Məhkəmə qərarları › İş №2(103)-3948/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3948/2021

08.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3948/2021 08.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, Ərizəçi nümayəndəsi X10, Maraqlı şəxs Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X2, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 iştirakları ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 oktyabr 2020-ci il tarixli, 2(010)-103/2020 saylı qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi”nə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən “Qum adası” NQÇİ-nin rəhbərliyi və həmkarlar ittifaqı komitəsinin rəyasət heyətinin birgə iclasının 03.10.1997-ci il tarixli, 2 saylı protokolunda bağ sahəsinin daimi istifadəyə verildiyi şəxsin “X12” kimi qeyd edilməsinin texniki səhv hesab edilməsi, 03.10.1997-ci il tarixli, 02 saylı protokolun qərara alındı hissəsində “X12” qeydinin “Ərizəçi” kimi qeyd edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, “Qum adası” NQÇİ-nin rəhbərliyi və həmkarlar ittifaqı komitəsinin rəyasət heyətinin birgə iclasının 03.10.1997-ci il tarixli, 2 saylı protokoluna əsasən “Bahar” bağçılıq-yoldaşlıq təsərrüfatında ümumi sahəsi 500 m2 olan blok “B”, 10 saylı torpaq sahəsi daimi istifadə üçün Ərizəçi verilmişdir. Qeyd edilən torpaq sahəsinə dair eskiz tərtib edilmişdir. 11.12.2007-ci ildə isə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Sonradan bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin İdarə 18.02.2019-cu il tarixli bildirişdə qeyd etmişdir ki, təqdim edilmiş bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında adı aşkar edilməmişdir. Bundan başqa, eyni nömrəli protokoldan çıxarış ilə blok “B”, 10 saylı bağ sahəsi digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Həmçinin, elektron kadastr məlumatlarına əsasən sözügedən bağ sahəsi faktiki yerləşməsi ilə təqdim edilmiş ölçü sxemi arasında uyğunsuzluq təşkil edir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. “Qum adası” NQÇİ-nin rəhbərliyi və Həmkarlar İttifaqı Komitəsinin Rəyasət Heyətinin birgə iclasının 03.10.1997-ci il tarixli, 2 saylı protokolunda texniki səhv getmişdir. Belə ki, protokolun dinlənildi hissəsində Ərizəçi bağçılıq cəmiyyətinə üzv olması və “Bahar” bağçılıq-yoldaşlıq təsərrüfatından istifadə edilməsi üçün 500 m2 torpaq sahəsinin ayrılması qeyd edilsə də qərara alındı hissəsindən X7 xahişi nəzərə alınsın və ona blok “B”, 10 saylı torpaq sahəsinin daimi istifadə üçün verilməsi qeyd edilmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A 024036 saylı torpaq sahəsinin planı və ölçüsündə torpaq sahəsinin Ərizəçi verildiyi qeyd edilsə də texniki səhv nəticəsində “Qum adası” NQÇİ-nin rəhbərliyi və həmkarlar ittifaqı komitəsinin rəyasət heyətinin birgə iclasının 03.10.1997-ci il tarixli, 2 saylı protokolunda kimliyini bilmədiyi X5 adı qeyd edilmişdir. Məhz bu səbəbdən “Qum adası” NQÇİ-nin rəhbərliyi və həmkarlar ittifaqı komitəsinin rəyasət heyətinin birgə iclasının 03.10.1997-ci il tarixli, 2 saylı protokolunda bağ sahəsinin ümumi istifadəyə verildiyi şəxsin “X12” kimi qeyd edilməsinin texniki səhv hesab edilməsi, 03.10.1997-ci il tarixli, 02 saylı protokolun qərara alındı hissəsində “X12” qeydinin “Ərizəçi” kimi qeyd edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 oktyabr 2020-ci il tarixli, 2(010)- 103/2020 saylı qətnaməsi ilə ərizənin təmin edilməsi, “Qum adası” NQÇİ-nin rəhbərliyi və həmkarlar ittifaqı komitəsinin rəyasət heyətinin birgə iclasının 03.10.1997-ci il tarixli, 02 nömrəli protokolundan çıxarışın Ərizəçi məxsus olması faktının təsdiq edilməsi, ekspertiza xərcinin maraqlı şəxsə aid edilməsi qət edilmişdir. Həmin qətnamədən maraqlı şəxs Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən apellyasiya şikayəti verilərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 oktyabr 2020-ci il tarixli, 2(010)- 103/2020 saylı qətnaməsinin ləğv edilməsi, Ərizəçi ərizəsinin təmin edilməməsi xahiş edilmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İdarəyə təqdim edilmiş bağçılıqyoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında Ərizəçi adı aşkar edilməmişdir. Bundan başqa, “Qum adası” NQÇİ-nin rəhbərliyi və həmkarlar ittifaqı komitəsinin rəyasət heyətinin birgə iclasının eyni nömrəli protokoluna əsasən X11 500 kv.m torpaq sahəsi olan blok “B” 10 saylı bağ sahəsi ayrılmış və onun adına 03.10.1987-ci il tarixli üzvlük kitabçası verilmişdir. Daha sonra, “Bahar” b/y-nın 03.10.1987-ci il tarixli 02 saylı protokolu ilə keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş 08.01.2008-ci il tarixli “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Blok “B” 10 saylı bağ sahəsi 04.06.2008-ci il tarixdə X7 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Daha sonra, sözügedən bağ sahəsi 14.08.2008-ci il tarixli, 4Ə/1-57 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən 25.09.2008-ci il tarixdə X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. 03.01.2019cu il tarixdə İdarənin mütəxəssisləri tərəfindən aparılmış yoxlama-ölçü işləri zamanı və İdarənin elektron kadastr baza məlumatlarına əsasən məlum olmuşdur ki, ərizəçi tərəfindən göstərilən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə ayrılmış ərazinin hüdudları daxilində yerləşir və sözügedən torpaq sahəsi üzərində 2 mərtəbəli yaşayış evi inşa edilmişdir. Həmçinin, İdarənin elektron kadastr məlumatlarına əsasən göstərilən bağ sahəsi faktiki yerləşməsi ilə təqdim olunmuş bölgü-sxemi arasında uyğunsuzluq təşkil edir. Qeyd olunan səbəblərə görə ərizəçinin ərizəsinin icrası mümkün olmamış və ərizəçiyə qanunamüvafıq imtina məktubu ünvanlanmışdır. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi, müvafiq ünvanda yerləşən 10 saylı bağ sahəsi digər fiziki şəxsin mülkiyyətindədir. Lakin məhkəmə yuxarıda qeyd olunanları nəzərə almamış, bağ sahəsinin hazırkı mülkiyyətçisini cəlb etməmiş və mülkiyyətçinin hüquqları pozulmuş, müvafiq işi düzgün və ətraflı araşdırmamış və nəticədə qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyasının iclasında maraqlı şəxs Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X8 apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 oktyabr 2020-ci il tarixli, 2(010)-103/2020 saylı qətnaməsinin ləğv edilməsini, Ərizəçi ərizəsinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Ərizəçi nümayəndəsi X13 apelyasiya şikayətini əsassız hesab edərək, təmin edilməməsini, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 oktyabr 2020-ci il tarixli, 2(010)-103/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilən X9 izahat verərək bildirdi ki, “Qum adası” NQÇİ-nin rəhbərliyi və həmkarlar ittifaqı komitəsinin rəyasət heyətinin birgə iclasının protokoluna əsasən X11 500 kv.m torpaq sahəsi olan blok “B” 10 saylı bağ sahəsi ayrılmış və onun adına 03.10.1987-ci il tarixli üzvlük kitabçası verilmişdir. Daha sonra, “Bahar” b/y-nın 03.10.1987-ci il tarixli 02 saylı protokolu ilə keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş 08.01.2008-ci il tarixli “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Blok “B” 10 saylı bağ sahəsi 04.06.2008-ci il tarixdə X7 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. O, sözügedən bağ sahəsini 14.08.2008-ci il tarixli, 4Ə/1-57 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X6 almış, 25.09.2008-ci il tarixdə həmin bağ sahəsi onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və hazırda mülkiyyətindədir. Ona görə də hesab edir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 oktyabr 2020-ci il tarixli, 2(010)-103/2020 saylı qətnaməsi əsassız olduğundan ləğv edilməli, Ərizəçi ərizəsinin təmin edilməməsi barədə qətnamə çıxarılmalıdır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 oktyabr 2020-ci il tarixli, 2(010)-103/2020 saylı qətnaməsi ləğv edilməli və Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi”nə dair ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 18.01.2019-cu il tarixli, **********65 saylı bildirişdən görünür ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında Ərizəçi adı aşkar edilməmişdir. Bundan başqa, eyni nömrəli protokoldan çıxarış ilə blok “B”, 10 saylı bağ sahəsi digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Həmçinin, elektron kadastr məlumatlarına əsasən sözügedən bağ sahəsi faktiki yerləşməsi ilə təqdim edilmiş ölçü sxemi arasında uyğunsuzluq təşkil edir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A 024036 nömrəli torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki, Bakı şəhəri XDS İK-nin 27.10.1987-ci il tarixli, 20/396 saylı Qərarı və “Bahar” b/y-nin 03.10.1997-ci il tarixli 02 saylı protokoluna əsasən Bakı şəhəri, Zığ qəsəbəsində yerləşən 500 m2 torpaq sahəsi blok “B”, 10 saylı bağ evi tikintisi üçün torpaq sahəsi ilə bağlı Ərizəçi adına tərtib edilmişdir. İş materiallarında olan “Qum adası” NQÇİ-nin rəhbərliyi və həmkarlar ittifaqı komitəsinin rəyasət heyətinin birgə iclasının 03.10.1997-ci il tarixli, 02 nömrəli protokolundan çıxarışdan görünür ki, Ərizəçi Ə.qızının bağçılıq cəmiyyətinə üzv olması və “Bahar” bağçılıq-yoldaşlıq təsərrüfatında ona istifadəsi üçün 500 m2 torpaq sahəsi ayrılması barədə verdiyi ərizəsi dinlənilmiş, X7 xahişinin nəzərə alınması, ona 500 m2 torpaq sahəsi olan blok “B”, 10 saylı bağ sahəsi daimi istifadə etmək üçün verilməsi qərara alınmışdır. İş materiallarında olan “Qum adası” NQÇİ tərəfindən verilmiş arayışdan görünür ki, “Qum adası” NQÇİ-nin Bağçılıq-yoldaşlıq cəmiyyətinin sahəsi olan 03.10.1997-ci il tarixli prokoldan çıxarış Ərizəçi verilmiş bağ evinin tikintisi üçün 500 m2 torpaq sahəsində həbs, qadağa və məhdudiyyət yoxdur. İş materiallarında olan “Qum adası” NQÇİ tərəfindən verilmiş arayışdan görünür ki, Ərizəçi 1997-ci il 03 oktyabr tarixli, 02 saylı protokola əsasən onun daimi istifadəsi üçün verilmiş 500 m2 torpaq sahəsinin DTXK-nin Bakı şəhər şöbəsində özəlləşdirilməsinə etiraz etmir. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 11.06.2019-cu il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Ziğ qəsəbəsi, Blok “B”, 10 saylı bağ sahəsi 04.06.2008-ci ildə X7 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş 06.10.2020-ci il tarixli mütəxəssiz rəyindən görünür ki, Bakı şəhəri, Zığ qəsəbəsi, “Bahar bağları”, Blok “B”, 10 saylı, 500 m2 sahənin X7 (X1) mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmə halı yoxdur. Sözügedən bağçılıq-yoldaşlığın bağların bölgüsünə dair sxemi olmadığı üçün 03.10.1997- ci il tarixli, 02 sayl protokol üzrə Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, “Bahar bağları”, blok “B”, 10 saylı, 500 m2 sahənin adı qeyd olunan X11 məxsus torpaq sahəsinin Ərizəçi məxsus torpaq sahəsinin sərhədləri daxilində olubolmamasını müəyyənləşdirmək mümkün olmamışdır. Məhkəmə kollegiyasına təqdim edilmiş, məhkəmənin hazırki işlə əlaqədar olaraq “Qum Adası” NQÇİ-nin rəhbərliyi və həmkarlar ittifaqı komitəsinin rəyasət heyətinin birgə iclasının 03.10.1997-ci il tarixli, 2 saylı protokolunun təsdiq edilmiş surətinin məhkəməyə təqdim edilməsi barədə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 20 may 2021-ci il tarixli məktubdan görünür ki, “Qum Adası” NQÇİ-nin rəhbərliyi və həmkarlar ittifaqı komitəsinin rəyasət heyətinin birgə iclasının 03.10.1997-ci il tarixli, 2 saylı protokolu arxiv qovluğunda aşkar edilməmişdir. Eləcə də maraqlı şıxs Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Ziğ qəsəbəsi, Blok “B”, 10 saylı bağ sahəsi 04.06.2008-ci ildə X7 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, həmin torpaq sahəsini X9 14.08.2008-ci il tarixli, 4Ə/1-57 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X6 almış, 25.09.2008-ci il tarixdə həmin bağ sahəsi E.Ə.Məmmədovun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Kollegiya eləcə də qeyd etməyi zəruri hesab edir ki, tərəflərin məhkəmə kollegiyasının iclasında verdikləri izahatlardan da məlum olur ki, onların iddia etdikləri torpaq sahələri müxtəlif yerlərdə yerləşməklə, həmin torpaq sahələri üzərində inşa edilmiş evlər də mövcuddur. Kollegiya hesab edir ki, ərizəçinin nail olmadığı məsələ hüquqi məsələdir və iş materiallarından da görünür ki, həmin hüquq haqqında mübahisə mövcuddur. Ona görə həmin məsələ iddia icraatı qaydasında mübahisələndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.10-cu maddəsinə əsasən hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə, məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından göründüyü kimi birinci instansiya məhkəməsi ərizəyə baxarkən hüquqa dair mübahisənin olub-olmamasının müəyyənləşdirilməsi üçün qanunla müəyyən edilmiş tədbirləri görməmişdir. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.4. maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Bununla da mülki-prosessual qanunvericilik xüsusi icraat qaydasında baxılan işlərə yalnız mübahisəsiz müəyyən edilməli olan faktlar kateqoriyasını aid etdiyindən, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 oktyabr 2020-ci il tarixli, 2(010)-103/2020 saylı qətnaməsi ləğv edilməli və Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi”nə dair ərizəsi baxılmamış saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 261.0.10 və 391-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Maraqlı şəxs Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 oktyabr 2020-ci il tarixli, 2(010)-103/2020 saylı qətnaməsi ləğv edilsin. Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi”nə dair ərizəsi baxılmamış saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar