Məhkəmə qərarları › İş №2(103)-3972/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3972/2020

20.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3972/2020 20.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, Valeh Məmməd oğlu Ağayev və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İddiaçı oğlunun cavabdehlər Cavabdeh1 MMC-yə və Bank “xxxx” ASC-yə (3-cü şəxslər: Qəbələ rayon icra və probasiya şöbəsi və ƏMDK yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi) qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi, verilmiş çıxarışın ləğvi və təkrar hərracın keçirilməsi öhdəliyinin qoyulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-480/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı oğlu cavabdehlər Cavabdeh1 MMC-yə və Bank “xxxx” ASC-yə (3-cü şəxslər: Qəbələ rayon icra və probasiya şöbəsi və ƏMDK yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC tərəfindən Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozu, ev 41 B ünvanında yerləşən fərdi yaşayış evinin açıq hərrac vasitəsilə satışı ilə bağlı keçirilmiş hərracın nəticələrinin, o cümlədən xx.xx.2018-ci il tarixli 156 nömrəli hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi, cavabdeh Bank “xxxx” ASC-nin adına verilmiş çıxarışın ləğv edilməsi, ona məxsus Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozu, ev 41 B ünvanında yerləşən fərdi yaşayış evinin təkrar olaraq açıq hərrac vasitəsilə satışının Cavabdeh1 MMCnin üzərinə öhdəlik kimi qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-480/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(025)-11/2018 saylı icra vərəqəsi əsasında Qəbələ rayon icra və probasiya şöbəsinin xx.xx.2018-ci il tarixli 5135/18 nömrəli sifariş məktubu ilə onun mülkiyyətində olan Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozu, ev 41 B ünvanında yerləşən fərdi yaşayış evinin açıq hərrac vasitəsilə satışı Cavabdeh1 MMC-yə tapşırılmışdır. Cavabdeh1 MMC tərəfindən xx.xx.2018-ci il tarixdə ilkin və xx.xx.2018-ci il tarixdə təkrar hərrac keçirilmişdir. Hər iki hərrac baş tutmamışdır. Bundan sonra İpoteka predmeti cavabdeh “Bank xxxx” KB ASC tərəfindən əldə edilmiş və bununla bağlı Cavabdeh1 MMC tərəfindən xx.xx.2018-ci il tarixli 156 nömrəli hərracın yekunları barədə protokol tərtib edilmişdir. Həmin hərrac barəsində ona heç bir məlumat verilməmişdir. Məhkəmənin gəldiyi nəticələr tamamilə əsassızdır. Cavabdeh1 MMC tərəfindən məhkəməyə onun ünvanına bir neçə dəfə bildiriş göndərildiyi barədə sənədlər təqdim olunmuşdur. Lakin həmin sənədlərin ona təqdim olunması barədə nə onlarda, nə də ki məhkəmədə heç bir mötəbər sübut mövcud deyildir. İcra vərəqəsi üzrə ünvanda o ümumiyyətlə yaşamır. Həmin ünvana gələn məktublardan onun heç bir xəbəri olmamışdır. Onun xəbəri olmadan keçirilən hərrac Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri ilə müəyyən edilən mülkiyyət hüquqlarının kobud pozuntusudur. Digər tərəfdən “Kaspi” qəzetində verilmiş elanlar barədə də məlumatı olmamışdır. Bu o deməkdir ki, həmin qəzetin tiraj sayı az olmuşdur. Bildirişlər ona çatmadığına görə o öz mülkiyyətindən əsassız olaraq məhrum olmuşdur. İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2ci maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırda apelyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş yazılı sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı məxsus Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozu, ev 41 B ünvanında yerləşən fərdi yaşayış evi ilə bağlı Qəbələ Rayon Məhkəməsinin 2(025)-11/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinin və Qəbələ rayon İcra və Probasiya Şöbəsinin 5195/18 saylı xx.xx.2018-ci il tarixli məktubunun icrasına əsasən hərrac təşkil olunmuşdur. Əmlakın ilkin hərrac qiyməti 30.000 (otuz min) manat, təkrar hərracdakı ilkin satış qiyməti-15 faiz endirimlə 25500 (iyirmi beş min beş yüz) manat olmuşdur. Bank ipoteka predmetini 25 faiz aşağı olan 19125 (on doqquz min yüz iyirmi beş) manat qiymətlə əldə etmiş, bu barədə Cavabdeh1 MMC tərəfindən xx xxxxxx 2018-ci il tarixli 156 nömrəli “hərracın yekunları barədə” protokol tərtib olunmuşdur. Cavabdeh1 MMC tərəfindən İddiaçı, Qəbələ rayon icra və probasiya şöbəsinə, Bank “xxxx" KB ASC-yə, X1 ünvanlanmış xx.xx.2018-ci il tarixli № 09/40-1 nömrəli, xx.xx.2018-ci il tarixli, № 09/40 nömrəli bildirişlərin surətindən görünür ki, kreditin (borcun) təminatı qismində ipoteka predmetinə tələbin yönəldilməsinə dair Qəbələ Rayon Məhkəməsinin 2(025)-11/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinin icrasına əsasən ipoteka qoyulan İddiaçı məxsus Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozu, ev 41 B ünvanında yerləşən fərdi yaşayış evinə tutmanın yönəldilməsi və hərracda satılması, hərracın müvafiq olaraq xx.xx.2018-ci il saat 11:00-da və xx.xx.2018-ci il saat 11:00-da keçiriləcəyi bildirilmişdir. “Kaspi” qəzetlərində İddiaçı məxsus Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozu, ev 41 B ünvanında yerləşən fərdi yaşayış evi ilə bağlı hərracın keçirilməsi barədə elanlar verilmişdir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1, 41, 42, 43, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 62.1, 62.2-ci maddələrini tətbiq etməklə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair xx xxxxxxx 2014-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeləri nəzərə alaraq belə qənaətə gəlmişdir ki, ipoteka predmeti ilə bağlı keçirilmiş hərracdan iddiaçının tam məlumatı olmuşdur. Qanunvericiliyin tələblərinə uyğun olaraq hərracın keçirilməsini təşkil edilmiş və bununla əlaqədar tərəflərin rəsmi qeydiyyatda olduqları ünvanlara müvafiq bildirişlər göndərilmiş, Kaspi qəzetində elanlar vermişdir. Nəticədə ipoteka predmeti olan daşınmaz əmlak hərracda satılmamış və qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq tələbkar Bank “xxxx” KB ASC-yə təklif olunmuş, tələbkar isə həmin əmlakı qəbul edərək balansına götürmüşdür. Hərracın yekunları barədə xx xxxxxx 2018-ci il tarixli, 156 saylı Protokolun etibarsız hesab edilməsi üçün əsaslar müəyyən edilməmişdir. İddiaçının digər tələbləri iddiaçının ilk tələbindən irəli gəldiyindən, iddiaçının “verilmiş çıxarışın ləğvi və təkrar hərracın keçirilməsi öhdəliyinin qoyulması”na dair iddia tələbi təmin edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Baxılan iş üzrə hərrac mərkəzi qanunla üzərinə düşmüş vəzifələri yerinə yetirmiş, borcluya təyin edilmiş hərracların vaxtı və yeri barədə xəbərnaməli bildirişlər göndərmiş, habelə kütləvi informasiya vasitələrində elanlar dərc etdirmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apelyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-480/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Valeh Ağayev Afaq Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar