Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3957/2020 27.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili X2, Mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs “xxxxxxxxx” ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC və Bakı şəhəri Cavabdeh2nə qarşı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi və “xxxxxxxxx” ASC mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs olmaqla “hərrac protokolunun etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(005)-3775/2019 saylı qətnaməsindən iddiaçının apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC və Bakı şəhəri Cavabdeh2nə qarşı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xİdmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi və “xxxxxxxxx” ASC mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs olmaqla iddia ərizəsi, daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh MMC tərəfindən xx.xx.2019-cu il tarixdə keçirilən hərracın və hərracın yekunları barədə 38/01 nömrəli xx.xx.2019-cu il tarixli protokolun etibarsız hesab edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 43/t saylı bağ evinə dair xx.xx.2019-cu il tarixli ********** saylı çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 43/1 saylı bağ evi onun xüsusi mülkiyyətində olmuş, “xxxxxxxxx" ASC arasında bağlanmış kredit müqaviləsinin təminatı olaraq qeyd olunan bağ evi bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 124881,04 ABŞ dolları əsas borc, 28367,33 ABŞ dolları faiz və 3000 ABŞ dolları məbləğində cərimə, cəmi 156248,37 ABŞ dollarının və məhkəmə xərclərinə görə 30 manatın ondan tutularaq “xxxxxxxxx” ASC-yə ödənilməsi, xarici valyuta ilə ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması, tutmanın ona məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 43/t saylı bağ evinə yönəldilərək, həmin evin açıq hərracdan satılması, bağ evinin ilkin satış qiymətinin 300000 manat məbləğində müəyyən edilməsi qət edilmişdir. İddia tələbi Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 43/t saylı bağ evinin boşaldılması hissəsində rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qətnaməsi ilə “xxxxxxxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 2920/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi qismən - təmin edilməyən (Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 43/t saylı bağ evinin boşaldılması) hissəsində - ləğv edilmiş və həmin hissədə iddianın təmin edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 43/t saylı bağ evi satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(102)- 6272/2018 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir. Bundan sonra isə ona məxsus əmlak barədə hərrac Bakı şəhəri Cavabdeh2 göstərişi ilə cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" MMC tərəfindən təşkil edilmişdir. Lakin hərracların təşkili və keçirilməsi barədə bildirişlərin heç biri ona təqdim edilməmiş, nəticə etibarı ilə o, məlumatlı olmamışdır. O, bu barədə məlumatı hərrac protokolu İcra şöbəsinə təqdim edildikdən sonra əldə etmiş və nəticə etibarı ilə bundan sonra məlumatlı olmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(005)- 3775/2019 saylı qətnaməsi ilə iddia təmin edilməmiş, ödənilmiş dövlət rüsumu İddiaçı aid edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, onun ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikətində göstərilmişdir ki, məhkəmə maddi hüquq normalarını düzgün tətbiq etməmiş və yalnış nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili iş materiallarına və apellyasiya şikayətinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs “xxxxxxxxx” ASC-nin nümayəndəsi iş materiallarına uyğun izahat verərək, apellyasiya şikayətlərinin əsassız olduğunu və təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış digər tərəflər (nümayəndələri) məhkəmə iclasına gəlmədiklərinə görə, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası izahatları dinləyərək, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə aşağıdakı faktiki hallar müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(004)-2920/2017 nömrəli qətnaməsinə əsasən iddiaçı “xxxxxxxxx” ASC-nin cavabdeh İddiaçı qarşı «borcun ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, borcun satılmış əmlak nəticəsində əldə edilmiş vəsait hesabına ödənilməsi» tələbinə dair iddiası qismən təmin edilmiş, 124881,04 ABŞ dolları əsas, 28367,33 ABŞ dolları faiz və 3000 ABŞ dolları cərimə olmaqla, cəmi 156248,37 ABŞ dolları məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh İddiaçı tutularaq iddiaçı “xxxxxxxxx” ASC-yə ödənilməsi, xarici valyuta ilə ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması, tutmanın İddiaçı məxsus olan, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 43/t saylı bağ evinə yönəldilərək, həmin evin açıq hərracdan satılması, bağ evinin ilkin satış qiymətinin 300000 manat məbləğində müəyyən edilməsi, iddia tələbinin Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 43/t saylı bağ evinin boşaldılması hissəsində rədd edilməsi qət edilmişdir. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(004)-2920/2017 nömrəli qətnaməsindən iddiaçı ASC tərəfindən verilmiş apellyasyia şikayəti təmin edilmiş, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(004)-2920/2017 nömrəli qətnaməsinin qismən – təmin edilməyən Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 43/t saylı bağ evinin boşaldılması hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələbinin təmin edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 43/t saylı bağ evinin satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən sifarişçi Bakı şəhəri Cavabdeh2nə, ipoteka saxlayan (tələbkar) “xxxxxxxxx” ASC-yə, ipoteka qoyan (borclu) İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli açıq hərracın keçirilməsinə dair 01 nömrəli bildirişdən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3399/2018 nömrəli xx.xx.2018-ci il tarixli icra sənədi üzrə İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 43/t saylı bağ evinə dair açıq hərrac xx.xx.2019-cu il tarixdə saat 11:00-da keçiriləcəkdir. Daşınmaz əmlakın ilkin satış qiyməti 300000 manatdır. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən sifarişçi Bakı şəhəri Cavabdeh2nə, ipoteka saxlayan (tələbkar) “xxxxxxxxx” ASC-yə, ipoteka qoyan (borclu) İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli açıq hərracın keçirilməsinə dair 01/2 nömrəli bildirişdən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3399/2018 nömrəli xx.xx.2018-ci il tarixli icra sənədi üzrə İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 43/t saylı bağ evinə dair açıq hərrac xx.xx.2019-cu il tarixdə saat 11:00-da keçiriləcəkdir. Daşınmaz əmlakın ilkin satış qiyməti 300000 manatdır. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən sifarişçi Bakı şəhəri Cavabdeh2nə, ipoteka saxlayan (tələbkar) “xxxxxxxxx” ASC-yə, ipoteka qoyan (borclu) İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli açıq hərracın keçirilməsinə dair 02 nömrəli bildirişdən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3399/2018 nömrəli xx.xx.2018-ci il tarixli icra sənədi üzrə İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 43/t saylı bağ evinə dair açıq hərrac xx.xx.2019-cu il tarixdə saat 11:00-da keçiriləcəkdir. Daşınmaz əmlakın ilkin satış qiyməti 255000 (300000-15%) manatdır. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən sifarişçi Bakı şəhəri Cavabdeh2nə, ipoteka saxlayan (tələbkar) “xxxxxxxxx” ASC-yə, ipoteka qoyan (borclu) İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli, ipoteka predmetinin əldə olunmasına dair təklifdən görünür ki, Bakı şəhəri Cavabdeh2 1623-231425/15 saylı xx.xx.2019-cu il tarixli sifariş məktubuna əsasən borclu İddiaçı məxsus ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 43/t saylı bağ evinin təkrar hərracının baş tutmaması barədə «Birja Yenilikləri» qəzetinin xx.xx.2019-cu il tarixli nömrəsində elan dərc edilmişdir. «İpoteka haqqında» Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25% az olmayan qiymətlə, yəni 191250 manat olmaqla ipoteka saxlayana təklif olunmuşdur. «İpoteka haqqında» Qanunun 43.7 və 43.8- ci maddələrinə uyğun olaraq ipoteka saxlayan 30 təqvim günü ərzində ipoteka predmetini əldə etdiyi halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 298.2, 319.3.5 maddələrinə müvafiq isə hərracın xidmət haqqını ödədikdən sonra protokol tərtib olunur. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən tərtib edilmiş xx.xx.2019-cı il tarixli 38/01 nömrəli protokolun surətindən müəyyən olunur ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 43/t saylı bağ evi 191250 manata tələbkar “xxxxxxxxx” ASC-nin nümayəndəsi tərəfindən əldə edilmişdir. İş materiallarında olan çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 43/t saylı bağ evi tam mülkiyyət hüququ ilə “xxxxxxxxx” ASC-yə məxsusdur (qeydiyyat nömrəsi **********; qeydiyyat tarixi xx.xx.2019-cu il). “Birja Yenilikləri” qəzetinin surətlərindən görünür ki, iddiaçıya məxsus daşınmaz əmlakın açıq hərracdan satılması barədə elanlar verilmişdir. İş materiallarından müəyyən edilir ki, keçirilmiş hərraclarla bağlı bildirişlər tərəflərə (ipoteka qoyanlara, ipoteka saxlayanlar və qeyrilərinə) göndərilmişdir. Beləliklə, müəyyən edilmişdir ki, Bakı şəhəri Cavabdeh2 sifarişi əsasında mübahisəli mənzilin hərracdan satılması “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə sifariş olunmuşdur. Hərrac təşkilatı tərəfindən keçirilən hərraclar baş tutmamış, bu səbəbdən mənzil tələbkar banka təklif olunmuşdur ki, sonuncu da 30 gün müddətində - xx.xx.2019cu il tarixdə mənzili almışdır. Məhkəmə Kollegiyası iş üzrə sübutlara, müəyyən edilmiş hallara qiymət verərək, iddianı rədd edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Kollegiya hesab edir ki, hərrac keçirilərkən hərracın keçirilməsi qaydalarının və normativ hüquqi aktların tələblərinin pozulması halları aşkar olunmamışdır. Tərəflər arasında mülki hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olmuş “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununda ipoteka predmetinə tutmanın yönəldilməsinin həm məhkəmədən kənar, həm də məhkəmə qaydası nəzərdə tutulmuş (Qanunun 35-39-cu maddələri), məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi prosedurunun icra məmuru tərəfindən həyata keçirilərək ipoteka predmetinin hərracda satılması, icra məmurunun hərracın keçirilməsini əmtəə birjasının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata sifariş verməsi, sifarişin “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunmaqla və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirməsi, hərracın isə açıq auksion formasında keçirilməsi öz əksini tapmışdır (Qanunun 41.2-ci, 41.3-cü və 41.5-ci maddələri). Qanunun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində təşkilatçının hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirməsi, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərməsi qeyd olunmaqla, elanların verilməsi müddətlərinə və s. dair müddəalar əks etdirilmiş, 43-cü və 44-cü maddələrində isə müvafiq olaraq hərracın baş tutmamış hesab edilməsinin və onun etibarsız sayılmasının nəticələri göstərilmişdir. Mülki Məcəllənin 415.2-ci maddəsində isə göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır.Məcəllənin 415.5-ci maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir. Məcəllənin 416-cı maddəsinə əsasən hərracın keçirilməsi qaydaları pozularsa maraqlı şəxslərin iddiası üzrə məhkəmə tərəfindən həmin hərrac etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Qanunun 42.3-cü maddəsinə əsasən hərracın təşkilatçısı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər. Qanunun 42.6-cı maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. “İpoteka haqqında” Qanunun 43.1-ci və 43.2-ci maddələrinə əsasən hərracın təşkilatçısı, hərraca iki nəfərdən az alıcı gəldikdə, hərracın iştirakçısı olmadıqda, hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə, hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın, hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir. Qeyd edilən hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir. Həmin Qanunun 43.3-cü maddəsinə görə hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin işin müəyyən edilən hallarına istinadla gəldiyi nəticə ilə razılaşmamaq üçün əsas mövcud deyildir. Belə ki, hərracın təşkilatçısı olan “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun 42.1-ci maddəsinin tələblərinə əməl edərək hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elanlar dərc etdirmiş, tərəflərə verilməsini təsdiq etmə üsulu ilə hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış birinci elanı vermiş və bildiriş göndərmişdir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış isə ikinci elan vermişdir. Göründüyü kimi, hərracların keçirilməsi barədə tərəflərin məlumatı olmuşdur. İş materiallarından göründüyü kimi, hərracların təşkili və keçirilməsi barədə bildirişlər hərrac təşkilatçısı tərəfindən İddiaçı qeydiyyatda olduğu ünvan 1 mənzil 10 ünvanına göndərilmişdir (“qapı bağlıdır”, “ünvanda nə qeydiyyat, nə də yaşamır”, “ev satılıb” qeyd edilmişdir) və həmin bildirişlərin sonuncuya çatmamasının məsuliyyətini hərrac təşkilatçısı daşımamalıdır. «Borc tələbi və ipoteka predmetinə tutmanın yönəldilməsi» tələbinə dair mülki işin yekunlaşması həmin iş üzrə icra sənədənin verilməsinə və nəticədə borc öhdəliyini təmin etmiş mənzilin açıq hərracdan satışa çıxarılmasına səbəb olması iddiaçıya qabaqcadan məlum olmuşdur və iddiaçı özü də ən azı mənzilinin talehinə biganə qalmamaqla icra prosesi və hərracların təşkili və keçirilməsi ilə yaxından maraqlana bilərdi. Ona görə də kollegiyanın gəldiyi nəticə ondan ibarətdir ki, hərracın keçirilməsi barədə iddiaçının məlumatı olmuşdur. Bu qənaətə gələrlən kollegiya, “F. Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyi də nəzərə alaraq qeyd edir ki, həmin qərarında Konstitusiya Məhkəməsi MM-in 415.2-ci maddəsində nəzərdə tutulmuş bildirişin ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyriməhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edildiyini və bu maddənin hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoymadığını, yalnız “İpoteka haqqında” Qanununun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışlarının fərqləndirildiyini, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsinin nəzərdə tutulduğunu vurğulamışdır. Kollegiya qeyd edir ki, iş materiallarına əlavə edilmiş hərraclar barədə elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiymətləri, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumatlar təfsilatı ilə qeyd edilmişdir. Mübahisəli hüquq münasibətlərinin əmələ gəldiyi vaxt qüvvədə olmuş “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.5, 43.7 və 43.8-ci maddələrində müəyyən olunmuş qaydalara görə, ilkin hərrac baş tutmadıqda təkrar hərrac keçirilir və hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Təkrar hərrac baş tutmamış elan edildikdə isə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. İpoteka saxlayan 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. İşin hallarından da görünür ki, keçirilmiş ilkin və təkrar hərraclar baş tutmadığından, mənzil təkrar hərracdan satış qiyməti 25 faiz endirilməklə “xxxxxxxxx” ASC-yə təklif olunmuşdur ki, sonuncu da xx.xx.2019-cu il tarixli 38/01 nömrəli “Hərracların yekunları barədə” Protokola əsasən mənzili 191250 manata almışdır. İpoteka saxlayanın ipoteka predmetini alması üçün hər hansı hərrac keçirilməsinə və bunun üçün elan dərc etməyə və maraqlı şəxslərə bildiriş göndərməyə lüzum yoxdur. Hazırki işdə təkrar hərrac xx.xx.2019-cu ildə keçirilmiş və hərrac baş tutmamışdır. xx.xx.2019-cu il tarixdə isə mənzil “xxxxxxxxx” ASC tərəfindən alınmışdır. Cavabdehlər tərəfindən hərracda müəyyən edilmiş qiymətlə bağlı tələblər pozulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, ipoteka predmeti olmuş əmlaka dair hərracın keçirilməsi və ipoteka saxlayana satılması ilə bağlı pozuntulara yol verilmədiyindən, xx.xx.2019-cu il tarixli 38/01 nömrəli “Hərracların yekunları barədə” Protokolun etibarsız hesab edilməsi üçün əsasların olmaması ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Kollegiya həmçinin hesab edir ki, birinci instansiya məhkəməsi “çıxarışın ləğv edilməsi” hissəsində iddianı da, hərracın yekunları barədə xx.xx.2019-cu il tarixli 38/01 nömrəli protokol qanuni və əsaslı sayıldığından, təmin etməməkdə haqlı olmuşdur. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan Kollegiyası qeyd edir ki, əksi sübut edilməyincə, mübahisələndirən hərracın nəticələri haqqında protokolun həqiqiliyi prezumpsiyası qəbul edilməlidir. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya xüsusi olaraq vurğulayır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3775/2019 saylı iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov
Məhkəmə qərarları › İş №2(103)-3957/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3957/2020
27.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver