Məhkəmə qərarları › İş №2(103)-3931/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3931/2025

05.08.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3931/2025 05.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qızına qarşı mülki iş üzrə (açar sözlər: subyektiv hüquq, şəxsi və ailə həyatına hörmət hüququ, təhlükəsiz yaşamaq hüququ, ilkin müqavilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X6 ibarət tərkibdə, Məhkəmə katibi Quluzadə Jalə Vadət qızının katibliyi, İddiaçı, İddiaçı nümayəndəsi (vəkili) Vəkil5, Cavabdeh Hökümalı qızının nümayəndəsi (vəkili) Vəkil4, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs nümayəndəsi (vəkili) Vəkil6, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X7, X8, X9 və X15 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evinin layihə sənədlərində əksini tapmayan hissələrinin sökülməsi və fərdi yaşayış evinin çoxmənzilli binaya çevirilməsinin qadağan edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)-797/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları Tərəflər qonşudur. Belə ki, tərəflərə aid torpaq sahələri bitişikdir. İddiaçının torpaq səhəsində fərdi yaşayış evi, cavabdehin torpaq sahəsində çoxmənzilli bina yerləşir. İddiaçının fərdi yaşayış evi Sabunçu rayonu, ünvan 1 ünvanındakı 0,06 ha torpaq sahəsində yerləşir. Ev və torpaq sahəsi üzərində mülkiyyət hüququ dövlət reyestrində qeydə alınıb, həmin əmlak iddiaçının və onun qardaşının paylı mülkiyyətindədir, hər birinin payı ½ hissə təşkil edir. Cavabdehin çoxmənzilli yaşayış binası isə Sabunçu rayonu, ünvan 2 ünvanındakı 0,0916 ha torpaq sahəsində yerləşir. Torpaq sahəsi üzərində cavabdehin mülkiyyət hüququ dövlət reyestrində qeydə alınıb, bina üzərində hüquq qeydə alınmayıb. xx.xx.2023-cü il tarixli məlumatlandırma icraatı ilə cavabdehin mülkiyyətində olan torpaq sahəsində fərdi yaşayış evinin memarlıq planlaşdırma layihəsi Sabunçu RİH tərəfindən təsdiqlənib. Lakin torpaq sahəsində çoxmənzilli bina inşa edilib. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2024-cü il tarixli 3-35-1/2-Ə-248/2-36- 1042/2024 nömrəli məktubundan müəyyən olunur ki, idarənin əməkdaşları tərəfindən yerində baxış zamanı müəyyən edilmişdir ki, cavabdehə aid fərdi yaşayış evində layihədən kənarlaşmaya yol verilərək əlavə 1 mərtəbə və zirzəmi inşa edilmiş, binanın fasad hissəsinə əlavə pəncərələr və nəfəslik artırılmış, həyətyanı hasarın bir hissəsi sökülmüş, həmçinin ara məsafəsi D oxu üzrə 2,20 m nəzərdə tutulduğu halda 0,50 m məsafə saxlanılmışdır. Yasamal RİH-nin xx.xx.2024-cü il tarixli 3-52/2-Ə-260-151/2024 nömrəli məktubundan müəyyən olunur ki, cavabdehə aid fərdi yaşayış evinə dair müvafiq sənədlər RİH ilə razılaşdırılmışdır, lakin tikinti işlərinin gedişatı zamanı RİH ilə razılaşdırılmış tikinti layihəsindən kənarlaşmaya yol verildiyi aşkar olunduğundan bununla əlaqədar sahibkara xəbərdarlıq edilmiş, eləcə də qanunvericilikdə müəyyən olunmuş aidiyyəti dövlət qurumlarına mövcud tikiliyə dair tədbirlər görülməsi məqsədilə müraciət olunmuşdur. Bununla yanaşı RİH tərəfindən qeyd olunan məsələ ilə bağlı ərazi üzrə məhkəmə orqanı qarşısında vəsatət qaldırılmışdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X31 Xidməti 4-cü Ərazi X31 İdarəsinin xx.xx.2024-cü il tarixli 3-18-62/2-Ə-213- 36/2024 nömrəli məktubundan müəyyən olunur ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 82-ci maddəsinə zidd olaraq Sabunçu RİH tərəfindən cavabdehə aid tikinti barədə DYNX-nə məlumatlandırma icraatı və tikintiyə icazə icraatı çərçivəsində heç bir sənəd təqdim olunmadığından DYNX tərəfindən obyektdə tikintiyə dövlət nəzarəti həyata keçirilməmişdir. Baxış zamanı iddiaçının müraciətində qeyd edilən, yanğın təhlükəsizliyinə dair norma və tələblərin yerinə yerinə yetirilmədiyi faktı öz əksini tapmışdır. Belə ki: a) yaşayış binasının layihə sənədləri DYNX ilə razılaşdırılmayıb; b) yaşayış binasının zirzəmi sahəsi avtodayanacaq kimi nəzərdə tutulub, hal-hazırda yanğına qarşı heç bir tələb yerinə yetirilməyib; c) yaşayış binası yanğın su hovuzu ilə təmin edilməyib; ç) yaşayış binası ilkin yanğın söndürmə ləvazimatları ilə təmin edilməyib; d) yaşayış binası avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusu ilə təmin edilməyib; e) yaşayış binası daxili yanğın su kranları ilə təmin edilməyib; ə) yaşayış binasının perimetri boyunca yanğın avtomobillərinin hərəkət etməsi mümkün deyil; f) mövcud fərdi yaşayış evləri ilə yanğına qarşı ara məsafəsi saxlanılmayıb. Aparılan tikinti işləri zamanı norma və qaydaların tələblərinə riayət edilməməsi səbəbindən müvafiq tədbir görülməsi və nəzarətdə saxlanılması üçün Sabunçu RİH-nə xx.xx.2024-cü il tarixli 3-18-62/2-1842/2024 nömrəli məktub göndərilmişdir. X31 Xidmətinin həmin məktubundan müəyyən olunur ki, yaşayış binasının zirzəmi sahəsi avtodayanacaq kimi nəzərdə tutulub, yəni çoxmənzlli binanın sakinləri zirzəmidə avtomobillərini park edə biləcək. Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin məktubunda da həmin binanın zirzəmisinin mövcud olduğu və zirzəminin layihədən kənar inşa edildiyi təsdiq edilib. Cavabdehə aid binanın 1-ci mərtəbəsində yerləşən, sahəsi 67,34 kv.m olan 1 saylı mənzilə dair “alıcı” X3 ilə notariat qaydasında xx.xx.2023-cü il tarixli “ilkin alqı-satqı müqaviləsi” bağlanmış, mənzilin qiyməti 67.000 manat müəyyən edilmiş, onun 40.000 manatı notariusun depozit hesabı vasitəsilə “satıcı” adlandırılan cavabdehə ödənilmiş, qalan 27.000 manatı isə 60 ay müddətində hər ay 450 manat olmaqla notariusun depozit hesabı vasitəsilə “satıcı”ya ödənilməlidir. Cavabdehə aid binanın 2-ci mərtəbəsində yerləşən, sahəsi 83,51 kv.m olan 3 saylı mənzilə dair “alıcı” X12 ilə notariat qaydasında xx.xx.2023-cü il tarixli “ilkin alqı-satqı müqaviləsi” bağlanmış, mənzilin qiyməti 75.159 manat müəyyən edilmiş, onun 10.000 manatı notariusun depozit hesabı vasitəsilə “satıcı” adlandırılan cavabdehə ödənilmiş, qalan 65.159 manatı isə 60 ay müddətində notariusun depozit hesabı vasitəsilə “satıcı”ya ödənilməlidir. Cavabdehə aid binanın 1-ci mərtəbəsində yerləşən, sahəsi 83,50 kv.m olan 4 saylı mənzilə dair “alıcı” X13 ilə notariat qaydasında xx.xx.2023-cü il tarixli “ilkin alqı-satqı müqaviləsi” bağlanmış, mənzilin qiyməti 83.500 manat müəyyən edilmiş, onun 20.000 manatı notariusun depozit hesabı vasitəsilə “satıcı” adlandırılan cavabdehə ödənilmiş, qalan 63.500 manatı isə 48 ay müddətində hər ay 1.323 manat olmaqla notariusun depozit hesabı vasitəsilə “satıcı”ya ödənilməlidir. Cavabdehə aid binanın 2-ci mərtəbəsində yerləşən, sahəsi 76,82 kv.m olan 6 saylı mənzilə dair “alıcı” X22 ilə notariat qaydasında xx.xx.2023-cü il tarixli “ilkin alqı-satqı müqaviləsi” bağlanmış, mənzilin qiyməti 72.979 manat müəyyən edilmiş, onun 20.000 manatı notariusun depozit hesabı vasitəsilə “satıcı” adlandırılan cavabdehə ödənilmiş, qalan 52.979 manatı isə 52 ay müddətində notariusun depozit hesabı vasitəsilə “satıcı”ya ödənilməlidir. Cavabdehə aid binanın 2-ci mərtəbəsində yerləşən, sahəsi 71,81 kv.m olan 7 saylı mənzilə dair “alıcı” X16 ilə notariat qaydasında xx.xx.2023-cü il tarixli “ilkin alqı-satqı müqaviləsi” bağlanmış, mənzilin qiyməti 72.000 manat müəyyən edilmiş, 72.000 manat notariusun depozit hesabı vasitəsilə “satıcı” adlandırılan cavabdehə ödənilmişdir. Cavabdehə aid binanın mansardında (yəni 3-cü mərtəbəsində) yerləşən, sahəsi 65,34 kv.m olan 9 saylı mənzilə dair “alıcı” X17 ilə notariat qaydasında xx.xx.2023-cü il tarixli “ilkin alqı-satqı müqaviləsi” bağlanmış, mənzilin qiyməti 58.800 manat müəyyən edilmiş, onun 30.000 manatı notariusun depozit hesabı vasitəsilə “satıcı” adlandırılan cavabdehə ödənilmiş, qalan 28.800 manatı isə 48 ay müddətində notariusun depozit hesabı vasitəsilə “satıcı”ya ödənilməlidir. Cavabdehə aid binanın mansardında (yəni 3-cü mərtəbəsində) yerləşən, sahəsi 71 kv.m olan 10 saylı mənzilə dair “alıcı” X23 ilə notariat qaydasında xx.xx.2023-cü il tarixli “ilkin alqı-satqı müqaviləsi” bağlanmış, mənzilin qiyməti 63.900 manat müəyyən edilmiş, onun 30.000 manatı notariusun depozit hesabı vasitəsilə “satıcı” adlandırılan cavabdehə ödənilmiş, qalan 33.900 manatı isə 60 ay müddətində hər ay 565 manat olmaqla notariusun depozit hesabı vasitəsilə “satıcı”ya ödənilməlidir. Cavabdehə aid binanın mansardında (yəni 3-cü mərtəbəsində) yerləşən, sahəsi 131 kv.m olan 12 saylı mənzilə dair “alıcı” X18 ilə notariat qaydasında xx.xx.2023-cü il tarixli “ilkin alqı-satqı müqaviləsi” bağlanmış, mənzilin qiyməti 115.000 manat müəyyən edilmiş, onun 60.000 manatı notariusun depozit hesabı vasitəsilə “satıcı” adlandırılan cavabdehə ödənilmiş, qalan 55.000 manatı isə 36 ay müddətində notariusun depozit hesabı vasitəsilə “satıcı”ya ödənilməlidir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı məhkəməyə müraciət edərək, cavabdehin evinin layihədən kənar inşa edilmiş üçüncü mərtəbəsinin, həmçinin cavabdehin evinin iddiaçının evinə tərəf baxan və layihədə əksini tapmayan 2 ədəd balkonunun və 4 pəncərəsinin sökülməsi, həmin evin çoxmənzilli binaya çevirilməsi cəhdlərinin cavabdehə qadağan olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, qonşusu - Cavabdeh Hökümalı qızı özünə məxsus torpaq sahəsində qonşuluq hüququna, şəhərsalma və tikinti normalarına, yanğın təhlükəsizliyi qaydalarına, habelə milli mental dəyərlərə zidd formada özbaşına və qanunsuz tikinti aparmaqdadır. Cavabdehə aid torpaq sahəsində aparılan tikinti işlərinin qanunsuz olması onunla ifadə olunur ki, cavabdeh sözügedən torpaq sahəsində tikməkdə olduğu çoxmənzilli yaşayış binası heç bir tikinti-təhlükəsizlik, texniki normalara, habelə yanğın təhlükəsizliyi və fövqəladə halların aradan qaldırılması ilə bağlı texniki tələblərə uyğun deyildir. O, çoxmənzilli binanın tikintisi ilə bağlı rəsmi icazənin alınıb-alınmadığı ilə bağlı müvafiq olaraq Sabunçu Rayon İcra hakimiyyətinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı şəhər Memarlıq və Şəhərsalma Baş idarəsinə və Fövqəladə Hallar Nazirliyinə sorğular vermişdir. Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin cavab məktubunda qeyd edilmişdir ki, “ünvan 3 ünvanında yerləşən apartman tipli 3 mərtəbəli 11 mənzilli tikili barədə tikinti işləri ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətdə yerli icra hakimiyyəti tərəfindən məlumat daxil olmadığı üçün Agentlikdə həmin tikili barədə məlumat mövcud deyildir”. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin cavab məktubunda qeyd edilmişdir ki, “Cavabdeh Hökümalı qızının mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən torpaq sahəsində hal-hazırda təmirtikintisi davam edən apartman tipli 3 mərtəbəli 11 mənzilli tikiliyə dair icazənin, layihənin və tikili ilə bağlı tərtib olunmuş digər sənədlərə dair məlumat Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin arxivində mövcud olan müvafiq sənədlərə baxış nəticəsində qeyd edilən məsələ ilə bağlı sənəd aşkar edilməmişdir”. Kustar üsullarla aparılmış tikinti, heç bir təhlükəsizlik qaydalarının gözlənilməməsi, elə təkcə həvəskar qaydada qurulmuş elektrik naqilləri sistemi nəticəsində yarana biləcək qısa qapanma və digər hallar, habelə ara məsafələrinin gözlənilməməsi nəticəsində baş verə biləcək yanğın hadisəsinin qısa müddətdə sürətlə yayılması imkanları, məişət səs küyü üçün yaradılmış “münbit şərait”, habelə təcili tibbi yardım avtomobillərinin əraziyə giriş çıxışının məhdudlaşması nəticəsində həyat və sağlamlıq üçün yaranacaq təhlükə və s. faktorlar cavabdeh tərəfindən aparılmış qanunsuz və özbaşına tikinti işlərinin mövcud və perspektiv fəsadlarını göstərir. Sabunçu rayon İcra Hakimiyyəti, Bakı şəhəri İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişlər. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli rəydə aşağıdakılar qeyd olunmuşdur: Cavabdeh X10 tərəfindən məlumatlandırma icraatı çərçivəsində inşa edilmiş binanın razılaşdırılmış layihəyə uyğun inşa edilmədiyi müəyyən edilmişdir. Cavabdeh tərəfindən iddiaçının istifadəsində olan torpaq sahəsinə tərəf təsdiq edilmiş layihə sənədlərində öz əksini tapmayan əlavə 2 ədəd balkon və 4 ədəd pəncərə inşa edildiyi müəyyən edilmişdir. Cavabdeh tərəfindən inşa edilmiş binanın 3-cü mərtəbəsinin faktiki olaraq müstəqil mərtəbə olmaqla digər mərtəbələrlə eynilik təşkil etdiyi müəyyən edilmişdir. Cavabdeh iddia ərizəsinə etirazını belə əsaslandırmışdır ki, iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etməyə subyektiv hüququ yoxdur. Cavabdeh iddia ərizəsinə dair verdiyi ikinci etiraz ərizəsini isə belə əsaslandırmışdır ki, iddiaçı ilə hasar qonşusudurlar. Cavabdehə məxsus torpaq sahəsində olan tikilinin iki mərtəbəsi iddiaçının mərhum atası Lətif Əsgərovun sağlığında razılığı və xeyir-duası ilə əvvəlki mülkiyyətçi Mübariz adlı şəxs tərəfindən inşa edilmişdir. Cavabdeh isə üzərində iki mərtəbəsi inşa edilmiş tikilisi olan torpaq sahəsini alqı-satqı müqaviləsi ilə Mübarizdən almışdır. Cavabdeh həmin tikilini təqdim etdiyi layihə - iki mərtəbə + mansard, hündürlüyü 12 metr olan yaşayış evini mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq rəsmiləşdirilməsi üçün müvafiq icra orqanına müraciət etmişdir. Cavabdeh tərəfindən bina inşa edildikdən sonra hər mərtəbə dörd müstəqil mənzilə bölünmüşdür. Həmçinin, "xxxx" Ekspertiza Mərkəzi MMC tərəfindən verilmiş mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, cavabdeh tərəfindən inşa edilmiş bina layihəyə uyğun olmasa da, bu tikili Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsinin tələblərinə uyğundur. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)-797/2024 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir (hakim: Tahirə Əsədova). Məhkəmənin mövqeyinə görə, hazırki iş üzrə cavabdeh tərəfindən tikinti işlərinin tikintiyə icazəyə uyğun aparılmadığı müəyyən edildikdə, eyni zamanda həmin tikintinin hazırki işdə iddiaçının evinin təhlükəsizliyinə və etibarlılığına təhlükə yaratdığı aşkar edildiyi halda həmin tikilinin sökülməsi barədə iddia qaldırmaq hüququ yalnız Fövqəladə Hallar Nazirliyinə verilmişdir. Odur ki, iddiaçının bu əsaslarla iddia verməyə subyektiv hüququ movcud olmamışdır. İddiaçı eyni zamanda digər hüquqlarının (onun həyətinə nəzərdə tutulan pəncərə və balkondan çox pəncərə və balkonun açılması; yaxın qonşuluqda yerləşən evin bir ailə deyil, daha çox ailəyə xidmət etməsi) pozulmasına da istinad etmişdir. Məhkəmə buna dair qeyd etmişdir ki, pəncərə və bakonun sayının, eyni zamanda evdə bir ailə və ya bir neçə ailənin yaşaması ilə iddiaçının hüququnun pozulması arasında səbəbli əlaqə barədə iddiaçı hər hansı bir mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Bundan başqa, Sabunçu Rayon İcra Hakimiyyəti xx.xx.2024-cü il tarixli məktubunda inşa edilmiş əlavə balkonların söküldüyünü, iddiaçının həyətinə baxan pəncərələrin qarşısının bağlandığını bildirmişdir. Belə ki, cavabdeh torpaq sahəsini 2010-cu ildə alarkən mübahisəli binanın iki mərtəbəsi keçmiş mülkiyyətçi tərəfindən artıq inşa edilmiş, iddiaçı buna etiraz etməmiş və cavabdeh torpaq sahəsini yarımçıq tikili ilə bir yerdə almışdır. Yəni, ara məsafələr artıq o zaman pozulmuş və iddiaçı bunu qəbul etmişdir, iddiaçının keçmiş mülkiyyətçiyə qarşı bununla bağlı iddia qaldırmaması hazırkı iddiaçıya qarşı iddianın qaldırılmasını istisna edir. Məhkəmə gəldiyi nəticəni Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1, 80.1, 80.2, 80.4, 80.5, 80.6, 92.1, 92.1.1, 92.2, 92.3, 92.4.3, 95.1.3 və 95.3-cü, eləcə də Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 88-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində birinci icraat İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, ünvan 5 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və ümumi sahəsi 136,80 kv metr olan fərdi yaşayış evi onun və qardaşı X19 bərabər paylarla paylı mülkiyyətlərindədir (daşınmaz əmlakın reyestr nömrəsi **********34- 10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2019). ünvan 6 ünvanında yerləşən 0,10 ha torpaq sahəsi Cavabdeh mülkiyyətindədir (daşınmaz əmlakın reyestr nömrəsi **********02, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022, AN838591 torpaq sahəsinin planı və ölçüsü). Cavabdeh həmin torpaq sahəsini xx.xx.2022-ci il tarixdə almışdır. Cavabdeh məlumatlandırma icraatı qaydasında Sabunçu rayon İcra Hakimiyyətinə müraciət edərək tərtib edilmiş layihə əsasında tikinti işinə başlamaq istədiyini bildirmiş, Sabunçu rayon İcra Hakimiyyəti xx.xx.2023-cü il tarixli məktubunda təqdim edilmiş layihənin razılaşdırıldığını bildirmişdir. Cavabdehin təqdim etdiyi layihədə ikimərtəbə, hündürlüyü 7 metr yaşayış evi olmuşdur. Cavabdeh tərəfindən qanunsuz müstəqil üçüncü mərtəbə inşa edilmiş, bina inşa edildiyindən sonra hər mərtəbə dörd müstəqil mənzilə bölünmüş və bəzi mənzillərin notarial qaydada ilkin alqı-satqısı həyata keçirilmişdir. Məhkəmə tərəfindən məhkəmə tikinti-ekspertizası təyin edilmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli ekspert rəyi ilə aşağıdakılar müəyyən edilmişdir. Cavabdeh sifarişi ilə ünvan 6ndə yerləşən ümumi sahəsi 0,10 ha olan torpaq sahəsinin üzərində hündürlüyü 7,0 m olan iki mərtəbəli fərdi yaşayış evinə dair layihə tərtib edilmiş və həmin layihə Sabunçu Rayon İcra Hakimiyyəti Təsərrüfat Şöbəsinin möhürü ilə razılaşdırılmışdır. Baxış zamanı müəyyən olunmuşdur ki, torpaq sahəsi iki tərəfdən qonşu sahələrlə, iki tərəfdən isə yol ilə əhatə olunmuşdur. Baxış zamanı torpaq sahəsinin üzərində üç mərtəbəli fərdi yaşayış evinin inşa edildiyi, fərdi yaşayış evinin qonşu ilə sərhəd divarı arasında olan ara məsafəsinin ən yaxın hissədə 0,53 m (53 sm), ən uzaq hissədə 1,22 m (122 sm) olduğu müəyyən edilmişdir. Mülki iş materiallarına əlavə edilmiş layihə sənədləri ilə fərdi yaşayış evinin faktiki vəziyyəti arasında müqayisəli tədqiqat aparılan zaman, fərdi yaşayış evinin 2-ci mərtəbəsinin üzərində əlavə tikinti işləri aparılaraq mansard mərtəbənin yaradıldığı, layihə sənədlərində öz əksini tapmayan əlavə pəncərələrin açıldığı, eləcə də, tikilinin mərtəbələr üzrə daxilində tikinti işləri aparılaraq arakəsmə divarları inşa edilərək ayrı-ayrılıqda mənzil kimi istifadə edildiyi, layihə sənədlərində olan 1-ci və 2-ci mərtəbə planında ümumi sahəsi 6,6 kv.m göstərilən eyvan tikililərinin sol hissəsində tikinti işlərinin aparıldığı, fərdi yaşayış evinin hündürlüyünün 12,0 m olduğu müəyyən edilmişdir. Tədqiqatın nəticəsi olaraq Cavabdeh tərəfindən məlumatlandırma icraatı çərçivəsində inşa edilmiş binanın razılaşdırılmış layihəyə uyğun inşa edilmədiyi, cavabdeh tərəfindən iddiaçının istifadəsində olan torpaq sahəsinə tərəf təsdiq edilmiş layihə sənədlərində öz əksini tapmayan əlavə 2 ədəd balkon və 4 ədəd pəncərənin inşa edildiyi, cavabdeh tərəfindən inşa edilmiş binanın üçüncü mərtəbəsi faktiki olaraq müstəqil mərtəbə olmaqla, digər mərtəbələrlə eynilik təşkil etdiyi müəyyən edilmişdir. Onun tərəfindən səlahiyyətli dövlət orqanlarına mübahisəli bina ilə əlaqədar çoxsaylı müraciətlər edilmiş, həmin orqanlar tərəfindən aşağıdakı cavab məktubları alınmışdır. Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, aparılan tikinti işləri ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətdə yerli icra hakimiyyəti tərəfindən məlumat daxil olmadığı üçün Agentlikdə həmin tikili barədə məlumat mövcud deyil; xx.xx.2024-cü və xx.xx.2024-cü il tarixli məktublarında qeyd edilmişdir ki, Cavabdeh Hökümalı qızı tərəfindən tikilmiş tikintinin layihədən kənarlaşma ilə aparılması müəyyən olunmuş, qeyd edilənlərlə bağlı aidiyyəti üzrə müvafiq tədbirin görülməsi üçün tərəflərindən Sabunçu Rayonu İcra Hakimiyyətinə xx.xx.2024-cü il tarixli məktub ünvanlanmışdır. Mütəxəssislər tərəfindən aparılan araşdırma zamanı məlum olmuşdur ki, Cavabdeh Hökümalı qızına məxsus 0.10 ha torpaq sahəsində yaşayış evinin tikintisi ilə bağlı təqdim etdiyi 24 yanvar 2023-cü il tarixli 5-18/2-M-24-151/2023 nömrəli məlumatlandırma icraatı ilə təqdim edilmiş 2 mərtəbəli memarlıq planlaşdırma layihəsi Sabunçu Rayon İcra Hakimiyyətində baxılaraq razılaşdırılmasına baxmayaraq, layihə üzrə nəzərdə tutulmayan əlavə zirzəmi və bir mərtəbə inşa edilmiş, binanın fasad hissəsinə tikililər artırılaraq əlavə pəncərələr, nəfəslik və eyvan qapısı quraşdırılmışdır. Yaşayış binası şimal-qərb tərəfdən D oxu üzrə binanın hasardan olan ara məsafəsi layihə üzrə 2.20 m nəzərdə tutulduğu halda, yerində 0.50 m inşa edilmişdir. Qeyd edilənləri nəzərə alaraq, zirzəmi +3 mərtəbəli çoxmənzilli binanın tikintisinə dair məlumatlandırma icraatı olmadığından yol verilən nöqsanlar barədə aidiyyəti üzrə müvafiq tədbir görülməsini xahiş edirlər. Fövqəladə Hallar Nazirliyi X31 Xidmətinin 4-cü ərazi DYNİ tərəfindən göndərilmiş xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, Şəhərsalma və Tikinti Məcəlləsinin 82ci maddəsinə zidd olaraq Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən sözügedən tikinti barədə DYNX-nə məlumatlandırma icraatı və tikintiyə icazə icraatı çərçivəsində heç bir sənəd təqdim olunmadığından obyektdə tərəfindən tikintiyə dövlət nəzarəti həyata keçirilməmişdir. Baxış zamanı müraciətdə yanğın təhlükəsizliyinə dair norma və tələblərin yerinə yetirilmədiyi faktı öz əksini tapmışdır. Belə ki, yaşayış binasının layihə sənədləri X31 Xidməti ilə razılaşdırılmayıb, yaşayış binasının zirzəmi sahəsi avtodayanacaq kimi nəzərdə tutulub, hal-hazırda yanğına qarşı heç bir tələb yerinə yetirilməyib; yaşayış binası yanğın su hovuzu ilə təmin edilməyib; yaşayış binası ilkin yanğın söndürmə ləvazimatları ilə təmin edilməyib; yaşayış binası avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusu ilə təmin edilməyib; yaşayış binası daxili yanğın su kranları ilə təmin edilməyib; yaşayış binasının perimetr boyunca yanğın avtomobillərin hərəkət etməsi mümkün deyil; mövcud fərdi yaşayış evləri ilə yanğına qarşıara məsafələri saxlanılmayıb. Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, məsələnin ətraflı araşdırılması məqsədilə Sabunçu Rayon İcra Hakimiyyətinə müvafiq tapşırıq verilmiş və bununla əlaqədar rayon icra hakimiyyətinin cavab məktubuna əsasən müəyyən edilmişdir ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Neftçilər küçəsində yerləşən 0.10 ha torpaq sahəsində inşası nəzərdə tutulan fərdi yaşayış evinə dair müvafiq sənədlər rayon icra hakimiyyəti ilə razılaşdırılmışdır. Lakin tikinti işlərinin gedişatı zamanı rayon icra hakimiyyəti tərəfindən razılaşdırılmış tikinti layihəsindən kənarlaşmaya yol verildiyi aşkar olunduğundan bununla əlaqədar sahibkara xəbərdarlıq edilmiş, eləcə də, qanunvericilikdə müəyyən olunmuş aidiyyəti dövlət qurumlarına mövcud tikiliyə dair tədbirlər görülməsi məqsədilə müraciət olunmuşdur. Bununla yanaşı Sabunçu Rayon icra Hakimiyyəti tərəfindən qeyd olunan məsələ ilə bağlı ərazi üzrə məhkəmə orqanı qarşısında vəsatət qaldırılmışdır. O, ilk olaraq cavabdehin həmin torpaq sahəsində apardığı qanunsuz və özbaşına tikilinin (cavabdehin özünün fərdi yaşayış evi kimi təqdim etdiyi faktiki olaraq çoxmənzilli binanın) cavabdehin öz hesabına sökülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddia ərizəsini dəqiqləşdirərək evin layihədən kənar inşa edilmiş zirzəmi hissəsi qalmaqla və fərdi yaşayış evi təyinatı saxlanılmaqla (onun çoxmənzilli binaya çevrilməsi cəhdləri qadağan edilməklə), İddiaçı istifadəsində olan torpaq sahəsinə tərəf qanunsuz və özbaşına inşa edilmiş 3-cü mərtəbənin, 2 ədəd balkonun və 4 ədəd pəncərənin sökülməsini istəmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi e-2(008)-797/2024, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddianı rədd etmişdir. Aşağıdakılara əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-797/2024, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilməli, iddianın tam təmin edilməsi qət edilməlidir. Birinci instansiya məhkəməsi mülkiyyət hüququndan istifadə edərkən cavabdeh tərəfdən onun, yəni cavabdehin qonşusunun hüquqlarının pozulmasını, eyni zamanda onun hüquqdan sui-istifadə etməsini nəzərə almamışdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyətinin başçısının iddiaçıya göndərdiyi xx.xx.2023-cü il tarixli 5-18/2-M-24- 151/2023 saylı məktubunda qeyd olunmuşdur ki, Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş ********** saylı xx.xx.2022-ci il tarixli çıxarışa əsasən Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Neftçilər küçəsi ünvanında yerləşən 0,10 ha torpaq sahəsində yaşayış evinin tikintisi ilə bağlı təqdim etdiyiniz layihə Sabunçu Rayon İcra Hakimiyyətində baxılaraq razılaşdırılır. Tikintinin aparılması üçün aşağıdakı şərtlər vacibdir: 1. Tikinti işlərinin razılaşdırılmış layihəyə uyğun aparılması; 2. Tikinti işləri aparılarkən mövcud normalara uyğun olaraq təhlükəsizlik və sanitar qaydalara riayət edilməsi. Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyi X31 Xidmətinin 4-cü ərazi DYNİ tərəfindən göndərilmiş xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, Şəhərsalma və Tikinti Məcəlləsinin 82-ci maddəsinə zidd olaraq Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən sözügedən tikinti barədə DYNX-nə məlumatlandırma icraatı və tikintiyə icazə icraatı çərçivəsində heç bir sənəd təqdim olunmadığından obyektdə tərəflərindən tikintiyə dövlət nəzarəti həyata keçirilməmişdir. Baxış zamanı müraciətdə yanğın təhlükəsizliyinə dair norma və tələblərin yerinə yetirilmədiyi faktı öz əksini tapmışdır. Belə ki, yaşayış binasının layihə sənədləri X31 Xidməti ilə razılaşdırılmayıb, yaşayış binasının zirzəmi sahəsi avtodayanacaq kimi nəzərdə tutulub, hal-hazırda yanğına qarşı heç bir tələb yerinə yetirilməyib; yaşayış binası yanğın su hovuzu ilə təmin edilməyib; yaşayış binası ilkin yanğın söndürmə ləvazimatları ilə təmin edilməyib; yaşayış binası avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusu ilə təmin edilməyib; yaşayış binası daxili yanğın su kranları ilə təmin edilməyib; yaşayış binasının perimetr boyunca yanğın avtomobillərin hərəkət etməsi mümkün deyil; mövcud fərdi yaşayış evləri ilə yanğına qarşı ara məsafələri saxlanılmayıb. Göründüyü kimi cavabdeh öz qanunsuz hərəkətləri ilə qonşularının hüquqlarını pozmuş, subyektuv hüququndan sui-istifadə etmişdir. Hesab edir ki, məhkəmə iş üzrə cavabdeh tərəfdən onun hüquqlarını pozub-pozmamasını, onun öz mülkiyyət hüququndan sui-istifadə edib-etməməsini araşdıraraq müəyyən etməli idi. Çünki məhkəməyə, tərəflər arasında qonşuluq münasibətlərinin olması məlum olmuşdur. Cavabdeh tərəfdən qonşusunun hüquqlarını pozması, eyni zamanda öz mülkiyyət hüququndan sui-istifadə etməsini isə iş materialları, həmçinin toplanmış digər sübutlar təsdiq edir. Müvafiq olaraq onun öz hüquqlarını müdafiə etməsi üçün məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Birinci instansiya məhkəməsi, pəncərə və bakonun sayının, eyni zamanda evdə bir ailə və ya bir neçə ailənin yaşaması ilə iddiaçının hüququnun pozulması arasında səbəbli əlaqə barədə iddiaçının hər hansı bir mötəbər sübut məhkəməyə təqdim etməməsini göstərərək, məsələyə səthi yanaşmış, iddia ərizəsində göstərilən cavabdeh tərəfindən iddiaçının hüquqlarının pozulması barədə göstərdiyi halların olub-olmamasını araşdırmadan, həqiqəti ört-basdır etmişdir. Halbuki, o, iddia ərizəsində də bildirdiyi kimi cavabdeh tərəfdən onun və ailəsinin təhlükəsiz yaşamaq hüquqları pozulmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 31-ci maddəsinə əsasən, hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır. Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin həyatına, fiziki və mənəvi sağlamlığına, mülkiyyətinə, mənzilinə qəsd etmək, ona qarşı zor işlətmək qadağandır. Bu səbəbdən cavabdeh tərəfindən İcra Hakimiyyəti ilə razılaşdırılmayan tikilinin qanunsuz sayılaraq onun hesabına sökülməsi barədə qətnamə çıxarılması onun tərəfdən xahiş edilmişdir. Tərəflər arasında qonşu münasibətləri iş materialları ilə təsdiq edilir. Müvafiq olaraq cavabdehin qanunsuz tikdiyi binanın onun təhlükəsiz yaşamaq hüququnu pozduğuna görə, onun cavabdeh tərəfindən İcra Hakimiyyəti ilə razılaşdırılmayan tikdiyi tikilinin qanunsuz sayılaraq onun hesabına sökülməsi barədə qətnamə çıxarılması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yaranmışdır. İş üzrə mövcud olan faktlar birinci instansiya məhkəməsi tərəfindən qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir, ziddiyyət təşkil edir. Belə ki, məhkəmə, qətnaməsində qeyd edir ki, cavabdeh məlumatlandırma icraatı qaydasında Sabunçu rayon İcra Hakimiyyətinə müraciət edərək təqdim etdiyi layihədə - iki mərtəbə + mansard, hündürlüyü 12 metr yaşayış evinin tikintisini bildirmişdir və Sabunçu rayon İcra Hakimiyyəti xx.xx.2023-cü il tarixli məktubunda təqdim edilmiş layihə razılaşdırılmışdır. Halbuki həqiqət belə deyil. Cavabdeh Sabunçu rayon İcra Hakimiyyətinə müraciət edərkən iki mərtəbə + mansard, hündürlüyü 12 metr yaşayış evinin icazəsini deyil, iki mərtəbəli, hündürlüyü 7 metr yaşayış evinin icazəsini istəmişdir. Bu fakt, məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli ekspert rəyi ilə müəyyən edilməkdədir. Həmin rəydə Cavabdeh sifarişi ilə ünvan 6ndə yerləşən ümumi sahəsi 0,10 ha olan torpaq sahəsinin üzərində hündürlüyü 7,0 m olan iki mərtəbəli fərdi yaşayış evinə dair layihə tərtib edilməsi və həmin layihə Sabunçu Rayon İcra Hakimiyyəti Təsərrüfat Şöbəsinin möhürü ilə Razılaşdırılması barədə məlumatı əks olunmaqdadır (bax qətnamənin 6-cı səhifəsinin son abzasına). Bu isə qeyd olunan maddəyə əsasən məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi deməkdir. Müvafiq olaraq qətnamənin ləğvinə əsasdır. Məhkəmə iş materiallarında olan sübutlara hərtərəfli və tam baxmadan həmin sübutlara tətbiq edilməli hüquq normalarını tətbiq etməmişdir. Belə ki, cavabdeh, qanunsuz inşa etdiyi tikilinin forması barədə müvafiq dövlət orqanlarına müraciət etməmişdir. Məhkəmə isə buna diqqət yetirməmişdir. Cavabdeh mübahisə predmeti olan apartmani fərdi yaşayış evi kimi deyil, məhz sahibkarlıq məqsədi ilə tikmişdir. Bunu təsdiq edən sənəd yuxarıda qeyd olunan ekspert rəyidir. Qeyd edilən ekspert rəyində bu cür tikintilərin tikintisi üçün icazənin İcra Hakimiyətindən deyil, Şəhərsalma və Fövqəladə Hallar Nazirliyindən alınması qeyd edilmişdir. Bu faktı həmçinin xx.xx.2023-cü il tarixdə həmin binadan ilk mənzilin satılması təsdiqləyir. Çünki cavabdehin məlumatlandırma icraatı qaydasında Sabunçu rayon İcra Hakimiyyətinə müraciət edərək tərtib edilmiş layihə əsasında tikinti işinə başlamaq istədiyini bildirməsindən cəmi 28 gün keçmişdir. Sabunçu rayon İcra Hakimiyyəti xx.xx.2023-cü il tarixli məktubunda təqdim edilmiş layihənin razılaşdırıldığını bildirmişdir. Yəni, şəxsin 28 günə fərdi yaşayış evini tikib, sonrada paylara bölüb satması qeyri-mümkündür. Cavabdehin bu tikilini inşa edərkən ilk niyyətinin fərdi yaşayış evi deyil, məhz bina inşa etmək olması özünü biruzə verməkdədir. Hesab edir ki, bu formada, yəni 12 ailə üçün nəzərdə tutulmuş çoxmənzilli binanın tikintisi üçün icazə İcra Hakimiyətindən deyil, Şəhərsalma və Fövqəladə Hallar Nazirliyindən alınmalı idi. Məhkəmə isə, qeyd olunan sübutlara obyektiv, hərtərəfli və tam baxmadan həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmişdir. Göründüyü kimi məhkəmə, qətnaməni maddi və prosessual hüquq normalarını pozmaqla, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi ilə çıxarmışdır. Müvafiq olaraq qeyd olunan maddəyə əsasən göstərilən pozuntular məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Ona görə də Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)- 797/2024, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edərək, iddianın tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsi xahiş olunur. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5984/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmuşdur (hakimlər: Namiq Cəfərov - sədrlik edən və məruzəçi, İkram Şirinov və Elşən Kazımov). Apellyasiya instansiyası məhkəməsi mövqeyini aşağıdakı kimi əsaslandırmışdır: “ ... cavabdeh tərəfindən çoxmənzilli bina inşa edilib. Bina 3 mərtəbədən və zirzəmidən ibarətdir. Hər mərtəbədə 4 mənzil, ümumilikdə 12 mənzil var. Zirzəmi isə avtodayanacaq kimi nəzərdə tutulub. Cavabdeh həmin 12 mənzildən 8-nə dair notariat qaydasında “ilkin alqı-satqı müqavilə”si bağlayıb, 8 mənzilin ümumilikdə 608.338 manata satılması razılaşdırılıb, bu məbləğin 282.000 manatı notariusun depozit hesabı vasitəsilə cavabdehə ödənilib, qalan məbləğin isə notariusun depozit hesabı vasitəsilə hissə-hissə ödənilməsi şərtləşdirilib. Çoxmənzilli bina özbaşına tikinti obyektidir, çünki tikintisinə icazə alınmayıb. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80.2-ci maddəsinə görə, barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. Həmin binanın mərtəbələrinin sayının 3, hündürlüyünün isə 12 metr olması, bu tikintiyə məlumatlandırma icraatının tətbiq edilməsinə əsas vermir. Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsindən görünür ki, yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir. Yəni məlumatlandırma icraatı çoxmənzilli binaya şamil edilmir, odur ki, çoxmənzilli binanın mərtəbələrinin sayının və hündürlüyünün əhəmiyyəti yoxdur, hər bir halda tikinti üçün icazə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsindən görünür ki, lazımi icazələr alınmadan inşa edilmiş tikinti obyekti özbaşına tikinti sayılır. İddiaçı özbaşına tikinti obyektinin sökülməsini tələb edə bilər. Belə ki, Mülki Məcəllənin 180.4-cü maddəsindən görünür ki, lazımi icazələr almadan tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Bu maddənin məqsədi baxımından iddiaçı “maraqlı tərəf” sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin məhkəmələrə göndərdiyi xx.xx.2015-ci il tarixli 8-2/2015 nömrəli məktubda qeyd olunub: “...tikintinin sökülməsi ilə əlaqədar publik səlahiyyətlərin həyata keçirilməsi qaydasında Şəhərsalma və Tikinti Məcəlləsinin məqsədləri üçün dövlətin adından məhkəməyə müraciət etmək hüququ, yalnız Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə məxsusdur. Eyni zamanda, öz əşya hüquqlarının müdafiəsinin və təsərrüfat fəaliyyətinin həyata keçirilməsinin təmin edilməsi ilə bağlı pozulduğunu güman etdiyi hüquqlarının müdafiəsi ilə əlaqədar istənilən fiziki və hüquqi şəxsin tikilinin və qurğunun sökülməsinə dair iddia qaldırması da istisna olunmur”. Göründüyü kimi, Ali Məhkəmə fiziki şəxslərin məhkəməyə müraciət imkanını 2 hüququn müdafiəsi ilə əlaqələndirib: 1) əşya hüququ; 2) təsərrüfat fəaliyyətinin həyata keçirilməsinin təmin edilməsi ilə bağlı hüquq. Lakin həyat yalnız əşyadan və təsərrüfatdan ibarət deyil, insan üçün daha mühüm olan dəyərlər vardır. Fiziki şəxslər həm də təhlükəsiz yaşamaq hüququnun, şəxsi və ailə həyatına hörmət huququnun və digər bu kimi hüquqların müdafiəsi üçün özbaşına tikinti obyektinin sökülməsini tələb edə bilərlər. İddiaçı şəxsi və ailə həyatına hörmət huququnun və təhlükəsiz yaşamaq hüququnun müdafiəsi üçün özbaşına tikinti obyektinin sökülməsini tələb etmək hüququna malikdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın “Şəxsi həyata və ailə həyatına hörmət hüququ” adlı 8-ci maddəsində göstərilib ki, hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. Fərdi yaşayış evinin hasarlanmış, yəni xarici mühitdən ayrılmış həyətyanı torpaq sahəsi şəxsi həyatın yaşandığı yer sayıla bilər, yəni orada ailənin istirahəti təşkil edilə bilər, məişət ehtiyaclarının qarşılanması üçün sahələr yerləşdirilə bilər və s. Odur ki, müvafiq icazələr alınmadan pəncərə və balkonları fərdi yaşayış evinin həyətyanı sahəsinə tərəf baxan çoxmənzilli bina inşa edilməsi, şəxsi və ailə həyatına hörmət hüququnun pozulması sayılır. Xüsusilə o hal nəzərə alınmalıdır ki, çoxmənzilli bina ara məsafəsi pozulmaqla inşa edilib. Belə ki, ekspert rəyinin təsviri hissəsindən görünür ki, cavabdehə aid binanın qonşu ilə sərhəd divarı arasında olan ara məsafəsi ən yaxın hissədə 53 sm, ən uzaq hissədə 122 sm təşkil edir. O cümlədən Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin məktubunda qeyd olunub ki, ara məsafəsi D oxu üzrə 2,20 metr nəzərdə tutulduğu halda 0,50 metr məsafə saxlanılmışdır. Odur ki, nəinki müvafiq icazələr alınmadan, hətta ara məsafəsi belə gözlənilmədən başqasının həyətyanı sahəsi ilə 53 sm məsafədə çoxmənzilli bina inşa edilməsi, binanın mənzillərinin pəncərə və balkonlarının həmin həyətyanı sahəyə tərəf açılması şəxsi və ailə həyatına hörmət hüququ ilə bir araya sığmır. Azərbaycan Respublikası Konstitusiyasının 31-ci maddəsinə görə, hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır. Çoxmənzilli bina iddiaçının və onun ailə üzvlərinin təhlükəsiz yaşamaq hüququnu pozur. Azərbaycan Respublikası FHN X31 Xidmətinin məktubuna görə, çoxmənzilli binada yanğın təhlükəsizliyinə dair norma və tələblər yerinə yetirilməyib. Həmin məktubda həmçinin qeyd olunub ki, yaşayış binasının perimetri boyunca yanğın avtomobillərinin hərəkət etməsi mümkün deyil və mövcud fərdi yaşayış evləri ilə yanğına qarşı ara məsafəsi saxlanılmayıb. Bu isə onu təsdiq edir ki, cavabdehə aid binada yanğın baş verərsə, yanğın iddiaçının evinə, həyətyanı sahəsinə və orada yaşayan şəxslərə təsir edəcək. Təsadüfi deyil ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222-1.1-ci maddəsinə görə, qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanlarının razılığını almadan özbaşına bina və qurğular tikmə, mövcud tikililərin konstruksiyasında dəyişiklik etmə, habelə bu tikililərin funksional təyinatı dəyişdirilməklə, onlarda yenidən planlaşdırma, yenidənqurma işlərini aparma insanların həyat və sağlamlığı üçün real təhlükə yaratdıqda cinayət məsuliyyətinə səbəb olur. Cavabdehə aid çoxmənzilli bina ilə fərdi yaşayış evlərinin arasında yanğına qarşı ara məsafəsinin pozulduğu artıq FHN tərəfindən təsdiq olunub. Bu isə onu təsdiq edir ki, yanğına qarşı ara məsafəsinin təmin edilməsi, habelə binanın perimetri boyunca yanğın avtomobillərinin hərəkətinin təmin edilməsi üçün bina sökülməli və müvafiq məsafə gözlənilməklə yenidən tikilməlidir. Beləliklə, iddiaçı özbaşına tikinti obyektinin sökülməsini tələb etmək hüququna malikdir. O, həmin obyektin tam deyil, yalnız layihədə əksini tapmayan hissələrinin sökülməsini tələb edib. Memarlıq planlaşdırma layihəsi (cild 1, iş v. 103) ilə çoxmənzilli binanın fotosu (cild 1, iş v. 119) tutuşdurulduqda müəyyən olunur ki, sökülməsi tələb olunan hissələr layihədə əksini tapmayıb. Odur ki, tələb təmin olunmalı, həmin hissələr sökülməlidir. İddiaçı 4 ədəd pəncərənin sökülməsini tələb etsə də, həmin pəncərələrdən biri (binanın 2-ci mərtəbəsində, iddiaçının evinə tərəf baxan divarda yerləşən sol tərəfdən 4-cü pəncərə) sökülməsi tələb olunan iki balkondan birində (binanın 2-ci mərtəbəsində, iddiaçının evinə tərəf baxan 1 ədəd balkonda) yerləşir. Həmin balkon sökülərkən pəncərə də söküləcək, bununla da pəncərənin sökülməsi barədə tələb təmin olunmuş sayılacaq. Odur ki, 4 ədəd pəncərənin deyil, 3 ədəd pəncərinin sökülməsi qət olunmalıdır. O cümlədən həmin tikilinin çoxmənzilli binaya çevirilməsinə yönələn hərəkətlərin edilməsi cavabdehə qadağan olunmalıdır, çünki çoxmənzilli binanın tikilməsinə icazə verilməyib. Cavabdehin bağladığı 8 ədəd “ilkin alqı-satqı müqavilə”si həmin müqavilələrin əks tərəfi olan şəxslər üçün çoxmənzilli binaya hər hansı hüquq yaratmayıb. İlkin müqavilə ilə tərəflər bir-birinə pul və ya əşya vermək öhdəliyi müəyyən edə bilməz. İlkin müqavilə ilə gələcəkdə başqa müqavilə - əsas müqavilə bağlamaq öhdəliyi müəyyən edilə bilər (Mülki Məcəllə, maddə 402.1). Pul və əşaya verilməsi əsas müqavilə üzrə öhdəliyə daxildir, əsas müqavilə bağlanmadığına görə pul və ya əşya vermək öhdəliyi yaranmayıb. Odur ki, hazırkı iddianın təmin edilməsi nəticəsində həmin şəxslərin hüquqları pozula bilməz. Bununla yanaşı, məhkəmə ilkin müqavilə üzrə pul ödənişinin mümkün olubolmadığına münasibətdə Mülki Məcəllənin 402-ci maddəsi və “Notariat haqqında” Qanunun 74-cü maddəsinin 4-cü hissəsinin müqayisəli şəkildə şərh edilməsi üçün Konstitusiya Məhkəməsinə müraciət edilməsini qərara almışdır. Belə ki, ilkin müqavilə üzrə pul ödənişi qanunvericiliyə zidd olsa da, bütün notariuslar belə müqavilələri notariat qaydasında təsdiq edir və həmin pul notariusların depozit hesabı vasitəsilə ödənilir. O cümlədən məhkəmə Mülki Prosessual Məcəllənin 254.1.6-cı maddəsinin hazırkı işdə tətbiqini, yəni iş üzrə icraatın dayandırılmasını məqsədə uyğun hesab etmir, çünki şərhi xahiş edilən maddələr hazırkı işdə tətbiq olunmur. Əgər kassasiya instansiyası məhkəməsi hesab edərsə ki, göstərilən maddələr şərh edilənə qədər hazırkı iş baxmaq mümkün deyil, belə halda həmin məhkəmə icraatın dayandırılması barədə qərardad qəbul edə və Konstitusiya Məhkəməsinin qərarı dərc edildikdən sonra kassasiya icraatını yekunlaşdıra bilər.” Kassasiya instansiyası məhkəməsində icraat Cavabdeh (Vəkil4) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh kassasiya şikayətinin ilkin dəlilini Şəhərsalma və Tikinti Məcəlləsinin 95-ci maddəsinə istinad etməklə belə əsaslandırmışdır ki, sözügedən norma ilə müəyyən edilmiş tikinti obyektrlərinin sökülməsi əsaslarından heç biri olmadığı halda apellyasiya instansiyası məhkəməsi iddia tələbini təmin etmişdir. Məhkəmə ilkin alqı-satqı müqaviləsinə dair düzgün hüquqi yanaşma sərgiləməmişdir. Belə ki, Mülki Məcəllənin 402ci maddəsinə əsasən, gələcəkdə bağlanacaq əsas müqavilədən əvvəl ilkin müqavilə ilə alqı-satqı edilməsi mümkündür. İşə baxan apellyasiya instansiyası məhkəməsi iddiaçının təhlükəsiz yaşamaq hüququnun pozulduğu qənaətinə gəlsə də, Mülki Məcəllənin 171.1-ci maddəsinin tələbini nəzərə almamışdır. Həmin normaya görə, torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs, X23, X22, X18 və X17 (hamısının vəkili Vəkil6), X14 (Vəkil7) hər biri ayrı-ayrılıqda kassasiya şikayətləri verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Müstəqil tələb irəli sürməyən bütün üçüncü şəxslərin kassasiya şikayətinin dəlilləri cavabdehin şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(102)-1138/2025 saylı qərarı ilə cavabdeh X4, iş üzrə cavabdeh tərəfdən müstəqli tələb irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs Ələndər oğlu, X23, X24, X17, X18 və X13 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5984/2024 nömrəli mülki iş üzrə 22 noyabr 2024-cü il tarixli qətnaməsi ləğv edilərək, iş yeni apellyasiya baxışına qaytarılmışdır. İşi yeni apellyasiya baxışına qaytararkən kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işin müəyyən edilmiş hallarına əsasən apellyasiya məhkəməsi hesab etmişdir ki, cavabdeh mülkiyyətində olan 0,10 ha torpaq sahəsində fərdi yaşayış evinin inşası üçün məlumatlandırma icraatı qaydasında müvafiq icra hakimyyəti orqanının razılığını alsa da, 3 mərtəbədən və zirzəmidən ibarət, hər mərtəbədə 4 mənzil, ümumilikdə 12 ədəd təcrid olunmuş mənzil olan, zirzəmisində isə avtodayanacaq təşkil edilən ev çoxmənzilli yaşayış binasıdır, bu baxımdan həmin bina Mülki Məcəllənin 180.1-ci maddəsinə əsasən tikintisinə icazə alınmamış özbaşına tikili sayılmalıdır. Habelə bina ilə qonşu olan iddiaçının həyətyanı sahəsi sərhəd divarı arasında 2,2 metr ara məsafəsi saxlamadan inşa olunması da onun özbaşına tikili olmasına əsas verir. Mülki Məcəllənin 180.4-cü maddəsinə görə lazımi icazələr almadan tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Nəinki müvafiq icazələr alınmadan, hətta ara məsafəsi belə gözlənilmədən başqasının həyətyanı sahəsi ilə 53 sm məsafədə çoxmənzilli bina inşa edilməsi, binanın mənzillərinin pəncərə və balkonlarının həmin həyətyanı sahəyə tərəf açılması qonşunun şəxsi və ailə həyatına hörmət hüququ ilə bir araya sığmır. Cavabdeh tərəfindən inşa olunmuş yaşayış binasının perimetri boyunca yanğınsöndürən avtomobillərinin hərəkət etməsinin mümkün olmaması və mövcud fərdi yaşayış evləri ilə yanğına qarşı ara məsafəsi saxlanılmaması isə onu təsdiq edir ki, cavabdehə aid binada yanğın baş verərsə, yanğın iddiaçının evinə, həyətyanı sahəsinə keçəcək və orada yaşayan şəxslərə təsir edəcək, onların təhlükəsiz yaşamaq hüququnun pozulması ilə nəticələnəcəkdir. Göstərilən hallar əsas vermişdir ki, iddiaçı Azərbaycan Respublikası Konstitusiyası və beynəlxalq hüquq normları ilə təminat altına alınmış şəxsi və ailə həyatına hörmət huququnun və təhlükəsiz yaşamaq hüququnun müdafiəsi üçün özbaşına tikinti obyektinin sökülməsini tələb etmək hüququna malikdir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh Hökümalı qızı tərəfindən yaşayış binasının inşası zamanı qonşusu-İddiaçı həyətyanı torpaq sahəsi ilə olan sərhəd hasarı üzrə ara məsafəsinini saxlanılmaması, onun həyətyanı torpaq sahəsinə açılan balkon və pəncərələrin tikilməsi, binanın perimetri boyunca yanğınsöndürən avtomaşınların hərəkəti üçün yol saxlanılmadığına görə yanğından mühafizə qaydalarını pozması hallarına yol verməsi iddiaçının öz torpaq sahəsindən və həmin sahədə yerləşən tikililərdən istifadəsinə əhəmiyyətli dərəcədə maneəçilik törətməsi ilə bağlı iddiaçı tərəfindən hər hansı sübut təqdim olunmamışdır. İşin müəyyən edilmiş hallarına əsasən cavabdeh tərəfindən mülkiyyət hüququ əsasında ona məxsus olan torpaq sahəsində məlumatlandırma icraatı çərçivəsində tikinti işləri aparılarkən tikinti normalarını və qaydalarını pozması, yəni fərdi yaşayış evi əvəzinə çoxmənzilli yaşayış binası tikməsi, iddiaçının həyətyanı sahəsi ilə qanunla müəyyən edilmiş ara məsafəsini saxlamaması, iddiaçının həyətyanı sahəsinə baxan balkon və pəncərələrin açılması mübahisəsiz olsa da, bu halların iddiaçının şəxsi və ailə həyatına hörmət hüququnu pozulması ilə nəticələnə biləcəyi barədə apellyasiya məhkəməsinin qənaəti ehtmallara əsaslanmışdır, iddiaçının bu barədə konkret sübutlar təqdim edə bilməməsini məhkəmə nəzərə almamış, cavabdehin hansı həpəkət və hərəkətsiziyinin iddiaçının maraqlarına toxunması, şəxsi və ailə həyatına hörmətsizliyə yönəlməsi müəyyən olunmamışdır. Cavabdeh tərəfindən inşa olunmuş yaşayış binasının perimetri boyunca yanğınsöndürən avtomobillərinin hərəkət etməsinin mümkün olmaması və mövcud fərdi yaşayış evləri ilə yanğına qarşı ara məsafəsi saxlanılmamasına gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, bu hal cavabdehə məxsus binada yanğın təhlükəsizliyinə riayət olunmaması ilə əlaqədar məsələdir, həmin məsələnin həll olunmaması bilavasitə iddiaçının deyil, daha çox cavabdehə məxsus binada yaşayan şəxslərin və cəmiyyətin maraqlarına toxunmaqla aradan qaldırılması vəzifəsi müvafiq icra hakimiyyəti orqanlarının üzərinə düşür. Həmin halın mövcudluğu iddiaçının təhlükəsiz yaşamaq hüququnun pozulması ilə nəticələnə bilməsinə dair apellyasiya məhkəməsinin qənaətinə gəldikdə isə bu qənaət də konkret sübutlara deyil, mülahizələrə, ehtimallara əsaslanmışdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddianı qismən təmin edən apellyasiya məhkəməsi işə tam və orbyektiv baxmamış, təkcə iddiaçının deyil, cavabdehin də tikinti apardığı torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını, həmin hüququn müdafiəsinə də dövlət tərəfindən təminat verildiyini diqqətdən qaçırmışdır. İş materiallarına görə cavabdehin torpaq sahəsinə dair hüquqdan sui-istifadə etməsi, iddiaçının tələblərinə əsasən cavabdehin torpaq sahəsi üzərində mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsasların olması müəyyən edilməmişdir. Cavabdehin özünə məxsus olan torpaq sahəsində özbaşına tikili inşa etdirməsi iddiaçı olan qonşu torpaq sahəsinin mülkiyyətçisi olan iddiaçının öz sahəsindən istifadə etməkdə maneçiliyi olmalı, bu maneəçilik onun hüquqlarını pozmalıdır ki, o, maraqlı tərəf kimi özbaşına tikilinin sökülməsi barədə məhkəməyə müraciət etmək hüququna malik olsun. İş materiallarına görə İddiaçı mülkiyyətində olan torpaq sahəsi və orada yerləşən tikililər barəsində öz mülahizəsi ilə sahiblik və istifadə etməkdə daxil olmaqla istənilən hərəkətləri etməsinə maneəçiliyin olması müəyyən olunmamışdır. İş üzrə tərəflərin verdikləri izahatlardan görünür ki, iddiaçının mülkiyyətində olan 0,06 ha torpaq sahəsi və həmin sahədə yerləşən ümumi sahəsi 136,8 kv metr olan yaşayış evi onun və qardaşı Elnur Əsgərov ümumi mülkiyyəti kimi 25 sentyabr 2019-cu ildə dövlət qeydiyyatına alınmışdır. Həmin əmlak bundan əvvəl ataları Lətif Əsgərovun mülkiyyətində olmuşdur. Cavabdeh isə mülkiyyətində olan 0,10 ha torpaq sahəsini Mübariz adlı şəxsdən satın almış, torpaq sahəsində hazırkı mübahisənin predmeti olan binanın əsasını təşkil edən tikilinin 2 mərtəbəsi mövcud olmuş, həmin 2 mərtəbə Lətif Əsgərovun razılığı ilə əvvəlki mülkiyyətçi Mübahiz adlı şəxs tərəfindən inşa olunmuş, tikilinin 2-ci mərtəbəsində Lətif Əsgərovun həyətyanı sahəsinə baxan 3 ədəd pəncərə mövcud olmuşdur. Həm iddiaçı, həm də cavabdeh göstərilən əmlakları mövcüd vəziyyətdə qəbul etmiş, mövcud vəziyyətlə razılaşmışlar. Apellyasiya məhkəməsi bu məsələ üzrə araşdırma aparmamış, bu məsələ ilə bağlı tərəflərin izahatlarına qiymət verməmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs, X23, X22, X18 və X17 (hamısının vəkili Vəkil6), X5 (Vəkil7) ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri ilə bağlı məhkəmə kollegiyası hesab edir ki, həmin şəxslərin ilkin alqı-satqı müqavilələrinə əsasən cavabdeh tərəfndən inşa edilmiş binadan aldıqları sahəyə hər hansı hüququn yaranmaması, ona görə də hazırkı iddianın təmin edilməsi nəticəsində həmin şəxslərin hüquqları pozulmamasısna dair məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi bu məsələnin həlli zamanı da səhvə yol vermiş, nəzərə almamışdır ki, cavabdehlə bağlanmış ilkin alqı-satqı müqavilələrinə əsasən göstərilən şəxslərə müəyyən sahələr verilmiş, həmin sahələr, o cümlədən balkonlar və pəncərələr onların faktiki sahibliyində və istifadəsindədir. Belə olan halda onların ən azından həmin binaya faktiki sahibliyi vardır. Həmçinin qeyd olunmalıdır ki, bu məsələ üzrə Mülki Məcəllənin 402-ci maddəsi və “Notariat haqqında” Qanunun 74-cü maddəsinin 4-cü hissəsinin müqayisəli şəkildə şərh edilməsi üçün apellyasiya instansiyası məhkəməsi tərəfindən Konstitusiya Məhkəməsinə müraciət olunmuş, Konstitusiya Məhkəməsinin 02 aprel 2025-ci il tarixli Qərardadı ilə müraciətin icraata qəbul olunmasından imtina etmişdir. İşin yuxarıda qeyd olunan faktiki hallarını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticəsi qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi (vəkili) Vəkil5 apellyasiya şikayətini müdafiə edib izahatında göstərmişdir ki, iddiaçı və cavabdeh bitişik divar qonşusu olmaqla hər ikisinin mülkiyyətinə dair sənədləri var. İddiaçı cavabdehdən əvvəl olaraq atasından miras qalmış əmlakda tikili mövcud olmuşdur. İddiaçı uzun müddət orda yaşamışdır, sonra işləri ilə əlaqədar qısa müddət orda yaşaya bilməmişdir. Cavabdeh isə başqa şəxsdən mülkiyyəti almış və məlumatlandırma icraatından kənar olaraq qanunsuz şəkildə tikili həyata keçirmişdir. İş materiallarına əlavə olunmuş alqı-satqı müqavilələrindən görünür ki, burda məqsəd şəxsi ehtiyaclar üçün yox, sahibkarlıq məqsədi ilə tikili həyata keçirilmişdir. Qanunvericiliyin tələblərindən sui-istifadə olunaraq hasnı ki, 12 metr məsafə saxlamaq tələbi qorunmaqla, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəyləri alınmadan formal görüntülü fərdi yaşayış evi tikilərək çoxmənzilli yaşayış binasına çevrilmişdir. Həmin mənzillərin isə pəncərədən işıq ehtiyacını qarşılamaq üçün iddiaçıya məxsus həyatə baxan və qanunvericiliyin tələblərinə uyğun olmayan pəncərələr və balkonlar artırılmışdır. Bu gün fərdi yaşayış evinin məqsədi ondan ibarətdir ki, insanlar daha rahat yaşasınlar, istirahət etsinlər. İddiaçıya məxsus fərdi yaşayış evi artıq üçüncü şəxslərin nəzarətində olan bir evə çevirilmişdir. Burda xüsusi mülkiyyətdən söhbət gedə bilməz. Bu gün iddiaçının fərdi yaşayış evi 6-7 nəfərin nəzarətindədir. Həmin tikili qanunvericiliyin tələblərinə zidd inşa edildiyi üçün ordakı mənzillərə dair çıxarışın alınması qeyri-mümkündür. Məlumatlandırma icraatı ilə əlaqəli icra hakimiyyətinə müraciət ediləndən 1-2 gün sonra alqı-satqılar həyata keçirilmişdir. Artıq həmin tikilinin müxtəlif yollarla – rəsmi və ya qeyri-rəsmi sövdələşmələr aparılmaqla inşasına göz yumulmuşdur. Məlumatlandırma icraatı müvafiq yerli icra hakimiyyəti qurumuna daxil olduqdan 1 gün sonra tikilib, hansı ki, bu tikili bir günə inşa edilə bilməzdi, bu gün e-tikinti.gov saytına daxil olduqda görünür ki, müvafiq icra hakimiyyəti orqanına müraciət olunmalı idi, 10 gün ərzində ya imtina verilməli idi, ya da müsbət cavab alınmalı idi. Müsbət cavab alındıqda isə bundan sonra tikilməli və tikili 5-6 aya başa gəlməli idi. Məlumatlandırma icraatı müvafiq yerli icra hakimiyyəti qurumuna daxil olduqdan sonrakı xronoloji ardıcıllıqdan görünür ki, dərhal ilkin alqı-satqı müqavilələri həyata keçirilib. Bu gün onlar iddiaçı olaraq cavabdehin də mülkiyyət hüququna hörmətlə yanaşırlar. Onlar binanın sökülməsini deyil, layihədən kənar olaraq inşa edilən tikililərin sökülməsini tələb edirlər. Bu gün müvafiq icra hkimiyyəti orqanı və Fövqəladə Hallar Nazirliyi hansısa qanunsuz tikiliyə göz yumursa bu o demək deyildir ki, belə də davam etməlidir. Bu gün qarşı tərəf məhkəmə hərəkətləri ilə qanunsuz tikilini formallaşdırmağa çalışırlar. Ali Məhkəmənin Qərarında müəyyən göstərişlər var ki, sübutlar göstərilsin. Sübut ekspert rəyi, Fövqəladə Hallar Nazirliyinin rəyi və layihədən kənar tikilidir. Onlar ancaq layihədən kənar inşa edilmiş tikilinin sökülməsini istəyirlər. Əgər ordakı mənzillər sökülərsə ümumi tikiliyə ziyan dəyməyəcəkdir. Çünki tikili puzzle formasında tikilmişdir. Təqdim olunan şəkillərdən də görünür ki, bunlar ana sütunun birləşmələri deyil, sonradan olan artırmalardır. Ali Məhkəmənin Qərarında göstərilənlərlə bağlı qeyd etmək istəyir ki, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin xx.xx.2023-cü il tarixli məktubunda göstərilir ki, Cavabdeh Hökümalı qızı tərəfindən tikilmiş tikintinin layihədən kənar aparılması müəyyən olunur. Qeyd edilənlərlə bağlı müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti üzrə Sabunçu rayon İcra Hakimiyyətinə məktub ünvanlanmışdır. Dövlət tərəfindən bir orqandan digərinə məktub göndərilir ancaq tədbir görülmürsə vətəndaş məcburdur ki, özü müraciət etsin. Burda subyektiv hüquq artıq yaranmış olur. Dövlət orqanlarının hərəkətsizliyi nəticəsində iddiaçının hüquqları pozulur. Fövqəladə Hallar Nazirliyinin X32 Xidmətinin 4-cü Yanğından Mühafizə İdarəsinin başqa bir məktubunda göstərilir ki, baxış zamanı yanğın təhlükəsizliyinə dair norma və tələblərin yerinə yetirilmədiyi faktı öz əksini tapmışdır. Ali Məhkəmənin Qərarından belə çıxır ki, cavabdehlər yanırsa yansın iddiaçı yanmırsa iddiaçını nə narahat edir. Bir gün qanunsuz şəkildə tikilmiş binada yanğın baş verərsə eyni şəkildə iddiaçı üçün də təhlükə yaradır. Burda daha hansı sübut olmalıdır. Məktubda açıq şəkildə göstərilir ki, yanğın təhlükəsizliyi qaydaları pozulmuşdur. Mütləq yanğın baş verib ölüm olmalıdır. Yaxud iddiaçı öz həyətində rahat şəkildə hərəkət edəndə binada yaşayanlarla mübahisə olmalıdır. Dava düşüb bıçaqlanma olmalıdır. Layihədən kənar əlavə olaraq iki ədəd balkon və dörd ədəd pəncərənin sökülməsini istəyirlər. Əvvəlki mülkiyyətçinin ancaq iki pəncərəsi olmuş, nə bu qədər pəncərə və balkonu olmamış, nə də üçüncü mərtəbə olmamışdır. İddia ərizəsinə verilən dəqiqləşmədə onlar layihədən kənar tikintilərin sökülməsini tələb edirlər. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edib izahatında göstərmişdir ki, 2020-ci ilin may ayında pandemiya dövründə Seymur adlı bir maklerlə etdiyi şəkilləri məhkəməyə təqdim edir. 2020-ci ilin noyabr ayına qədər divar qonşusu yarımçıq tikilinin sahibi Mübariz idi. O, 2016-cı ildə vəfat etmişdir. 2022-ci ilin noyabr ayında Cavabdeh Hökümalı qızı (əslində tikintini inşa edən onun qardaşı X11r) Mübarizin yoldaşı və oğullarından yarımçıq tikilini almışdır. Şəkillərdən görürnür ki, tikili zirzəmi və iki mərtəbədən ibarətdir, pəncərələr də onun həyətinə baxır. Rəhmətlik atası ilə onlar pəncərələrə ona görə göz yummuşlar ki, pilləkən boşluğudur və tünd şüşələr olacaqdır. Ona görə də, dözümlülük nümayiş etdirmişlər. Halbuki, onların şərti olaraq qəbul etdikləri layihədə belə onların həyətinə baxan 5 pəncərə olmuş, qonşuluq prinsipini nəzərə alaraq bu 5 pəncərəyə dözümlülük nümayiş etdirirlər. 24 yanvar 2023-cü ildə Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev rayon təsərrüfat şöbəsinin müdirinin təkidi ilə bu fərdi yaşayış evini razılaşdırmılar. Layihəsi də vardır. 7 metr hündürlüyündə səliqəli bir layihədir. Hansı ki, 300 manat verməklə bu eskiz layihəsini əldə etmək olar. Sabunçu rayon İcra Hakimiyyətini aldadaraq 300 manatlıq layihəni verib, 3 metr hündürlüyündə olan zirzəmini belə layihəyə daxil etməyiblər. 24 yanvar 2023-cü ildə layihə təqdim edildikdən 28 gün sonra ilkin alqı-satqı müqaviləsi bağlanılıb. Əgər bir cavabdehin başdan niyyəti fərdi yaşayış evi tikmək idisə necə olur ki, 28 gün sonra ilk evi satır. Sənədlərdən görünür ki, iki apartma fərdi yaşayış evi adı ilə yanaşı tikilib. Bunların heç birinin də sənədi yoxdur. Sabunçu Rayon Məhkəməsinin qətnaməsində deyir ki, cavabdehin ən başdan niyyəti çoxmənzilli bina tikmək olsaydı Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və Fövqəladə Hallar Nazirliyinə müraciət etməli idi. Onlar rəylərlə sübut edirlər ki, bina çoxmənzilli binadir və başdan da niyyət çoxmənzilli binanı tikmək olub. Qarşı tərəfin vəkili deyir ki, ilk dəfə rəhmətlik Mübariz oranı tikib. Onlar ilk dəfə tikili divara çox sıx tikiləndə və sonradan həyətə baxan 5 pəncərənin mövcudluğuna göz yuduqlarından onlar bütün binanın sökülməsi tələbini qoymamışlar. Məqsədləri layihəyə salınması, onların həyətinin qaydaya salınmasıdır. Orada ikinci və üçüncü mərtəbələrdə iki yanyana pəncərə var, onları birtəhər əlavə tikintilər aparmaqla bağlaya bilərlər. Amma 12 pəncərəni bağlamaq mümkün deyil, praktiki cəhətdən çox çətindir. Həmçinin, layihədə nəzərdə tutulmayan 3 metrə yaxın zirzəmi hissə var. Onların zirzəmisi belə onun hasarından 20 santimetr hündürdədir. Bundan başqa plastik balkonlar qoyulmuşdur. Məhkəmə Ekspertiza Mərkəzi rəy verib ki, 12 metr hündürlüyü keçməməkdən ötrü dam hissəsi qoyulmamışdır. Rəydə yazılır ki, üçüncü mərtəbə sərbəst mərətəbədir və birinci və ikinci mərtəbələrlə eynilik təşkil edir. Mansar üçün tələb odur ki, 50 santimetr daş tikili olmalıdır və ondan sonra da yüngül konstruksiya olmalıdır. Ali Məhkəmə bildirir ki, şəxsi həyata müdaxilə və təhlükəsiz yaşamaq hüququnun pozulması ilə bağlı sübutları əksik görür. Fövqəladə Hallar Nazirliyinin 4 saylı Yanğına Nəzarət Xidmətinin rəyi var ki, yaşayış evləri arasında yanğın təhlükəsizliyi əleyhinə ara məsafə gözlənilməyib. Ali Məhkəmənin Qərarında göstərilir ki, şəxsi həyata nə kimi müdaxilə var. Mütləq hansısa atışma, ölüm hadisəsi olmalıdır ki, onlar videolentə alıb məhkəməyə təqdim etsinlər. Qeyd olunur ki, yanğın təhlükəsizliyinə dair məsuliyyət daha çox orda yaşayan vətəndaşların və dövlət orqanlarının üzərinə düşür. O, xx.xx.2024-cü ildə Fövqəladə Hallar Nazirliyinin X32 Xidmətindən 8 maddədən ibarət kənarlaşma almışdır. Hansı ki, ilk 6 maddənin tələbi tamamilə pozulmuşdur. Cavabdehin orda bir qanuni işi var ki, o da torpaq üzərində mülkiyyət hüququnun olmasıdır. Qeyd olunur ki, tikili iddiaçının torpaq üzərində mülkiyyət hüququnu məhdudlaşdırmır. Halbuki, onlar məhdudlaşdıran yüzlərlə faktı orataya qoymuşlar. Dövlətin ekspertiza mərkəzi rəyində qeyd edir ki, tikili qanunsuzdur. Tikili həyət evi standartındadır, hündürlüyü 12 metrdir, ara sütünları 6 metrdir. O, özünün balaca evində 3-5 gün qalır, daimi yaşamır. Haradan biləydi ki, orda 12 mənzil tikilib. Binanın üçüncü mərtəbəsi qaldırılanda o, biləbilməzdi ki, içində nə iş görülür. 2020-ci ildə pandemiya düşəndə o, mənzilini satmaq istəmiş, çəkilən videoçəkilişlər onun telefonu ilə çəkilib. Məhkəmə kollegiyasının iclasında Cavabdeh Hökümalı qızının nümayəndəsi (vəkili) Vəkil4 izahatında göstərmişdir ki, hüquqlarını müdafiə etdiyi Cavabdeh mülkiyyətində 10 sot torpaq sahəsi olmaqla mübahisəli yeri iki mərtəbədən ibarət yarımçıq tikili şəklində almışdır. Sonradan yarımçıq tikilini başa çatdırmaq üçün məlumatlandırma icraatı qaydasında Sabunçu rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Sabunçu rayon İcra Hakimiyyəti Başçısının 24 yanvar 2023-cü il tarixli məktubunda da göstərilir ki, tikintinin layihə əsasında tikilməsinə etiraz etmirlər, yəni razılıq verirlər. Layihədən görünür ki, qonşu tərəfə dörd pəncərə açılır. Burda sual olunur ki, qonşunun həyətinə dörd pəncərə baxması ya altı-səkkiz pəncərə baxması nəyi dəyişir? İddiaçının hüquqları pozulursa dörd pəncərə də onun hüquqlarını pozur. Deyir ki, dörd pəncərəyə dözürəm, altı pəncərəyə dözmürəm. Bundan başqa yarımçıq tikili qaldıralanda tikintinin dayandırılması ilə bağlı iddia qaldırıla bilərdi, daha tikinti başa çatdıqdan sonra sökülməsi ilə bağlı niyə iddia qaldırılır. İddiaçının təqdim etdiyi şəkillərdən də görünür ki, oranı satmaq istəyib. İnternetə də fərdi yaşayış evinin şəkillərini yerləşdirib. Əvvəl fərdi yaşayış evini müəyyən bir qiymətə qoymuşdu. Sonradan qonşunun torpaq sahəsini almaq iddiasında olduğundan oranın qiymətini çox yüksək – 250.000 manata qoymuşdu. Tərəflər razılığa gələ bilmədiyindən iddiaçı məhkəmədə iddia qaldırmaqla öz münasibətini bildirib. Ümumiyyətlə münasibətlər belə olub ki, onların təklif etdiyi qiymətə – 250.000 manata almağa razı olmayıblar. İddiaçı öz həyətini əvvəl ucuz qiymətə satışa qoymuşdu. Sonra biləndə ki, cavabdeh oranı almaq istəyir, çünki gələcəkdə də cavabdehin hazırki tikili kimi başqa bir tikili inşa etmək niyyəti ola bilər iddiaçı qiyməti çox yüksəyə qoyub, beləcə də aralarında mübahisə yaranıb. Ona görə də, deyir ki, təqdim etdiyi şəkilləri maklerdən tapmasını deyir. Yanğından mühafizə qaydalarının pozulması məsələsinə gəldikdə isə iddiaçı ilə cavabdehin evinə girişlər başqa-başqa küçələrdəndir. İddiaçı hesab edir ki, yanğınsöndürən maşın düz onun həyətinə girməlidir. Yanğından mühafizə qaydaları ilə bağlı onların aldıqları sənədin işə heç bir aidiyyəti yoxdur. Analoji işlərlə bağlı şəxslərin mülkiyyət hüququnu paylı mülkiyyət kimi təsdiq edən Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin verdiyi çıxarışlar vardır. Həmçinin qarşı tərəf ekspert rəylərindən birinə istinad etdi, lakin X2 ekspert rəyinə istinad etmədi. Rəydə göstərilir ki, məlumatlandırma icraatı qaydasının tələbləri hasarla olan məsafə hissəsində pozulub. Ancaq ümumi olaraq 80.1-ci maddənin tələblərindən kənarda deyildir. Cavabdehin inşa elədiyi tikintinin hündürlüyü məlumatlandırma icraatı qaydasının ümumi tələblərindən kənara çıxmamışdır. Qarşı tərəf tikintinin 3-cü mərtəbəsindən açılan pəncərələri mübahisələndirsə də hesab edir ki, bununla bağlı Ali Məhkəmənin mövqeyi düzgündür. Həmçinin binanın əvvəlki vəziyyətinə gətirilməsi orda yaşayanların da hüquqlarının pozulması deməkdir. Bu gün faktiki olaraq orda 8 ailə yaşayır. Ümumi olaraq hər mərtəbədə 4 mənzil var. Sakinlər mənzilləri təmir edib yaşayırlar. Mənzillərdə qaz, su, işıq var. Mənzillərə dair çıxarışın alınması üçün müraciətlər olunub ancaq qarşı tərəfin şikayəti əsasında proses dayanıb. Məlumatlandırma icraatı qaydasında tikilən evlərə hansısa sahibkarlıq fəaliyyəti ilə məşğul olması şamil edilmir. Məhkəmə kollegiyasının iclasında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs nümayəndəsi (vəkili) Vəkil6 izahatında göstərmişdir ki, üçüncü mərtəbədəki 11-ci mənzil Maraqlı şəxs məxsusdur. İlkin alqı-satqı müqaviləsi bağlanaraq vətəndaş həmin mənzilə köçürülmüş, Maraqlı şəxs həmin evi təmir edib, əşyalarla mənzili təmin edib. Ona görə də, onlar üçüncü şəxsin maraqlarının qorunması baxımından birinci insansiya məhkəməmsinin qətnaməsini əsaslı hesab edirlər. Məhkəmə kollegiyasının iclasında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs izahatında göstərmişdir ki, o, 2023-cü ilin yanvarında aldığı mənzilini təmir etdirmiş və mənzildə tək yaşayır. Ailə həyatı qurmaq istəsə də, məhkəmənin hazırkı iş üzrə qərarını gözləyir. Məhkəmə kollegiyasının iclasında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X17 izahatında göstərmişdir ki, o, mənzili 2023-cü ilin iyun ayında almış, aldığı mənzil üçüncü mərtəbədə yerləşir, mənzili tam təmir olunub. İki otaqlı mənzildə oğlu, gəlini, nəvəsi ilə birlikdə yaşayır. Tikintinin sökülməsi ilə bağlı iddiaçının mövqeyi ilə razı deyildir. Məhkəmə kollegiyasının iclasında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X18 izahatında göstərmişdir ki, onlar 2023-cü ildə 3-cü mərtəbədə mənzili aldıqdan sonra mənzilə köçmüş, artıq iki ildir ki, mənzili təmir etdirib orada dörd nəfər ailə tərkibi özü, yoldaşı, qızı, oğlu ilə birlikdə yaşayırlar. Tikilinin sökülməsi tələbi ilə razılamır. Belə ki, mənzillərini satıb, götürdükləri kreditə mənzili almış, hazırda da kredit üzrə ödənişlər aparırlar. Tikilinin sökülməsi onlara həm maddi, həm də mənəvi zərbədir. Məhkəmə kollegiyasının iclasında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X24 izahatında göstərmişdir ki, o, 2023-cü ildə mübahisəli binanın üçüncü mərtəbəsində 6-cı mənzilini ilkin alqı-satqı müqaviləsi bağlamaqla əldə etmişdir. İddiaçının nəzərdə tutduğu sökülməsi ilə bağlı iddia qaldırdığı eyvanlardan biri də onun mənzilinə düşür. Onun mənzilinin eyvanı söküldüyü halda yanğınsöndürən maşınlar həyatə rahat daxil ola biləcəklərmi. Şübhəsiz ki, yox. Mənzildə o, 8 aydır ki, yoldaşı və anası ilə birlikdə yaşayır. 40.000 manata yaxın mənzilə xərci çıxıb. O, çəkilən xərci gələcəkdə geri alsa belə mənzili aldığı zamanla indiki mənzillərin alış qiyməti çox fərqlidir. Alacağı kompensasiya çəkilən xərcə uyğun gəlməyəcəkdir. Mənzildə qaz, su, işıq sayğacları şəxsən onun adınadır. Onun iddiaçı ilə problemi yoxdur. Onların iddiaçının həyətinə baxan bütün pəncərələrinə xüsusi konstruktursiyalar quraşdırılıb. İddiaçının həyətinə baxmaq mümkün deyildir. Məhkəmə prosesi yekunlaşdıqdan sonra da o, həmin konstruktursiyaları sökmək istəmir, çünki onun evinədə baxa bilərlər. Heç kim boş-bekar deyil ki, dayanıb iddiaçının həyətinə baxsın. Buna qalsa onun mənzilindən uzaqda olan başqa bir mənzilin də həyəti görünür. Məhkəmə kollegiyasının iclasında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X16 izahatında göstərmişdir ki, onun ailəsi, həyat yoldaşı və iki uşağı ilə yaşadığı, 2023-cü ildə 72.000 manata aldığı mənzili binanın ikinci mərtəbədə yerləşir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X3, X12, X23, X13, Sabunçu rayon İcra Hakimiyyətinin, Bakı şəhəri İcra Hakimiyyətinin, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslərin (nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13.Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25.Bərabərlik hüququ İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 33. Mənzil toxunulmazlığı hüququ İ. Hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Maddə 43. Mənzil hüququ İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 71.İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Maddə 125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi İ. Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər. İİİ. Məhkəmə hakimiyyəti Konstitusiya, mülki və cinayət məhkəmə icraatı vasitəsilə və qanunla nəzərdə tutulmuş digər vasitələr ilə həyata keçirilir. Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Maddə 127. Hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri İ. Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. İİ. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Maddə 129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi Maddə 80.1. Mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. Maddə 80.2. Barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. Maddə 80.5. Barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun tikilməsinə nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Maddə 92.1. Bu Məcəllənin 92.4-cü maddəsində nəzərdə tutulmuş pozuntular istisna olmaqla, müvafiq icra hakimiyyəti orqanı tikinti işlərində (reklam qurğularının tikintisi istisna olmaqla) aşağıdakı pozuntu hallarını aşkar etdikdə hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib edir və tikinti işlərini dayandırmadan onların aradan qaldırılması barədə sifarişçiyə (podratçıya) icrası məcburi olan yazılı göstəriş təqdim edir: 92.1.1. tikinti işlərinin tikintiyə icazəyə, məlumatlandırma icraatının tətbiq olunduğu hallarda isə layihənin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun aparılmadığı müəyyən edildikdə; 92.1.2. tikinti obyektinin, habelə bitişik və ya qonşu obyektlərin təhlükəsizliyinə və etibarlılığına təhlükə yaradan qüsurlar müəyyən edildikdə və həmin qüsurları digər tikinti işlərini dayandırmadan aradan qaldırmaq mümkün olduqda; Maddə 92.2. Bu Məcəllənin 92.1-ci maddəsində nəzərdə tutulmuş yazılı göstərişdə hər bir pozuntu ayrıca təsvir olunur və həmin pozuntunun sifarişçi (podratçı) tərəfindən aradan qaldırılması üçün ağlabatan müddət müəyyən edilir. Maddə 92.3. Sifarişçi (podratçı) bu Məcəllənin 92.2-ci maddəsinə əsasən ona təqdim edilmiş yazılı göstərişə uyğun olaraq pozuntuların aradan qaldırıldığı barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verdiyi, belə məlumatın verilmədiyi hallarda isə, həmin yazılı göstərişdə pozuntuların aradan qaldırılması üçün müəyyən edilmiş müddətin başa çatdığı gündən ən geci 3 iş günü ərzində müvafiq icra hakimiyyəti orqanı pozuntuların aradan qaldırılıb-qaldırılmadığını yoxlayır. Yoxlama nəticəsində pozuntuların aradan qaldırılmadığı və ya tam aradan qaldırılmadığı müəyyən edildikdə, müvafiq icra hakimiyyəti orqanı sifarişçiyə (podratçıya) icrası yoxlanılmış yazılı göstərişin icra olunmayan hissəsində yenidən yazılı göstəriş təqdim edir. Maddə 92.4. Tikintiyə dövlət nəzarəti çərçivəsində aşağıdakı pozuntuların müəyyən edildiyi hallarda müvafiq icra hakimiyyəti orqanı hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib edir və onun əsasında tikinti işlərinin (reklam qurğularının tikintisi istisna olmaqla) dayandırılması barədə qərar qəbul edir: 92.4.1. tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyekti belə icazə alınmadan, habelə xüsusi nişanın tikinti işlərinin başlanması üçün əsas olduğu hallarda belə nişan alınmadan, barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyekti isə tikinti işlərinin başlanması üçün bu Məcəllənin 80.4-cü maddəsində müəyyən olunmuş əsas olmadan tikildikdə; 92.4.2. tikinti obyektinin, habelə bitişik və ya qonşu obyektlərin təhlükəsizliyinə və etibarlılığına təhlükə yaradan qüsurlar müəyyən edildikdə və həmin qüsurları digər tikinti işlərini dayandırmadan aradan qaldırmaq mümkün olmadıqda; 92.4.3. bu Məcəllənin 92.1.1-ci maddəsində müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntular ən geci 4 ay müddətində aradan qaldırılmadıqda; 92.4.4. bu Məcəllənin 92.1.2-ci maddəsində müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntular ən geci 6 ay müddətində aradan qaldırılmadıqda; 92.4.5. bu Məcəllənin 92.1.3-cü və 92.1.4-cü maddələrində müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntular ən geci 1 ay müddətində aradan qaldırılmadıqda. Maddə 92.5. Tikinti işlərinin dayandırılması barədə qərarda onun qəbulunu şərtləndirən pozuntular (faktiki və hüquqi hallar) təsvir edilməli və həmin pozuntuların aradan qaldırılması ilə bağlı müvafiq icra hakimiyyəti orqanının izahlı göstərişi nəzərdə tutulmalıdır. Tikinti işlərinin dayandırılması barədə qərar 3 iş günü müddətində sifarişçiyə (podratçıya) təqdim olunur. Maddə 92.8. Sifarişçi (podratçı) bu Məcəllənin 92.5-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının göstərişlərinin yerinə yetirdiyi və tikinti işlərinin dayandırılmasına əsas olmuş pozuntuları aradan qaldırdığı barədə müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat təqdim etməlidir. Belə məlumatın təqdim edildiyi gündən 3 iş günü ərzində müvafiq icra hakimiyyəti orqanı pozuntuların aradan qaldırılıbqaldırılmadığını yoxlayır. Yoxlama nəticəsində göstərişlərin yerinə yetirilmədiyi və tikinti işlərinin dayandırılmasına əsas olmuş pozuntuların aradan qaldırılmadığı müəyyən olunduqda bu haqda hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib olunur. Belə olduqda tikinti işlərinin dayandırılması haqqında qərar qüvvədə qalır və bu barədə müvafiq icra hakimiyyəti orqanı sifarişçiyə (podratçıya) yazılı məlumat verir. Yoxlama nəticəsində pozuntuların aradan qaldırıldığı müəyyən olunduğu təqdirdə müvafiq icra hakimiyyəti orqanı tikinti işlərinin davam etdirilməsinə yazılı razılıq verir və belə razılıq tikinti işlərinin dayandırılması haqqında qərarın qüvvədən düşməsini ehtiva edir. Bu maddənin birinci cümləsində nəzərdə tutulmuş məlumatın təqdim edildiyi gündən 5 iş günü ərzində müvafiq icra hakimiyyəti orqanı tərəfindən sifarişçiyə (podratçıya) tikinti işlərinin dayandırılması haqqında qərarın qüvvədə qalması haqda yazılı məlumat və ya tikinti işlərinin davam etdirilməsinə yazılı razılıq verilmədikdə tikinti işlərinin dayandırılması barədə qərar qüvvədən düşmüş hesab edilir. Maddə 92.10. Tikinti işlərinin dayandırılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 95.1. Tikintisi başa çatmış və ya çatmamış tikinti obyekti və ya onun hissəsi aşağıdakı hallarda sökülür: 95.1.1. tikintisinə bu Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan tikinti obyekti və ya onun hissəsi müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edildikdə; 95.1.2. bu Məcəllənin 92.4.1-ci maddəsinə əsasən tikinti işlərinin dayandırılması barədə qərar qəbul edildiyi gündən 6 ay ərzində tikintiyə icazə alınmadıqda; 95.1.3. bu Məcəllənin 92.4.2-ci, 92.4.3-cü və 92.4.4-cü maddələrinə əsasən tikinti işlərinin dayandırılması barədə qərarda nəzərdə tutulan pozuntular 1 il ərzində aradan qaldırılmadıqda; 95.1.3-1. bu Məcəllənin 92-1.1-ci maddəsində müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntular ən geci 1 ay müddətində aradan qaldırılmadıqda; 95.1.4. sifarişçinin (tikinti obyektinin mülkiyyətçisinin) öz arzusu ilə. Maddə 95.2. Bu Məcəllənin 95.1.1-ci və 95.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda yan divarlarının və dam örtüklərinin inşası başa çatmamış tikinti obyektinin sökülməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilir. Bu qərar maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər. Maddə 95.3. Bu Məcəllənin 95.1.3-1-ci, 95.1.4-cü və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir. Maddə 95.4. Bu Məcəllənin 95.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda tikinti obyekti həmin Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, 74.2-ci maddəsinə uyğun olaraq sökülür. Maddə 95.5. Sökülməsi barədə qərar qəbul edilmiş tikinti obyekti 1 ay müddətində onun sahibi tərəfindən sökülmədikdə həmin tikinti obyekti müvafiq icra hakimiyyəti orqanı (reklam qurğuları isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum) tərəfindən sökülür. Maddə 95.7. Tikinti obyektlərinin sökülməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı Bənd 4.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 53.2-ci maddəsində, 53.3-cü maddəsinin birinci cümləsində, 54.4-cü maddəsinin birinci və üçüncü cümlələrində, 54.5-ci maddəsində, 58.2-ci maddəsinin ikinci cümləsində, 92.1-ci maddələrində, 92.3-cü maddəsinin birinci (hər iki halda) və ikinci cümlələrində, 92.4-cü maddəsində, 92.5-ci maddəsinin birinci cümləsində, 92.8-ci maddəsinin birinci (hər iki halda), ikinci, dördüncü, beşinci və altıncı cümlələrində, 93.1-ci maddəsinin ikinci cümləsində (Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin razılığı ilə), 94.2-ci maddəsində, 95.2-ci maddəsinin birinci cümləsində, 95.3-cü, 95.5-ci (birinci halda) maddələrində, 97.2-ci maddəsinin birinci cümləsində, 97.3-cü, 97.4-cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir; Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Maddə 402.1. İlkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Maddə 405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində; Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya instansiya məhkəməsinin hüquqi mövqeyi nəzərə alınmalıdır. Hazırkı işdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(102)-1138/2025 saylı qərarı ilə cavabdeh X1, iş üzrə cavabdeh tərəfdən müstəqli tələb irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs Ələndər oğlu, X23, X24, X17, X18 və X13 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5984/2024 nömrəli mülki iş üzrə 22 noyabr 2024-cü il tarixli qətnaməsi ləğv edildilib iş yeni apellyasiya baxışına qaytarıldığından, apellyasiya şikayətində iddiaçı qətnaməni bütövlükdə mübahisələndirdiyindən qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb, habelə hazırkı işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(102)-1138/2025 saylı qərarında şərh olunan göstərişləri nəzərə alıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)-797/2024 nömrəli qətnaməsi dəyişdirlmədən saxlanmalıdır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir. Kollegiya qeyd edir ki, tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyekti belə icazə alınmadan inşa edildikdə, tikintiyə dövlət nəzarəti çərçivəsində müvafiq icra hakimiyyəti orqanı müvafiq akt tərtib etməklə tikinti işlərinin dayandırılması barədə qərar qəbul edir. Tikinti işlərinin dayandırılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qanunla müəyyən olunmuş hallar istisna olmaqla, müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Tikinti obyektlərinin sökülməsi qaydaları da müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 4 sentyabr 2012-ci il tarixli Fərmanının 4.10-cu bəndinə əsasən Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş “Tikintiyə dövlət nəzarəti çərçivəsində tikinti işləri ilə bağlı yazılı göstərişlər və tikinti işlərinin dayandırılması”, Məcəllənin 95.2-ci maddəsində nəzərdə tutulmuş yan divarlarının və dam örtüklərinin inşası başa çatmamış tikinti obyektinin sökülməsi barədə qərar qəbul edilməsi, 95.3-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət etmək, Məcəllənin 9.7.2, 97.3, 97.4-cü maddələrində nəzərdə tutulmuş tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin səlahiyyətinə aid edilmişdir. Kollegiya həmçinin qeyd edir ki, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında da sökülə bilər. Ona görə də, Məhkəmə kollegiyası hesab edir ki, ilk əvvəl hazırkı mülki iş üzrə iddianın söykəndiyi faktiki halların Mülki Məcəllənin 180.4-cü maddəsinin dispozisiya şərtlərinə uyğun olub-olmadığı yoxlanılmalı və bu araşdırmanın nəticəsindən asılı olaraq mübahisəyə hüquqi qiymət verilməlidir. Belə ki, mübahisə predmetinin özbaşına tikili olması faktı özü-özlüyündə iddianın təmin edilməsi üçün yetərli deyil, bununla yanaşı həmin tikililərin söküntünü tələb edən tərəfin mənafeyini pozduğu və iddiaçının həqiqətən də maraqlı tərəf olduğu müəyyən edilməlidir. Bu zaman formal mülahizələrdən çıxış edilməməli, mənafenin konkret olaraq nədən ibarət olması göstərilməli, tikililərin bu mənafeyə hansı formada xələl gətirməsi, yəni iddiaçı üçün hər hansı texniki və ya başqa məhdudiyyət yaratması, real maneçilik törətməsi və s. sübuta yetirilməlidir. Hazıkı işin müəyyən edilmiş mübahisəsiz hallarına görə, cavabdeh mülkiyyət hüququ əsasında özünə məxsus olan torpaq sahəsində məlumatlandırma icraatı çərçivəsində tikinti işləri apararkən tikinti normalarını və qaydalarını pozmuş, fərdi yaşayış evi əvəzinə çoxmənzilli yaşayış binası inşa etmiş, həmin binada olan mənzilləri, hazırkı mülki iş üzrə cəlb olunan üçüncü şəxslərlə ilkin alqı-satqı müqavilələri bağlamaqla, onların faktiki sahibliyinə və istifadəsinə vermiş, sonuncuların bir hissəsi mənzilləri təmir edərək ailə üzvləri ilə köçərək həmin binada yaşayır, digərləri isə mənzillərində təmir işlərini yekunlaşdırlar. İddiaçının həyətyanı sahəsi ilə cavabdehin inşa etdiyi bina arasında qanunla müəyyən edilmiş ara məsafəsini saxlanmaması, iddiaçının həyətyanı sahəsinə baxan balkon və pəncərələrin açılması işin müəyyən edilmiş mübahisəsiz halları olsa da, qeyd olunan halların iddiaçının şəxsi və ailə həyatına hörmət hüququnu pozulması ilə nəticələnə biləcəyi araşdırma zamanı öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçı tələbində cavabdehin evinin layihədən kənar inşa edilmiş üçüncü mərtəbəsinin, həmçinin cavabdehin evinin iddiaçının evinə tərəf baxan və layihədə əksini tapmayan 2 ədəd balkonunun və 4 pəncərəsinin sökülməsi, həmin evin çoxmənzilli binaya çevirilməsi cəhdlərinin cavabdehə qadağan olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, iddiaçı Sabunçu rayonu, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini atasından miras olaraq qəbul etmiş, həmin fərdi yaşayış evi onun daimi yaşayış yeri deyildir. Cavabdeh mülkiyyətində olan 0,10 ha torpaq sahəsini Mübariz adlı şəxsdən satın almış, torpaq sahəsində hazırkı mübahisənin predmeti olan binanın əsasını təşkil edən tikilinin 2 mərtəbəsi mövcud olmuş, həmin 2 mərtəbə iddiaçının atası Lətif Əsgərovun razılığı ilə əvvəlki mülkiyyətçi Mübahiz adlı şəxs tərəfindən inşa olunmuş, tikilinin 2-ci mərtəbəsində Lətif Əsgərovun həyətyanı sahəsinə baxan 3 ədəd pəncərə mövcud olmuşdur. Araşdırma zamanı cavabdeh tərəfindən inşa olunmuş yaşayış binasının perimetri boyunca yanğınsöndürən avtomobillərinin hərəkət etməsinin mümkün olmaması və mövcud fərdi yaşayış evləri ilə yanğına qarşı ara məsafəsinin saxlanılmaması nəticəsində iddiaçının təhlükəsiz yaşamaq hüququnun pozulması ilə bağlı apellyasiya şikayətinin dəlilinin əsassız olması da öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə kollegiyası tərəfindən, iddiaçının vəsatətinə əsasən, tərəflərin iştirakı ilə keçirilən yerli baxış zamanı müəyyən olunmuşdur ki, cavabdehin inşa etdiyi binanının tikintisi tamamlanmışdır. Binanın 3-cü mərtəbəsində cavabdeh deyil, hazırkı iş üzrə cəlb olunan üçüncü şəxslərin bir hissəsi ailə üzvləri ilə birlikdə yaşayırlar. Bina qaz, su, işıqla təmin edilmişdir. İddiaçı və cavabdehin inşa etdiyi binada yaşayan şəxslər ümumi yoldan istifadə etməklə hər birinin öz evlərinə girişləri ayrıdır. Tərəflərin ümumi istifadəsində olan yoldan iddiaçı heç bir mane olmadan öz fərdi yaşayış evinin dəmir darvazasından həyətyanı torpaq sahəsinə daxil olmaq imkanına malikdir. Həmin girişdən nəqliyyat vasitələri ilə də iddiaçının torpaq sahəsinə daxil olmaq mümkündür. Ümumi istifadə olan yoldan nəqliyyat vasitələri ilə sərbəst şəkildə istifadə edilməklə iddiaçının fərdi yaşayış evinə, cavabdehin isə inşa etdiyi binaya tam yaxınlaşmaq mümkündür. Baxış zamanı daha sonra müəyyən olunmuşdur ki, cavabdehin inşa etdiyi binanın iddiaçının həyətinə açılan pəncərələrin və həmin istiqamətdə olan yeganə eyvanın qarşısı dəmir lövhələrlə bağlanmışdır. Kollegiya qeyd edir ki, lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğuların maraqlı tərəf olaraq sökülməsini tələb edən iddiaçı həmin bina və qurğuların ona öz fərdi yaşayış evindən və torpaq sahəsindən istifadə etməkdə maneçilik yaratmasını sübuta yetirmək vəzifəsi daşıyır. Belə məneələr iddiaçının hüquqlarını pozduğu halda o, maraqlı tərəf kimi özbaşına tikilinin sökülməsi barədə məhkəməyə müraciət etmək hüququna malik olur. İddiaçı iddia tələbində istinad etdiyi hallarla yanaşı, apellyasiya şikayətinin dəlillərini də sübuta yetirə biləcək mötəbər, təkzib olunmaz sübutlarını məhkəməyə təqdim etməmiş, araşdırma zamanı isə cavabdeh tərəfindən öz mülkiyyətində olan torpaq sahəsində inşa etdiyi, iddia ərizəsində sökülməsi tələb olunan tikililərin iddiaçının öz torpaq sahəsindən və həmin sahədə yerləşən fərdi yaşayış evindən istifadəsinə əhəmiyyətli dərəcədə maneəçilik törətməsi ilə bağlı halların mövcud olması öz təsdiqini tapmamışdır. Kollegiya tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, cavabdehin mülkiyyətində olan torpaq sahəsində inşa etdiyi, iddia tələbində sökülməsi tələb olunan, faktiki olaraq iş üzrə cəlb edilən üçüncü şəxslərin və onların ailə üzvlərinin sahibliyində istifadəsində olan özbaşına tikililərin söküntünü tələb edən iddiaçının mənafeyini pozmadığından, iddiaçının tələbləri əslində cavabdehə və iş üzrə cəlb olunan üçüncü şəxslərə ziyan vurmaq məqsədi daşıdığından iddia tələblərini rədd edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı və qanunidir. Belə ki, özbaşına inşa edilən tikili maraqlı şəxsin təhlükəsiz yaşamaq, öz əşya hüquqlarını, təsərrüfat fəaliyyətini həyata keçirməsində və s. hallarda hüquqları pozulduğu halda sökülə bilər. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməli, hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi isə yolverilməzdir.(MM-in 560.1-ci mad.) Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 405-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)- 797/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar