Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3942/2020 16.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi və Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(010)-790/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh tərəfindən tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı xx xxxxxxxx 2018-ci il tarixli akta əsasən, **********00000 saylı abonent İddiaçı qanunsuz olaraq hesablanmış 1944 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Cavabdeh əməkdaşları onu rəsmi qaydada xəbərdar etmədən və onun iştirakını təmin etmədən yaşadığı evdə quraşdırılmış qaz sayğacını sökərək yeni qaz sayğacı quraşdırmış, sonradan ona məlum olmuşdur ki, sökülən qaz sayğacı ekspertizaya aparılmış və yararsız hesab edilmişdir. Bu barədə onun barəsində təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı xx xxxxxxxx 2018-ci il tarixli akt tərtib olunmuş, aktda qeyd olunmuşdur ki, sayğacın çıxış plastmas borusu deşilmişdir. Tərtib olunmuş akt əsasında ona 1944 manat məbləğində ziyan hesablanmışdır. Hesab edir ki, onun barəsində tərtib olunmuş akt əsassız və qanunsuzdur. Buna görə də ona hesablanmış 1944 manat borc silinməlidir. Belə ki, Cavabdeh əməkdaşları tərəfindən sayğacın necə sökülməsi, köhnə sayğacla necə davranmaları ona məlum deyil. Sayğacda deşiyin yaranması cavabdeh qurumun əməkdaşlarının sayğacı sökən zaman səliqəsiz və diqqətsiz davranmaları nəticəsində yarana bilər. Həmin sayğac hamı üçün əlçatan yerdədir. Sayğacı yoldan keçən istənilən şəxs zədələyə bilər. Onun tərəfindən sayğaca heç bir müdaxilə edilməmişdir. Cavabdeh təşkilat ona əsassız borc hesablamaqla hüquqdan suiistifadə etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(010)- 790/2020 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh tərəfindən İddiaçı **********00000 saylı abunə koduna hesablanmış 1944 manat məbləğində borcun silinməsi qət edilmişdir. Həmin qətnamədən cavabdehapelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, abonent tərəfindən qaz sayğacına müdaxilə olunmaqla təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunmasına baxmayaraq, birinci instansiya məhkəməsi maddi hüquq normalarını pozaraq əsassız olaraq iddianı təmin etmişdir. Belə ki, İddiaçı yaşadığı evdə quraşdırılmış qaz sayğacı Birliyin əməkdaşları tərəfindən akt tərtib edilərək çıxarılmış, yeni qaz sayğacı ilə əvəz edilmişdir. Ünvandan çıxarılmış sayğac dövlət yoxlamasından keçirilməsi üçün İnformasiya Texnologiyaları və Rabitə İdarəsinə göndərilmiş, həmin İdarənin rəyinə əsasən qaz sayğacına müdaxilə olunduğu və sayğacın istismara yararsız olduğu aşkar olunmuşdur. Bu səbəbdən də itirilmiş qazın sərfiyyatına görə 1944 manat borc abonentdən tələb edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında” xx.xx.2011-ci il tarixli 80 saylı Qərarında vətəndaşın laboratoriyada keçirilən yoxlamada iştirakının Birlik tərəfindən təmin olunması qeyd olunmamışdır. Məhkəməyə təqdim olunmuş laboratoriyanın rəyindən də aydın görünür ki, sayğaclar yoxlamaya gedərkən kütləvi şəkildə yoxlanılır və yalnız sayğacın nömrəsi qeyd olunmaqla orada vətəndaş və ünvanı barədə məlumat olmur. Bununla da yoxlamanın şəffaf keçirildiyi öz təsdiqini tapır. Laboratoriya rəyində sayğaca müdaxilə aşkar göründüyü halda, məhkəmə bunu ağlabatan hesab etməmişdir. Belə olan halda, hər kəsin sayğaca müdaxilə etməsi və ödəniş etmədən təbii qazdan istifadə edib dövlət əmlakını yararsız hala salması mümkündür. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(010)-790/2020 saylıqətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş abonentin saldosundan görünür ki, abonentin 1944 manat borcu var. İş materialları ilə müəyyən edilmişdir ki Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi Q.Quliyev küçəsi, 45 ünvanında yerləşən sifarişçi (istehlakçı) İddiaçı aid qaz sayğacı yaranmış problemlə əlaqədar yenisi ilə əvəz edildikdən sonra yoxlanılması üçün sayğac çıxarılaraq ekspertizaya göndərilmişdir. Müvafiq qurumun verdiyi rəyə əsasən sayğacın çıxış plastmas borusunun deşilməsi qeyd edilmişdir. Buna görə cavabdeh tərəfindən iddiaçıdan itirilmiş qazın bərpası məqsədilə 1944 manat borc tələb edilmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında” xx.xx.2011-ci il tarixli 80 saylı Qərarının 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.6-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3-cü və 560.3.5.2.-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. İşin halları ilə müəyyən olunur ki, iddiaçının mənzilində quraşdırdığı sayğacın yararsız olmasını müəyyən edən cavabdeh həmin sayğacı yenisi ilə əvəz edərək iddiaçının təqsirini sübuta yetirmədən ondan itirilmiş qazın sərfiyyatına görə dəyən ziyanı tələb edir. Yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə qaz abonenti cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan cavabdeh özü daşıyır. Cavabdeh tərəf qaz abonenti tərəfindən sayğacın yararsız hala salınmasını göstərsə də, həmin faktı təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, sayğacın yararsız hala düşməsində iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlamasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, itirilmiş qazın bərpası məqsədilə cavabdeh tərəfindən iddiaçının abunə koduna hesablanmış 1944 manat borcun silinməsi barədə iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Apelyasiya şikayətinin dəlillərinə gəldikdə isə kollegiya qeyd edir ki, apelyasiya şikayətində göstərilənlər formal mülahizələrdən ibarət olmaqla əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası MPM-in 404-1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(010)- 790/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu Cavabdeh İB-yə aid edilsin. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-3942/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3942/2020
16.06.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver