Məhkəmə qərarları › İş №2(103)-3976/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3976/2023

01.08.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3976/2023 01.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi tələbin barədə” iddiasına dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Mğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi oğlunun katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 31 mart 2023-cü il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə, Cavabdeh nümayəndəsi X2 və İddiaçı iştirakları ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Xəzər Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Birlik tərəfindən ona əsassız olaraq əlavə sərfiyyat kimi hesablanmış 3.668 manat məbləğində borcun silinməsi və onun tərəfindən cavabdeh Birliyə ödənilmiş 843 manat məbləğində pul məbləğinin geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (Apellyasiya icraatı zamanı iddiaçı bildirmişdir ki, iddia ərizəsində və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizədə texniki yanlışlığa yol verib. Əslində əlavə sərfiyyat kimi ona 3.668 manat deyil, 3.058,56 manat məbləğində borc hesablanmışdır. Buna görə də, o, bunun nəzərə alınmasını xahiş edir).

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Qazmaçılar küçəsində yerləşən 34 saylı fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşayır. Ev cavabdeh Birlik tərəfindən təbii qazla təmin olunur və bununla bağlı həmin ünvanda, yəni küçədə qaz sayğacı quraşdırılmışdır (abonent kodu: **********400000). Bu yaxınlarda iddiaçıya məlum olmuşdur ki, cavabdeh Birlik tərəfindən ona 3.058,56 manat məbləğdə borc hesablanmışdır. Bundan sonra iddiaçı dərhal Birliyə müraciət etmiş və orada iddiaçı bildirmişlər ki, Birliyin buna səlahiyyəti olan əməkdaşları 2022-ci ilin yanvar, fevral və oktyabr aylarında onun ünvanına aid qaz xəttinə baxış keçirərək müəyyən etmişlər ki, həmin ünvanda təbii qazdan qanunsuz olaraq, yəni sayğacdan kənar çəkilmiş qaz xəttindən istifadə olunur və bununla bağlı aktlar tərtib edilmiş, aktlar əsasında isə borc hesablanmışdır. İddiaçı həmin aktların surətini əldə etdikdən sonra məlum olmuşdur ki, həmin aktlar saxtadır. Belə ki, aktlar hal şahidlərinin iştirakı olmadan tərtib edilmişdir. Bundan başqa nəzərə alınmalıdır ki, qaz xəttinə baxış keçirilibsə, onda ona və ya ailə üzvlərinə bu barədə məlumat verilməli, onlar baxışda və aktların tərtib edilməsində iştirak etməli idilər. Lakin bu qaydaya əməl olunmamışdır. Göstərilənlərə əsasən iddiaçı hesab edir ki, qeyd edilən aktlar etibarsızdır və bu səbəbdən də, həmin aktlar əsasında ona hesablanmış borc silinməlidir. Bundan başqa qeyd edilməlidir ki, Birlik, iddiaçının təbii qaza görə Birliyin hesabına ödədiyi məbləğlərdən 843 manat məbləğində pulu yuxarıda qeyd borcun silinməsinə yönəltmişdir. Borc əsassız olduğundan qeyd edilən məbləğ Birlikdən tutularaq iddiaçıya qaytarılmalıdır. b) cavabdehin iddia tələbinə dair münasibəti barədə məlumat

3. Cavabdeh Birliyin nümayəndəsi X1 Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, təmsil etdiyi Birlik iddiaçının iddia tələbini əsassız hesab edir və iddianın rədd edilməsini xahiş edir. Belə ki, Birliyin əməkdaşları iddiaçının ünvanına aid qaz xəttinə baxış keçirən zaman sayğacdan kənar çəkilmiş qanunsuz xətt vasitəsi ilə qazdan istifadə edilmə faktını aşkar etmişlər. Bununla bağlı olaraq Birliyin əməkdaşları tərəfindən müxtəlif tarixlərdə, cəmi 3 akt tərtib edilmiş, müvafiq fotoşəkillər çəkilmiş və aktlar əsasında həmin ünvana 3.058,56 manat məbləğində əlavə sərfiyyat hesablanmışdır. Aktlar qanuni və etibarlıdır. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, cavabdeh Birlik tərəfindən iddiaçıya hesablanmış 2.704,32 manat məbləğində borcun silinməsini, iddia tələbinin qalan hissədə təmin edilməməsini, ödənilməli olan dövlət rüsumu olaraq 47,04 manat məbləğində pulun cavabdeh Birlikdən dövlət büdcəsinə tutulmasını qət etmişdir.

5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh Birliyin əməkdaşları tərəfindən 2022-ci ilin yanvar, fevral və oktyabr aylarında tərtib edilmiş cəmi 3 akt əsasında iddiaçıya əlavə sərfiyyat kimi cəmi 3.058,56 manat məbləğdə borc hesablansa da, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən qanunsuz xətdən yalnız 2022-ci ilin fevral ayında istifadə edilmişdir. xx.xx.2022-ci il tarixdə tərtib edilmiş ******* saylı aktdan və həmin akta əsasən aparılmış hesablamadan görünür ki, 2022-ci ilin fevral ayı üçün iddiaçıya əlavə sərfiyya olaraq 354,24 manat məbləğində borc hesablanmışdır. Qeyd edilən fakt müəyyən edildiyindən xx.xx.2022-ci il tarixli ******* saylı akt və onun əsasında hesablanmış borc əsassız hesab edilə bilməz. 2022-ci ilin yanvar və oktyabr aylarında tərtib edilmiş aktlarda qeyd edilən faktlar məhkəmə baxışı zamanı sübuta yetmədindən həmin aktlar əsasında hesablanmış (1.062,72 + 1.641,60=) 2.704,32 manat borc əsaslı hesab edilə bilməz, həmin borc silinməlidir. Bundan başqa iddiaçı, 843 manat məbləğində pulun yuxarıda qeyd edilən aktlar əsasında hesablanmış borca silinməsini bildirsə də, bu hal məhkəmə baxışı zamanı öz təsdiqini tapmamışdır. Buna görə də, 843 manat cavabdeh Birlikdən iddiaçının xeyrinə tutula bilməz. d) apellyasiya şikayəti barədə məlumat

6. Cavabdeh Birlik həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Birliyin əməkdaşları tərəfindən tərtib edilmiş aktlar qanunvericiliyin tələblərinə uyğundur. Aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdə açıq-aşkar görünür ki, qaz sayğacından kənar qaz xəttinə qanunsuz olaraq qoşulma mövcuddur. Bundan başqa nəzərə alınmalıdır ki, iddiaçı tərəfindən Rayon Məhkəməsinə hər hansı sübut təqdim edilməmişdir. Belə olan halda Rayon Məhkəməsi qaz xəttinə qanunsuz qoşulmanın olub-olmamasını müəyyən etmək üçün iş üzrə ekspertiza təyin edə bilərdi, lakin bunu etməmişdir. e) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı və verdikləri izahatlar barə məlumat

8. Cavabdeh Birliyin nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi.

9. İddiaçı, apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnamənin məzmununa uyğun izahat verdi. f) apellyasiya baxışının həddi barədə məlumat

10. Məhkəmə, hazırki iş üzrə apellyasiya baxışının hədləri ilə bağlı qeyd edir ki, Rayon Məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilsə də, iş üzrə iddiaçı iddia tələbinin bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmış, qətnamədən apellyasiya şikayəti verməmişdir.

11. Cavabdeh Birlik qətnamədən verdiyi apellyasiya şikayətində qətnamənin tam ləğv edilib, iddianın tam rədd edilməsini xahiş etsə də, şikayətin məzmunundan görünür ki, Birlik, iddia tələbinin bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəni mübahisələndirmir. O, iddia tələbinin bir qisminin təmin edilməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəni mübahisələndirir.

12. MPM-nin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

13. Odur ki, göstərilənləri və mübahisə predmetinin bölünməz olmadığını nəzərə alan Məhkəmə qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. g) işdə olan sənədlər barədə məlumat

14. Cavabdehi Birliyin əməkdaşları tərəfindən 2022-ci ilin yanvar və oktyabr aylarında tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlardan” görünür ki, iddiaçının yaşadığı ünvanda təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edilmişdir. Aktlarda qeyd edilir ki, iddiaçı aktların bir nüsxəsini qəbul etməkdən və imza etməkdən imtina etmişdir.

15. Cavabdeh Birlik tərəfindən tərtib edilmiş “Abonentin saldosundan” görünür ki, verilən qaz xətti üzrə **********400000 sayla qeydiyyata alınmış abonent koduna, yəni iddiaçıya (1.062,72 + 1.641,60=) 2.704,32 manat məbləğində borc hesablanmışdır. h) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

16. Yuxarıda göstərilənlərə əsasən müəyyən edilir ki, iş üzrə tərəflər arasında mövcud mülki mübahisənin yaranmasına səbəb iddiaçıya məxsus ünvana aid qaz xəttinə müdaxilənin edilməsi faktının aşkar edilməsi olmuşdur. Belə olan halda da, mübahisə, cavabdeh Birliyə dəymiş maddi zərərin əvəzinin iddiaçı tərəfindən ödənilməsinin əsaslı olub-olmaması ilə bağlıdır.

17. Bunu nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1.). Zərər dedikdə, hüquq pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2.). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.).

18. “Enerji resurslarından istifadə haqqında” Azərbaycan Respublikasının Qanununun 29-cu maddəsinə görə, enerji resurslarından istifadə haqqında qanunvericiliyin pozulması bu Qanun və ona müvafiq qəbul edilən digər normativ hüquqi aktlar ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. Qeyd olunan prosessual və maddi hüquq normalarının tələblərindən mövcud mübahisənin həllinə yanaşdıqda müəyyən edilir ki, 2022-ci ilin yanvar və oktyabr aylarında tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlarda” göstərilən faktların, yəni iddiaçı tərəfindən qazdan qeyri-qanuni istifadə edilməsini təsdiq edən hər hansı sübutun, ən əsası isə “qanunsuz çəkilmiş xəttin ləğv edilməsi barədə” aktların cavabdeh Birlik tərəfindən məhkəmələrə təqdim edilməməsi aktlarda əks olunan halların həqiqətə uyğun olan kimi qiymətləndirilməsini qeyri-mümkün edir. Çünki cavabdeh Birlik həmin 2 akt üzrə zərərin tutulması üçün daha tutarlı sübutlar təqdim etməli, məsələn, ilkin aktlar tərtib edildikdən sonra dərhal qaz xəttindən ayrılması, qanunsuz qoşulma nəticəsində təkrar hesablanmış zərərə dair iddiaçıya akt, dəymiş ziyanın bərpasına dair tələbnamənin təqdim edilməsi, iddiaçıya poçt vasitəsi ilə bununla bağlı bildirişin göndərilməsi iş materiallarına əlavə edilməmiş, yalnız akt tərtib edilməsində maraqlı olan şəxslərin iddiaçı tərəfindən aktın qəbul edilməsindən imtina etməsi kimi qeyd yazılmışlar, bu isə özü-özlüyündə qanunsuz qaz xəttinə qoşulmasına dəlalət edə bilməz. Başqa sözlə, istehlakçı olan iddiaçının uzun müddət ərzində qazpaylayıcısına – Birliyə davamlı zərər vurmasına görə qazpaylayıcının əlacsız qalaraq, yalnız faktın aşkar edilməsi barədə akt tərtib etməklə kifayətlənməsi inandırıcı görünmür. Belə ki, qanunsuz qaz xəttinə qoşulmasına təkcə vurulmuş zərər deyil, həmçinin əməlinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsində məsuliyyət nəzərdə tutulmuşdur. Cavabdeh Birlik tərəfindən bu istiqamətdə hər hansı hərəkət edilməsi iş materiallarında müəyyən edilmir. 21 Buna görə də, göstərilənləri nəzərə alan Məhkəmə, yuxarıda qeyd edilən 2 akt əsasında hesablanmış borcun silinməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslı hesab edilməsi edir.

22. Bu baxımdan hesab edilməlidir ki, cavabdeh Birliyin qətnamədən verdiyi apellyasiya şikayətinin müzakirə edilən dəlili əsassızdır.

23. Apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, işə baxmış Rayon Məhkəməsi qaz xəttinə qanunsuz qoşulmanın olub-olmamasını müəyyən etmək üçün iş üzrə ekspertiza təyin edə bilərdi, lakin bunu etməmişdir.

24. Apellyasiya şikayətinin bu dəlili ilə bağlı Məhkəmə qeyd edir ki, MPM-nin tələblərinə görə, işdə iştirak edən şəxslər sübutlar təqdim etmək, vəsatətlər (o cümlədən ekspertizanın təyin edilməsi barədə) vermək və mülki məhkəmə icraatı barədə qanunvericilikdə verilən digər prosessual hüquqlardan istifadə etmək hüququna malikdirlər (maddə 47.2.). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1.). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2.). Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (maddə 88.). Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın (maddə 78.1.). Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın (maddə 372.2.).

25. İş materiallarından görünür ki, işə Rayon Məhkəməsi tərəfindən baxılan zaman cavabdeh Birlik məhkəmə iclaslarında nümayəndə vasitəsi ilə təmsil olunmuş, lakin nümayəndə MPM-nin 77.1-ci maddəsində nəzərdə tutulmuş qaydaya əməl etməmiş, MPM-nin 47.2-ci maddəsində nəzərdə tutulmuş hüquqdan istifadə etməmiş, iş üzrə müvafiq ekspertizanın təyin edilməsi barədə vəsatəti Rayon Məhkəməsinə verməmişdir. Rayon Məhkəməsi də, MPM-nin 14.2-ci maddəsinin tələbindən çıxış edərək işə, ona təqdim edilmiş sübutlar əsasında baxmışdır.

26. Buna görə Məhkəmə hesab edir ki, apellyasiya şikayətinin müzakirə edilən bu dəlili də əsassızdır. i) apellyasiya instansiyası məhkəməsinin nəticəsi

27. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi apellyasiya baxışının predmeti olan hissədə iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predmeti olan hissədə qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur.

28. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

29. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, hər iki apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

30. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün Birlik tərəfindən ödənilmiş dövlət rüsumu MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.

31. Məhkəmə həmçinin qeyd edir ki, hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Çünki MPM-nin 402-ci maddəsinin mənasına görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə kassasiya şikayəti verilə bilməz.

32. Odur ki göstərilənlərə əsaslanan və MPM-nin 384, 392, 393, 402-ci maddələrini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 31 mart 2023-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh Birlik tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar