Məhkəmə qərarları › İş №2(103)-394/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-394/2025

02.12.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-394/2025 02.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "X2 Ltd" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının Cavabdeh qarşı (Açar sözlər: özbaşına tikilinin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin istifadəsinə qaytarılması) Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X4 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Cəfərli Pəri İlham qızının katibliyi ilə, İddiaçı "X2 Ltd" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı "X2 Ltd" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının Cavabdeh qarşı “tikilinin özbaşına tikili hesab edilərək sökülməsi və zəbt olunmuş torpaq sahəsinin filialın istifadəsinə qaytarılması” tələbinə dair mülk iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4348/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "xxxx" Ortaq Şirkəti arasında 03 iyun 2010-cu il tarixdə bağlanmış “Azərbaycan Respublikasında Balaxanı-Sabunçu- Ramana və Kürdəxanı neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bolgüsü haqqında” Sazişə müvafiq olaraq Balaxanı blokunda neft və qaz əməliyyatlarının aparılması səlahiyyəti kontraktla “X3 LTD” Şirkətinin Azərbaycan Respublikasındakı filialına verilmişdir.

2. İddiaçı tərəfindən əldə edilmiş «X6 və Ekspertiza Mərkəzi» MMC-nin xx.xx.2024cü il tarixli 109 №-li mütəxəssis rəyindən görünür ki, Cavabdehnun 39 T 411241.17 m B - 4478130,14 m C koordinatlar üzrə yerləşən torpaq sahəsində inşa etdiyi fərdi yaşayış evi “X3 LTD” Şirkətinin Azərbaycan Respublikasındakı filialının, 1 saylı NQÇS-nin, “X3 LTD” Şirkətinə ayrılmış torpaq sahəsinin hüdudları daxilində yerləşir.

3. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri püblik hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyinə əsasən, mübahisəli torpaq sahəsinin üzərində fərdi yaşayış evi və köməkçi tikili mövcuddur. Sözügedən ərazinin (torpaq sahəsinin) koordinatları əlavə olunmuşdur. Həmin torpaq sahəsi vahid elektron kadastr baza məlumatlarına əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin qaz-neft əməliyyatlarının aparılması üçün istifadəsində olan “Kontrakt sahəsi”nin hüdudları daxilində yerləşir (Balaxanı Oil Ə.Ş). Göstərilən ərazi “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla dövlət mülkiyyəti torpağıdır. Bundan əlavə ərazinin yaxınlığında çox sayda ləğv olunmuş neft quyuları yerləşir.

4. Həmçinin, cavabdeh tərəfindən apellyasiya şikayətinə əlavə olunmuş, Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 16 dekabr 2005-ci il tarixli, 2-2637/05 saylı qətnaməsindən görünür ki, X5 Bakı şəhəri, Sabunçu qəsəbəsi, Q.Vəzriv küçəsi, döngə 2, 32 “b” saylı evə pasport qeydiyyatına alınması qət olunmuşdur.

Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı “X3 LTD” Şirkəti Cavabdeh qarşı iddia ərizəsi və tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə ilə məhkəməyə müraciət edərək “X3 LTD” Şirkətinin Azərbaycan Respublikasındakı filialının 1 saylı neft-qaz çıxarma sexinin 39 T 411241.17 m B - 4478130,14 m C koordinatlar üzrə yerləşən torpaq sahəsində inşa olunmuş tikilinin özbaşına tikili sayılaraq, sökülməsi və zəbt olunmuş torpaq sahəsinin filialın istifadəsinə qaytarılması, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "xxxx" Ortaq Şirkəti arasında 03 iyun 2010-cu il tarixdə bağlanmış “Azərbaycan Respublikasında Balaxanı-Sabunçu-Ramana və Kürdəxanı neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bolgüsü haqqında” Sazişə müvafiq olaraq Balaxanı blokunda neft və qaz əməliyyatlarının aparılması səlahiyyəti kontraktla “X3 LTD” Şirkətinin Azərbaycan Respublikasındakı filialına verilmişdir. Hal-hazırda iddiaçının istifadəsində olan torpaq sahələrinin müxtəlif şəxslər tərəfindən zəbt edilməsi, özbaşına olaraq tikinti aparılması onların qanunla qorunan hüquqlarını pozur. Həmin şəxslərə qanunsuz hərəkətlərinin və tikintinin dayandırılması, tikilmiş evlərin sökülməsi, həmin sahələrinin boşaldılması barədə dəfələrlə yazılı və şifahi xəbərdarlıq etsə də, cavabdehlər onların haqlı tələblərinə əhəmiyyət verməyərək tikintini davam etdirirlər. xx.xx.2024-cü il tarixdə “X3 LTD” Şirkətinin Azərbaycan Respublikasındakı filialının 1 saylı neft-qaz çıxarma sexinin, 39 T 411241.17 m B - 4478130,14 m C koordinatlar üzrə yerləşən ərazidə özbaşına tikinti aşkarlanmışdır. Tikinti aparan şəxs vətəndaş Cavabdeh nə torpaq sahəsinə, nə də tikintiyə dair heç bir sənəd təqdim etməmişdir. Belə ki, dərhal Cavabdeh tikintinin qanunsuz olduğu izah edilərək, mübahisə qanuni yolla həll olunana qədər tikinti işlərinin dayandırılması barədə xəbərdarlıq edilmişdir. Həmçinin “X3 LTD” şirkətinin qarşısında yaxın müddət ərzində neft-qaz hasilatının maksimum səviyyəyə qaldırılması məsələsi qoyulmuş və buna uyğun proqram hazırlanmışdır. Lakin yuxarıda qeyd edilənlərə bağlı hal-hazırda həmin proqramin yerinə yetirilməsində müəyyən çətinliklərlə üzləşir. Mədən ərazilərində gedən hər hansı tikinti neft quyularına xüsusi cihazlarla yaxınlaşmağı mümkünsüz edir. Yeni quyunun qazılması üçün lazım olan sahələrin seçilməsi, quyularda keçiriləcək geoloji-texniki tədbirlərin həyata keçirilməsi mümkün olmur. Cavabdehin zəbt etdiyi mübahisəli torpaq sahəsi dövlətin müstəsna mülkiyyətinə aid torpaq sahəsidir. Cavabdehin hər hansı bir hüquq müəyyənedici sənədi yoxdur. Mübahisəli tikili isə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və lazımi layihə-smeta sənədləri tərtib edilmədən inşa edilmiş qanunsuz tikilidir.

7. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)- 4348/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir (hakim Əsədova Tahirə).

8. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək qeyd etmişdir ki, məhkəmənin sorğusuna əsasən «X6 və Ekspertiza Mərkəzi» MMC tərəfindən məhkəməyə xx.xx.2024-cü il tarixli 109 №-li mütəxəssis rəyi təqdim olunmuşdur. Həmin rəydən və əlavə olunmuş sənədlərdən göründüyü kimi Cavabdehnun 39 T 411241.17 m B - 4478130,14 m C koordinatlar üzrə yerləşən torpaq sahəsində inşa etdiyi fərdi yaşayış evi iddiaçıya ayrılmış torpaq sahəsinin hüdudları daxilində yerləşir. torpaq sahələrinin özbaşına tutulmasında, torpaq sahələrində qanunsuz tikintinin aparılmasında təqsiri olan şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. İddia olunan torpaq sahəsi “X3 LTD” Şirkətinin sahibliyindədir, həmin torpaq sahəsinə və orada inşa edilmiş tikiliyə cavabdehin hüquqlarını təsdiq edən hər hansı sübut yoxdur.

9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1, 180.2, 180.4, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 55, 56.1, “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1, 3 və s. əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) apellyasiya şikayətinin dəlilləri

10. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Apellyasiya şikayəti – qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə çıxarılması, məhkəmə iclasında iştirakının təmin olunmaması, iddiaçının iddia etdiyi tikilinin onun tərəfindən inşa olunmaması, hazır şəkildə satın alması, uzun müddətdir həmin ünvanda yaşaması, eyni zamanda Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 16 dekabr 2005-ci il tarixli, 2-2637/05 saylı qətnaməsi ilə onun - Bakı şəhəri, Sabunçu qəsəbəsi, Q.Vəzriv küçəsi, döngə 2,32 “b” saylı evə pasport qeydiyyatına alınması və s. kimi əsaslandırmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasında cavabdeh apellyasiya şikayətini müdafiə edərək, orda göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, o, hazırda sökülməsi tələb olunan özbaşına tikilini özü inşa etməmiş, hazır tikili kimi almış, evdə qızları və nəvələri ilə birgə yaşayır. İddiaçının nümayəndələri əvvəllər də bir dəfə yaxınlaşmış, hazırda isə evin dam örtüyünü təzələmək istədikdə cavabdeh onu məhkəməyə vermişdir. Evinin ətrafında çoxlu digər evlər də vardır. Həmçinin, evinə yaxın ərazilərdə neft quyuları olsa da, onlardan yalnız biri fəaliyyət göstərir, onun evi ilə quyu arasında isə təxmini 100 metr məsafə vardır. O, məhkəmə qətnaməsi ilə evə qeydiyyata alınmış, əlavə sənədi mövcud deyildir.

13. Məhkəmə iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, iddia ərizəsində göstərilən və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, cavabdehin evinə yaxın hazırda 3 işlək quyu, həmçinin fəaliyyətini bitirmiş digər quyular da vardır. Həmin ərazidə tək cavabdehin deyil, digər şəxslərində evə qeydiyyata düşmələri barədə məhkəmə qərarları vardır. Həmin qərarların olması, eləcə də bələdiyyənin evə dair sənəd verməsi həmin torpaqların dövlətə məxsus olması, həmçinin iddiaçı şirkətin qanuni istifadəsində olması reallığını dəyişdirmir. Bununla yanaşı, hazırda cavabdehin çıxarılmasını tələb etdikləri tikili ilə Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 16 dekabr 2005-ci il tarixli, 2-2637/05 saylı qətnaməsində göstərilən tikililər eyni tikili və ünvan olmamaqla, fərqli tikillərdir. Qeyd olunanlara əsasən, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla); 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır; 180.2-ci maddəsinə əsasən ğzbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur; 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

15. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 46.1-ci maddəsinə əsasən dövlət mülkiyyətində olan torpaqlara dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlət mülkiyyətində olan torpaqlara daxildir. 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

16. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununun: 2-ci maddəsinin 1-ci bəndinə əsasən əhali və ətraf mühit üçün təhlükə yaradan partlayışyanğın, radioaktiv və ionlaşdırıcı şüa mənbələrinin, zəhərləyici maddələrin əldə olunması, hazırlanması, emalı, daşınması, istifadə edilməsi və ləğvi ilə məşğul olan istehsal, təchizat, nəqliyyat və sosial təyinatlı obyektlər təhlükə potensiallı obyektlər hesab edilir. 3-cü maddəsinin 1-ci bəndinə əsasən texniki təhlükəsizlik tələbləri bu qanunla, Azərbaycan Respublikasının digər normativ-hüquqi aktları ilə, habelə texnikinormativ sənədlərlə müəyyənləşdirilən, mövcud qaydada qəbul olunan və texniki təhlükəsizliyi təmin edən şərtlərdən, qadağalardan, məhdudiyyətlərdən və yerinə yetirilməsi məcburi olan digər tələblərdən ibarətdir.

17. Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsi üzrə Avropa Məhkəməsinin president təcrübəsi: - Avropa İnsan Hüquqları Məhkəməsi «Gillounun işi»nə dair qərarında göstərmişdir ki, həmin işdə ərizəçilər evlərində 1958-ci ildə məskunlaşmış, işləmək üçün xaricə getməzdən əvvəl orada iki il yaşamış və evdə olmadıqları müddətdə mebellərini evdə saxlamışlar. Xaricdə olarkən onlar Birləşmiş Krallığa qayıtdıqdan sonra həmin evdə yaşayacaqları barədə niyyətlərini ifadə etmişdilər. Sonralar 1979-cu ildə geriyə qayıtdıqdan sonra onlar yenidən həmin evdə məskunlaşmış və onların Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulmuş hüquqlarına müdaxilə baş verənə qədər bir neçə ay orada yaşamışdılar. Məhkəmə müəyyən etmişdir ki, həmin işdə ərizəçilər sözügedən evdə özlərinə «mənzil» qurmuşdular və onların həmin mənzillə kifayət qədər davamlı əlaqələri vardır (Bax: Valentina Akimova Azərbaycana qarşı 1985/03 saylı ərizənin qəbul edilənliyinə dair Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2006-cı il tarixli qərarı, 3-cü bənd, 3 və 4-cü abzaslar). - “Əhmədova Azərbaycana qarşı” işi üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli qərarının məzmunundan müəyyən olunur ki, Avropa Məhkəməsi ərizəçinin yaşadığı tikilinin milli qanunvericiliyə əsasən özbaşına tikili olması baxımından onun sökülməsinə dair qərarın qəbulunda İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən etməmişdir. Bununla yanaşı, Avropa Məhkəməsi qərarında Konvensiyanın 8-ci maddəsi baxımından qiymətləndirmə apararkən işə baxan məhkəmələrin iddianın təmin edilməsinin qarşıya qoyulan məqsədə münasibətdə mütənasibliyinin qiymətləndirilməsi istiqamətində zəruri araşdırmanın aparılmadığını göstərmişdir. Qərarda qeyd edilmişdir ki, mütənasiblik aidiyyəti orqanların geri almaq istədiyi torpağın hansı məqsədlə istifadə ediləcəyi ilə ayrılmaz şəkildə bağlıdır. Nə iddiaçı milli məhkəmələrdə qaldırdığı iddiasında, nə də hökumət öz təqdimatlarında torpağın təcili olaraq neft əməliyyatları və ya hər hansı digər işlənmə məqsədləri üçün lazım olduğunu iddia etməmişdirlər. Digər tərəfdən, alternativ mənzilin ərizəçi üçün əlçatan olduğunu hesab etmək üçün prosedurun olması da müəyyən edilməmişdir. Hökumət sosial sığınacaqda müvəqqəti qalmağın alternativ yaşayış imkanlarının araşdırılıması üçün hər hansı prosedur olmadığı halda hazırkı şəraitdə mütənasiblik tələbini ödəyən həll yolu kimi qəbul edilə biləcəyini bildirməmişdir. Belə şəraitdə ərizəçiyə müdaxilənin mütənasibliyinə, yəni şəxsi şəraiti nəzərə alınmaqla onun sözügedən evdən çıxarılmasına adekvat baxış əldə etməyə imkan verən prosedur təmin edilməmişdir. Buna görə də Məhkəmə, köçürülmə qərarı belə bir yoxlama olmadan icra olunduğu halda Konvensiyanın 8-ci maddəsinin pozulacağını hesab etmişdir.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 220.6-cı maddəsinə əsasən məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

20. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, iddianın təmin edilməməsi xahiş olunduğundan, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalı, bununla yanaşı qətnamənin icra qaydası (müddəti) müəyyən olunmalıdır.

22. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki halları ondan ibarətdir ki, Cavabdeh məxsus özbaşına tikilinin yerləşdiyi torpaq sahəsi iddiaçı "X2 Ltd" Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin qanuni istifadəsinə verilmişdir. Cavabdeh nə torpaq sahəsi, nə də ki, onun üzərində yerləşən tikililər, o cümlədən fərdi yaşayış evi üzərində mülkiyyət hüququ yoxdur (qeyd olunan hallar işdə iştirak edən iş üzrə tərəflər tərəfindən də mübahisələndirilməmişdir).

23. İşdə olan mütəxəssis rəylərindən də görünür ki, torpaq sahəsinin üzərində fərdi yaşayış evi və köməkçi tikili mövcuddur. Həmin torpaq sahəsi dövlət mülkiyyətində olmaqla, vahid elektron kadastr baza məlumatlarına əsasən ərazi cavabdehin istifadəsinə verilmişdir. Göstərilən ərazi “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla dövlət mülkiyyəti torpağıdır. Bundan əlavə ərazinin yaxınlığında çox sayda ləğv olunmuş neft quyuları yerləşir.

24. Cavabdehin təqdim etdiyi məhkəmə qətnaməsi isə yaşayış sahəsinə pasport qeydiyyatına alınması barədə olmaqla, özbaşına tikili üzərində əşya hüquqlarını ehtiva etmir.

25. Göründüyü kimi, mübahisələndirilən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin daimi istifadəsində olan ("X2 Ltd" Şirkətinin Azərbaycan Respublikasındakı Filialına aid) ərazinin hüdudları daxilində yerləşir. Eyni zamanda həmin torpaq sahəsində cavabdehin istifadəsində olan özbaşına tikii mövcuddur.

26. Digər tərəfdən “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 may 2001-ci il tarixli qərarına əsasən neft və qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir.

27. Həmçinin, iş üzrə tərəflərin izahatından da göründüyü kimi, iddiaçı həmin ərazidə neft və qazın hasilatı ilə məşğuldur və hazırda bəzi aktiv quyular vardır. Belə olan halda, iddiaçının neft-qazın hasilatı ilə bağlı qarşıya qoyulmuş məqsədə çatmaqda çətinlik yaratmaqla (yeni quyuların qazılması üçün lazım olan sahələrin seçilməsi, quyularda keçiriləcək geoloji-texniki tədbirlərin həyata keçirilməsi və s.) əhalinin həyat və sağlamlığı və ətraf mühit üçün təhlükə yaratmaqdadır.

28. Lakin işin hallarından və təqdim olunmuş sübutlardan açıq-aydın müəyyən edilir ki, cavabdeh həmin ərazidə uzun müddət məskunlaşmaqla, yaxınlıqda digər yaşayış sahələri də mövcuddur.

29. Bununla yanaşı, mütəxəssis rəyindən də göründüyü kimi, mübahisəli ərazinin yaxınlığında çox sayda ləğv olunmuş neft quyuları yerləşir.

30. Qeyd olunmalıdır ki, “Əhmədova Azərbaycana qarşı” işi üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli qərarının məzmunundan müəyyən olunur ki, Avropa Məhkəməsi ərizəçinin yaşadığı tikilinin milli qanunvericiliyə əsasən özbaşına tikili olması baxımından onun sökülməsinə dair qərarın qəbulunda “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən etməmişdir. Bununla yanaşı, Avropa Məhkəməsi qərarında Konvensiyanın 8-ci maddəsi baxımından qiymətləndirmə apararkən işə baxan məhkəmələrin iddianın təmin edilməsinin qarşıya qoyulan məqsədə münasibətdə mütənasibliyinin qiymətləndirilməsi istiqamətində zəruri araşdırmanın aparılmadığını göstərmişdir. Qərarda qeyd edilmişdir ki, mütənasiblik aidiyyəti orqanların geri almaq istədiyi torpağın hansı məqsədlə istifadə ediləcəyi ilə ayrılmaz şəkildə bağlıdır. Nə iddiaçı milli məhkəmələrdə qaldırdığı iddiasında, nə də hökumət öz təqdimatlarında torpağın təcili olaraq neft əməliyyatları və ya hər hansı digər işlənmə məqsədləri üçün lazım olduğunu iddia etməmişlər. Digər tərəfdən, alternativ mənzilin ərizəçi üçün əlçatan olduğunu hesab etmək üçün prosedurun olması da müəyyən edilməmişdir. Hökumət sosial sığınacaqda müvəqqəti qalmağın alternativ yaşayış imkanlarının araşdırılıması üçün hər hansı prosedur olmadığı halda hazırkı şəraitdə mütənasiblik tələbini ödəyən həll yolu kimi qəbul edilə biləcəyini bildirməmişdir. Belə şəraitdə ərizəçiyə müdaxilənin mütənasibliyinə, yəni şəxsi şəraiti nəzərə alınmaqla onun sözügedən evdən çıxarılmasına adekvat baxış əldə etməyə imkan verən prosedur təmin edilməmişdir. Buna görə də Məhkəmə, köçürülmə qərarının belə bir yoxlama olmadan icra olunduğu halda Konvensiyanın 8-ci maddəsinin pozulacağını hesab etmişdir.

31. Göründüyü kimi, Avropa Məhkəməsi istinad edilən qərarında özbaşına tikiliyə mülkiyyət kimi yanaşmayaraq, iş üzrə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən etməmiş və mövcud şəraitdə neft-qaz əməliyyatları üçün ayrılmış torpaq sahələrində yaşayış sahəsi kimi istifadə olunan özbaşına tikililərin kompensasiya ödənilmədən sökülməsi və həmin sahələrdə yaşayan şəxslərin köçürülməsinə dair iddiaların təmin edilməsini istisna etməmişdir.

32. Bununla yanaşı, Konvensiyanın 8-ci maddəsi ilə qorunan mənzil hüququna müdaxilənin mütənasibliyinin yoxlanılması ilə bağlı qərarda qeyd olunanlar, məhkəmələrin yaşayış sahəsi kimi istifadə olunan özbaşına tikililərin sökülməsi və həmin sahələrdə yaşayan şəxslərin köçürülməsi tələbinə dair analoji işlərə baxarkən bir sıra məsələlərin nəzərə alınmasını tələb edir.

33. Belə ki, məhkəmələr ilk növbədə tikililərin sökülməsi və cavabdehlərin çıxarılmaşı tələblərinin icrasının təcililiyi ilə bağlı zərurətin mövcudluğuna dair iddiaçının dəlilləri üzrə araşdırma aparmalı, bu halın mövcud olmadığı, habelə öz təsdiqini tapmadığı halda isə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.6-cı maddəsində nəzərdə tutulmuş imkandan istifadə etməklə, qətnamənin icrası müddətinin müəyyənləşdirilməsinə dair məsələni müzakirə etməlidirlər.

34. Məhkəmə araşdırması zamanı iddiaçı nə iddia ərizəsində, nə də məhkəmə baxışı zamanı sökülməsi iddia olunan müvafiq yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin təcili olaraq neft əməliyyatları və ya hər hansı digər işlənmə məqsədləri üçün lazım olduğunu göstərməmişdir (iddia etməmişdir), bu istiqamətdə məhkəməyə sübut təqdim etməmişdir.

35. Beləliklə, məhkəmə kollegiyası qanunvericiliyin qeyd olunan müddəalarına və işin faktiki hallarına əsasən hesab edir ki, iddia tələbi əsaslı olsa da, “Əhmədova Azərbaycana qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 18 noyabr 2021ci il tarixli qərarında nəzərdə tutulmuş, qətnamənin icrası müddətinin müəyyənləşdirilməsi ilə bağlı mövqeyinə əsasən, müvafiq tikilinin hazırda cavabdehin yaşayışını təmin edən tikili olması nəzərə alınmaqla, həmin tikilinin sökülməsi və torpaq sahəsinin iddiaçıya qaytarılması ilə bağlı qətnamənin icrası - həmin ərazidə neft-qaz hasilatının təmin edilməsi üçün nəzərdə tutulmuş əməliyyatların başladığı zaman icra edilməlidir.

36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci, 382-ci, 384-385-ci, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ:

İddiaçı "X2 Ltd" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının Cavabdeh qarşı “tikilinin özbaşına tikili hesab edilərək sökülməsi və zəbt olunmuş torpaq sahəsinin filialın istifadəsinə qaytarılması” tələbinə dair mülk iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4348/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4348/2024 nömrəli, xx.xx.2024cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamənin icra qaydası (müddəti) müəyyən edilsin. “X3 LTD” Şirkətinin Azərbaycan Respublikasındakı filialının 1 saylı neft-qaz çıxarma sexinin 39 T 411241.17 m B - 4478130,14 m C koordinatlar üzrə yerləşən torpaq sahəsində inşa olunmuş özbaşına tikilinin Cavabdeh hesabına sökülməsi həmin ərazidə neft-qaz hasilatının təmin edilməsi üçün nəzərdə tutulmuş əməliyyatların başlandığı zaman icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar