Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3944/2023 19.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh ASC-yə qarşı mülki iş (Açar sözlər: «borcun silinməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1335/2023 saylı, 19 aprel 2023cü il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh ASC tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. 30616236 nömrəli xx.xx.2012-ci il müqaviləyə əsasən, abonent kodu **********310 nömrəli olan abonentin 2016-2022-ci illər üzrə Cavabdeh ASC-yə yekun borcu 2580,07 (iki min beş yüz səksən manat yeddi qəpik) manat təşkil edir.
2. Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 436 nömrəli arayışda İddiaçı ünvan 1 ünvanında yerləşən mənzildə ailə üzvü ilə birlikdə yaşayır. Sözügedən ünvanda xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək yaşayış olmamış, mənzildə heç kim yaşamamışdır.
Birinci instansiya məhkəməsində icraat:
3. İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilə əsassız olaraq borc kimi yazılmış 2580,07 (iki min beş yüz səksən manat yeddi qəpik) manat borcun silinməsini xahiş etmişdir.
4. İddiada göstərilir ki, onun yaşayış yeri üzrə mənzildə bir neçə il yaşayış olmamışdır. Bu hal müvafiq aktla da öz təsdiqini tapır. Müvafiq borcun hesablanması əsası kimi xx.xx.2022-ci il tarixli 32260/0230196 nömrəli rəyə əsasən müəyyən edilir ki, sözügedən ünvan üzrə suölçən cihaz istismara yararsız olması çıxış edir. Həmin sayğac mənzildə xeyli kənarda, küçədə quraşdırılmışdır, sayğaca hər hansı müdaxilə olmuşdursa da, həmin müdaxiləni ev sahibi və ya evdəki sakinlər etməmişdir. Bir neçə il yaşayış olmayan mənzildə göstərilən miqdarda sudan istifadə olunması absurd və əsassızdır.
5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1335/2023 saylı, 19 aprel 2023-cü il tarixli qətnaməsi (hakim Fariz Əlizadə) ilə iddia tələbinin qismən təmin edilərək İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən mənzilə 2021 və 2022-ci illər üzrə hesablanmış 1060,81 (min altmış manat səksən bir qəpik) manat məbləğində borcun abonentin hesabından silinməsi vəzifəsinin Cavabdeh ASC-nin üzərinə qoyulması; iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi qənaətində göstərir ki, tərəflər arasındakı münasibətlər müqavilə üzrə öhdəlik münasibətləridir və mübahisənin hüquqi əsasını məhz 30616236 nömrəli xx.xx.2012-ci il müqavilə üzrə münasibətlər təşkil edir. Müqavilə münasibətləri üzrə abonent istifadə etdiyi suyun ödənişini müqavilədə nəzərdə tutulmuş şərtlər çərçivəsində Cavabdeh ASC-yə ödəməlidir. xx.xx.2022-ci il tarixli 32260/0230196 nömrəli rəyə əsasən ünvan üzrə suölçən cihazın (sayğac) istismara yararsız olması müəyyən edilir. Lakin sözügedən rəydə sayğacın konkret olaraq hansı tarixdən etibarən yararsız olmasını müəyyən etmək mümkün olmamışdır. Beləliklə, sayğacın yararsızlığı rəyin qəbul edilmə tarixindən hesablanmalıdır. xx.xx.2022-ci il tarixdə tərtib edilmiş rəyin 7 il əvvələ, yəni 2016-cı ildən etibarən tətbiq olunaraq əsaslı hesab edilməsi xüsusatını məhkəmə əsaslı hesab etmir. Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 436 nömrəli arayışına əsasən müəyyən edilmişdir ki, sözügedən mənzildə 2021-2022-ci illər üzrə heç kim yaşamamışdır. İş materiallarına əsasən müəyyən edilmişdir ki, 2021-ci il üzrə ümumi borc 411,81 (dörd yüz on bir manat səksən bir qəpik) manat, 2022-ci il üzrə 649 (altı yüz qırx doqquz) manat təşkil edir. Nəzərə almaq lazımdır ki, rəyin tərtib edilmə tarixi xx.xx.2022-ci ildir, borc məbləği isə 2016-2022-ci illəri əhatə edir. Beləliklə, məhkəmə hesab etmişdir ki, 2021 və 2022-ci illər üzrə sözügedən mənzildə yaşayış olmadığından mənzil üzrə su sayğacı tərəfindən hesablanmış ümumilikdə 1060,81 (411,81+649) (min altmış manat səksən bir qəpik) manat borc silinməlidir. Göstərilən xüsusatlarla bağlı 2021-2022-ci illər üzrə borcun silinməsinə münasibətdə təkzibetmə yükü cavabdehin üzərində olsa da, həmin funksiya cavabdeh tərəfindən yerinə yetirilməmiş, müvafiq sübutlar məhkəməyə təqdim edilməmişdir. Lakin 2016-2020-ci illər üzrə hesablanmış borcun silinməsini məhkəmə məqsədə müvafiq hesab etmir. Məhkəmə qeyd etmişdir ki, məhkəmə qətnaməsi qanuni və əsaslı olmalı, sübutlara əsaslanmalıdır. Belə ki, sözügedən mənzil üzrə sayğacın hansı tarixdən etibarən yararsız olması faktını müəyyən etmək mümkün olmamışdır. Lakin 2016-2020-ci illər üzrə həmin mənzil üzrə sudan istifadə olunması mübahisəsiz haldır. Bu səbəbdən, 2016-2020-ci illər üzrə hansı məbləğdə sudan faktiki olaraq istifadə olunması və sayğac tərəfindən hansı məbləğdə artıq borcun hesablanmasını müəyyən etmək mümkün olmamış, qeyd olunan xüsusatlar iddiaçı tərəfindən sübuta yetirilməmişdir.
Apellyasiya şikayətlərinin və onlara qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətlərinin dəlilləri
7. İddiaçı apellyasiya şikayətində qətnamənin qismən – iddiasının təmin olunmayam hissəsində ləğv edilərək iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş edib şikayətində göstərir ki, sayğac xətanın təyini üçün yararlı olmadığı, 2021-ci il tarixdən 2023-cü il tarixdək mənzildə heç kim yaşamadığı, borcun olması barədə cavabdeh tərəfindən hər ay bildiriş göndərilmədiyi (əgər borc var idisə cavabdeh bu barədə hər ay bildiriş təqdim etməli idi), sayğac istismara yararsız olduğu və bunda nə onun, nə anasının təqsiri olmadığı və yaranmış borcun məhz onların qanunsuz hərəkətlərinə görə hesablanması sübut olunmadığı üçün qeyd olunan borcun ona məxsus olan mənzilə hesablanması hüquqdan sui-istifadədir. Bu isə yolverilməzdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1,373.3, 551.1, 551.2.1 və 553.1.1 maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında göstərilmişdir ki, “vaxtaşırı ödəmələrdən irəli gələn tələblərə münasibətdə həmin Məcəllənin 18-ci fəsli ilə nəzərdə tutulmuş iddia müddətləri tətbiq edilsin.” AR MM-nin 373.2-cü maddəsinin (bax 18-ci Fəsil) tələbinə görə "Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir." Belə olan halda 2016-cı il tarix üzrə 76,26 manat borc, 2017-ci il tarixi üzrə 151 manat borc, 2018-ci il üzrə 266 manat borc, 2019-cü il tarixi üzrə 540 manat borc, 2020-ci il üzrə 484 manat borc üzrə 3 illik iddia müddəti bitdiyi üçün məhkəmə tərəfindən silinməlidir. Həmin qərarda qeyd edilmişdir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür. Cavabdeh iddia edir ki guya iddiaçıya məxsus mənzilə 2580,07 manat borc hesablanıb. Həmin borcun məhz anasının və ya onun təqsiri üzündən hesablanmasını cavabdeh sübut etməli olduğu halda bunu sübut etməmişdir. Təkcə məhkəməyə abonent kartını təqdim etmişdir, lakin məhkəmədə qeyd etmişdir ki, borc sayğaca görə hesablanmışdır. Rəydən isə görünür ki sayğac yararsızdır, əgər sayğac yararsızdırsa və həmin sayğaca onlar müdaxilə etməmişlərsə, deməli, yaranan borc da əsassızdır. Birinci instansiya məhkəməsində həm hazırlıq iclasında, həm də baxış iclasında cavabdehin nümayəndəsi məhkəməyə bildirdi ki, hesablanmış borc sayğaca görə hesablanmış borcdur. Cavabdeh ASC X2 İdarəsi "X1 Laboratoriyası" tərəfindən verilmiş 32260/0230196 nömrəli rəydən görünür ki, "Sayğacın kipliyə davamlığı pozulmuşdur, sayğacın qapaqaltı platform hissəsi çatlaqdır, sayğacın quru hesablama mexanizm hissəsinə su yığılmışdır. XƏTANİN TƏYİNİ ÜÇÜN YARARLİ DEYİL. Təmirə və istismara yararsızdır." Sayğacın özündə problemlər olduğuna görə nasaz sayğaca görə hesablanmış borc əsassızdır. Əgər sayğac düzgün işləyirdisə, necə olur ki 25 yanvar 2021-ci il tarixdən 01 yanvar 2023-cü il tarixə kimi evdə heç kim yaşamaya-yaşamaya, evdə heç kim olmayaolmaya, evdə heç kim sudan istifadə etməyə-etməyə həmin tarixlər üzrə borc hesablanıb? 1saylı Mənzil Kommunal Sahəsi tərəfindən verilmiş arayışdan görünür ki, 25 yanvar 2021ci ildən 01 yanvar 2023-cü ilə kimi qapı bağlı olub, mənzildə yaşayış olmayıb.Yaşayış olmadan həmin mənzilə borc əsassız hesablanıbsa, deməli, əvvəlki tarixlərə də yaranan borc əsassızdır, çünki sayğacın özündə nasazlıqlar olub, həmin sayğaca onun və ya mərhum anasının müdaxiləsi müəyyən olunmayıb, sayğac mənzilindən tamamilə kənarda çöldə yerləşir. Məhkəmə faktiki hallara düzgün qiymət verməyib. Vəkili məhkəmədə Cavabdeh ASC-nin nümayəndəsindən soruşdu ki "əgər suya görə borc yığılıbsa, indiyə kimi həmin borcun olması barədə bir dəfə də olsun bildiriş veribsinizmi?" Nümayəndə bildirdi ki, "xeyr, verməmişik." Əgər borcları var idisə, Qaydalara əsasən, Cavabdeh ASCnin nümayəndələri hər ay sudan istifadə edilməsinə görə borcun hesablanması barədə bildiriş təqdim etməli idi, lakin təqdim etməmişdilər, çünki onların heç bir borcu olmamışdır. Əgər onların cavabdehə hər hansı borcu olsaydı, cavabdeh onlara borc barədə bildiriş təqdim edərdi.
8. Cavabdeh ASC isə apellyasiya şikayətində qətnamənin qismən, yəni iddia tələbinin təmin edildiyi hissədə ləğv edilərək iddia tələbinin tam rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş edərək göstərib ki, su təchizatı və kanalizasiya müəssisəsi mövcud qanunvericiliyə müvafiq olaraq faktiki göstərilən xidmətə görə ödənişi, istifadənin dayandırılması haqqında istehlakçının azı dörd iş günündən gec olmayaraq su təchizatı və kanalizasiya müəssisəsinə məlumat verməsi halı istisna olmaqla, istehlakçı tərəfindən istifadə dayandırıldıqdan sonra da alına bilər. Normanın tələbinə əsasən, iddiaçı evdə yaşamayacağı üçün xidmətlərə görə hesabat dayandırılması barədə 4 iş günü ərzində ərizə ilə müraciət etməlidir. İş materiallarında göründüyü kimi, iddiaçı tərəfindən belə bir müraciət olmamışdır. Bu halda, məhkəmə tərəfindən araşdırılmamış nəticədə maddi hüquq normaları pozulmuşdur.
b) Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz təqdim olunmadı.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
9. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə İddiaçı və Cavabdeh ASC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
10. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcələdə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları halları istisna olmaqla, öhdəliyin mələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
11. Azərbaycan Respublikasının Su Məcəlləsi:
Maddə 97. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallar istisna olmaqla, Azərbaycan Respublikasında sudan ödənişli istifadə edilir.
12. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanunu:
Maddə 30.1. Su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Maddə 61.1. Su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır.
13. Nazirlər Kabinetin 17 iyul 2014-cü il tarixli, 262 saylı qərari ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın:
2.1.5. istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcmini smart-kart tipli olmayan suölçən cihazın göstəricilərinə əsasən, suölçən cihaz quraşdırılmadıqda isə bu Qaydaların 7.2-ci bəndinə uyğun olaraq müəyyənləşdirmək; 2.1.6. verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq hər ay istehlakçıya ödəməli olduğu vəsaitin həcmini əks etdirən hesabı təqdim etmək (göndərmək); 2.1.7. istehlakçının suölçən cihazını onun texniki pasportunda göstərilmiş müddətdə ödənişsiz qaydada növbəti dövlət yoxlamasından keçirmək; 2.1.8. istehlakçının təqsiri olmadan zədələnən suölçən cihazı ödənişsiz qaydada təmir etmək və dövlət yoxlamasından keçirmək, həmin suölçən cihazı təmir etmək mümkün olmadıqda isə onu ödənişsiz qaydada başqası ilə dəyişdirmək; 2.1.9. aşağıdakı hallarda suyun verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş təqdim etmək (göndərmək): 2.1.9.1. quraşdırılmış suölçən cihaz dövlət standartlarının tələblərinə cavab vermədikdə; 2.1.9.2. verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq tərtib edilmiş hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra müvafiq vəsait 1 (bir) ay müddətində tam ödənilmədikdə; 4.1.3. bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək; 4.1.5-ci bəndinə əsasən istehlakçılara məxsus binalarda, mənzillərdə, fərdi yaşayış evlərində, həyətyanı sahələrdə quraşdırılmış suölçən cihazların işlək vəziyyətdə saxlanılmasını, o cümlədən üzərindəki plombların toxunulmazlığını təmin etmək istehlakçıların vəzifəsi kimi göstərilmişdir.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri:
15. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətlərində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
16. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
18. İddiaçının apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia qismən təmin edildiyi üçün qətnamənin bir hissəsi, yəni iddia tələbinin təmin edilmədiyi hissəsəi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin edilmədiyi hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
19. Cavabdehin apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan isə görünür ki, şikayətin obyektini qətnamənin iddia tələbinin təmin edildiyi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbini təmin edildiyi hissəsdə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
20. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
21. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə qismən uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə qismən uzlaşdığından birinci instansiya məhkəməsi mübahisələndirilən hissələrdə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
22. “Su təchizatı və tullantı suları haqqında” Qanunun tələbinə əsasən, iddiaçı ilə cavabdeh arasında sudan istifadə ilə bağlı müqavilənin olub-olmamasından asılı olmayaraq cavabdehin sudan istifadə haqqını ödəməsi onun iddia olunan mənzildə yaşaması, icarəçisi olması və yaxud onun tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanmalıdır. Lakin apellyasiya şikayətinin dəlillərindən, o cümlədən işdə olan sənədlərdən görünür ki, 2021-ci il tarixdən 2023-cü il tarixdək mənzildə yaşayış olmamışdır. Birinci instansiya məhkəməsinin də həmin hissələrdə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Buna baxmayaraq borcun olması barədə cavabdeh tərəfindən hər ay bildiriş göndərilməməsi həqiqi olsa belə bu hal iddianın əsaslı olduğuna dəlalət etmir. Çünki, bildirişin göndərilməsi cavabdeh qurumun vəzifəsi olsa da bu vəzifənin yerinə yetirilməməsi iddiaçını sudan istifadə ilə əlaqədar yaranmış öhdəliklərini icra etmək vəzifəsindən azad edə bilməz. Əks halda bu hala istinad edərək sudan istifadə edən istənilən şəxs bu cür bəhanələrlə öhdəliklərinin icrasından yayına bilərlər.
23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair 15 fevral 2023-cü il tarixli Qərarında qərara almışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafı ilə müəyyən edilmiş müddətlər hüquqi təbiəti baxımından iddia müddətləridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafı qanunverici orqan tərəfindən təkmilləşdirilənədək, öhdəliklərdən, o cümlədən vaxtaşırı ödəmələrdən irəli gələn tələblərə münasibətdə həmin Məcəllənin 18-ci fəsli ilə nəzərdə tutulmuş iddia müddətləri tətbiq edilsin. Konstitusiya Məhkəməsi Plenumunun bu qərarda formalaşdırdığı hüquqi mövqeyə görə, iddia müddətinin ötürülməsi öhdəliyə xitam vermir, onu mahiyyətcə fərqli hüquq təbiətli öhdəliyə çevirir. Belə ki, hüquq nəzəriyyəsində öhdəliklərin bir növü kimi Roma hüququndan qaynaqlanan, məhkəmə müdafiəsi ilə təmin olunmayan, yəni icrası məcburi qaydada tələb edilə bilməyən natural öhdəliklər növü fərqləndirilir. Natural öhdəliklər pozitiv hüquqa deyil, təbii hüquqa (lex naturalis) əsaslanır. Bu cür öhdəliklərin icra edilməsi vicdanlılıq, ədalət və əxlaq tələblərindən irəli gəlir. Hüquq ədəbiyyatında belə öhdəliklər üzrə borc bəzən “şərəf borcu” da adlandırılır. Natural öhdəliklər üzrə icranı qəbul etmiş kreditor əsassız varlanmış hesab olunmur və müvafiq icranı özündə saxlamağa haqlıdır. Belə icra borclu tərəfindən hətta icranın təqdim edildiyi zaman kreditorun iddia hüququna malik olmadığını bilməsə belə geri tələb edilə bilməz. Mülki hüquq nəzəriyyəsində məhz iddia müddəti ötürülmüş və mərc oyunları ilə bağlı yaranan öhdəliklər natural öhdəliklərin nümunələri kimi göstərilir. Göründüyü kimi, natural öhdəliklərin iki əsas əlaməti mövcuddur: - borclu tərəfindən öhdəliklərin icra edilməməsi halında kreditorun tələbinin məhkəmə müdafiəsi (iddia qaldırmaq hüququ) ilə təmin edilməməsi; - borclu tərəfindən icra edilmişlərin geri tələb edilməsinin yolverilməzliyi. Beləliklə, natural öhdəliyin icrası öhdəliyin mövcudluğu, etibarlılığı və icra edən tərəfin onu tanıması prezumpsiyasını yaradır ki, borclunun həmin öhdəliyin hüquqi təbiətini (artıq iddia ilə təmin olunmamasını) bilmədiyi təqdirdə də icra edilənləri geri istəyə bilməməsi məhz bundan irəli gəlir. Bu hüquq münasibətlərinin məhkəmə tərəfindən araşdırılması qeyri-mümkün olduğundan, həmin prezumpsiya təkzibedilməz xarakter daşıyır. Göstərilənlər baxımından Konstitusiya Məhkəməsinin Plenumu belə qənaətə gəlir ki, Mülki Məcəllənin 551-ci maddəsi ilə nəzərdə tutulan müddətlərin keçməsindən sonra öhdəliklər xitam olunmur. Belə öhdəliklər mövcud, lakin iddia ilə təmin edilməyən (natural) öhdəlik xarakteri almış olurlar. Burada o da nəzərə alınmalıdır ki, müddətin keçməsi halından fərqli olaraq, Mülki Məcəllənin 27-ci fəsli ilə nəzərdə tutulmuş bütün digər əsaslarla (məsələn, borcun bağışlanması halında) öhdəliyə xitam verildikdən sonra təqdim edilmiş icranın geri alınması mümkündür. Xitam verildiyi halda öhdəlik artıq mövcud olmadığından, bu halda verilənlər heç bir hüquqi əsas olmadan qarşı tərəfin sahibliyinə keçmiş hesab edilir və onların geri tələb edilməsi mümkündür. Belə ki, Mülki Məcəllənin 439.4-cü maddəsinə əsasən, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər.
24. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 11 fevral tarixli Qərarında da göstərilmişdir ki, iddia müddəti öhdəliyin aradan qalxması üçün hüquqi əsas deyildir, iddia müddətinin keçməsi öz-özlüyündə kreditorun tələb hüququnu aradan qaldırmır. Odur ki, iddia müddəti keçmiş olsa da, tələb məhkəmədə baxılmağa qəbul edilir və məhkəmənin öz təşəbbüsü ilə deyil, yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (Mülki Məcəllənin 375.1 və 375.2-ci maddələri).
25. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarlarında formalaşdırdığı hüquqi mövqeyə görə hətta Mülki Məcəllənin 551-ci maddəsi ilə nəzərdə tutulan müddətlərin keçməsindən sonra da öhdəliklər xitam olunmur. Belə öhdəliklər mövcud, lakin iddia ilə təmin edilməyən (natural) öhdəlik xarakteri almış olurlar. Ona görə də 2016-2020-ci illər üzrə sudan istifadə ilə bağlı yaranmış borc üzrə öhdəliklər xitam olunmamışdır. Hazırki işdə cavabdeh iddiaçıya qarşı deyil, iddiaçı cavabdehə qarşı borcun silinməsi tələbini irəli sürmüşdür. Ona görə də, 2016-2020-ci illər üzrə olan borc 3 illik iddia müddəti bitdiyi üçün məhkəmə tərəfindən silinə bilməzdi. 26.Sayğacın sonradan yararsız vəziyyətə düşməsi də iddiaçı tərəfin sudan istifadəyə görə yaranmış borcunun əsassız olması demək deyil. Başqa sözlə, qeyd olunan dövrdə sayğac yararsız olması borcun olmadığını təsdiq etmir. İddiaçı həmin dövrdə sudan istifadə etmədiyini iddia etmir. Demək ki, sudan istifadə etmişdirsə hər bir halda sudan istifadəyə görə borcu mövcud olmuşdur. Borc mövcuddursa onun ödənildiyini sübut etmək yükü artıq iddiaçı tərəfin üzərinə düşür, o, isə bu barədə məhkəməyə mötəbər sübut təqdim etməmişdir.
27. Cavabdehin apellyasiya şikayətininin dəlilləri də açıq-aşkar əsassız hesab edilir. Çünki, əməkdaşları yuxarıda qeyd olunan qanunvericiliyin tələbinə uyğun öz vəzifələrini vaxtında və lazımi qaydada icra etməyiblər. Nəticəsi isə hazırki mübahisənin yaranmasına səbəb olub. Əsassız olaraq məhkəmənin maddi hüquq normasını pozduğunu qeyd etmək əvəzinə cavabdeh qurum öz əməkdaşlarının qanunvericiliklə üzərinə qoyulmuş vəzifələrin icrasına nəzarət etməli idi.
28. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1335/2023 saylı, 19 aprel 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
29. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
Apellyasiya şikayətləri təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1335/2023 saylı, 19 aprel 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.