Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3946/2025 26.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı mülki iş üzrə (açar sözlər: borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Quluzadə Jalə Vadət qızının katibliyi ilə, İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarş “borcun silinməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(011)-993/2025 nömrəli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Şəfai küçəsi, döndə 2, 78 saylı fərdi yaşayış evi üzrə **********00010 saylı abonent kodu ilə abonent olaraq qeydiyyata alınmışdır. İddiaçının yaşadığı fərdi yaşayış evinə sonuncu dəfə sayğac xx.xx.2021-ci il tarixdə dəyişdirilmiş və bu barədə ******* saylı akt tərtib edilmişdir. Həmçinin cavabdehin əməkdaşları tərəfindən xx.xx.2020-ci il tarixdə ******* saylı, xx.xx.2021-ci il tarixdə ******* saylı, xx.xx.2021-ci il tarixdə ******* saylı, xx.xx.2023-cü il tarixdə ******* saylı, xx.xx.2023cü il tarixdə ******* sayı və xx.xx.2024-cü il tarixdə ******* saylı aktlar tərtib edilmiş, xx.xx.2021-ci il tarixli aktda laboratoriya rəyinə əsasən sayğacın hesablama mexanizminin keçən qazı qeyd etməməsi, xx.xx.2021-ci il tarixli aktda laboratoriya rəyinə əsasən sayğacın gövdəsinin kənar təsir nəticəsində əzilməsi, digər aktlarda isə sayğacdan təbii qazdan qeyri-qanuni istifadə edilməsi barədə qeyd aparılmaqla, Bakı Regional Qazın Satışı Departamenti tərəfindən itirilmiş qazın bərpası məqsədilə hesabat aparılmış və qaz itkisinin xx.xx.2021-ci il tarixli akta görə 2116 m3 , xx.xx.2021-ci il tarixli akta görə isə 4320 m3 , xx.xx.2023-cü il akta görə 25920 m3 , xx.xx.2023-cü il tarixli akta görə 12000 m3 və xx.xx.2024-cü il tarix akta görə 6480 m3 olması qeyd edilmişdir. Həmçinin, iddiaçının adına olan abonent saldosunun “qalıq və aktlar” bölməsində onun 2020-ci il üzrə 432 manat, 2021-cı il üzrə 648 manat, 2023-cü il üzrə 4550,4 manat və 2024-cü il üzrə 777,60 manat borcunun olması qeyd olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 3/102 saylı xx.xx.2025-ci il tarixli rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilən qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmiş, qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh tərəfindən ona hesablanmış (abonent kodu: **********00010) 6737,7 manat məbləğində borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, yuxarıda qeyd edilən ünvanda yerləşən fərdi yaşayış evində qeydiyyatdadır və orada yaşayır. Cavabdehin əməkdaşları onun yaşadığı fərdi yaşaış evinə laboratoriya rəyinə əsasən xx.xx.2020-ci il tarixli akt əsasında 432 manat, xx.xx.2021-ci il tarixli akt əsasında 216 manat, xx.xx.2021-ci il tarixli akt əsasında 432 manat, xx.xx.2023-cü il tarixli akt əsasında 3110,40 manat, xx.xx.2023- cü il tarixli akt əsasında 1440 manat və xx.xx.2024-cü il tarixli akt əsasında 777,6 manat borc hesablanmışdır. Ümumilikdə, cavabdeh tərəfindən aktlar əsasında iddiaçıya 6737,7 manat borc hesablanmışdır. Cavabdehin nümayəndəsi etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(011)-993/2025 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Şəfai küçəsi, döngə 2, ev 78 saylı fərdi yaşayış evinə (abonent kodu: **********00010) dair X3 hesablanmış 6408 manat məbləğində borcun silinməsi, 84,08 manat məbləğində dövlət rüsumunun və 64 manat ekspertiza xərcinin Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddia ərizəsində mübahisələndirilən borc məbləğlərinin hesablanmasına əsas olmuş aktlar müxtəlif vaxtlarda tərtib edildiyindən, aktların tərtib edildiyi zaman qüvvədə olan qanunvericiliyə əsasən mübahisəyə hüquqi qiymət verilməlidir. Məhkəmə xx.xx.2020-ci il tarixli, xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli aktlar əsasında hesablanmış borca münasibətdə qeyd edir ki, təbii qazdan istifadə qaydalarının pozulması barədə müəyyən edilmiş formada tərtib edilməsi nəzərdə tutulmuş aktda həm aktı tərtib edən cavabdehin əməkdaşlarının, həm də istehlakçının iştirakı nəzərdə tutulmuşdursa, mütləq qaydada istehlakçının iştirakı təmin edilməli, akt hər iki tərəfin iştirakı qaydasında tərtib edilməlidir. Əks halda, aktda qeyd edilən pozuntu hallarının həqiqətən də baş verməsi və yaxud istehlakçı tərəfindən edilməsi halları ciddi şübhə doğurur. İş materiallarından görünür ki, aktlar iddiaçının adına tərtib edilmiş və onun aktları imzalamaqdan imtina etməsi barədə qeyd aparılmışdır. Bundan başqa, cavabdeh xx.xx.2020-ci il tarixli akt əsasında hesablanmış borcun iddiaçının sayğacdan kənar qanunsuz istifadəsi nəticəsində yarandığını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. İş üzrə təyin edilmiş məhkəmə trasoloji ekspertizasının 3/102 saylı, xx.xx.2025-ci il tarixli rəyinə əsasən tətqiqata təqdim edilmiş qaz sayğacının və ona bərkidilmiş giriş-çıxış borusunda hər hansı kənar müdaxilə nəticəsində yarana bilən zədə və əlavə xətt aşkar edilməmişdir. Ekspert rəyinin məhkəmə üçün digər sübutlardan üstün hüquqi qüvvəsinin olmamasını qanunvericilik müəyyən etsə də, cavabdeh ekspert rəyini təkzib edəcək sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də, məhkəmə ekspert rəyini daha mötəbər sübut hesab edir. Bundan başqa, “Qazdan istifadə Qaydaları”na əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir (Qaydaların 1.3-cü bəndi). “Qazdan istifadə Qaydaları”nın yuxarıda qeyd edilən normalarından da göründüyü kimi, iddiaçının yaşadığı ünvana quraşdırılan qaz sayğacının işlək vəziyyətdə saxlanılması üçün cavabdehlik qaz paylayıcının, yəni Cavabdeh İB-nin üzərinə düşür. Eyni zamanda, fiziki şəxs olan istehlakçıların sayğaclarının üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün Cavabdeh İB tərəfindən müvafiq örtüklə örtülməlidir. Beləliklə, təbii qazdan istifadə qaydalarının pozulması barədə aktda göstərilən halların sübut edilməsi vəzifəsi cavabdehə aid olduğu qanunvericiliklə müəyyən olunsa da, həmin halların doğruluğunu təsdiq edən sübutları cavabdeh məhkəməyə təqdim edə bilməmiş, bu halda qazdan isifadə qaydalarının pozulamsının iddiaçının təqsiri sübut olunmadığından əsassız hesablanmış borcun iddiaçıdan tələb edilməsi əsassızdır. Məhkəmə xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli və xx.xx.2024-cü il tarixli aktlar əsasında hesablanmış borcun silinməsi barədə iddia tələbinə münasibətdə qeyd etmişdir ki, cavabdehin qazdan istifadə qaydalarının pozulmasına görə dəymiş zərəri birbaşa tələb etməsi qanuna uyğun deyil. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunun xx.xx.2022-ci il tarixdə əlavə edilmiş 13-cü maddəsinin 8-1-ci hissəsində qazdan istifadə qaydalarının pozulması hallarının sənədləşdirilməsi və buna görə dəymiş zərərin tələb edilməsinin əsasları dəqiq göstərilmişdir. Qanunun tələb etdiyi birinci addım ondan ibarətdir ki, abonentlər tərəfindən qaz xəttinə kənar qoşulma faktını aşkar etdikdə, qaz paylayıcısı (onun əməkdaşı) qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qanusuz qoşulma ilə sərf olunan qazın verilməsini dayandırmalıdır. Qazdan kənar istifadə halları və sayğaca müdaxilə aşkar edildikdə, qaz paylayıcısı (onun əməkdaşı) həmin faktı müvafiq aktın tərtib edilməsi ilə rəsmləşdirilməli və aktın bir sürəti abonentə təqdim etlməklə (məhkəmənin qənaətinə görə, burada qanunun əsas məqsədi müəyyənlik prinsipinin təmin edilməsindən və qazdan istifadə qaydalarını pozan abonenti məlumatlandırmaqla, məruz qala biləcəyi sui-istifadə hallarından öz hüquqlarını müdafiə etməsinə şərait yaratmaqdan ibarətdir), bir nüsxəsini isə qazdan istifadə qaydalarını pozan şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün enerji nəzarəti orqanına, yaxud cinayət tərkibinin əlamətlərinin olması şübhə doğurduqda, cinayət təqibi orqanına təqdim etməlidir. Qanun tələb edir ki, qazdan istifadə qaydalarını pozan şəxsin təqsirli olub-olmaması qaz paylayıcı tərəfindən deyil, “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində göstərilən orqanlar tərəfindən müəyyən edilməli, yalnız təqsiri müəyyən edildikdən sonra qaz paylayıcı dəymiş zərəri istehlakçıdan tələb edə bilər. Lakin işdən görünür ki, zərərin tələb edilməsinə əsas olmuş qanunla müəyyən edilmiş qaydaya cavabdeh tərəfindən əməl edilməmiş, aktın bir nüsxəsi nə iddiaçıya, nə də təqsirlilik məsələsinin müəyyən edilməsindən ötrü müvafiq dövlət orqanlarına təqdim edilməmişdir (yaxud bununla bağlı cavabdeh məhkəməyə sübut təqdim etməmişdir). Bu halda, iddiaçının qazdan istifadə qaydalarının pozulmasında təqsirli olması müəyyən edilməmiş olur. Qanunvericilik isə borclunun öz öhdəliklərinin təqsirli pozuntusu üçün məsuliyyət daşımasını müəyyən etmişdir. Lakin iddiaçı 6737,7 manat borcun silinməsini tələb etsə də, iş materialları və məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının yaşadığı fərdi yaşayış evində qazdan istifadə qaydalarının pozulmasına görə tərtib edilmiş aktlər əsasında 6408 manat borc hesablanmışdır. Aktlar əsasında hesablanmış borc çıxıldıqdan sonra qalan 329,7 manat (6737,7-6408=329,7) borcun silinməsinə əsas olmuş sübutları isə iddiaçı məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2, 448.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.2, 217.4-ci maddələrinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13.8-1-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.7, 4.8, 5.2, 6.5, 6.7-ci bəndlərinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(011)-993/2025 nömrəli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdehnə qarşı cavabdeh tərəfindən ona hesablanmış (abonent kodu: **********00010) 6737,7 manat məbləğində borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilmiş, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Şəfai küçəsi, döngə 2, ev 78 saylı fərdi yaşayış evinə (abonent kodu: **********00010) dair İddiaçı hesablanmış 6408 manat məbləğində borcun Cavabdeh tərəfindən silinməsi qət edilmişdir. Bildirilir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmiş, prosessuаl hüquq normаsının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə mübahisələndirilən qətnamənin ləğv edilməsinə əsasdır. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktı aşkar olunmuş, aşkar olunmuş fakt yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktla rəsmiləşdirilmişdir (iş materiallarında vardır). Daha sonra həmin akt əsasında “Dəymiş ziyanın bərpasına dair” tələbnamə təsdiq edilmişdir (iş materiallarında vardır). Həmin tələbnaməyə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həcminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Göründüyü kimi İddiaçı qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacsız qeyri-qanuni istifadə etməklə Cavabdeh İB-nə böyük məbləğdə ziyan vurmuşdur. Belə olan halda 1-ci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərək, səhv nəticəyə gələrək, qismən əsassız qətnamə qəbul etmişdir. Halbuki, iş materiallarına onlar tərəfindən əlavə edilmiş sübutlar iddia tələbinin rədd edilməsinə əsas verdiyi halda, birinci instansiya məhkəməsi əsassız yerə iddia tələbini qismən təmin etmişdir. Başqa şəxsə zərər vurulması mülki vəzifələrin əmələ gəlməsinin əsaslarından hesab olunması, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər və s. bu kimi zərərin tələb edilməsinə dair müddəaları görmək olar. Məhkəmə kollegiyasının diqqətinə çatdırılır ki, İddiaçı aid olan **********00010 abonent koduna hesablanaraq vurulmuş məbləğ onun tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində, yəni təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Prezidentinin: “Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması haqqında” 29 iyun 2000-ci il tarixli 356 saylı Fərmanın 9-cu bəndində qeyd olunur ki, Cavabdehnə təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər (rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirilməsi, enerji daşıyıcıların istifadəsi zamanı israfçılıq və oğurluq hallarının qarşısının qətiyyətlə alınması tapşırılmışdır; “Əhalinin təbii qazdan istifadə üzrə yaranmış borclarının silinməsi tədbirləri barədə” 29 dekabr 2009-cu il tarixli 207 saylı Fərmanın 3-cü bəndində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) tapşırılmışdır ki, təbii qazın dəyərinin tam həcmdə və vaxtında istehlakçılardan yığılması üçün zəruri tədbirlər görməlidir. İddia tələbinin təmin edilməsi abonenti təbii qazla təchiz edən və onun dəyərini yığmaq öhdəliyini daşıyan Cavabdeh hüququnun pozulması kimi qiymətləndirilməlidir. Sayğacdan kənar xəttə qanunsuz qoşulma öz-özlüyündə sayğaca təbii qazın sərfiyyatının istifadə olunan qədərindən az göstərilməsinə nail olmaq üçün edilən hərəkət kimi qiymətləndirilməlidir. Cavabdeh tərəfindən qanunsuz istifadə edilmiş təbii qazın həcmini (qeydə alınmayan) hesablayaraq müvafiq akta qeyd etmişdir. Belə ki, dəymiş ziyan həcmi Birliyin mütəxəssisləri tərəfindən hesablanmışdır. Dəymiş ziyanın həcminin hesablanmasında mütəxəssislər abonentin faktiki istifadəsində olan qaz cihazlarının (işlədiciləri) sərfiyyat göstəriciləri əsasında hesabat aparmışlar. Məlum məsələdir ki, abonent təbii qazı sayğacsız istifadə edərkən qənaət etmək barədə düşünməyəcək, əksinə israf edərək təbii qazı talayacaqdır. Bunun nəticəsi olaraq da, birinci instansiya məhkəməsinin gəldiyi səhv nəticə qazpaylayıcı şirkətin hüquqlarını kobud surətdə pozmuşdur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı X2 apellyasiya şikayətinə qarşı etirazını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-993/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinə etiraz edir. Apellyasiya şikayəti əsassız olub, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı şəkildə qəbul edilmişdir. Bu qətnamə tam və əhatəli məhkəmə araşdırması nəticəsində formalaşmış, həm onun izahatı, həm də təqdim edilmiş sübutlar obyektiv qiymətləndirilmişdir. Məhkəmə düzgün olaraq müəyyən etmişdir ki, "Azəriqaz" İB tərəfindən təqdim edilmiş aktlar müxtəlif dövrlərə aid olub, dəqiq və ardıcıl sənədlərlə sübut olunmamış, abonentin iştirakı təmin edilmədən tərtib edilmiş və aktların hüquqi qüvvəyə malik olması şübhə altındadır. Bu isə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin və Qazdan istifadə qaydaları haqqında qanunun tələblərinə ziddir. Qanunsuz müdaxilə faktı olmayıb, buna görə də olmayan şey sübut edilməmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, abonentin qaz sayğacına müdaxilə etməsi və ya qazdan qanunsuz istifadə etməsi haqqında dəqiq sübut təqdim edilməmişdir. Ekspertiza rəyində və "Azəriqaz" tərəfindən təqdim olunan aktlarda da bu hallar obyektiv şəkildə əks olunmamış, şübhəli və qeyri-dəqiq olmuşdur. Onun iştirakı olmadan aktlar tərtib olunmuşdur. Təqdim edilən sənədlərdən açıq görünür ki, istinad edilən aktlar onun iştirakı və razılığı olmadan, birtərəfli qaydada tərtib edilmişdir. Qanunvericiliyə əsasən bu cür hallarda sənədin hüquqi qüvvəsi yoxdur. Belə olduqda isə həmin borcun onun üzərinə qoyulması əsasızdır. Qətnamədə düzgün nəticə çıxarılmışdır. Məhkəmə düzgün olaraq müəyyən etmişdir ki, təqdim olunan borc hesablamaları və iddianın digər hissələri qeyri-dəqiq və qanunsuz olduğuna görə iddia yalnız qismən təmin edilməlidir. Bu qərar həm maddi hüquq, həm də prosessual normalara uyğundur. Məhkəmə icraatı iştirakçılarının izahatları İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, iddiaçı X4 və Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Bu səbəbdən də Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixinə təyin edilən iclasında iddiaçı X4 apellyasiya şikayəti ilə razılaşmayaraq, şikayətə qarşı təqdim etdiyi etirazın məzmununa uyğun izahat verib, şikayətin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 63. İ. Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. İİ. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. İİİ. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. İV. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. V. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.6. Başqa şəxsə zərər vurulması. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 3. İstehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları vardır. Maddə 13 (8-ci bənd). Dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Qaz təchizatı haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 6-1.
1. Qaz paylayıcısı tərəfindən müayinə və texniki xidmət məlumatları üzrə reyestr (bundan sonra – Reyestr) yaradılır. Reyestrə daxil edilmiş məlumatlar müvаfiq icrа hаkimiyyəti оrqаnının müəyyən etdiyi orqan (qurum) və istehlakçılar üçün açıq olmalıdır. Reyestrin aparılması və ondan istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
2. Qaz paylayıcısı müayinə və texniki xidmətlə bağlı məlumatları müayinənin və ya texniki xidmətin keçirildiyi vaxtdan 5 (beş) iş günündən gec olmayaraq Reyestrə daxil etməlidir. Maddə 11.6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 13.8. Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Maddə 13.8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən Qazdan istifadə qaydaları Maddə 1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqısatqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Maddə 1.4. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. Maddə 4.2 Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Maddə 4.6 Qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Maddə 4.7 Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Maddə 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Maddə 4.9 İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.
Apellyasiya baxışının hədləri
Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı işdə iddia qismən təmin olunduğundan, cavabdeh qətnaməni bütövlükdə mübahisələndirsədə, qətnamənin əsaslığı iddia tələbinin təmin edilən hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Tədqiq olunan sübutlardan müəyyən olunur ki, cavabdeh xx.xx.2020-ci il tarixli ******* saylı aktı abonentin təbii qazdan qeyri-qanuni istifadə etdiyinə görə tərtib edərək bu akt əsasında 432 manat, xx.xx.2021-ci il tarixli ******* saylı aktı sayğacda olan qüsura görə tərtib edərək bu akt əsasında 216 manat, xx.xx.2021-ci il tarixli ******* saylı aktı sayğacın gövdəsinin kənar təsir nəticəsində əzilməsinə görə tərtib edərək bu akt əsasında 432 manat, xx.xx.2023-cü il tarixli ******* saylı aktı abonentin təbii qazdan qeyri-qanuni istifadə etdiyinə görə tərtib edərək bu akt əsasında 3110,40 manat, xx.xx.2023-cü il tarixli ******* saylı aktı abonentin təbii qazdan qeyri-qanuni istifadə etdiyinə görə tərtib edərək bu akt əsasında 1440 manat və xx.xx.2024-cü il tarixli ******* saylı aktı abonentin təbii qazdan qeyri-qanuni istifadə etdiyinə görə tərtib edərək bu akt əsasında 777,6 manat olmaqla cəmi iddiaçıya 6.408 manat borc hesablamışdır. Kollegiya cavabdehin tərtib etdiyi xx.xx.2021-ci il tarixli ******* saylı və xx.xx.2021-ci il tarixli ******* saylı aktlarla bağlı qeyd edir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, cavabdeh iddiaçının sayğaca müdaxiləsini sübuta yetirə bilmədiyindən birinci instansiya məhkəməsinin bu aktlara əsasən iddiaçıya cavabdeh tərəfindən hesablanan borcun silinməsinə dair gəldiyi nəticəsi əsaslıdır. Kollegiya cavabdehin tərtib etdiyi xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2023-cü il tarixli ******* saylı, xx.xx.2023-cü il tarixli ******* saylı və xx.xx.2024-cü il tarixli ******* saylı aktlarla bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə də razılaşaraq qeyd edir ki, iş üzrə birinci instansiya məhkəməsi tərəfindən keçirilən ekspertiza tədqiqatı ilə iddiaçıya aid ünvanda istifadə olunan və tədqiqata təqdim edilən qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmiş, qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir. Cavabdeh isə ekspertiza tədqiqatı ilə müəyyən olunan halların əksini sübuta yetirə bilməmişdir. Kollegiya qeyd edir ki, “Qaz təchizatı haqqında” Qanunun 13.8-1-ci maddəsinin imperativ tələblərinə uyğun olaraq cavabdeh sayğaca müdaxilə halları aşkar etdiyi təqdirdə bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə, bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Göründüyü kimi iddiaçının qazın talanmasında təqsirli olması müvafiq orqanların və ya məhkəmənin qərarı ilə, eyni zamanda cavabdehin özü tərəfindən müəyyən edilmədən cavabdeh iddiaçıdan vurulmuş zərərin ödənilməsini tərtib etdiyi tələbnamələrə əsasən, tələb etmiş, həmin zərərin məbləğini abonentin saldosuna daxil etmişdir. İstinad olunanlara əsasən, Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 405-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(011)-993/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.