə uyğun olaraq kompensasiya məbləğinin ödənilməsinə dair iddiaçının razılığı nəzərə alınmadan iddianın təmin edilməsi onun məhkəməyə müraciət etməsini əhəmiyyətsiz edər və dispozitiv hüququnu pozmuş olar.
63. İşə baxmış birinci instansiya məhkəməsi 20.000 manat məbləğində kompensasiyanın cavabdehə azyaşlı övladı ilə birlikdə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə mübahisəli mənzilə bənzər şəraitdə yaşamağa real imkan yaratmadığını nəzərə almamışdır. Nəticədə məhkəmə, cavabdehin iddiaya qarşı irəli sürdüyü etirazın dəlillərini tam və hərtərəfli araşdırmadan, kompensasiyanın məbləğini bazar qiymətlərinə uyğun müəyyən etməməklə Mülki Məcəllənin 228.2-ci maddəsinin tələblərini pozmuşdur.
64. Konstitusiya Məhkəməsinin Plenumu L.İ.Binnətovanın şikayəti üzrə 8 may 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin, ilk növbədə tərəflərin iş materiallarından və prosessual hüquqlardan maraqlarına uyğun sərbəst istifadə etməsinin mümkünlüyünü nəzərdə tutur. Buna uyğun olaraq iddianın qaldırılması, onun əsasının və predmetinin müəyyənləşdirilməsi, habelə iddiadan imtina edilməsi iddiaçının iradəsindən asılıdır.
65. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
66. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin sözügedən qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə İddiaçı Cavabdeh qarşı «kompensasiya ödənilməsi yolu ilə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi, mənzildən çıxarılma və mənzilə köçürülmə» tələbinə dair iddiası rədd edilməlidir.
67. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər.
68. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavadeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2668/2023 nömrəli, 2 noyabr 2023cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı «kompensasiya ödənilməsi yolu ilə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi, mənzildən çıxarılma və mənzilə köçürülmə» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev