Məhkəmə qərarları › İş №2(103)-3965/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3965/2023

13.06.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3965/2023 13.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair mülki üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 29 mart 2023-cü il tarixli, 2(003)- 534/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: Tərəflər arasında “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə” müqavilə bağlanmış, həmin müqaviləyə əsasən, iddiaçı cavabdehi təbii qazla təmin etmək, cavabdeh isə iddiaçı tərəfindən ona ötürülən təbii qazın dəyərini ödəməyi öhdəsinə götürmüşlər. Cavabdeh təşkilatın əməkdaşları tərəfindən iddiaçının ünvanında yoxlama apararkən iddiaçının sayğacdan kənar qeyri-qanuni qaz xətdindən istifadə etməsi müəyyən olunmuşdur. Bundan sonra cavabdeh təşkilatın nümayəndələri tərfindən akt tərtib olunaraq itmiş təbii qazın dəyəri hesablanmaqla iddiaçıya akt əsasında 3046,1 manat məbləğində borc hesablanmışdır. Hazırda iddiaçı iddia tələbinin təmin olunmaqla hesablanmış borcun silinməsini tələb edir. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2022-ci 11 tarixində Akt No0362005 və xx.xx.2022-ci ildə akt № 03643333 tərtib edilən əsassız aktların ləğv edilərək, 3046,10 manat (üç min qırx altı manat on qəpik) yazılmış əsassız borcun silinməsi və Binə qəsəbəsi R. Əşrəfov küçəsi döngə 2 ev 14B ünvanına qazın verilməsinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Binə qəsəbəsi, R. Əşrəfov küçəsində yerləşən 14B saylı fərdi yaşayış evi X1na məxsus olmuşdur. X1 xx.xx.2003-cü il tarixində kəskin ürək çatışmamazlığı xəstəliyi ilə əlaqədar vəfat etmişdir. Əvvəllər bu ünvana cavabdeh tərəfindən qaz çəkilsə də qaz sayğaca qoşulmaması səbəbindən onlar qazdan istifadə etməmişlər. Onlara aid kod qaz idarəsində passiv kimi qeyd olunmuşdur. Cari ilin iyun ayında bu ünvana küçədə heç kimə xəbər etmədən qaz sayğacı cavabdeh tərəfindən quraşdırılmışdır. Qapını döyərək sayğac kodunu kağıza bükülmüş halda ailə üzvlərinə verib çıxıb getmişlər. Sayğac quraşdırılması barədə heç nə izah etməmiş və bu barədə akta qol çəkdirməmişlər. Sayğacın quraşdırılmasında iddiaçı tərəfdən heç kimin iştirakı olmamışdır. Cari ilin noyabr ayının 16-da o, verilmiş qaz sayğac kodunu aktivləşdirmək üçün qaz idarəsinə getdi. Həmin akt tərtib edilərkən nə onun, nə də hal şahidlərinin iştirakı təmin edilməmişdir. Cavabdeh akt tərtib edərkən “Qazdan istifadə qaydaları”nın 4.8-ci bəndinin tələblərini pozmuşdur, yəni akt tərtib edilərkən hal şahidlərinin iştirakı təmin edilməmişdir. Orada iddiaçıya bildirdilər ki, 3046,10 azn borcu var. Məlum oldu ki, onun barəsində xx.xx.2022-ci il tarixində Akt №0362005 və xx.xx.2022-ci ildə Akt №03643333 tərtib olunmuşdur. Bu aktların yazılmasında o və ailə üzvlərindən heç kim iştirak etməmişdir. Ümumiyyətlə bu aktlardan barəsində xəbəri olmamışdır. xx.xx.2022-ci il tarixində o bu aktları qaz idarəsindən aldıqda bu barədə bilmişdir. xx.xx.2022-ci il tarixli Akt 18360 kub metr (on səkkiz min üç yüz altmış kub metr), xx.xx.2022-ci il tarixli Akt 6120 kub metr (altı min yüz iyirmi kub metr) işlənmiş qaz hesablanmışdır. Abonent saldosunda göstərilən qızdırıcı cihazlar xx.xx.2022-ci il tarixli tələbnamədəki qızdırıcı cihazlar və xx.xx.2022-ci il tarixində göstərilən tələbnamədəki qızdırıci cihazlara uyğun deyil. Evə baxış keçirilməmiş və invertar aktı tərtib edilməmişdir. Birinci instansiya məhkəməsi yerin müayinəsi zamanı məhkəmə tərəfindən iddiaçıya məxsus ünvan 1 ünvanında sübutların yerində müayinəsi zamanı ünvan 1 ünvanında qaz balonundan istifadə olunduğu və Cavabdeh tərəfindən iş materiallarına əlavə edilmiş fotoşəkilin bu ünvana aid olmadığı müəyyən olunmuşdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 29 mart 2023-cü il tarixli, 2(003)-534/2023 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh tərəfindən təbii qazdan istifadə qaydalarının pozulmasına görə İddiaçı (abonent kodu **********20000) hesablanmış 3046,1 (üç min qırx altı manat, on qəpik) manat məbləğində borcun silinməsi, 50,46 (əlli manat, qırx altı qəpik) manat məbləğində dövlət rüsumunun Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, hazırki iş üzrə cavabdeh tərəfindən qəbul edilmiş akt heç bir hüquqi nəticə doğurmayaraq iddiaçı tərəfindən mübahisələndirilməsə də belə, hər bir halda iddiaçının silinməsini tələb etdiyi borc cavabdehin tərtib etdiyi aktın yaratdığı hüquqi nəticədir. Ona görə də bu hal cavabdeh tərəfindən sübut edilməli olan haldır. Cavabdeh təşkilat tərəfindən ziyanın hesablanmasına əsas olmuş akt isə iş materiallarında olsa da, cavabdeh təşkilat tərəfindən tərtib edilmiş akt iddiaçı tərəfindən imzalanmamış, həmin akt cavabdeh təşkilatın əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmiş, həmin aktın tərtib edilməsinə hal şahidləri cəlb edilməmiş və qanunvericiliyin imperativ göstərişinə əməl edilməməklə həmin aktın bir nüsxəsi abonentə təqdim edilməmişdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, istinad edilən qaydalara uyğun olaraq tərtib edilmiş aktların bir nüsxələrinin cavabdeh tərəfindən iddiaçıya təqdim edilməsi, habelə ondan vurulmuş zərərin tələb edilməsi barədə sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə, 3046,1 manat borcun hansı qaydada və əsasla hesablanması da cavabdeh tərəfindən göstərilə bilməmişdir. Qanunun tələbindən göründüyü kimi akt 2 nüsxədən ibarət olmaqla tərtib olunmalı və aktın bir nüsxəsi istehlaçıya təqdim edilməlidir. Lakin, iş materiallarında olan müvafiq akt istehlakçıya təqdim edilməmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, zərərin hesablanmasına əsas olmuş akt tərtib edilərkən cavabdeh tərəfindən imzalanması barədə xüsusi qeyd edilməmiş, abonentin və ya ailə üzvlərindən hər hansı bir şəxsin iştirakı təmin edilməməklə aktın bir surəti digər tərəfə təqdim edilməmişdir. Məhkəmə qeyd edilənlərə əsasən hesab etmişdir ki, iddia tələbi təmin edilməklə iddiaçıya qaz sərfinə görə (abonent kodu: **********20000 olan) hesablanmış 3046,1 manat məbləğində borc silinməlidir. Məhkəmə həmçinin hesab etmişdir ki, məhkəmə xərclərinə daxil olan ödənilmiş dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Birinci instansiya məhkəməsi mövqeyini “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11.6; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 1.3, 1.4, 2.1.6, 2.5, 2.12, 3.1.7, 4.9, 6.5, 6.6, 6.7; “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2, 9.1.5 və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.2, 217.2 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qətnaməninn ləğv edilməsi və iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun hazırlanmış aktlar iddiaçı tərəfindən birliyə vurulmuş zərərləri sübut edir. Həmçinin məhkəmə, saldonu araşdırmayaraq, abonent evdə yaşasa da hər hansı sərfiyyat və ya ödəniş müəyyən edilməməsinə baxmayaraq, məhkəmə bu halları qeyd etməmiş və ya bu hallara hüquqi qiymət verməmişdir. Cavabdeh əməkdaşları tərəfindən hazırlanmış aktlar qanunvericiliyin tələblərinə uyğun hazırlanmışdır, bir nüsxəsi abonentə təqdim edilmişdir və abonentin həmin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir. Bundan əlavə aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdə açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Bundan başqa sözügedən abonentin qaz sayğacı tam işlək vəziyyətdə olmuşdur və heç bir nasazlıqdan söz açıla bilməz. Təqdim olunmuş sübutlara, yəni aktlara hərtərəfli və tam baxılmamış və hakim təqdim edilən sübutları nəzərə almamış və qətnamə qəbul edərkən lazımi qaydada əsaslandırmamışdır. Məhkəmə nədənsə iddiaçıdan sübut təqdim edilməsini tələb etməmiş və sübutsuz işə baxaraq əsassız qətnamə qəbul etmişdir. Qeyd edildiyi kimi iddiaçı tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. İddiaçının qeyd etdiyi halları təsdiq və ya sübut etmək məqsədilə məhkəmə qanunverciliyin tələblərinə uyğun olaraq öz təşəbbüsü ilə ekspertiza təyin edə bilərdi. İşin halları ilə bilavasitə əlaqədar olan halların araşdırılması üçün ekspertiza təyin edilməsi zəruri və qaçınılmazdır. Abonentin qaz sayğacı tam işlək vəziyyətdə olmuşdur və heç bir səhvə yol verilmədiyini yoxlamaq məqsədi ilə ekspertiza və yerində müayinə təyin edilməsi məqsədə müvafiqdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə olan halda qətnamə tam yoxlanılır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”: 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.6. Qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Məhkəmə kollegiyasının mövqeyi

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, xx.xx.2022-ci il tarixli ******* nömrəli xx.xx.2022-ci il tarixli ******* nömrəli “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında aktdan görünür ki, istehlakçı İddiaçı məxsus ünvanda “Zenner” tipli “G 4” markalı qaz sayğac quraşdırılmış, Cavabdeh İstehsalat Biriliyinin Bakı X10 Departamenti ilə istehlakçı İddiaçı arasında “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı” barədə xx.xx.2022-ci il tarixli, D-9690 saylı müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı tərəfindən ona ötürülən təbii qazın dəyərini ödəməyi öhdəsinə götürmüşlər. Cavabdeh təşkilatın əməkdaşları tərəfindən iddiaçının ünvanında yoxlama apararkən iddiaçının sayğacdan kənar qeyri-qanuni qaz xətdindən istifadə etməsi müəyyən olunmuşdur. Bundan sonra cavabdeh təşkilatın nümayəndələri tərfindən akt tərtib olunaraq itmiş təbii qazın dəyəri hesablanmaqla iddiaçıya xx.xx.2022-ci il tarixli ******* saylı və xx.xx.2022-ci il tarixli 03643333 saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında 3046,1 manat məbləğində borc hesablanmışdır. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi baxışı zamanı iddiaçı tərəfindən təbii qazdan sayğacdan kənar xətt vasitəsilə istifadə etməsi halı həmçinin yerində müayinə zamanı da müəyyən edilməmiş və ya həmin halın mövcudluğu barədə cavabdeh tərəfindən hər hansı bir mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Həmçinin müəyyən edilmişdir ki, cavabdeh təşkilat tərəfindən ziyanın hesablanmasına əsas olmuş akt iş materiallarında olsa da, cavabdeh təşkilat tərəfindən tərtib edilmiş akt iddiaçı tərəfindən imzalanmamış, həmin akt cavabdeh təşkilatın əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmişdir. Belə ki, həmin aktın tərtib edilməsinə dövlət qurumlarının nümayəndələri cəlb edilməmiş, yuxarıda göstərilən qaydalara uyğun olaraq zərərin hesablanmasına əsas olmuş akt tərtib edilərkən cavabdeh tərəfindən imzalanması barədə xüsusi qeyd edilməmiş, abonentin və ya ailə üzvlərindən hər hansı bir şəxsin iştirakı təmin edilməməklə aktın bir surəti digər tərəfə təqdim edilməmiş, habelə cavabdehə vurulmuş zərərin tələb edilməsi barədə sübutlar onun tərəfindən məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə, 3046,1 manat borcun hansı qaydada və əsasla hesablanması da cavabdeh tərəfindən göstərilə bilməmişdir. Kollegiya qeyd edir ki, təqdim edilmiş akt eləcə də fotoşəkillərdən qeyri-qanuni xəttin hansı xəttə birləşdirilməsini müəyyən etmək olmur. Bununla yanaşı, mübahisəli aktı tərtib edənlər bilavasitə Cavabdeh əməkdaşları olduqları, iddiaçı və ya kənar şəxslər tərəfindən imzalanmadığı və iddiaçının akta imza etməkdən imtina etməsinə dair qeyd aktın etibarlılığını şübhə altına qoyur. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi yerin müayinəsi məhkəmə tərəfindən iddiaçıya məxsus ünvan 1 ünvanında sübutların yerində müayinəsi zamanı ünvan 1 ünvanında qaz balonundan istifadə olunduğu və Cavabdeh tərəfindən iş materiallarına əlavə edilmiş fotoşəkilin bu ünvana aid olmadığı müəyyən olunmuşdur. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən müvafiq ekspertizanın keçirilməməsinə dair apellyasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Maddənin məzmunundan göründüyü kimi, ekspertizanın təyin edilib-edilməməsi məhkəmənin mülahizəsinə buraxılıb və məhkəmə iş materiallarında olan sübutları kifayətedici hesab edib, ekspertiza təyin etməyə bilər. Qeyd olunan prosessul hərəkətin hakimin öhdəliyi kimi qəbul edilməsi qanuna müvafiq hesab edilə bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarət olmaqla əsassız olmuşdur, Birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məsrəflərlə bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 29 mart 2023-cü il tarixli, 2(003)-534/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən şikayət verilə bilməz.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar