Məhkəmə qərarları › İş №2(103)-3967/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3967/2022

05.05.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3967/2022 05.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskindən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-33/2022 saylı iş üzrə 25 yanvar 2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən “Mayıllı” firmasının təsisçiləri qismində qəbul etdikəri 13 fevral 2012-ci il tarixli qərarının etibarsız hesab edilməsi və “Mayıllı” firması nizamnamə kapitalındakı təsisçi, mərhum Əhmədov Əli İsax oğluna məxsus olmuş 25 faiz təsisçi payının təsisçi Cavabdeh2 geri alınaraq Əhmədov Əli İsax oğlunun hüquqi varisləri İddiaçı1 12,5 faiz İddiaçı2 12,5 faiz verilməsinə dair qətnamə qəbul edilməsini, "Mayıllı" firmasi təsisçilərinin 2011-ci il avqust-sentyabr aylarına aid, Tağıyev Etibar Üseyn oğlunun “Mayıllı” firmasına direktor təyin edilməsinə dair protokolqərarının əslini, "Mayıllı” firması təsisçilərinin 2011-ci il 21 oktyabr tarixli 03 saylı protokol-qərarının əslini, "Mayıllı” firması təsisçilərinin 2012-ci il 13 fevral tarixli qərarının əslini, "Mayıllı" firmasi təsisçilərinin 2012-ci il 15 dekabr tarixli qərarının əslini "Mayilli firması təsisçilərinin 2013-ci il 20 iyun tarixli qərarın əslini Cavabdeh2 götürülməsinə dair qərardad çixarılmasını, Cavabdeh2 hərəkətlərində AR CM-nin 308.2., 320.2. və 179.4.-cü maddələrində nəzərdə tutulan cinayətin əlamətləri olduğu üçün barəsində xüsusi qərardad çıxararaq prokurorluğa xəbər verilməsini məhkəmədən xahiş etmişlər. Daha sonra iddiaçılar İddiaçı1 və İddiaçı2 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə istinadən iddia tələbinin həcminin azaldılmasına dair ərizə verərək “Mayıllı“ firması təsisçilərinin 13 fevral 2012-ci il tarixli qərarının etibarsız hesab edilməsininə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Həmçinin iddiaçı Cavabdeh1 Cavabdeh2 qarşı Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “ “Mayıllı“ firması təsisçilərinin 13 fevral 2012-ci il tarixli qərarının ləğv edilməsi və nizamnamə kapitalındakı payın geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin müraciət etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17.01.2020-ci il tarixli, 2(009)-264/2020 saylı qərardadına əsasən mülki işlər bir icraatda birləşdirimişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-33/2022 saylı iş üzrə 25 yanvar 2022-ci il tarixli qətnaməsi ilə hər iki iddia tələbi təmin edilmiş, “Mayıllı” firması təsisçilərinin 13 fevral 2012-ci il tarixli qərarının etibarsız hesab edilməsi, mülki iş üzrə ödənilmiş dövlət rüsumları iddiaçıların özlərinə aid edilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti vermişdir. Kollegiya apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq hesab edir ki, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, şikayətdə bir neçə prosessual hüquq normaları sadalanmış və həmin normalara əsasən qətnamənin əsassız olması qeyd edilsə də, həmin normaların işin hansı faktiki hallarına düzgün tətbiq edilməməsi ümumiyyətlə göstərilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: - şikayətin verildiyi məhkəmənin adı və ünvanı; - şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; - barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; - şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; - şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; - şikayətə əlavə edilən sənədlərin siyahısı. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.1-1 maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Məhkəmə kollegiyası hesab edir ki, , Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə uyğun formada verilməmiş, birinci instansiya məhkəməsi isə apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə uyğunluğunu yoxlamadan apellyasiya şikayətini işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Məhkəmə aktlarından apellyasiya şikayəti verildiyi halda MPM-in 361 və 363-cü maddəsinin tələblərinin yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətinə aid olduğundan, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməli, mülki iş şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Həmin Məcəllənin 363.4-cü maddəsinə əsasən bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Belə olan halda kollegiya hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-33/2022 saylı iş üzrə 25 yanvar 2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilməli, apellyasiya şikayəti geri qaytarılması üçün mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361, 366, 400 və 402,-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r а r а а l d ı: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-33/2022 saylı iş üzrə 25 yanvar 2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilsin. Apellyasiya şikayəti geri qaytarılması üçün mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar