Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3965/2024 09.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “məcburi payın müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “məcburi payın müəyyən edilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Xətai Rayon Məhkəməsinin 2(011)-1245/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:
1. İddiaçı Cavabdeh qarşı ünvan 1 ünvanında yerləşən 5 otaqdan ibarət mənzilin paylı mülkiyyətçisi kimi atasının X2 vərəsəlik qaydasında cavabdehə keçən hissəsində iddiaçının birinci növbənin vərəsəsi kimi məcburi pay müəyyən olunmaqla həmin hissəyə dair mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddianın dəlilləri ondan ibarət olmuşdur ki, ünvan 1 ünvanında olan 5 otaqdan ibarət mənzilin paylı mülkiyyətçisi kimi 2 otağı iddiaçıya, 3 otağı X4 məxsus olmuşdur. X1 2011-ci ildə vəfat etmiş, paylı mülkiyyətlərində olan ona məxsus 3 otaqlı mənzil qardaşı Cavabdeh mülkiyyətinə keçmişdir. Hazırda qeyd edilən mənzilin iki otağında iddiaçı, həyat yoldaşı, iki oğlu, gəlini və nəvəsi, 3 otağında isə cavabdeh, həyat yoldaşı və 3 uşağı yaşayırlar. İddiaçının qardaşı Cavabdeh qeyd olunan mənzildəki atasına məxsus payın atasının ona sağ ikən bağışladığını iddiaçıya bildirmişdir. Mənzilin qeyd olunan iddiaçının atasında aid hissəsinin qardaşına vərəsəlik qaydasında keçdiyindən iddiaçının xəbəri olmamışdır. İki çoxuşaqlı ailənin bir yerdə yaşaması dözülməz və mümkün olmadığına görə tərəflər arasında məhkəmə mübahisələri olmuşdur. Lakin heç bir məhkəmədə cavabdehə olan payın qardaşının vərəsəlik qaydasında keçməsi iddiaçıya bildirilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3147/2022 saylı xx.xx.2022 ci il tarixli qətnaməsinin icra edilməsi üçün icra orqanına göndərildikdən sonra ddiaçıya yuxarıda qeyd edilən hallar məlum olmuşdur. Bu səbəblə də, mənzilin atasına aid hissəsi vərəsəlik qaydasında qardaşına keçdiyinə görə, iddiaçının da atasında aid hissədə məcburi pay hüququ müəyyən edilməlidir.
3. Xətai Rayon Məhkəməsinin 2(011)-1245/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Əminə Abbasova) iddia tələbi təmin edilməmişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
4. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qeyd etmişdir ki, Xətai RİHB-nin hələ xx.xx.2000-ci il tarixli M-449 nömrəli Sərəncamı ilə yaşadığı hazırkı ünvandakı 5 otaqlı mənzilin 3 otağının mənzil-kirayə müqaviləsinin X1 ilə bağlanması qərara alınmış, həmin müqavilə bağlanaraq müvafiq sənədləşmə işləri aparılmışdır. Deməli, nəticə etibarı ilə həmin mənzil sahəsinin faktiki sahibi və mülkiyyətçisi X1 hesab olunduğuna görə onun 2011-ci ildə vəfatından sonra sözügedən 3 otaqlı mənzildən qanuni üzrə vərəsə kimi onun məcburi pay hüququ əmələ gəlir. Çünki sözügedən mənzilə mərhum atasının mənzilin sahibi kimi gözlənilən mülkiyyət hüququ olduğuna görə O da 1-ci növbə vərəsə kimi həmin əmlakdan məcburi pay hüququna malikdir və hal-hazırda bunu tələb etməkdə tam haqlıdır və burada isə hər hansı bir müddət ötürülməsindəndə söhbət gedə bilməz. Göstərilənlərə əsasən qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
5. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
6. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Sübutların tədqiqi: Mülki iş materiallarında olan:
7. ünvan 3 ünvanında yerləşən 3 otaqlı mənzilə dair mülkiyyət hüququ xx.xx.2011-ci il tarixində Cavabdeh adına qeydiyyata alınmışdır. Qeydiyyat üçün əsas Xətai Rayon İcra Hakimiyyəti Başçısının 14-20 nömrəli xx.xx.2002-ci il tarixli Sərəncamı olmuşdur. Qeyd edilən sərəncama əsasən General Mehmandarov küçəsindəki 52 nömrəli evin, yaşayış sahəsi 46,60 kv.m. olan 3 otaqlı 89 nömrəli mənzilinin kirayə müqaviləsinin vətəndaş Cavabdeh ilə bağlanması və mənzilin şəxsi maliyyə hesabında dəyişikliyin edilməsi, ailə tərkibi 6 nəfər olmaqla vətəndaş Cavabdeh mənzilin kirayəşini hesab edilməsi qərara alınmışdır.
8. ünvan 3 ünvanında yerləşən mənzilin 2 otağına dair mülkiyyət hüququ isə xx.xx.2019-cu il tarixində İddiaçı adına qeydiyyata alınmışdır. Qeydiyyat üçün əsas Xətai Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli M-449 nömrəli sərəncamı olmuşdur. Həmin sərəncama əsasən Bakı şəhəri Xətai rayonu, General Mehmandarov küçəsindəki 52 saylı evin sahəsi 12,79 və 16,6 kvadrat metr olan 2 otaqlı mənzilin kirayə müqaviləsinin vətəndaş İddiaçı ilə, sahəsi 13,6, 16,6 və 16,6 kv.m. olan 3 otağın kirayə müqaviləsinin isə X5 ilə bağlanması qərara alınmışdır. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsi:
9. 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
10. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
11. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
12. 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir.
13. 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar:
14. 1159.1.1. Birinci növbədə- ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).
15. 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Tətbiq edilən prosessual hüquq normaları:
16. Mülki Prosessual Məcəllə
17. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
20. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
21. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
22. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
23. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
24. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
25. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
26. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
27. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
28. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
29. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
30. Kollegiya qeyd edir ki, iş materiallarından göründüyü kimi mübahisəli mənzil mərhum X3 mülkiyyətinə keçməmiş, Xətai Rayon İcra Hakimiyyəti ilə Cavabdeh ilə mənzilin 3 otağı ilə bağlı, X6 ilə isə mənzilin 2 otağı ilə bağlı kirayə müqaviləsi bağlanılmış, həmin müqavilələrə əsasən qeyd edilən şəxslərin mülkiyyət hüququ Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır.
31. Göründüyü kimi, sözügedən daşınmaz əmlak mərhum X3 miras əmlakına daxil olmamış, həmin əmlakla bağlı vərəsəlik işi açılmamışdır. Belə olan halda, iddiaçının əmlaka dair məcburi payı müəyyən edilməklə mülkiyyət hüququnun tanınması ilə bağlı iddiası da əsassızdır və rədd edilməlidir.
32. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri isə əsassız olmuşdur.
33. Belə ki, iddiaçı apellyasiya şikayətində sözügedən mənzilə mərhum atasının mənzilin sahibi kimi gözlənilən mülkiyyət hüququ olmasını, həmçinin özünün 1-ci növbə vərəsə kimi həmin əmlakdan məcburi pay hüququna malik olmasını bildirsə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
34. Göründüyü kimi miras əmlaka miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir, bu zaman hər hansı gözlənilən mülkiyyət hüquqlarından deyil, məhz əmlak hüquqlarının yaranması üçün həmin hüquqların dövlət qeydiyyatına alınmalıdır. Hazırda isə mübahisəli mənzil üzərində mərhum X3 mülkiyyət hüquqları qeydiyyata alınmadığından həmin əmlak miras əmlaklarının siyahısına aid olmamışdır.
35. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa, hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
36. Mülki prosessual qanunvericiliyə əsasən, iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
37. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.
38. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
39. MPM-in 76.1-ci maddəsinə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
40. MPM-in 76.2-ci maddəsinə görə, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
41. Həmin Məcəllənin 76.3-cü maddəsinə, qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir.
42. Kollegiya apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirib qeyd edir ki, iddiaçı hazırkı iddia tələbini əsaslandırmaq üçün məhkəməyə hər hansı sübut təqdim etməmişdir, bu səbəbdən apellyasiya şikayəti əsassızdır və təmin edilməməlidir. Nəticə:
43. Göstərilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
44. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir.
45. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Xətai Rayon Məhkəməsinin 2(011)-1245/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.