Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-394/2021 02.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı1 (eyni zamanda digər İddiaçı2 hüquq varisi) və onun nümayəndəsi X1 iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1, “xxxx” MMC-yə və Sumqayıt şəhər 3 saylı Notariat Kontoruna qarşı kredit, ipoteka müqavilələrinin, açıq hərracın keçirilməsinə dair protokolun etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 fevral 2020-ci il tarixli 2(005)-652/2020 saylı qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər “xxxx” MMC, Sumqayıt şəhər 3 sayı Dövlət Notariat Kontoru və Cavabdeh1 qarşı kredit və ipoteka müqavilələrinin və açıq hərracın keçirilməsinə dair protokolun etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 ilə Cavabdeh1 arasında 22 yanvar 2018-ci il tarixdə Sumqayıt şəhər 3 saylı Dövlət Notariat Kontorunda bağlanmış kredit və ipoteka müqavilələrinin, «xxxx» MMC tərəfindən verilmiş «hərracın yekunlarına dair» 07 avqust 2019-cu il tarixli 51/06 saylı Protokolun etibarsız hesab edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı ərazi idarəsi tərəfindən Cavabdeh1 adına verilmiş çıxarışın ləğvi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 22 yanvar 2018-ci ildə Cavabdeh1 12500 manat məbləğində borc pul istəmiş və cavabdeh həmin pulu ona yalnız notarial qaydada və həmin pul müqabilində əmlak girov qoymaqla verəcəyini bildirmişdir. Həmin vaxt iddiaçının pula kəskin ehtiyacı olduğu üçün o, cavabdehlə razılaşaraq yeganə əmlakı kimi Sumqayıt şəhəri Corat bağlar ərazisində yerləşən 2386E saylı 2 otaqdan ibarət bağ evini girov qoymağa qərar verməklə cavabdehlə 22 yanvar 2018-ci il tarixdə Sumqayıt şəhər 3 saylı Dövlət Notariat Kontorunda ipoteka müqaviləsi bağlamışdır. Həmin müqavilədə girov qoyulmuş əmlak 40000 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh ona bildirmişdir ki, evin dəyəri 40000 manat məbləğində qiymətləndirildiyi üçün kredit müqaviləsində də iddiaçının ondan alacağı pul məbləği 40000 manat göstərilməlidir, əks təqdirdə həmin müqaviləni notarius rəsmiləşdirməyəcəkdir. Cavabdeh həmçinin bildirmişdir ki, o, iddiaçıya 12500 manat pul verəcək, həmin pulu qaytardıqdan sonra isə birlikdə gəlib hər iki müqaviləni ləğv etdirəcəklər. Onun bu evdən başqa girov qoyulası hər hansı bir əmlakı olmadığı üçün cavabdehlə razılaşmaq məcburiyyətində qalmış, ona inanaraq hər iki müqaviləni imzalamışdır. Lakin cavabdeh həmin müqavilə bağlanan vaxt ona notariat kontorunda pul verməmiş, onlar birlikdə maşına əyləşmiş və cavabdeh ona maşında 8000 manat, daha sonra isə hissə-hissə olmaqla ümumilikdə 12500 manat məbləğində pul vermişdir. O, cavabdehdən aldığı pulları hissə-hissə qaytarmış, ona cəmi 6500 manat məbləğində borcu qalmışdır. Lakin cavabdeh ondan xəbərsiz və iddiaçıdan pulları aldığı halda Sumqayıt şəhər 3 saylı DNK-dan icra qeydi almaqla Sumqayıt şəhər İcra və Probasiya şöbəsinə təqdim etmiş və bundan sonra ipoteka predmeti olan bağ evi “xxxx” MMC tərəfindən 54000 manat ilkin satış qiyməti ilə hərraca çıxarılaraq 07 avqust 2019-cu il tarixdə 34425 manata cavabdehə satılmışdır. Onun nə mənzilin qiymətləndirilməsindən, nə də bu hərracların heç birindən məlumatı olmamışdır. Yalnız qarşı tərəf məhkəmədə ona qarşı həmin evdən çıxarılma barədə iddia qaldırdıqdan sonra o belə bir hərracın keçirilməsindən məlumatlı olmuşdur. Cavabdeh iddiaçının ağır vəziyyətindən, həmin vaxt pula kəskin ehtiyacının və həyat yoldaşının həbsdə olmasından sui-istifadə edərək 12500 manat məbləğində ona borc pul verməklə onunla 40000 manat məbləğində borc pul almağına dair kredit müqaviləsi bağlamış, iddiaçının 12500 manat verdiyi puldan ona cəmi 6500 manat məbləğində borcu qaldığı halda o formal olaraq aralarında bağlanmış kredit müqaviləsini əlində əsas tutaraq iddiaçının şəxsi mülkiyyətində olan evini onun iştirakı və xəbəri olmadan hərraca çıxartdırmaqla adına rəsmiləşdirmişdir. Ona hüquqlarının pozulduğu hazırda məlum olduğu üçün iddiaçı həmin müqavilələrin və hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi ilə bağlı məhkəməyə müraciət edir. O hərrac keçirilən vaxt həmin evin mülkiyyətçisi olduğu halda hərrac onun iştirakı olmadan təşkil olunmuş, hərrac keçirilərkən onun mülkiyyət hüquqları kobud surətdə pozulmuş, faktiki borc aldığı 12500 manat puldan cavabdehə 6500 manat borcu qaldığı halda evi özgəninkiləşdirilmişdir. Buna görə də həmin protokol etibarsız hesab edilməli və Cavabdeh1 adına verilmiş çıxarış ləğv olunmalıdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 fevral 2020-ci il tarixli 2(005)- 652/2020 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Həmin qətnamədən İddiaçı1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı1 və onun nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdilər. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh1, “xxxx” MMC-nin və Sumqayıt şəhər 3 saylı Notariat Kontorunun nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının və onun nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 fevral 2020-ci il tarixli 2(005)-652/2020 saylı qətnaməsi İddiaçı1 apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan 22 yanvar 2018-ci il tarixli kredit müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1 İddiaçı1 3 ay müddətinə qaytarmaq şərtilə faizsiz 40000 manat borc pul vermiş, İddiaçı1 krediti 22 aprel 2018-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan 22 yanvar 2018-ci il tarixli ipoteka müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ipoteka qoyan İddiaçı1 mülkiyyət hüququ ilə ona məxsus olan əmlakı – Sumqayıt şəhəri Corat bağları ərazisi, 2386E ünvanında yerləşən ümumi sahəsi 45.3 kv.m, yaşayış sahəsi 30.9 kv.m, yardımçı sahəsi 14.4 kv.m olan 2 otaqlı bağ evini və həmin ünvanda yerləşən ümumi sahəsi 0,012 ha olan torpaq sahəsini 22 yanvar 2018-ci il tarixli 3M-44 saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasını təmin edilməsi məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü etmişdir. İş materiallarında olan 19.01.2018-ci il tarixli 7E-1010 №-li reyestrli ərizəyə əsasən, İddiaçı2 Sumqayıt şəhəri Corat bağları ərazisi, 2386E ünvanında yerləşən ümumi sahəsi 45.3 kv.m, yaşayış sahəsi 30.9 kv.m, yardımçı sahəsi 14.4 kv.m olan 2 otaqlı bağ evinin və həmin ünvanda yerləşən ümumi sahəsi 0,012 ha olan torpaq sahəsinin ipoteka ilə yüklü edilməsinə etiraz etməmişdir. İş materiallarında olan 13.09.2019-cu il tarixli ********** saylı hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən elektron çıxarışdan görünür ki, Sumqayıt şəhəri Corat bağları ərazisi, 2386E saylı bağ evi 0,012 ha torpaq sahəsi ilə birlikdə tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsusdur. İş materiallarında olan Sumqayıt şəhəri 3 saylı Notariat Kontorunun 03.12.2018-ci il tarixli 8İ-3761 saylı icra sənədinə əsasən Cavabdeh1 tələbi ilə Sumqayıt şəhəri Corat bağları ərazisi, 2386E ünvanında yerləşən ümumi sahəsi 45.3 kv.m, yaşayış sahəsi 30.9 kv.m, yardımçı sahəsi 14.4 kv.m olan 2 otaqlı bağ evinin və həmin ünvanda yerləşən ümumi sahəsi 0,012 ha olan torpaq sahəsindən ibarət əmlakın satışından əldə olunan 40000 manat vəsait borc tələbinə yönəldilmişdir. İş materiallarında olan 04.12.2018-ci il tarixli qərardan görünür ki, Sumqayıt şəhəri üzrə icra idarəsinin icra məmuru Məmmədov Rüfət Eldar oğlu Sumqayıt şəhəri 3 saylı Notariat Kontorunun 03.12.2018-ci il tarixli 8İ-3761 saylı icra sənədinə əsasən icraata başlamaq haqqında qərar qəbul etmişdir. 04.12.2018-ci il tarixli 2K-239423 saylı məktuba əsasən Sumqayıt şəhəri üzrə icra idarəsinin icra məmuru Məmmədov Rüfət Eldar oğlu icraata başlamaq haqqında qərarın surətini İddiaçı1, Cavabdeh1 və Sumqayıt şəhəri 3 saylı Notariat Kontoruna məlumat üçün göndərmişdir. İş materiallarında olan 10.12.2018-ci il tarixli qərara əsasən Sumqayıt şəhəri üzrə icra idarəsinin icra məmuru Məmmədov Rüfət Eldar oğlu Sumqayıt şəhəri Corat bağları ərazisi, 2386E ünvanında yerləşən ümumi sahəsi 45.3 kv.m, yaşayış sahəsi 30.9 kv.m, yardımçı sahəsi 14.4 kv.m olan 2 otaqlı bağ evi və həmin ünvanda yerləşən ümumi sahəsi 0,012 ha olan torpaq sahəsinin hərracda satılması üçün qiymətləndirici dəvət etmişdir. İş materiallarında olan 12.12.2018-ci il tarixli 30140/14 saylı məktuba əsasən Sumqayıt şəhəri üzrə icra idarəsinin icra məmuru Məmmədov Rüfət Eldar oğlu qiymətləndirici dəvət edilməsi haqqında qərarın surətini İddiaçı1, Cavabdeh1 və Sumqayıt şəhəri 3 saylı Notariat Kontoruna məlumat üçün göndərmişdir. İş materiallarında olan “xxxx” MMC qiymətləndirmə şirkətinin 29.03.2019-cu il tarixli qiymətləndirmə rəyindən görünür ki, Sumqayıt şəhəri Corat bağları ərazisi, 2386E saylı bağ evinin ümumi dəyəri 54000 manat təşkil edir. İş materiallarında olan 01.05.2019-cu il tarixli 69/14 saylı sifariş məktubuna əsasən, Sumqayıt şəhəri üzrə icra idarəsinin icra məmuru Məmmədov Rüfət Eldar oğlu İddiaçı1, Cavabdeh1, Sumqayıt şəhəri 3 saylı Notariat Kontoruna məlumat verməklə “xxxx” MMCyə Sumqayıt şəhəri Corat bağları ərazisi, 2386E ünvanında yerləşən ümumi sahəsi 45.3 kv.m, yaşayış sahəsi 30.9 kv.m, yardımçı sahəsi 14.4 kv.m olan 2 otaqlı bağ evi və həmin ünvanda yerləşən ümumi sahəsi 0,012 ha olan torpaq sahəsinin hərracda satılması üçün müraciət etmişdir. İş materiallarında olan “xxxx” MMC tərəfindən İddiaçı1, Sumqayıt şəhəri üzrə İcra idarəsinə, Cavabdeh1 ünvanlanmış 17.05.2019-cu il tarixli № 01 nömrəli, 31.05.2019-cu il tarixli № 01/2 nömrəli, 21.06.2019-cu il tarixli № 02 nömrəli bildirişlərin surətindən görünür ki, kreditin (borcun) təminatı qismində ipoteka predmetinə tələbin yönəldilməsinə dair Sumqayıt şəhəri 3 saylı Notariat Kontorunun 03.12.2018-ci il tarixli 8İ-3761 saylı icra sənədinin icrasına əsasən ipoteka qoyulan Sumqayıt şəhəri Corat bağları ərazisi, 2386E ünvanında yerləşən ümumi sahəsi 45.3 kv.m, yaşayış sahəsi 30.9 kv.m, yardımçı sahəsi 14.4 kv.m olan 2 otaqlı bağ evinə tutmanın yönəldilməsi və hərracda satılması, hərracın müvafiq olaraq 17.06.2019-cu il saat 11:00-da və 08.07.2019-cu il saat 11:00-da keçiriləcəyi bildirilmişdir. İş materiallarında olan 12.07.2019-cu il tarixli “xxxx” MMC-nin ipoteka predmetinin əldə olunmasına dair təklifdən görünür ki, İddiaçı1, Cavabdeh1, Sumqayıt şəhəri üzrə İcra idarəsinə məlumat verməklə Sumqayıt şəhəri Corat bağları ərazisi, 2386E ünvanında yerləşən ümumi sahəsi 45.3 kv.m, yaşayış sahəsi 30.9 kv.m, yardımçı sahəsi 14.4 kv.m olan 2 otaqlı bağ evi 34425 manat olmaqla ipoteka saxlayana təklif olunmuşdur. İş materiallarında olan “Birja yenilikləri” qəzetlərinin surətindən görünür ki, Sumqayıt şəhəri Corat bağları ərazisi, 2386E ünvanında yerləşən ümumi sahəsi 45.3 kv.m, yaşayış sahəsi 30.9 kv.m, yardımçı sahəsi 14.4 kv.m olan 2 otaqlı bağ evi ilə bağlı hərracın keçirilməsi barədə elanlar verilmişdir. İş materiallarında olan hərrac təşkilatının hərracın yekunları barədə 07 avqust 2019-cu il tarixli № 51/06 nömrəli protokolunun surətindən görünür ki, İddiaçı1 mülkiyyətində olan Sumqayıt şəhəri Corat bağları ərazisi, 2386E ünvanında yerləşən ümumi sahəsi 45.3 kv.m, yaşayış sahəsi 30.9 kv.m, yardımçı sahəsi 14.4 kv.m olan 2 otaqlı bağ evi üzrə Sumqayıt şəhəri 3 saylı Notariat Kontorunun 03.12.2018-ci il tarixli 8İ- 3761 saylı icra sənədinin, Sumqayıt şəhəri üzrə İcra idarəsinin 01.05.2019-cu il tarixli 69/14 saylı sifariş məktubunun icrasına əsasən hərrac təşkil olunmuşdur. Əmlakın hərracda ilkin qiyməti 54000 manat, təkrar hərracda ilkin qiyməti 45900 manat, 25 % aşağı olan 34425 manat qiymətlə Cavabdeh1 təkilf edilmişdir. İş materiallarında olan Sumqayıt şəhəri 3 saylı notariat ofisinin notariusu T.M.Mustafazadənin 30.01.2020-ci il tarixli 125 saylı məktubundan görünür ki, 15.06.2018ci ilədək notariat ofisində bağlanan kredit (borc) müqavilələrində pulun borc alana notariusun yanında verilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. 15.06.2018-ci il tarixdən sonra isə kredit (borc) müqaviləsi notariusun bankdakı depozit hesabı vasitəsilə həyata keçirilir. İddiaçı1 40000 manat məbləğində pulun Cavabdeh1 aldığını kredit (borc) müqaviləsinin notariat ofisində saxlanılan nüsxəsində öz xətti ilə yazaraq təsdiq etmişdir. İş materiallarında olan ƏMDK DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 04.02.2020-ci il tarixli **********34 saylı məktubundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Sumqayıt şəhəri Corat bağları ərazisində yerləşən 2386E saylı fərdi yaşayış evi Sumqayıt şəhər 1 saylı notariat kontorunun xüsusi notariusunun təsdiq etdiyi 14.07.2016-cı il tarixli 4Ə-315 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında İddiaçı1 adına qeydiyyata alınmış və 20.07.2016-cı il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Sumqayıt şəhər 3 saylı notariat kontorunun xüsusi notariusunun təsdiq etdiyi 3M-45 reyestr nömrəli, 22.01.2018-ci il tarixli ipoteka müqaviləsi əsasında fərdi yaşayış evi Cavabdeh1 xeyrinə yüklü edilmiş və ********** qeydiyyat nömrəli, 10.04.2018-ci il tarixli dövlət reyestrindən yüklülük çıxarışı verilmişdir. Hərrac təşkilatının 07.08.2019-cu il tarixli 51/06 saylı hərracın yekunları barədə protokoluna əsasən fərdi yaşayış evi Cavabdeh1 adına qeydiyyata alınmış və 12.09.2019cu il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli 2(060)-8738/2019 saylı qətnaməsinə əsasən cavabdeh İddiaçı1 Cavabdeh1 mülkiyyətində olan Sumqayıt şəhəri Corat bağları ərazisi, 2386E saylı bağ evindən çıxarılması qət edilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamədən görünür ki, İddiaçı1 əri İddiaçı2 04 fevral 2020-ci il tarixdə ölmüşdür. İş materiallarında olan açıq hərracın keçirilməsinə dair bildirişlərdən görünür ki, “xxxx” MMC tərəfindən İddiaçı1 həm qeydiyyatda olduğu ünvan 2 ünvanı üzrə, həm də yaşadığı Sumqayıt şəhəri Corat bağları ərazisi, 2386E ünvanı üzrə bildirişlər göndərilmişdir. Bildirişlərin çatdırılması barədə kuryer xidmətləri üçün mədaxil qəbzinin talonlarından görünür ki, həmin bildirişlərdən birini iddiaçının oğlu Ələnur Qədirov, qalan bildirişləri isə “Əliyeva” soyadlı şəxs qəbul etmişdir. Talonların birində “ünvan tam deyil”, başqa birində isə “qapı bağlıdır” sözləri yazılmışdır. “Əliyeva” soyadlı şəxs tərəfindən qəbul olunmuş hərracın keçirilməsi barədə bildirişlərin alınması barədə talonlarda “Əliyeva” yazısının, qarşısındakı imzanın və rəqəmlərin İddiaçı1 tərəfindən icra edilib-edilmədiyini müəyyən etmək məqsədilə Bakı Apellyasiya Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli 2(103)-4872/2020 saylı qərardadı ilə mülki iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 03 dekabr 2020-ci il tarixli 4/974 saylı ekspert rəyinə əsasən, hərracın keçirilməsi barədə hərrac təşkilatı tərəfindən İddiaçı1 göndərilmiş poçt bildirişlərində (kuryer xidmətləri üçün mədaxil qəbzinin talonlarında) “Əliyeva” sözü, habelə qarşısındakı imza və rəqəmlər İddiaçı1 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Hazırkı mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakı hüquq normalarına istinad etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə görə, əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Yenə həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Mülki Məcəllənin 339.3-cü maddəsinə əsasən, aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Beləliklə, 22.01.2018-ci il tarixli kredit müqaviləsinə əsasən borc verən Cavabdeh1 borcalan İddiaçı1 40000 manat borc pul vermiş, borc alan krediti 22.04.2018 tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüş, tərəflər kreditin faizsiz verilməsini şərtləndirmişlər. İş materiallarının 87-ci vərəqində olan notariat işindəki kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı1 müqavilənin arxa tərəfində “Müqavilə bağlanan anadək Cavabdeh1 40000 (qırx min) manat pul aldığımı imzamla təsdiq edirəm.” sözlərini və “22.01.2018” rəqəmlərini yazmış və imzalamışdır. 22.01.2018-ci il tarixdə ipoteka qoyan İddiaçı1 mülkiyyət hüququ ilə ona məxsus olan əmlakı – Sumqayıt şəhəri Corat bağları ərazisi, 2386E ünvanında yerləşən ümumi sahəsi 45.3 kv.m, yaşayış sahəsi 30.9 kv.m, yardımçı sahəsi 14.4 kv.m olan 2 otaqlı bağ evini və həmin ünvanda yerləşən ümumi sahəsi 0,012 ha olan torpaq sahəsini 22.01.2018-ci il tarixli 3M-44 saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü etmişdir. İddiaçı1 ona Cavabdeh1 tərəfindən həmin miqdarda pul vəsaitinin heç bir zaman verilməməsini, pulun iddiaçının adına mədaxil edilməsi ilə bağlı heç bir sənəd və sübut mövcud olmamasını bildirərək Sumqayıt şəhəri 3 saylı Notariat Kontoru tərəfindən həmin əqdin qanunsuz olaraq təsdiqlənməsini göstərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Buna görə də məhkəmə hesab edir ki, tərəflər arasında kredit müqaviləsi ilə bağlı proseslər 22.01.2018-ci il tarixdə yarandığından Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən mübahisəli hüquq münasibətlərinin yarandığı zaman “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvədə olan müvafiq müddəaları tətbiq olunmalıdır. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə əsasən, notarius qanunvericilikdə nəzərdə tutulmuş hallarda kreditora verilmək üçün borcludan pul məbləğlərini və qiymətli kağızları depozitə qəbul edir. Notarius pul məbləğlərinin və qiymətli kağızların daxil olması haqqında kreditora məlumat verir və kreditorun tələbi ilə bu pul məbləğini və ya qiymətli kağızları ona verir. Pul məbləğlərini və qiymətli kağızları öhdəliyin icrası yerinin notariusu depozitə qəbul edir. 15 noyabr 2018-ci il tarixli 1334-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsi dəyişiklik edilməklə aşağıdakı redaksiyada verilmişdir: “...Daşınmaz əmlaka və daşınar əmlakın rəsmi reyestrlərində qeydə alınan əmlaka sərəncam verilməsi, habelə pul bağışlanılması, beh və borc verilməsi, eləcə də ilkin müqavilə üzrə ödənilən məbləğlə bağlı müqavilələr notariat qaydasında təsdiq edilərkən, pul vəsaitinin tərəflərdən birinin digərinə verilməsi və qaytarılması notariusun bankda açdığı depozit hesabı vasitəsilə həyata keçirilir. Hər hansı əqdin, o cümlədən alqı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Mülki Məcəllənin 337 və 339-cu maddələrinə uyğun olaraq, aldatma bilərəkdən öz hərəkətləri ilə başqa şəxslərdə səhv fikir formalaşdırmaq və ya onların səhv fikirlərinin davam etməsinə səbəb olmaqla onların bu fikrə görə iradə ifadə etməyə sövq edilməsi və bunun nəticəsində əqdin bağlanılması hallarını ifadə edir. Aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: aldadan tərəf müqavilənin bağlanılması və xüsusilə də müqavilənin bağlanmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir, aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni, müəyyən bir müqavilənin bağlanmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formalaşdırılmış olmalıdır. Bundan başqa hər hansı müqavilənin aldadılma nəticəsində bağlanması məsələsinə baxılarkən tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri müəyyən edilməlidir. Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun hüquqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmçinin, Məcəllənin 404-cü maddəsi müqavilə şərtlərinin təfsiri zamanı məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsinin nəzərə alınmalı olduğunu müəyyən etmişdir. Məhkəmə qeyd edir ki, Sumqayıt şəhəri 3 saylı notariat kontorunda Cavabdeh1 ilə İddiaçı1 arasında 22.01.2018-ci il tarixli kredit müqaviləsi bağlanan zaman “Notariat haqqında” Azərbaycan Respublikası Qanununda iddiaçının qeyd etdiyi əsaslar üzrə, yəni ona Cavabdeh1 tərəfindən həmin miqdarda pul vəsaitinin heç bir zaman verilməməsi, pulun iddiaçının adına mədaxil edilməsi ilə bağlı heç bir sənəd və sübutun mövcud olmaması və Sumqayıt şəhəri 3 saylı Notariat Kontorunun həmin əqdi qanunsuz olaraq təsdiqləməsi, bu səbəbdən də 22.01.2018-ci il tarixdə bağlanmış kredit və ipoteka müqaviləsinin aldatma nəticəsində bağlanmış əqd olması müəyyən olunmur. Bundan başqa məhkəmə qeyd edir ki, İddiaçı1 mübahisələndirdiyi kredit və ipoteka müqavilələri üzrə hüquqlarının ehtimal olunan pozulmasından məlumatlı olmuş, o, əqdin etibarsız olması ilə bağlı tələblərini qanunla müəyyən edilmiş bir illik kəsici müddətdə məhkəmədə mübahisələndirməmişdir. Belə ki, Mülki Məcəllənin 354.2-ci maddəsinə görə maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Bu isə o deməkdir ki, həmin müddət keçdikdən sonra maraqlı şəxs bu hüququnu itirir. Məhkəmə qeyd edir ki, mübahisələndirilən kredit və ipoteka müqavilələri 22.01.2018-ci ildə tərəflərin iştirakı ilə Sumqayıt şəhəri 3 saylı Notariat Kontorunda bağlanmışdır. Odur ki, iddiaçının sözügedən müqavilədən xəbəri olmuş və müqavilələrin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində müqavilələri mübahisələndirməmiş və belə olan təqdirdə iddiaçı əqdin etibarsızlığını mübahisə etmək hüququndan istifadə etmədiyinə görə, birinci instansiya məhkəməsi həmin hissədə iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə iddia tələbinin hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi və Cavabdeh1 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə hesab edir ki, hərracla bağlı proseslər 2019-cu ilin avqust ayında yarandığından Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən mübahisəli hüquq münasibətlərinin yarandığı zaman Azərbaycan Respublikası “İpoteka haqqında” Qanununun qüvvədə olan müvafiq müddəaları tətbiq olunmalıdır. “İpoteka haqqında” Qanunun 41.3-cü maddəsinə əsasən, hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Həmin Qanunun 42.3-cü maddəsinə əsasən, istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir. Həmin Qanunun 42.4-cü maddəsinə əsasən, hərracda iştirak edən ipoteka saxlayan beh ödəmir. Hərracı udduğu halda, ipoteka saxlayan tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunur. Yenə həmin Qanunun 42.6-cı maddəsinə əsasən, hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Adı çəkilən Qanunun 42.8-ci maddəsinə əsasən, hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. “İpoteka haqqında” Qanunun 43-cü maddəsinə əsasən hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində və özünün rəsmi internet saytında məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın. “İpoteka haqqında” Qanunun 43.2-ci maddəsinə əsasən, Bu Qanunun 43.1.1 - 43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir. “İpoteka haqqında” Qanunun 43.3-cü maddəsinə əsasən, hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiyməti ilə ala bilər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsinə əsasən üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.3-cü maddəsinə əsasən əmlak satılmadıqda, həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə, əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 62.2-ci maddəsinə görə hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Mülki Məcəllənin 416-cı maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. İşin faktiki hallarından da göründüyü kimi, İddiaçı1 mülkiyyətində olan Sumqayıt şəhəri Corat bağları ərazisi, 2386E ünvanında yerləşən ümumi sahəsi 45.3 kv.m, yaşayış sahəsi 30.9 kv.m, yardımçı sahəsi 14.4 kv.m olan 2 otaqlı bağ evinin açıq hərracda satılması üçün Sumqayıt şəhəri 3 saylı Notariat Kontorunun 03.12.2018-ci il tarixli 8İ-3761 saylı icra sənədinin, Sumqayıt şəhəri üzrə İcra idarəsinin 01.05.2019-cu il tarixli 69/14 saylı sifariş məktubunun icrasına əsasən hərrac təşkil olunmuşdur. Əmlakın hərracda ilkin qiyməti 54000 manat, təkrar hərracda ilkin qiyməti 45900 manat, 25 % aşağı olan 34425 manat qiymətlə Cavabdeh1 təkilf edilmişdir. Bununla bağlı həmin tarixdə hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə imzalanmışdır. Hərrac təşkilatı qanunvericiliyin tələblərinə uyğun olaraq hərracın keçirilməsini təşkil etmiş və bununla əlaqədar tərəflərin rəsmi qeydiyyatda olduqları ünvanlara müvafiq bildirişlər göndərilmiş, qəzetlərdə elanlar vermişdir. Nəticədə ipoteka predmeti olan daşınmaz əmlak hərracda satılmamış və qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq tələbkar Cavabdeh1 təklif olunmuş, tələbkar isə həmin əmlakı qəbul edərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmışdır. Belə olan halda məhkəmə hesab edir ki, ipoteka ilə yüklü edilmiş İddiaçı1 mülkiyyətində olan Sumqayıt şəhəri Corat bağları ərazisi, 2386E ünvanında yerləşən ümumi sahəsi 45.3 kv.m, yaşayış sahəsi 30.9 kv.m, yardımçı sahəsi 14.4 kv.m olan 2 otaqlı bağ evi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun, “İpoteka haqqında” Qanunun və Azərbaycan Respublikası Mülki Məcəlləsinin yuxarıda qeyd olunan maddələrinin tələblərinə uyğun olaraq hərrac vasitəsilə tələbkara təklif edilmişdir. Bununla yanaşı məhkəmə İddiaçı1 əsas gətirdiyi, bağ evi ilə bağlı hərrac təşkilatçısının hərracın keçirilməsi barədə onlara məlumat verməməsi, hərracın onların xəbəri və iştirakı olmadan keçirilməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hərrac təşkilatı tərəflərə icra sənədi üzrə borclu və tələbkara təqdim etdikləri rəsmi ünvan üzrə bir neçə dəfə rəsmi qaydada xəbərnaməli bildirişlər göndərmiş, həmin ünvanda yaşayan şəxslər tərəfindən imza edilərək qəbul edilmiş və qeyd olunan poçt göndərişləri ilə bağlı xəbərnamələr məhkəmə iclasında tərəflərin iştirakı ilə tədqiq edilmiş, nəticədə ipoteka predmeti olan daşınmaz əmlak qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq tələbkara təklif olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, “xxxx” MMC tərəfindən hərrac barədə bildirişlər İddiaçı1 həm qeydiyyatda olduğu ünvan 2 ünvanı üzrə, həm də yaşadığı Sumqayıt şəhəri Corat bağları ərazisi, 2386E ünvanı üzrə göndərilmişdir. Bildirişlərin çatdırılması barədə kuryer xidmətləri üçün mədaxil qəbzinin talonlarından görünür ki, həmin bildirişlərdən birini iddiaçının oğlu Ələnur Qədirov, qalan bildirişləri isə “Əliyeva” soyadlı şəxs qəbul etmişdir. Talonların birində “ünvan tam deyil”, başqa birində isə “qapı bağlıdır” sözləri yazılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, hərrac təşkilatı ipoteka qoyan İddiaçı1 hər iki ünvanı üzrə hərrac barədə bildirişləri göndərməklə üzərinə düşən vəzifəni yerinə yetirmişdir. Məhkəmə araşdırması zamanı İddiaçı1 ünvanları üzrə bildirişləri qəbul etmiş “Əliyeva” soyadlı şəxsin kimliyini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə xətşünaslıq ekspertizasının rəyinə əsasən həmin bildirişlərdə “Əliyeva” sözü, habelə qarşısındakı imza və rəqəmlərin İddiaçı1 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunması hərracın etibarsız hesab olunmasına əsas verir. Kollegiya həmçinin qeyd edir ki, bildirişlərdən birini iddiaçının oğlu imza etməklə qəbul etmişdir. Bundan əlavə, İddiaçı1 kredit müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirmədiyini özü də etiraf edir. Bundan əlavə, İddiaçı1 bəlli idi ki, kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmədiyi təqdirdə ipoteka predmeti olan bağ evinə tutma yönəldilə bilər. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, hərracın yekunları barədə 07 avqust 2019-cu il tarixli 51/06 saylı Protokolun etibarsız hesab edilməsi üçün əsaslar müəyyən edilmədiyindən, birinci instansiya məhkəməsi həmin hissədə, habelə ondan irəli gələn daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğvi hissəsində iddia tələbini təmin etməməkdə də haqlı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməklə mübahisənin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 fevral 2020-ci il tarixli 2(005)- 652/2020 saylı qətnaməsi İddiaçı1 apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş pul apellyatora aid edilsin. İş üzrə məhkəmə xətşünaslıq ekspertizasının keçirilməsinə sərf olunmuş 100 manat pul İddiaçı1 tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-394/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-394/2021
02.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver