Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3930/2022 03.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 01 mart 2022-ci il tarixli qətnamədən cavabdeh Birliyin verdiyi apellyasiya şikayətinə əsasən mülki işə, cavabdeh Birliyin nümayəndəsi X1 və iddiaçının iştirakları ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İşin halları ilə bağlı məlumat: İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, cavabdeh Birlik tərəfindən təbii qazdan istifadəyə görə əlavə sərfiyyat kimi ona əsassız olaraq hesablanmış 388,8 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı özünə məxsus olan və Bakı şəhəri, Xətai rayonu, Hərbi Şəhərcik, ev 29, mənzil 3-də ailə üzvləri ilə birlikdə yaşayır. Yaşayış sahəsi iddiaçının mərhum atasına məxsus olmuşdur. Həmin yaşayış sahəsi cavabdeh Birlik tərəfindən təbii qazla təmin olunur və bununla bağlı olaraq binanın xaricində, yəni küçədə Birlik tərəfindən qaz sayğacı quraşdırılmış və ünvana **********00520 abonent kodu verilmişdir. Sayğac pilləkən meydançasında yerləşir. Birliyin əməkdaşları 2021-ci ilin iyul ayında sayğacı yenisi ilə əvəz etmiş və bu barədə ******* saylı akt tərtib etmişlər. Bir müddət sonra Birliyin əməkdaşları iddiaçıya bildirmişlər ki, onun Birliyə 388,80 manat məbləğində borcu var və borcun ödənilməsini tələb etmişlər. Bu məsələ ilə bağlı iddiaçı maraqlandıqda Birlik tərəfindən iddiaçıya bildirilmişdir ki, əvvəlki sayğacın qoruyucu plombu qırılmış və buna görə də ona əlavə sərfiyyat kimi həmin borc hesablanmışdır. İddiaçı cavabdeh Birliyin əməkdaşlarının həmin borcun onun tərəfindən ödənilməsi barədə tələblərini əsassız hesab edir. Çünki iddiaçının özü və ailə üzvləri sayğaca heç bir müdaxilə etməmiş, sayğacın plombunu qırmamışlar. Birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir. Apellyasiya şikayəti barədə məlumat Cavabdeh Birlik həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının yaşadığı ünvana aid qaz sayğacı dövlət yoxlamasından keçirilən zaman məlum olmuşdur ki, sayğacın yivli birləşməsinə vurulmuş plomb qırılmışdır. Bu fakt sayğaca müdaxilənin edilməsini təsdiq edən əlamətdir, yəni bu növ müdaxilə nəticəsində istehlakçı olan iddiaçı tərəfindən dəyəri ödənilmədən təbii qazdan istifadə olunur. Bu səbəbdən də aktlar tərtib olunaraq itirilmiş qazın dəyəri müəyyən olunmuş və iddiaçıya 388,80 manat məbləğində əlavə sərfiyyat borcu hesablanmışdır. İstehlakçı olan iddiaçı qazdan istifadə qaydalarına zidd şəkildə təbii qazdan istifadə etdiyi üçün istifadə edilmiş təbii qazın dəyərini tam olaraq ödəməlidir. Lakin işə baxmış Rayon Məhkəməsi bu halları nəzərə almamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Apellyasiya baxışında iştirak etmiş şəxslərin mövqeyi Cavabdeh Birliyin nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, şikayətin məzmununa uyğun izahat verdi. Apellyasiya baxışı iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsi tərəfindən iş üzrə qəbul edilmiş qətnamənin əsaslarına uyğun izahat verdi. Mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçı ilə cavabdeh Birlik arasında bağlanmış xx.xx.2021-ci il tarixli, ******* saylı “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktdan görünür ki, Birlik bu müqavilənin şərtlərinə uyğun olaraq istehlakçı olan iddiaçının yaşadığı ünvana yeni sayğac quraşdırmışdır. Birliyin əməkdaşları tərəfindən xx.xx.2018-ci il tarixdə tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması barədə” aktdan görünür ki, iddiaçının yaşadığı ünvana aid qaz sayğacına baxış keçirilmiş və müəyyən edilmişdir ki, sayğacın yivli birləşməsinə vurulmuş plomb qırılmışdır. Bu hal xx.xx.2018-ci il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması barədə” aktda da qeyd edilmişdir. İş materiallarından görünür ki, yuxarıda qeyd edilən aktlarda əks olunmuş fakta görə Birlik tərəfindən iddiaçıya aid **********00520 saylı abonent koduna 388,80 manat borc hesablanmışdır. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlilləri ilə bağlı Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. “Qaz təchizatı” haqqında Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz (bənd 8.). Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir (bənd 9.). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 №-li Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalarının” 4.2-ci bəndinə görə, qaz sayğacı ilə təsdiq edilmə, onun quraşdırılması və dəyişdirilməsi fıziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə görə, qaz sayğaclarının növbəti dövlət yoxlamasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.7-ci bəndinə görə, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafıq örtüklə örtülməli (fıziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Qaydaların 4.8-ci bəndinə görə, fıziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaydaların 4.9-cu bəndinə görə, zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucusu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qeyd olunan maddi hüquq normalarının tələblərindən mövcud mübahisənin həllinə yanaşdıqda müəyyən edilir ki, fiziki şəxs olan istehlakçıların (hazırki halda iddiaçının) qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni cavabdeh Birlik daşıyır. Buna görə də Məhkəmə hesab edir ki, qaz sayğacında olan hər hansı qüsura görə iddiaçı cavabdehlik daşımır. Müdaxilənin iddiaçı tərəfindən edilməsini təsdiq edən hər hansı sübut cavabdeh Birlik tərəfindən məhkəmələrə təqdim edilməmişdir. Belə ki, 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 14.2-ci maddəsinə görə isə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi qənaət Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iddianı təmin etməklə iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh Birlik tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə cavabdehin özünə aid edilsin. Nəticə Yuxarıda göstərilənlərə əsaslanan və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutan Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 01 mart 2022-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh Birlik tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-3930/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3930/2022
03.06.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver