Məhkəmə qərarları › İş №2(103)-3934/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3934/2022

11.05.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3934/2022 11.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 4075/2021 saylı işi üzrə 01 aprel 2022-ci il tarixli (müddət bərpaya dair) qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair iddiası Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4075/2021 saylı işi üzrə 09 dekabr 2021- ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. 13 yanvar 2022-ci il tarixdə iddiaçı tərəfindən qeyd olunan qətnamədən apellyasiya şikayəti verilmiş və apellyasiya şikayətinə baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin /2(103)-2150/2022 saylı işi üzrə 04 fevral 2022-ci il tarixli qərardadı ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361, 363, və 364-cü maddələrinin tələblərinə müvafiq qiymət verilməsi üçün mülki iş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi 01 aprel 2022-ci il tarixli qərardadı ilə həmin məhkəmənin 09 dekabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmışdır. İddiaçının nümayəndəsi və vəkili məhkəməyə apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə və apellyasiya şikayəti ilə müraciət etmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4075/2021 saylı işi üzrə 01 aprel 2022-ci il tarixli qərardadı ilə ərizənin təmin edilməsi,Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi müddətinin buraxılmasının səbəbi üzürlü hesab edilməsi və buraxılmış prosessual müddətin bərpa edilməsi, İddiaçı vəkili və nümayəndəsi tərəfindən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin iş üzrə 09 dekabr 2021-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinin mülki işin materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardadda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360, 363.1.1-1, 363-4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçı tərəf məhkəmənin 09 dekabr 2021 -ci il tarixli qətnaməsindən apellyasiya şikayətini müəyyən edilmiş 1 aylıq müddət ərzində vermiş, lakin apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin qərardadı ilə qeyri-mümkün hesab edilmiş və şikayət Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən geri qaytarılmış, nöqsanlar aradan qaldırıldıqdan sonra iddiaçı tərəf buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə və apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Belə olan halda, müddətin buraxılması üzürlü hesab edilərək iddiaçı tərəfə qəbul edilmiş qətnamənin əsaslılığını yuxarı instansiya məhkəməsində mübahisələndirmək imkanı yaradılmalıdır. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin iş üzrə 01.04.2022-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269.2, 269.3-cü maddələrinə istinadən qeyd edilmişdir ki, apellyasiya şikayətinin verilməsi müddətinin buraxılmasının səbəbi üzürlü hesab edilməsi və buraxılmış prosessual müddətin bərpası üçün əsaslar olmamışdır və ona görə də məhkəmənin 01.04.2022-ci il tarixli qərardadı əsaslı hesab edilə bilməz. Belə ki, İddiaçı həm hazırkı iddia tələbi ilə, həm də digər tələblər üzrə məhkəmə araşdırmalarında vəkilin hüquqi yardımından kifayət qədər yararlanmışdır və apellyasiya şikayəti verilməsi üçün prosessual qaydalar İddiaçı və nümayəndəsi və vəkili üçün anlamlı olmuşdur. Ancaq tələb olunan, ümumi qaydada hər bir məlumatlı şəxsə yaxşı məlum olan prosessual qaydalara onlar tərəfindən əməl olunmamışdır və nəticədə apellyasiya şikayətinin verilməsi müddəti onlar tərəfindən buraxılmışdır.apellyasiya şikayətinin qaytarılması barədə məhkəmə aktlarından da İddiaçı və nümayəndəsi və vəkili tam məlumatlı olmuşlar. Lakin buna baxmayaraq ötən müddət ərzində şikayətin təkrar verilməsi üçün hərəkətsiz olmuşlar.Göründüyü kimi, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 09.12.2021-ci il tarixli qətnaməsinin qəbulundan dörd ay müddət keçmişdir və yuxarıda göstərdiyi hallar da əsas götürülməklə hazırda həmin qətnamədən apellyasiya şikayəti verilməsi üçün müddətin bərpası əsaslı hesab edilə bilməz. Ona görə işin faktiki hallarına uyğun gəlməməsi səbəbindən məhkəmənin 01.04.2022-ci il tarixli qərardadın ləğv edilməsi üçün əsaslar olması qənaətindədir. Azərbaycan Respublikası Mülk Prosessual Məcəlləsinin “apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər” müddəasını əks etdirən 360-cı maddəsinin və “məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir” tələblərini təsbit edən 133.1 -ci maddəsinin tələbləri məhkəmə tərəfindən pozulmuşdur. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4075/2021 saylı işi üzrə 19.04.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 128- 133, 135, 146, 357, 360, 385.2, 387.1, 395, 397-ci maddələrinə əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir, prosessual qanunvericiliyin mahiyyətinə aid olmayan formal mülahizələr əsasında tərtib edilmiş şikayətin dəlilləri üzrə qərardadın tam və ya qismən ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün əsaslar müəyyən etmir. Prosessual müddətlərin müəyyən edilməsi və hesablanması zamanı dəqiq təqvim tarixi ilə və hərəkətin edilə biləcəyi vaxt dövrü sənədlərin dövriyyəsi nəzərə alınmaqla hər ötürülmüş günün səbəblərinin müzakirəsi prosessual-hüquqi əhəmiyyət kəsb edir. Bu baxımdan qeyd edilməlidir ki, şikayətçinin buraxılmış müddətin bərpası ilə bağlı əsas gətirdiyi dəlilləri sübuta yetirilməmişdir. Bununla belə qeyd edilməlidir ki, ərizə (müddətin bərpası barədə vəsatət) verilən zaman başqa əsaslarla qeyri-mümkün edilən və geri qaytarılan apellyasiya şikayətinin müddətinin ötürülməsi üzrlü hesab edilməsi əsaslıdır. Belə ki, prosessual qanunvericilikdə edilmiş dəyişikliklərə dair yeni təcrübənin formalaşması üzrə nöqsanlar obyektiv cəhətdən nəzərə alınmadır. Bununla belə, nöqsanla verilmiş və qaytarılmış apellyasiya şikayətinin yenidən verilməsi müddətləri ağlabatanlıq meyyarlarına cavab verməlidir. Müddətin ötməsinin üzrlülük meyyarlarına dair fərqli münasibətin sərgilənməsi məhkəmə müdafiə hüquqlarının əsassız məhdudlaşmasına və ya hüquqlardan (dispozitiv imkandan və diskression səlahiyyətlərdən) sui-istifadəyə şərait yaradan hal kimi dəyərləndirilməlidir. Şikayətdə qeyd edilən müddətin üzrsüz səbəblərdən ötürülməsinə işarə edilməsi peşəkar (ixtisaslı) hüquqi yardımın mövcudluğu ilə əsaslandırılsa da şikayətdə ötürülən müddət incələnməmiş və bu əsaslara istinad edilməmişdir. Kollegiya səlahiyyətləri həddində verilən şikayətin (birinci instansiya məhkəməsində müzakirə predmeti olmayan) dəlillərinə münasibətdə digər əsaslarla müddətin ötməsi hallarının da müzakirəsini prosessual qanunvericiliyin tələbləri baxımından yolverilməz hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 397, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə r a r a a l d ı: Cavabdeh şikayəti təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 4075/2021 saylı işi üzrə 01 aprel 2022-ci il tarixli (müddət bərpaya dair) qərardadı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar