Məhkəmə qərarları › İş №2(103)-3930/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3930/2021

07.04.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3930/2021 07.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı3, digər İddiaçı1 nümayəndəsi və eyni zamanda İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdehlər Cavabdeh2 və qeyrilərinə qarşı müqavilənin etibarsız hesab edilməsi və s. tələblərə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2(006)-1760/2021 saylı qərardadından İddiaçı1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birgə iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı3, İddiaçı2, İddiaçı5 və İddiaçı6 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində “Mars M Firması”nın direktoru X1 və AR ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsini cəlb etməklə cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı iki investisiya müqaviləsinin etibarsız hesab edilməsi, birgə iddiaçıların vərəsəlik haqqında mülkiyyət hüquqları ilə yüklü 0.12 ha paylı miras torpağını ayırmaqla əvvəlki hüquqi müstəvidə bərpası, əhəmiyyətsiz əqdlərin etibarsız hesab edilməsi ilə ləğvi və s. tələblərə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2(006)- 1760/2021 saylı qərardadı ilə hər bir cavabdehə qarşı iddia tələbi konkret göstərilmədiyindən və iddiaçılar tərəfindən dövlət rüsumu qanunla müəyyən olunmuş məbləğdə ödənilmədiyinə görə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Həmin qərardaddan İddiaçı1 şikayət verərək qərardadın ləğv edilməsini və iddia ərizəsinin icraata götürülməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddia ərizəsini o özü yazmış, hazırda isə istintaq təcridxanasındadır. Birinci instansiya məhkəməsi əsassız olaraq iddia ərizəsini geri qaytarmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2(006)- 1760/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçı3, habelə digər İddiaçı1 nümayəndəsi və eyni zamanda İddiaçı2 şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər iddiaçılar və cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim ərizəni və ona əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarır. Həmin Məcəllənin 149.2.3-cü maddəsində qeyd olunur ki, iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində gösərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.0.2-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsi haqqında sənəd iddia ərizəsinə əlavə olunur. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarmaqda haqlı olmuşdur. Belə ki, iş materiallarında olan (i.v.192) dövlət rüsumunun ödənilməsi barədə qəbzdən görünür ki, həmin dövlət rüsumu iddianın predmetinə dair 3-cü şəxslərin işə qoşulması barədə hüquqi əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi barədə ərizə üzrə 10 manat məbləğində ödənilmişdir. Halbuki, iddia ərizəsinin məzmunundan görünür ki, ərizə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə deyil və tələblərdən biri Cavabdeh1 435000 manat məbləğində pulun alınması ilə bağlıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddianın qiyməti 500 manatdan yuxarı olduqda, 30 manat məbləğində dövlət rüsumu ödənilir. Buna görə də şikayət təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2(006)-1760/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398- 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı1 şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2(006)- 1760/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar