Məhkəmə qərarları › İş №2(103)-3933/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3933/2024

09.07.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3933/2024 09.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “X2 Services LTD” Şirkətinin Bakı Filialına qarşı (X3 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə (Açar sözlər: pul və mənəvi ziyan) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı və nümayəndəsi-vəkili Vəkil1, Cavabdehin nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh “X2 Services LTD” Şirkətinin Bakı Filialına qarşı “pul və mənəvi ziyanın ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1469/2024 nömrəli 23 aprel 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 09 iyul 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.1984-cü il tarixdə adına açılmış ******* saylı əmək kitabçasına əsasən o, xx.xx.2019-cu il tarixdə “X2 Services LTD” Şirkətinin Bakı Filialına sürücü (1-ci dərəcə) vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin bitməsi) əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.

2. İşçi İddiaçı ilə işəgötürən “X2 Services LTD” Şirkətinin Bakı Filialı arasında xx.xx.2019-cu il tarixdə bağlanmış DR-19/021 saylı əmək müqaviləsinə görə həmin müqavilə işçinin 1 ay müddətinə şirkətə sürücü vəzifəsinə işə qəbul edilməsi haqında bağlanmışdır.

3. Həmin müqavilənin 4.8-ci bəndində həmçinin göstərilmişdir ki, işçi gündə 8 saatdan, həftə ərində isə 40 saatdan çox olmayaraq işləyir.

4. İş materiallarında olan “razılıqla imzaladım İddiaçı” qeydləri olan, xx.xx.2019-cu il taixdə imzalanmış vəzifə təlimatına əsasən sürücü vəzifəsində iş saatı gündə maksimum 6 saat 40 dəqiqə sükan arxasında olmaqla, həftədə bir gün istirahət günü müəyyən edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Böyük Britaniyanın “X2 Services LTD” Şirkətinin filialından ona ödənilməmiş əmək haqqına görə 61494 manat, əmək haqqının gecikdirilməsinə görə 24597 manat və vurulmuş mənəvi ziyana görə 10.000 manat, cəmi 96091 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək Böyük Britaniyanın “X2 Services LTD” Şirkətinin filialında sürücü vəzifəsində işləmişdir. Onunla əmək müqaviləsi bağlanarkən beş günlük iş həftəsi və gündəlik səkkiz saat olmaqla həftəlik 40 saat iş vaxtı müəyyən olunmuşdur. Lakin, onunla 5 günlük iş və 40 saatlıq həftəlik iş vaxtı olması barədə əmək müqaviləsi bağlanmasına baxmayaraq, həftənin 6-cı günü və iş vaxtından əlavə də işləmişdir. 2019-cu ilin yanvar ayından 2023-cü ilin oktyabr ayına qədər Böyük Britaniyanın “X2 Services LTD” Şirkətinin filialında ardıcıl və davamlı olaraq həftəlik beş iş günündən əlavə hər həftənin şənbə günü saat 07:00-dan 18:15-dək və eyni zamanda iş vaxtından əlavə olaraq işləmişdir. Buna baxmayaraq, əlavə işlədiyi günlərə görə heç bir ödəniş verilməmişdir. Cavabdeh ilə arasında əmək müqaviləsinə xitam verildikdən sonra, şənbə günləri və iş vaxtından əlavə işlədiyinə görə əlavə əmək haqqı ödənişlərini cavabdehdən tələb etdikdə, cavabdeh bildirmişdir ki, onunla bağlanmış əmək müqaviləsində bütün bu hallar öz əksini tapıb və şirkətin ona hər hansı verəcəyi qalmamışdır. X4 “X2 Services LTD” Şirkətinin filialında 2019-cu ilin aprel ayından 2023-cü ilin oktyabr ayınadək ardıcıl və davamlı olaraq həftəlik beş iş günündən əlavə hər həftənin şənbə günü saat 07:00-dan 18:15-dək və eyni zamanda iş vaxtından əlavə olaraq işlədiyi müddəti hesablasaq, cavabdeh tərəfindən ona əlavə iş saatına görə 50.004 (5004 saatX10AZN=50004 AZN) manat, qeyri iş günlərinə görə 11454 (2019-cu il 47 gün, 2020-ci il 27 gün, 2021-ci il 25 gün, 2022ci il 31 gün və 2023-cü il 8 gün qeyri iş günləri) manat olmaqla, ümumilikdə 61494 manat məbləğində əlavə iş saatları və qeyri iş günləri işlədiyinə görə əmək haqqı ödəməli idi. Bundan başqa nəzərə alınmalıdır ki, cavabdeh tərəfindən əsassız olaraq uzun müddətdir ki, əmək haqqı ödənilmədiyi üçün ailəsinin maddi tələbatlarını ödəyə bilməmişdir. Nəticədə ailəsinin minimal maddi tələbatlarının təmin edilməsi mümkün olmadığı üçün uzun müddətdir psixoloji və mənəvi sarsıntı keçirmişdir.

7. Cavabdeh tərəf iddia müddətinin tətbiqi ilə bağlı məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, iddia ərizəsində İddiaçı Böyük Britaniyanın “X2 Services LTD” Şirkətinin filialında 2019-cu ilin aprel ayından 2023-cü ilin oktyabr ayınadək ardıcıl və davamlı olaraq həftəlik beş iş günündən əlavə hər həftənin şənbə günü saat 07:00dan 18:15-dək və eyni zamanda iş vaxtından əlavə olaraq işlədiyi müddətin, cavabdeh tərəfindən ona əlavə iş saatına görə 50.004 manat, qeyri iş günlərinə görə 11454 manat olmaqla, ümumilikdə cavabdehin iddiaçıya 61494 manat məbləğində əlavə iş saatları və qeyri iş günləri işlədiyinə görə əmək haqqının ödəməli olması qeyd edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Hesab etmişdir ki, İddiaçı tərəfindən irəli sürülən iddia əsassız və qanunsuzdur. Belə ki, iddia ərizəsinə əsasən İddiaçı 2019-cu ilin aprel ayından etibarən əlavə iş saatlarına və qeyri-iş günlərində işə cəlb olunub. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 377-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Belə ki, şəxs 2019-cu ilin aprel ayından etibarən öz hüquqlarının pozulduğunu bilirdi və ya bilməli idi. Hesab etmişdir ki, hazırki iş üzrə iddia müddəti tətbiq edilməlidir.

8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 23 aprel 2024-cü il tarixli 2(006)-1469/2024 nömrəli qətnaməsi ilə (hakim Nail Abbasov) iddia rədd edilmişdir.

9. Məhkəmə qeyd etmişdir ki, işəgötürənin işçinin iş vaxtında artıq işləməsinə dair hər hansı əmri mövcud olmamaqla, iddia tələbi qeyd edilən hissədə iddiaçının özü tərəfindən tərtib edilmiş cədvələ və mülahizələrinə əsaslanmışdır. Odur ki, iddia qeyd edilən hissədə təmin edilməməlidir.

10. Məhkəmə araşdırması zamanı iddiaçı cavabdeh tərəfindən ona mənəvi zərərin vurulması ilə əlaqədar sübut təqdim edə bilməmişdir.

11. İddia müddəti ilə bağlı məhkəmə göstərmişdir ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.2023-cü il tarixdə işdən azad edilmiş, xx.xx.2023-cü il tarixdə mediasiya təşkilatına, xx.xx.2024-cü il tarixdə isə məhkəməyə müraciət etmişdir. İddia müddətinin tətbiq edilməməsini əsaslandırılarkən, o cümlədən qeyd olunmalıdır ki, iddiaçının işəgötürən tərəfindən yol verilməsi iddia edildiyi pozuntunun sübutu kimi özü tərəfindən tərtib edilmiş cədvəl əlavə etmişdir, bu isə işəgötürən tərəfindən sənədləşdirmədən edilmiş qəsdin təsdiq edilməsində mötəbər sübut hesab edilməməklə iddia tələbinin həmin hissədə təmin edilməməsi ilə nəticələnmişdir. Odur ki, iddiaçının hüquqlarının pozulmasının aşkar etdiyi gün olaraq həmin cədvəllərin tərtib edilməsinin başlandığı gün hesab edilə bilməz. Beləliklə, iddiaçı pul və digər əmlak tələbləri ilə əlaqədar yaranmış əmək mübahisələrinin həlli üçün qanunvericiliklə müəyyən edilmiş 1 illik iddia müddətini ötürməmişdir.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2, 89, 99, 296, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.3 və 217.4-cü maddələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına, "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

13. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Əsasları iddia ərizəsi ilə eynilik təşkil edən apellyasiya şikayətində göstərilmişdir ki, qətnamə qanunsuz və əsassızdır, işin faktiki halları nəzərə alınmamış, maddi və prosessual hüquq normaları pozulmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdilər.

17. Cavabdehin nümayəndəsi-vəkili apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi.

18. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq, üçüncü şəxs (nümayəndə) məhkəmə iclasına gəlmədiyindən işə onun (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Əmək Məcəlləsi

19. Maddə 89. Tam iş vaxtı — müddəti bu Məcəllədə nəzərdə tutulmuş həftəlik və gündəlik iş saatları ərzində işçilərin əmək funksiyasını yerinə yetirməsi üçün müəyyən edilmiş zamandır. Gündəlik normal iş vaxtının müddəti səkkiz saatdan artıq ola bilməz. Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq müəyyən edilə bilməz.

20. Maddə 99.1. İş vaxtından artıq iş — işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır.

21. Maddə 296.4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

25. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

28. Qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.

30. İddiaçı tələbində iş vaxtından əlavə işlədiyini iddia edərək, əlavə işlədiyi saatlara və qeyri-iş günlərinə görə 61494 manat, əmək haqqının gecikdirilməsinə görə 24597 manat, həmçinin bu hallarla bağlı mənəvi zərərə məruz qaldığından 10000 manat mənəvi ziyanın ödənilməsini tələb etmişdir. Tələbinin əsası kimi özü tərəfindən tərtib edilmiş cədvəllər təqdim etmişdir.

31. İddiaçı ilə bağlanmış əmək müqaviləsinin 4.8-ci bəndində göstərilmişdir ki, işçi gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmayaraq işləyir.

32. Müqavilənin 4.9-cu bəndində göstərilmişdir ki, Əsas iş vaxtı Vəzifə Təlimatına əsasən müəyyən olunur.

33. Müqavilənin 4.10-cu bəndində göstərilmişdir ki, istirahət günləri Vəzifə Təlimatına əsasən müəyyən olunur.

34. İddiaçının özü tərəfindən imzalanmış Vəzifə Təlimatında iş saatı- gündə maksimum 6 saat 40 dəqiqə sükan arxasında; istirahət vaxtı- həftədə bir gün qeyd edilmişdir.

35. Göründüyü kimi tərəflər arasında bağlanmış müqaviləyə görə əsas iş vaxtının müəyyən edildiyi Vəzifə Təlimatında iddiaçının iş saatı gündə maksimum 6 saat 40 dəqiqə sükan arxasında nəzərdə tutulmuşdur.

36. Qanunvericiliyin tələbinə görə iş vaxtından artıq iş dedikdə işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasının müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi nəzərdə tutulur.

37. Baxılan iş üzrə isə işəgötürənin işçinin iş vaxtından artıq işləməsinə dair hər hansı əmri mövcud olmamışdır.

38. İddiaçı isə tələbini özü tərəfindən tərtib edilmiş cədvəllərlə əsaslandırır.

39. Həmin cədvələ nəzər yetirdikdə belə müəyyən edilir ki, onun sükan arxasında olma saatları və qət etdiyi məsafələr təxminən eynidir.

40. İşəgötürən tərəfindən təqdim edilmiş növbəlilik planından görünür ki, işçinin iş saatları iki hissədən ibarət olmaqla 07:00-dan 10:00-dək və 15:40-dan 18:50-dək, 2023-cü ilin iyun ayından isə 08:30-dan 11:30-dək və 13:30-dan 16:30-dək olmuşdur.

41. İş materiallarında olan ödəniş cədvəllərindən görünür ki, heç bir cədvəldə əlavə iş üçün ödəniş nəzərdə tutulmamışdır və “alıb düz olduğunu imzam ilə təsdiqləyirəm” qrafasını işçi imzalamışdır.

42. Beləliklə, iddiaçının iddia etdiyi kimi iş saatından əlavə saatlarda və qeyri-iş günlərində işləməsi müəyyən edilməmişdir. Ona görə də iddiaçının bu hissələrdə tələbi əsassız olduğundan məhkəmə də haqlı olaraq iddianı rədd etmişdir.

43. Əsas tələb hissəsində iddia tələbi rədd edildiyindən mənəvi zərər hissəsində də iddia tələbi haqlı olaraq təmin edilməmişdir.

44. Kollegiya əlavə olaraq qeyd edir ki, iddia müddətinin tətbiqi əsaslı iddialar üzrə yolverilən olduğundan, hazırki işdə isə iddia əsaslı sayılmadığından, iddia müddətinin tətbiqinə ehtiyac qalmır.

45. Beləliklə, kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1469/2024 nömrəli iş üzrə 23 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar