Məhkəmə qərarları › İş №2(103)-3939/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3939/2025

25.06.2025 · Müqavilələrin dəyişdirilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3939/2025 25.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı müqaviləyə dəyişikliklərin və əlavələrin edilməsi öhdəliyinin qoyulması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və İsgəndərov Akif Əsgər oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı müqaviləyə dəyişikliklərin və əlavələrin edilməsi öhdəliyinin qoyulması tələbinə dair mülki iş üzrə Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-1483/2025 nömrəli, 21 aprel 2025-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh ilə onun arasında bağlanmış 29 yanvar 2021-ci il tarixli müqavilədə dəyişikliklər və əlavələr edilməsi, o cümlədən dəqiq hansı mənzilin verilməsi, onun şəraiti, bloku, mərtəbəsi və nömrəsinin müqavilədə göstərilməsi və notarial qaydada təsdiq edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-1483/2025 nömrəli, 21 aprel 2025-ci il tarixli qətnaməsinə əsasən iddia rədd edilmişdir.

3. Həmin qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir.

Tətbiq edilən hüquq

4. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 361.3. Şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir; Maddə 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.1-1. apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə; 363.1.2. Apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə; Maddə 363.2. Apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır; Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir; Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər;

5. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununu: Maddə 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində rüsum ödənilməlidir. Maddə 8.6. Apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci, 8.2-ci, 8.8-ci (müvəqqəti təminat tədbirlərinin tətbiqinə münasibətdə), 8.10-cu və 8.11-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi ödənilməlidir. Maddə 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: Maddə 9.1.20. məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

6. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

7. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə dövlət rüsumu əlavə olunmamış və yuxarıda göstərilən normanın mətninə istinad olunmaqla "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991–2001)" yubileyi medalı ilə təltif olunması ilə bağlı ona verilmiş vəsiqəsi əlavə olunmuşdur.

8. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991–2001)" yubileyi medalı Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan Respublikasının 17 may 2002-ci il tarixli, 331-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş medaldır və bu medal ilə 2002-ci il iyun ayının 26-na qədər Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçən və döyüş hazırlığında uğurlar qazanmış zabit, gizir və miçmanlar, habelə Silahlı Qüvvələrdən ehtiyata yaxud istefaya buraxılmış Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qurulmasında və onun möhkəmlənməsində fəal iştirak edən zabitlərin təltif olunması nəzərdə tutulmuşdur.

9. Göründüyü kimi həmin medalla təltif olunan şəxslər “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsində qeyd olunan şəxslər kateqoriyasına aid edilmir.

10. Belə olduğu halda iddiaçı tərəfindən apellyasiya şikayətinə qiymətləndirilməyən iddialar üzrə qanunveiricilikdə nəzərdə tutulmuş qaydada 50 manat məbləğində dövlət rüsumu əlavə olunmalı idi.

11. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayət, mülki prosessual qanunvericiliyin tələbləri pozulmaqla verildiyi və bu səbəbdən apellyasiyanın mümkünlüyü əsasları müəyyən olunmadığı üçün, qeyri-mümkün sayılmalı və iş materialları şikayətin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.

12. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-1483/2025 nömrəli, 21 aprel 2025-ci il tarixli qətnaməsindən İddiaçı şikayəti qeyri-mümkün hesab edilsin. İş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar