Məhkəmə qərarları › İş №2(103)-3979/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3979/2023

20.06.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3979/2023 20.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh İB-yə qarşı iş üzrə (Açar sözlər: əsassız hesablanmış borcun silinməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “əsassız hesablanmış borcun silinməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1032/2023 saylı 04 aprel 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 20 iyun 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. 30.12.2021-ci il tarixli ******* saylı və xx.xx.2022-ci il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlara əsasən abonent təbii qazdan sayğacsız qeyri-qanuni istifadə edir. İtirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 1965,6 manat (5580 m3 x 0,12 + 16200 m3 x 0,08 = 1965,6 manat) məbləğində pul vəsaiti iddiaçıdan tələb edilmişdir.

2. Abonent saldosuna əsasən verilən qaz xətti üzrə **********00142 sayla qeydiyyata alınmış abonent koduna aktlar üzrə 1296,0 manat və 669,60 manat olmaqla, cəmi 1965,6 manat borc hesablanmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona (abonent kodu **********00142) əsassız hesablanmış 2096,60 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Cavabdeh İB tərəfindən ona məxsus Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, yeni yaşayış massivində qaz itkisinin yarandığı müəyyən edilmiş, 2096,60 manat məbləğində borc hesablanmışdır. Fiziki şəxs olan istehlakçının qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi Cavabdeh İB daşıdığı halda qaz sayğacında yaranmış qüsura görə 2096,60 manat məbləğində borcun hesablanmasına əsas olmuş hallar tamamilə qanunsuz və əsassız olduğu üçün həmin borc məbləği silinməlidir. Cavabdeh İB mənzildən kənarda quraşdırılmış sayğacdakı pozuntu halının məhz istehlakçı tərəfindən yarandığına dair hər hansı mötəbər sübut təqdim etməmişdir. Halbuki, bu halda sübutetmə yükü cavabdehin üzərinə düşür.

5. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 04 aprel 2023-cü il tarixli 2(003)-1032/2023 saylı qətnaməsi ilə (hakim Emin Məmmədli) iddia qismən təmin edilmiş, Cavabdeh tərəfindən təbii qazdan istifadə qaydalarının pozulmasına görə İddiaçı (abonent kodu **********00142) hesablanmış 1965,6 manat məbləğində borcun silinməsi, 39,65 manat məbləğində dövlət rüsumunun Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

6. Məhkəmə göstərmişdir ki, cavabdeh təşkilat tərəfindən ziyanın hesablanmasına əsas olmuş akt iş materiallarında olsa da, cavabdeh təşkilat tərəfindən tərtib edilmiş akt iddiaçı tərəfindən imzalanmamış, həmin akt cavabdeh təşkilatın əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmiş, həmin aktın tərtib edilməsinə hal şahidləri cəlb edilməmiş və qanunvericiliyin imperativ göstərişinə əməl edilməməklə həmin aktın bir nüsxəsi abonentə təqdim edilməmişdir.

7. Məhkəmə həmçinin qeyd etmişdir ki, yuxarıda göstərilən qaydalara uyğun olaraq tərtib edilmiş aktların bir nüsxələrinin iddiaçı tərəfindən cavabdehə təqdim edilməsi, habelə ondan vurulmuş zərərin tələb edilməsi barədə sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə, 1965,6 manat borcun hansı qaydada və əsasla hesablanması da cavabdeh tərəfindən göstərilə bilməmişdir.

8. Bundan başqa məhkəmə göstərmişdir ki, iddia tələbindən görünür ki, iddiaçı 2096,60 manat borcun silinməsini xahiş etsə də, borcun göstərilən məbləğdə olması və əsassız hesablanması barədə iddiasını əsaslandıra bilməmişdir.

9. Məhkəmə gəldiyi nəticəni «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 115, 217.2, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Apellyasiya şikayətində göstərilmişdir ki, Cavabdeh əməkdaşları tərəfindən hazırlanmış aktlar qanunvericiliyin tələblərinə uyğun hazırlanmışdır və bir nüsxəsi abonentə təqdim edilmişdir və abonentin həmin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir. Bundan əlavə olaraq bildirmək istəyirəm ki, aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdə açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Bundan əlavə sözügedən abonentin qaz sayğacı tam işlək vəziyyətdə olmuşdur və heç bir nasazlıqdan söz açıla bilməz.

b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

13. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

14. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh (nümayəndə) məhkəmə iclasında gəlmədiyindən işə onun (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu

15. Maddə 3. İstehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər.

16. Maddə 18. İstehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir.

17. Maddə 26. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir.

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu

18. Maddə 11.6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

19. 01.05.2022-ci il tarixdən qüvvədə olan 13-cü maddəsinin 8-1-ci bəndi. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”

20. 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir.

21. 1.4-cü bəndinə əsasən istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir.

22. 2.5-ci bəndinə əsasən qaz qurğuları istismara qəbul olunduqdan və qazpaylayıcı şəbəkəyə qoşulduqdan sonra 5 (beş) iş günü müddətində qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə imzalanır və həmin andan etibarən istehlakçıya qazın verilməsi müqaviləyə uyğun təmin edilir.

23. 2.12-ci bəndinə əsasən istehlakçılar qaz qurğularının “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar.

24. 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir;

25. 6.6-cı maddəsinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir;

26. 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.

27. 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.

28. 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

32. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

35. Qətnamə cavabdehin apelyasiya şikayətinə münasibətdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.

37. İddiaçıya yaşadığı evə baxış keçirilərkən təbii qazdan qeyri-qanuni istifadə edilməsi səbəbi ilə aktlar tərtib olunmuş, həmin aktlar əsasında iddiaçının abonent hesabına itirilmiş qazın bərpası üzrə borc hesablanmışdır. Cavabdehin əməkdaşlarının tərtib etdiyi akt iddiaçı tərəfindən imzalanmamış, həmin akt təşkilatın əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmiş, tərtib edilməsinə hal şahidləri cəlb edilməmişdir. Bundan əlavə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində təbii qaz şəbəkəsinə qoşulmaqla ondan istifadə edilməsi vurulmuş ziyanın məbləğindən asılı olaraq inzibati və cinayət məsuliyyəti yaradır. Tərtib edilmiş aktların bir nüsxələrinin cavabdeh tərəfindən iddiaçıya təqdim edilməsi, habelə ondan vurulmuş zərərin tələb edilməsi barədə sübutlar məhkəməyə təqdim edilməmişdir.

38. Abonent saldosuna əsasən iki akt üzrə cəmi 1965,6 manat borc hesablanmışdır, məhkəmə də haqlı olaraq həmin borcun silinməsi qənaətinə gəlmişdir.

39. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:

Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1032/2023 saylı 04 aprel 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar