Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3947/2025 05.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-3947/2025 (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 aprel 2025-ci il tarixli 2(004)-2392/2025 nömrəli qətnaməsindən cavabdehin apellyasiya şikayətinə 05 avqust 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2023-cü il tarixli 09442669 nömrəli nisyə alqı-satqı müqaviləsindən görünür ki, cavabdeh iddiaçıdan “Qızıl zəmanət ultra 1 il” (48 manat) zəmanəti ilə dəyəri 601,2 manat olan “Hoffman DFTN- 143S” markalı soyuducu almış və öhdəliyini hər 36,07 manat ödəniş etməklə 18 ay müddətinə icra etməyi öhdəsinə götürmüşdür.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı MMC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2023-cü il tarixli 09442669 nömrəli müqaviləyə əsasən soyuducu üçün 321,26 manat ödənilməmiş hissə və 169,63 manat cərimə olmaqla, ümumilikdə 481,89 manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir.
3. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı MMC ilə xx.xx.2023-cü il tarixli 09442669 nömrəli müqavilə bağlamaqla “Hoffman DFTN-143S” markalı soyuducu almış və nəticədə 481,89 manat öhdəliyi yaranmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixində soyuducu və “Qızıl zəmanət ultra 1 il” xidmətindən imtina etmiş, 328 manat borcundan silinmişdir. Cavabdehin ödədiyi məbləğ 0 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 328 manat, ümumilikdə 328 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində Müştəri mübahisəsiz olaraq penya ödəyir. Cavabdeh müqavilələrinin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 649,26 manat olan “Hoffman DFTN-143S” markalı soyuducu üçün 321,26 manat ödənilməmiş hissə və 169,63 manat cərimə olmaqla ümumilikdə, 481,89 manat borcu yaranmışdır.
4. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli yazılı bildiriş göndərilməklə cavabdehə pul məbləğinin ödənilməsi təklif edilmiş, lakin müsbət nəticə əldə olunmamışdır.
5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 10 aprel 2025-ci il tarixli 2(004)-2392/2025 nömrəli qətnaməsi ilə (hakim Fariz Əlizadə) iddianın qismən təmin edilməsi, Cavabdeh 16 iyun 2023-cü il tarixli 09442669 nömrəli müqavilə üzrə 321,26 manat ödənilməmiş hissə, 20 manat cərimə olmaqla ümumilikdə, 341,26 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir.
6. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, alıcı Cavabdeh satıcı ilə bağladığı xx.xx.2023-cü il tarixli 09442669 nömrəli müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir. Belə olan halda, satıcının verilmiş əşyaların ödənilməsini tələb etmək hüququ vardır.
7. Məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, xx.xx.2023-cü il tarixli 09442669 nömrəli müqavilə üzrə cərimə pulunu 160,63 manat məbləğində deyil, 20 (iyirmi) manat (əsas öhdəliyin 10%-ə qədər həddində) məbləğində tutmağı məqsədə müvafiq hesab edir. Belə ki, iddia tələbində qeyd olunan məbləğdə cərimə pulunun tutulması əsaslı, qanuni və ədalətli hesab edilə bilməz.
8. Cərimə pulunun aşağı məbləğdə müəyyən edilməsi bazar iqtisadiyyatının təşviq edilməsi, mövcud iqtisadi şərtlər, biznes maraqları nəzərə alınmaqla iddiaçı nöqteyi nəzərdən, cərimə pulunun yuxarı məbləğdə müəyyən edilməsi cavabdeh nöqteyi nəzərdən məqsədə müvafiq hesab edilmir.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462, 467, 600.4-cü maddələri və Mülki Prosessual Məcəllənin 77.1, 119.1, 284-5.3 və 216-230 maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
10. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Cavabdeh apellyasiya şikayətində göstərmişdir ki, məhkəmə iclası barədə ona məlumat verilməmişdir. Məhkəmənin olmasından yalnız Bakı şəhəri Yasamal rayonu İcra şöbəsinin icra məmuru tərəfindən borcun könüllü icrası üçün çağrıldığı zaman məhkəmə prosesindən məlumatı olmuşdur və yalnız həmin vaxtda məhkəmə qərarını rəsmi qaydada əldə edə bilmişdir. Hesab edir ki, məhkəmə ədalət mühakiməsinin ana prinsipi olan çəkişmə prinsipi olmadan ədalətsiz, qanunsuz və qərəzsiz qərar qəbul etmişdir. Qeyd edir ki, iddiaçıdan onun dediyi kimi xx.xx.2023-cü ildə deyil, xx.xx.2023-cü ildə “Hoffman DFTN-143S” markalı soyuducunu almışdır. Soyuducu cəmi 8 gün işlənildikdən sonra qüsuru - buzladığı üçün iddiaçıya məlumat vermişdir. xx.xx.2023-cü il tarixdə həmin soyuducu servisə göndərilmişdir. Bununla bağlı təhvil – təslim aktını apellyasiya şikayətinə əlavə edir. Həmin zaman servisin əməkdaşları tərəfindən ona yeni soyuducunun verilməsi təklif olunmuşdur. O, bununla razılaşaraq xx.xx.2023-cü il tarixli 02974865 nömrəli müqavilə bağlayaraq yeni soyuducunu əldə etmiş və həmin müqavilə üzrə borcunu tam ödəmişdir. Bununla bağlı qəbzi də apellyasiya şikayətinə əlavə edir. Müqavilə üzrə öhdəliyini tam həcmdə yerinə yetirmişdir. Ona görə də iddiaçının ona yönələn bu tələbi qanunsuz və əsassızdır. Çünki əvvəlki öhdəlik iddiaçı tərəfindən əvəzləmə ilə dəyişdirilib. Yeni müqavilə ilə o, öhdəliyini tam yerinə yetirmişdir. Əgər əvvəlki soyuducu servis tərəfindən geri aparılıbsa və əvəzinə yenisi verilibsə, ilk müqavilə faktiki olaraq qüvvədən düşmüş hesab olunur. İddiaçının tələb etdiyi ilk müqavilə üzrə tələb yenidən tələb oluna bilməz, çünki müqavilə əvəzləmə ilə tamamlanıb.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. İddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz təqdim edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
c) Proses iştirakçılarının izahatı
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv və iddianın rədd edilməsini xahiş etdi. Həmçinin qeyd etdi ki, o, ilk dəfə soyuducunu xx.xx.2023-cü il tarixdə almış, aldıqdan bir neçə gün sonra soyuducuda olan nasazlıqla bağlı iddiaçıya rəsmi müraciət etmiş, xx.xx.2023-cü il tarixdə soyuducunu servis xidmətinə təhvil vermişdir. Bu zaman iddiaçının əməkdaşları ona yeni soyuducu təklif etmişlər, o isə həmin təkliflə razılaşaraq, xx.xx.2023-cü il tarixdə yeni soyuducu almışdır. Qrafikə uyğun olaraq yeni müqavilə üzrə borcu tam ödəmişdir. Tələb edilən borc üzrə soyuducu iddiaçıdadır. İlk soyuducunun qüsurlu olması barədə bir neçə dəfə iddiaçı tərəfə telefonla məlumat vermişdir.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Həmçinin qeyd etdi ki, aparılan işlərlə bağlı məlumatdan göründüyü kimi, cihazda hər hansı nasazlıq aşkarlanmışdır. Bu barədə cavabdehə məlumat verilsə də, o, soyuducunu təhvil almaqdan imtina etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
15. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
16. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 17.Maddə 581.1. Satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. 18.Maddə 581.2. Alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur.
19. Maddə 589.2. Əgər əşya üçün qarantiya və ya yararlılıq müddəti müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin əşyanın alıcıya verildiyi gündən iki il ərzində və ya alğı-satqı müqaviləsi ilə nəzərdə tutulmuş daha uzun müddətdə irəli sürə bilər. Daşınmalı və ya poçtla göndərilməli əşyanın qüsurlarının aşkar edilməsi müddəti əşyanın təyinat yerinə çatdırıldığı gündən hesablanır.
20. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
21. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu
22. Maddə 3. İstehlakçının malı dəyişmək tələbi mal olduqda dərhal yerinə yetirilməli, zərurət olduqda onun keyfiyyəti müvafiq tələb verilən andan 14 gün müddətində yoxlanılmalı və ya tərəflər arasında razılaşdırılmış müddət ərzində dəyişdirilməlidir. İstehlakçının malı dəyişdirmək tələbi, mal olmadıqda müvafiq ərizənin verildiyi andan iki ay müddətində ödənilməlidir. Göstərilən müddət ərzində malı dəyişdirmək mümkün olmadıqda, istehlakçı satıcı (istehsalçı) qarşısında bu maddənin birinci bəndinin ikinci, üçüncü, dördüncü və beşinci abzaslarında nəzərdə tutulmuş digər tələblərin yerinə yetirilməsini tələb edə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
28. Qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia rədd edilməlidir.
30. Göründüyü kimi, cavabdeh iddiaçıya aid mağazadan soyuducu alımış, onun ödənişini hissə-hissə etməklə müqavilə bağlanmış, lakin soyuducunun bir neçə gün sonra qüsurlu olması aşkar edildikdə o, bu barədə iddiaçı tərəfə məlumat vermişdir.
31. Kollegiya bu dəlili inandırıcı hesab edir. Belə ki, apellyasiya şikayətinə əlavə edilmiş Təhvil-təslim aktından görünür ki, “Hoffman DFTN-143S” markalı soyuducu xx.xx.2023-cü il tarixdə servisə göndərilmişdir. Aydın məsələdir ki, bu qəbilədən olan müraciətlər hər bir mağaza tərəfindən təxminən 5-6 gün ərzində icra olunur. Belə olduqda isə cavabdehin 14 gün müddətində öz iradını satıcıya bildirməsini kollegiya inandırıcı hesab edir.
32. Təhvil-təslim aktından soyuducunun üzərində hər hansı zədə əlaməti və ya kənar müdaxilənin olması qeyd edilməmişdir.
33. Təhvil-təslim aktının tarixindən sonrakı gün, yəni xx.xx.2023-cü il tarixində cavabdeh artıq iddiaçıdan yeni soyuducu almaqla yeni müqavilə bağlamışdır.
34. Göründüyü kimi, cavabdeh müqaviləyə olan marağını itirmiş, bu münasibətlərin davamı olaraq, yeni müqavilə bağlamaqla soyuducuya olan tələbatını ödəmişdir.
35. Aparılan işlərlə bağlı xx.xx.2023-cü il tarixli məlumatdan görünür ki, soyuducuda qusur aşkar edilməmişdir. Bu barədə cavabdehə verilən məlumat xx.xx.2023-cü il tarixdə çatdırılmışdır.
36. Göründüyü kimi, iddiaçı tərəfindən cavabdehə soyuducunun qüsursuz olması barədə məlumat 3 ay 24 gün sonra verilmişdir.
37. İlk müqavilə üzrə alqı-satqı predmeti olan soyuducunun cavabdehə geri təhvil verilməsi müəyyən olunmur. Belə bir sübut iddiaçı tərəfindən də təqdim edilməmişdir. Yəni, müəyyən olunur ki, “Hoffman DFTN-143S” markalı soyuducu iddiaçıdadır.
38. Kollegiyanın qənaəti ondan ibarətdir ki, iddiaçı “Hoffman DFTN-143S” markalı soyuducunun həqiqətən istifadəyə yararsız olmasını müəyyən etdikdən sonra cavabdehə başqa soyuducu almağı təklif etmiş, sonradan isə həmin nasazlığı aradan qaldıraraq, guya “qüsur aşkar edilmədi” adı ilə cavabdehə qarşı hazırki iddianı qaldırmışdır.
39. “Aparılan işlərlə bağlı məlumat” xx.xx.2023-cü il tarixdə tərtib olunduğu halda, cavabdehə bildirişin xx.xx.2023-cü il tarixdə gönərilməsi də onu göstərir ki, iddiaçının dəlilləri ağlabatan və inandırıcı deyildir.
40. xx.xx.2023-cü il tarixli Təhvil-təslim aktında göstərilmişdir ki, “istifadə olunub, istifadə zamanı buzlayır.” Nəzərə alınmalıdır ki, həmin qeyd soyuducunu cavabdehdən təhvil alan iddiaçının Elşən adlı əməkdaşı tərəfindən aparılmışdır və həmin qeyd cavabdehin bildirməsinə görə yox, məhz həmin əməkdaşın soyuducunu təhvil götürmədən öncə apardığı baxış nəticəsində müəyyən olunmuşdur, çünki göstərilən qüsur təhvil-təslim zamanı aşkar olunmasaydı, soyuducu təhvil götürülməzdi.
41. Kollegiya hesab edir ki, iddia təmin edilməməlidir. İş üzrə ödənilmiş dövlət rüsumları onu ödəyən tərəflərin özlərinə aid edilməlidir.
42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2392/2025 nömrəli iş üzrə 10 aprel 2025-cü il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “pul tələbinə dair” iddiası təmin edilməsin. Qətnamədən şikayət verilə bilməz.