Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3961/2024 05.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “barışıq sazişinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: “barışıq sazişinin etibarsız hesab edilməsi” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X6 (sədrlik edən və məruzəçi), X5 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1, Cavabdeh2 oğulunun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “barışıq sazişinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-88/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Tərəflər arasında 26 may 2021-ci il tarixdə barışıq sazişi bağlanmışdır. Sazişin şərtlərinə əsasən İddiaçı və Cavabdeh1 atalarının mülkiyyətində olmuş Bakı şəhəri,Yasamal rayonu,Qədirli küçəsi,ev 8 ünvanında yerləşən miras əmlakın 1/12 hissə üzrə vərəsəlik paylarından Cavabdeh2 xeyrinə imtina edirlər və həmin miras əmlak üzrə birinci növbəli vərəsə kimi Cavabdeh2 vərəsə payı ayrılmasına etiraz etməmişlər. Sazişə əsasən İddiaçı 2 azyaşlı uşağı ilə birlikdə həmin evdən qeydiyyatdan çıxmağı öhdəsinə götürür.
2. Sazişin şərtlərinə əsasən Cavabdeh2 Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7637/2017 saylı, 02 avqust 2017-ci il tarixli icra sənədi üzrə özünün, həyat yoldaşı Cavabdeh3, 14 fevral 2006-cı il təvəllüdlü X2 və 29 iyul 2007-ci il təvəllüdlü X1 Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 36 saylı evin 43 saylı mənzilindən istifadə hüquqlarından (mənzildə yaşamaq hüquqlarından) imtina edərək həmin mənzildən 10 gün müddətində ailə üzvləri ilə birlikdə (özü, həyat yoldaşı və uşaqları ilə birlikdə) qeydiyyatdan çıxmaları barədə öhdəlik götürürlər.
3. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 31 may 2021-ci il tarixli 2(102)- 2654/2021 saylı qərardadı ilə barışıq sazişi təsdiq edilmiş və mülki işin icraatına xitam verilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər - Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ilə 26 may 2021-ci il tarixdə Bakı şəhəri 12 saylı notariat ofisində bağlanmış barışıq sazişinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7637/2017 saylı, 02 avqust 2017-ci il tarixli icra olunmuş icra sənədi üzrə mübahisəni barışıq yolu ilə qurtarmaq məqsədi ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881-ci maddəsinin tələblərinə müvafiq olaraq iddiaçı cavabdehlərlə 26 may 2021-ci il tarixdə barışıq sazişi imzalamışdır və saziş Bakı şəhəri 12 saylı notariat ofisində təsdiq edilərək qeydiyyata alınmışdır. Cavabdehlər tərəfindən qeyd olunan sazişin tələbləri icra edilməmişdir. Cavabdehlərlə bağlanmış barışıq sazişinin 6-cı bəndinə əsasən tərəflər sazişin 1-ci, 2-ci və 3-cü bəndləri ilə üzərlərinə düşən öhdəlikləri icra etmədikdə və ya lazımi qaydada icra etmədikdə, əqdin etibarsızlığının nəticələri ilə bağlı qanunvericilikdə müəyyənləşdirilmiş qaydalar tətbiq edilir.
6. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-88/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “barışıq sazişinin etibarsız hesab edilməsi” barədə iddia tələbinin rədd edilməsi və ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun İddiaçı özünə aid edilməsi qət edilmişdir.
7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Mülki Məcəllənin 339-347-ci və digər maddələrində müqavilənin etibarsız sayılması üçün qanunla müəyyən edilmiş hallar göstərilmişdir. Məhkəmə Məcəllənin etibarsızlıqla bağlı təsbit etdiyi dispozitiv şərtləri hazırkı mübahisəyə tətbiq edərək belə qənaətə gəlir ki, sazişin şərtlərinin cavabdehlər tərəfindən icra edilməməsi müqavilənin etibarsız sayılması üçün əsas deyil. Hazırkı hal sazişin məcburi icrasının tələb edilməsi üçün əsasdır. İddiaçı tərəfindən müqavilənin etibarsızlığına dəlalət edən digər əsaslı sübutlar məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda iddiaçı məhkəmə iclasında bildirmişdir ki, barışıq sazişi onun hüquqlarının pozulması ilə bağlanıb, belə ki, şərtlər hər iki tərəfə eyni üstünlüklər vermir. İddiaçı miras əmlakda olan payından qardaşının xeyrinə imtina etdiyi halda qardaşı yalnız evdən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Məhkəmə iddiaçının bu dəlilinə münasibətdə qeyd edir ki, barışıq sazişinin etibarsız sayılması üçün istinad olunan hal əsas sayıla bilməz. Odur ki, iddiaçı iddiasının əsasını təşkil edən halları məhkəmə araşdırması zamanı sübuta yetirə bilmədiyindən hazırkı iddia rədd edilməlidir.
8. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 60.1, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 4.1 ,324.1, 324.4, 337.1, 337.2, 385, 442, 881.1, 881.2, və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.1,77.1,88,119.1,216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
9. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-88/2024 nömrəli Qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə əqdin etibarsızlığının yanılma təsiri altında olmasını diqqət yetirməmişdir. Barışıq sazişində tərəflər razılaşmışlar ki,“Tərəflər bu sazişin 1-ci, 2-ci və 3-cü bəndləriilə üzərilərinə düşən öhdəlikləri icra etmədikdə və ya lazımi qaydada icra etmədikdə,əqdin etibarsızlığının nəticələri ilə bağlı qanunvercilikdə müəyyəşdirilmiş qaydalar (ikitərəfli restutisiya) tətbiq edilir. Bu razılaşmadan da görünür ki, məhz iddiaçıya münasibətdə saziş ədalətsiz şərtlərlə bağlanmışdır. 4-cü bəndin, yəni Cavabdeh2 sazişi icra etməməsi, yəni qeydiyyatdan çıxmaması sazişin etibarsızlığına səbəb olmaması ilə sazişin bağlanması açıq-açığa iddiaçının yanılma və aldadılma ilə sazişi bağlamasına bariz nümunədir. İşin mübahisəsiz halı barışıq sazişinin icra edilməməsidir və sazişdə bu hal etibarsızlığa gətirib çıxara bilməsi qeyd edilmişdir.Barışıq sazişini imzalamaqda iddiaçının məqsədi o olmuşdur ki, atalarından miras qalmış 2 evi qardaşı X4 ilə aralarında razılıqla bölsünlər.Sazişi bağlayarkən iddiaçı bilməmişdir ki,Bakı şəhəri,Xətai rayonu,Gəncə prospekti,36 saylı evin 43 saylı mənzil miras əmlaka daxil deyil.O zənn etmişdir ki,barışıq sazişinin nəticəsndə həmin ev onun mülkiyyətinə keçəcək.Amma hazırda anası və bacısı o evdə yaşayır.Nəticədə iddiaçı heç nə əldə etməmişdir.İddiaçı barışıq sazişi imzalayan zaman barışıq sazişinin məzmunu barədə yanılmışdır.O sazişi imzalayan zaman əldə etməyi arzuladıqlarını əldə edə bilməmişdir. Nə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 36 saylı evin 43 saylı mənzil onun olmuş, nə də Bakı şəhəri,Yasamal rayonu,Qədirli küçəsi 8 saylı ev. Cavabdeh heç üzərinə düşən öhdəlikləri icra etməmiş, Bakı şəhəri,Xətai rayonu, Gəncə prospekti,36 saylı evin 43 saylı mənzildən ailə üzvləri ilə birlikdə qeydiyyatdan çıxmışdır. İddiaçı 2 uşağını Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi 8 saylı evdən qeydiyyatdan çıxması ilə bağlı sazişi imzalayarkən uşaqların atasının razılığı alınmamışdır. Halbuki qanuni nümayəndələrinin razılığının tələb olunması Konstitusiya Məhkəməsinin müvafiq qərarında qeyd edilmişdir.
Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Proses iştirakçılarının izahatı
12. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli məlumatında qeyd edilmişdir ki, “Məhkəmənin əqdə əsaslanan iddiaya baxarkən əqdin etibarlı olub-olmamasını araşdırmaq vəzifəsi ilə hakimin barışıq sazişini təsdiqləməsi üçün MPM-də nəzərdə tutulmuş prosessual tələblərə- sazişinin qanuna zidd olmaması və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmamasını yoxlaması, saziş şərtlərinin məhkəmə iclasının protokoluna yazılması və protokolu tərəflərin imzalaması və s. riayət etmək vəzifəsi fərqləndirilməlidir. Barışıq sazişində tərəflər razılaşmışlar ki, “Tərəflər bu sazişin 1-ci, 2-ci və 3-cü bəndləri ilə üzərilərinə düşən öhdəlikləri icra etmədikdə və ya lazımi qaydada icra etmədikdə,əqdin etibarsızlığının nəticələri ilə bağlı qanunvercilikdə müəyyəşdirilmiş qaydalar (ik itərəfli restutisiya) tətbiq edilir.İddiaçı müqavilə bağlayan zaman düşünüb ki, razılaşma ilə mülkiyyət hüququ əldə edəcək, ya da ora köçürüləcək.Evdə qeydiyyatda bacı, qardaş və anadır. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. Vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır: şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir; şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir; tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir. İddiaçı atasından qalma evdən istifadə hüququnu itirir, digər əmlakla bağlı da hüquqlar əldə edə bilmir.İcra şöbəsində cavabdehlər heç bir hərəkət etməyiblər, 6 aydır icradadır. Yasamaldakı evdə iddiaçı və uşaqları qeydiyyatdadır. Uşaqlar hüquqlarını itirirlər. Məhkəmə uşaqların mənafeyini nəzərə almayıb. 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların qanuni nümayəndələrinin müvafiq razılığı olmadan bağladıqları əqdlər etibarsız olsalar da, onların qanuni nümayəndələri sonradan ağlabatan müddət ərzində həmin əqdlərə razılıq verməklə (bəyənməklə) onları etibarlı hala gətirə bilərlər.Ata razılıq verməyib. Apellyasiya şikayətinin təmin olunmasını xahiş edirik. Barışıq sazişi bugün icra edilsə, xanım vərəsəlik hüququndan məhrum olacaq.İddiaçı bildirib ki, notariat ofisində deyilib ki, Xətaidəki evə köçürüləcək. Amma anası, bacısı, qardaşı çıxarılma ilə bağlı iddia qaldıra bilər.Köçürülmə göz boyama xarakteri daşıyır.Barışıq sazişinin təsdiq edilməsinin tələb edilməsi ilə bağlı atadan ərizə də alına bilərdi. Məhkəmə ədalətsiz qərar qəbul edib. İddiaçı düşünüb ki, orderli ev üçün çıxarış alacaqlar, satıb pulunu götürəcəklər ya da paylı şəkildə istifadə edəcəklər.Evin özgəninkiləşdirməsi zamanı qardaşın ərizəsini istəyəcəklər, o da ərizəsini vermir. Atanın ikinci yoldaşı olub, sonradan rəhmətə gedib onun da hüquqi varisi var. Məhkəmə bu halı araşdırmalı idi, tələbin olub-olmaması araşdırılmayıb. Düşünülüb ki, bacı ilə bölüşməyə məcburdur, ona görə saziş bağlanılıb. Atasından qalmış mirasdır, düşünüb bölüşülməlidir. Orderli ev C.Cavanşirin nənəsinin adınadır.Razılaşma mümkün deyil.
13. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 çıxış edərək bildirir ki, iddiaçı ilə razıdır. Onlar qardaşına yaxşılıq etmək istədi. Qardaşı məhkəmədə uduzurdu, vərəsəlik hüquqlarını itirəcəkdi, vəkil ilə danışdı. Qardaşı onlarla danışmır.Evin çıxarışı yoxdur, orderi var. Sazişdə qeyd edilmişdir ki, 10 gün ərzində əməl edilməlidir. Amma qardaşı razılığa gəlmirdi.Qardaşının yoldaşı onları təhqir etdi. Apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. Ev orderlidir. Sazişi ona görə bağladı ki, qardaşına pay düşsün, Xətaidəki ev onlara qalsın.3 ildir mübahisə var,onlar yorulub. 43 nömrəli mənzildə o və anası yaşayır.Qardaşı mənzildə yaşamırdı, heç gəlmirdi. Məhkəmə qərarına əsasən köçürülmüşdür.Atasının ikinci yoldaşı dünyasını dəyişməmiş evin sənədlərini düzəltmək istəyirdi. Notariat ofisi özü onlara deyib ki, ərizə yazın.O, anasını məhkəməyə vermişdi. Təxminən 3-4 il olardı. Bu hadisə barışıqdan qabaq olub. Sonra 43 saylı evin sənədlərin yığmağa çalışıb.Qardaşının yoldaşı imkan vermir. 3 ildir bacısı yalvarır, 10 gün ərzində sazişə əməl edilməli idi, illər sonra yox. İndi o da bacısını orada istəmir.Onlar barışıq sazişini qardaşına pay düşsün deyə bağlayıb.Sazişi ona görə bağlayıblar ki, iki bacı evin sənədlərin düzəldər, bölər, qardaşları da o bir evi götürər. Amma, barışıq olmadı.Qardaşları deyir ki, işlərini görəndən sonra çıxsınlar. Onlar ona inana bilməz.Razılaşma mümkün deyil.
14. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 çıxış edərək bildirir ki, Ali Məhkəmənin qərarından sonra barışıq sazişi bağlanıldı. 12 saylı notariat ofisinə bacılar ərizə qoyublar.Hətta digər işdə 4 vərəsə var idi. Atasımın ikinci yoldaşı olub. 2016-cı ildən məhkəməyə gedir. Rayon məhkəməsində də notariat ofisinə getməyi hakim təklif etdi, amma razılaşmadılar.Yasamaldakı evə qeydiyyata düşə bilmir.Öz vərəsəlik payını ala bilmir. Çünki Notariat ofisi ona sənəd vermir. Notariat ofisində bacıların ərizəsi var. Həmin ərizə imkan vermir ki, o, qeydiyyatdan çıxsın. 43 saylı evdən qeydiyyatdan çıxmağa razıdır. Həmin evdə yaşamır. Məhkəmələrə getməkdən yorulmuşdur.Razılaşma mümkün deyil.
Tətbiq edilən hüquq normaları:
15. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsi
Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və xitamına yönəlmiş birtərəfli, iki tərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırlmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır.Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Maddə 347.1. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. Maddə 347.2. Vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır: Maddə 347.2.1. şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir; Maddə 347.2.2. şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir; Maddə 347.2.3. tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir. Maddə 347.3. Əqdin motivləri barəsində yanılma, onun razılaşma predmeti olduğu hallar istisna edilməklə, vacib əhəmiyyətə malik deyildir. Maddə 347.4. Kontragentin şəxsiyyəti barəsində yanılma yalnız o zaman vacib sayılır ki, əqdin bağlanması üçün kontragentin şəxsiyyəti və ya şəxsi keyfiyyətlərinin nəzərə alınması başlıca əsas olmuşdur. Maddə 347.5. Predmetin əsas xüsusiyyətləri barəsində yanılma yalnız o zaman vacib sayılır ki, predmetin dəyərinin müəyyənləşdirilməsi üçün əhəmiyyət kəsb edir. Maddə 347.6. Yazılı əqdlər bağlanarkən buraxılmış xırda səhvlər düzəlişə hüquq verir, lakin mübahisə etməyə hüquq vermir.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Apellyasiya baxışının hədləri
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
19. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qətnaməsinin əsaslılığını tam yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
21. İşin halları odur ki, tərəflər arasında 26 may 2021-ci il tarixdə barışıq sazişi bağlanmışdır. Sazişin şərtlərinə əsasən İddiaçı və Cavabdeh1 atalarının mülkiyyətində olmuş ünvan 3 ünvanında yerləşən miras əmlakın 1/12 hissə üzrə vərəsəlik paylarından Cavabdeh2 xeyrinə imtina etmişlər və həmin miras əmlak üzrə birinci növbəli vərəsə kimi Cavabdeh2 vərəsə payı ayrılmasına etiraz etməmişlər. Sazişə əsasən İddiaçı 2 azyaşlı uşağı ilə birlikdə həmin evdən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür.
22. Sazişin şərtlərinə əsasən Cavabdeh2 Bakı Apellyasiya Məhkəməsinin MülkiKollegiyasının 2(103)-7637/2017 saylı, 02 avqust 2017-ci il tarixli icra sənədi üzrə özünün, həyat yoldaşı Cavabdeh3, 14 fevral 2006-cı il təvəllüdlü X2 və 29 iyul 2007-ci il təvəllüdlü X1 Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 36 saylı evin 43 saylı mənzilindən istifadə hüquqlarından (mənzildə yaşamaq hüquqlarından) imtina edərək həmin mənzildən 10 gün müddətində ailə üzvləri ilə birlikdə (özü, həyat yoldaşı və uşaqları ilə birlikdə) qeydiyyatdan çıxmaları barədə öhdəlik götürürlər.
23. Azərbaycan Respbulikası Ali Məhkəməsinin 31 may 2021-ci il tarixli qərarına əsasən barışıq sazişi təsdiq edilmiş, mülki işin icraatına xitam verilmişdir.
24. Apellyasiya şikayətinin dəlili odur ki, iddiaçı bu sazişi bağlayarkən aldanılmış və yanılmışdır.
25. Konstitusiya Məhkəməsi Plenumunun B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərarına əsasən aldatma dedikdə , digər tərəfi əqdi bağlamağa sövq etmək məqsədilə müəyyən faktlara dair bilə-bilə yalan məlumatlar verməklə və ya barəsində məlumat verilməli olan məsələlər barədə susmaqla onda əqd barəsində yanlış təəssürat yaratmaq və həmin təəssürat üzrə iradə ifadə etməyə məcbur etmək nəzərdə tutulur. Aldatma nəticəsində digər əqd iştirakçısında əqd və onun elementləri, onun bağlanması üçün mühüm əhəmiyyəti olan hallar və faktlar barəsində yanlış təsəvvür yaranır.Aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: Aldadan tərəf müqavilənin bağlanılması və xüsusilə də müqavilənin bağlanmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir; Aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir.Yəni müəyyən bir müqavilənin bağlanmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formalaşdırılmış olmalıdır. Müqavilə məhz aldatma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanmış olmalıdır. Belə ki, aldatma olmasaydı, mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı.
26. Mülki qanunvericiliyə əsasən vacib əhəmiyyətli yanılma odur ki, şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir; şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir; tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir.
27. Lakin hazırki barışıq sazişinin şərtləri aydın şəkildə ifadə olunmuşdur. Cavabdeh2 müqavilə tərəflərini aldatması müəyyən olunmur. O cümlədən də iddiaçının yanılması öz təsdiqini tapmır.
28. Qeyd edilməlidir ki, sazişi şərtlərinin Cavabdeh2 tərəfindən icra olunmaması sazişin etibarsızlığı üçün əsas deyil. Tərəflər barışıq sazişinin məcburi icrasını tələb edə bilərlər.
29. Apellyasiya şikayətinin digər dəlili odur ki, iddiaçı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 36 saylı evin 43 saylı mənzil miras əmlaka daxil olmadığını bilməyib. Məhkəmə kollegiyası bu dəlili əsassız hesab edir. Çünki sazişin 3-cü bəndində Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi 8 saylı ev miras əmlak kimi qeyd edilib, lakin sözügedən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 36 saylı evin 43 saylı mənzil isə miras əmlak kimi qeyd edilməyib. Bundan əlavə, tərəflərin izahatı ilə müəyyən olundu ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti,36 saylı evin 43 saylı mənzildə iddiaçının anası və bacısı yaşayır. Cavabdeh2 yaşamır. Həmin evin çıxarışı yoxdur, həmin evə dair order vardır. Həmin sənəd də iddiaçının anasındadır. Göründüyü kimi iddiaçı qeyd edir ki, həmin evin mirasa daxil olmasını düşünürdü. Lakin həm həmin sazişdən, həm də tərəflər arasında əvvəllər olan məhkəmə mübahisəsi zamanı işin hallarından müəyyən olunmuşdur ki, sözügedən ev mirasa daxil deyildir.
30. Apellyasiya şikayətinin digər digər dəlil ondan ibarətdir ki, barışıq sazişi nəticəsində iddiaçı heç nə əldə etməyib. Bununla əlaqədar qeyd olunmalıdır ki, Cavabdeh1 məhkəmə iclasında bildirdi ki, anası və o, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti,36 saylı evin 43 saylı mənzildə yaşayır, qardaşı həmin evdə yaşamır. Bacısı ilə razılaşmışdırlar ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti,36 saylı evin 43 saylı mənzilini sənədləşdirib öz aralarında böləcəklər, barışıq sazişini bu səbəbdən bağlayıblar. Göründüyü kimi müqavilə şərtləri tərəflərin iradəsinə uyğun olmuşdur. Tərəflər barışıq sazişinin şərtləri barədə bu qaydada razışlaşmışdırlar.
31. Apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, iddiaçı iki uşağının Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi 8 saylı evdən qeydiyyatdan çıxması ilə bağlı sazişi imzalayarkən uşaqların atasının razılığı alınmamışdır.
32. Qeyd edilməlidir ki, ”Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində qeyd edilir ki, on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir.
33. Sazişin şərtinə əsasən İddiaçı 2 azyaşlı uşağı ilə birlikdə həmin evdən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Göründüyü kimi, İddiaçı valideyn olaraq övladlarının yaşayış yerini müəyyən etməkdə səlahiyyətli olmuşdur.
34. Beləliklə, Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı saymır, hesab edir ki, mübahisələndirilən barışıq sazişinin etibarsız sayılması üçün qanunda nəzərdə tutulmuş əsaslar iddiaçı tərəfindən sübut edilmədiyinə görə həmin iddia tələbinin rədd edilməsinə dair işə mahiyyəti üzrə baxan məhkəmənin gəldiyi qənaət əsaslıdır.
35. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 88/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
36. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-88/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev