Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3969/2022 24.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi və abunə müqaviləsi bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair mülki iş üzrə Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-322/2022 saylı, 03 fevral 2022-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «aktın etibarsız hesab edilməsi və əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-nin Nizami rayon Enerji Satış İdarəsi tərəfindən tərtib olunmuş aktın etibarsız hesab edilməsi və akt üzrə hesablanmış 3.499 manat 80 qəpik məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, keçmiş mülkiyyətçi olan Vladimir Pereverzevin adından 3.499 manat 80 qəpik pulun ondan tələb edilməsinin cavabdehə qadağan edilməsi və onunla cavabdeh arasında abunə müqaviləsi bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-322/2022 saylı, 03 fevral 2022-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı mənzili aldığı dövrədək hesablanmış 3109,62 borcun ondan tələb edilməsinin cavabdeh "xxxx" ASC-yə qadağan edilməsi, ünvan 1 ünvanı üzrə İddiaçı ilə abunə müqaviləsi bağlanmasının cavabdeh "xxxx" ASC-yə həvalə olunması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh "xxxx" ASC apellyasiya şikayəti verərək, qətnamənin təmin edilmiş hissəsində ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması məsələsini araşdırmalıdır. Konstitusiya MəhkəməsiPlenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ.S ubyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qeyd olunanalara əsasən hesab edirik ki, hazırki iş üzrə İddiaçı iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilməməli və iddia birinci instansiya məhkəməsi tərəfindən təmin edilməməli idi. İş materiallarında olan **********20006 saylı abunə haqqında məlumatın və abonentin hərəkət cədvəlinin təhlilindən aydın olur ki, iddiaçının 2017-ci il tarixə olan qalıq borcu 4297 manat, 2018-ci il tarixə olan qalıq borcu 3916.42 manat, 2019-cu il tarixə olan qalıq borcu 3634.21 manat, 2020-ci il tarixə qədər olan qalıq borcu 3543.87 manat, 2021-ci il tarixə qalıq borcu 3190.81 manat, 2022-ci il tarixə olan qalıq borcu isə 2932.19 manat təşkil edir. Yuxarıda qeyd edilən borc məbləği abonent tərəfindən sərf edilmiş lakin ödənilməmiş elektrik enerjisinin dəyəri təşkiledir. İş materiallarında olan sənədlərin təhlilindən aydın olur ki, iddiaçının iddiasında qeyd edilən borc 2017-ci ildə əvvəlki müddətdə yaranmış borcdur və qanunvericiliyin tələbələrinə əsasən ödənilməlidir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının “iddianın təmin edilmiş” hissəsində yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanlmalıdır. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, Vladimir Pereverzevin adına 26 iyun 2021-ci il tarixdə R seriyalı 192896 saylı akt tərtib olunmuşdur. Abonentin aktı imzalamaqdan imtina etdiyi və aktı tərtib edən şəxslərə güc tətbiq etdiyi qeyd olunmuşdur. Bundan sonra, itirilmiş elektrik enerjisinə görə 88,99 manat və 21 manat cəmi 109,99 manat borc hesablanmışdır. Cavabdeh "xxxx" ASC tərəfindən təqdim edilmiş “abunə haqqında” arayışdan görünür ki, hazırda abonent Vladimir Pereverzevin 3.279,04 manat borcu vardır. Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin aidiyyatı Ərazi İdarəsi tərəfindən verilmiş 11 mart 2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Nizami rayonu R.Rüstəmov küçəsi 62 saylı evin 6 saylı mənzili xüsusi mülkiyyət kimi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı ilə cavabdeh arasında qeyd edilən mənzil üzrə abonent müqaviləsi bağlanmamışdır. Lakin, İddiaçı mənzili aldığı vaxtdan sonra mənzildə faktiki olaraq elektrik enerjisindən istifadə etmiş və özünün real olaraq 59,43 manat borcu yaranmış, habelə 26.06.2021ci il tarixdə tərtib edilmiş akta əsasən müvafiq olaraq 109,99 manat borc hesablanmışdır. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, "xxxx" ASC tərəfindən İddiaçı tələb edilən 3279,04 manat borc məbləğindən 169,42 manat borc məbləği onun istifadə etdiyi dövrə təsadüf etməklə ona məxsus borc olduğundan ondan tələb edilə bilərdi. Həmin məbləğdən 3109,62 manat borc məbləği İddiaçı tərəfindən mənzil əldə edilənədək olan dövrə təsadüf etdiyindən həmin məbləğ İddiaçı tələb edilə bilməzdi. Habelə İddiaçı yuxarıda qeyd edilən mənzilin yeni mülkiyyətçisi olduğundan onunla "xxxx" ASC arasında abunə müqaviləsi bağlanmalıdır. İddia ərizəsində 3499,80 manat borc olduğu göstərilsə də “abunə haqqında” arayışdan görünür ki, hazırda abonent Vladimir Pereverzevin 3.279,04 manat borcu olduğu göstərilmiş, həmin borcdan da 169,42 manat borc məbləği İddiaçı istifadə etdiyi dövrə təsadüf etdiyindən elektrik enerjisindən faktiki istifadə etdiyi, habelə yuxarıda qeyd edilən akt üzrə hesablanmış borc məbləğidir və o, həmin borcu cavabdehə ödəməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq əlavə olaraq qeyd edir ki, “Elektrik enerjisindən istifadə Qaydaları”nın 1.2-ci bəndinə əsasən bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenegetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericlik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyənləşdirir. Bu qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. “Qaydaların” 5.3.2-ci bəndinə əsasən cərəyan kabellə daxil olduqda enerjitəchizatı müəssisəsi ilə abonent arasında gərginliyi 1000 V-a qədər olan elektrik qurğularının texniki vəziyyətinə və onlara xidmətə görə məsuliyyət sərhədi binanın, yaşayış evinin və ya mənzilin girişindəki qidalandırıcı kabelin uclarında müəyyən edilib. Yaşayış binalarının, yaxud xüsusi yaşayış evlərinin mülkiyyətçilərinə, idarələr və başqa qeyri-istehsalat istehlakçılarına məxsus olan binalarda, həmçinin məişət abonentlərinin mənzillərində balans mənsubiyyəti sərhədindəki birləşmələrin texniki vəziyyətinə görə məsuliyyət enerji təchizatı müəssisəsinin üzərinə düşür. “Qaydalar”ın 7.10-cu bəndinə əsasən yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki istismarda olan hesablaşma elektrik sayğacları enerji təchizatı müəssisəsinin vəsaiti hesabına çıxarılaraq, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında quraşdırılmalıdır. Yeni yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin elektrik sayğacları yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. “Qaydalar”ın 7.11-ci bəndinə əsasən yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (xüsusi yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. “Qaydalar”ın 8.20-ci bəndinə əsasən yaşayış binasının mənzil kirayəçisi, yaxud mülkiyyətçisi ilə, həmçinin yaşayış evinin mülkiyyətçisi (məişət abonenti) ilə enerjitəchizatı müəssisəsi arasında elektrik enerjisinin alğı-satqı müqaviləsi bağlanılır, enerjitəchizatı müəssisəsi onların adına şəxsi hesab açır. “Qaydalar”ın 8.21-ci bəndinə əsasən elektrik enerjisinin alğı-satqı müqaviləsini, şəxsi hesabın digər məişət abonentinin adına keçirilməsi onların müraciətlərinə əsasən enerjitəchizatı müəssisəsi tərəfindən beş gün ərzində baxılır və həll edilir. Elektrik şəbəkəsinə əvvəllər qoşulmuş yaşayış binasındakı mənzilə yeni kirayəçi, yaxud mülkiyyətçi və ya yaşayış evinə yeni mülkiyyətçi köçdükdə, həmin məişət abonenti ilə enerjitəchizatı müəssisəsi arasında beş gün müddətində elektrik enerjisinin alğı-satqı müqaviləsi bağlanılmalıdır və enerjitəchizatı müəssisəsi onun adına şəxsi hesab açmalıdır. Məhkəmə kollegiyasının araşdırması zamanı cavabdehin nümayəndəsi bildirmişdir ki, iddiaçı ilə abunə müqaviləsinin bağlanmamasının səbəbi həmin ünvanda olan elektrik sayğacı üzrə mənzilin əvvəlki mülkiyyətçisinin borcunun olmasıdır. İddiaçı isə izahatında bildirmişdir ki, dəfələrlə abunə müqaviləsinin bağlanması üçün müraciət etsə də, cavabdeh tərəfindən abunə müqaviləsinin bağlanmasında şifahi qaydada imtina edilmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi əvvəlki abonent tərəfindən yaranmış borcun iddiaçıdan tələb edilməsinin qadağan edilməsi və iddiaçı ilə abunə müqaviləsinin bağlanmasının cavabdehə həvalə olunmasına dair qətnamə qəbul edərkən düzgün nəticəyə gəlmişdir. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçı elektrik sayğacı üzrə yaranmış borcun mənsub olduğu mənzilin hazırki mülkiyyətçisidir və sayğacdan istifadəyə görə hesablanmış borcun yaranmasının mübahisələndirilməsinə dair iddianı qaldırmaq hüququna malikdir. Əvvəlki illər üzrə yaranmış borc isə mənzilin əvvəlki mülkiyyətçisinin elektrik enerjisindən istifadəsinə görə ona hesablanmış borcdur və bu borcun hazırki mülkiyyətçidən tələb edilməsi isə qanuna ziddir. Belə olan halda, kollegiya şikayətin dəlillərini qətnamənin ləğv edilməsi üçün əsas hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-322/2022 saylı, 03 fevral 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 402-405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-322/2022 saylı, 03 fevral 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-3969/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3969/2022
24.05.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver