Məhkəmə qərarları › İş №2(103)-3982/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3982/2020

30.07.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3982/2020 30.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Azər Aydın oğlu Mövlayevin katibliyi ilə, İddiaçı iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(003)-329/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “sayğacın dəyəri kimi hesablanmış pulun və cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək cavabdeh tərəfindən ona qaz sayğacına müdaxiləyə görə hesablanmış 486 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, Cavabdeh İstehsalat Birliyi ilə aralarında bağlanmış xx.xx.2018-cu il tarixli "Qazın alqı-satqısı barədə" müqaviləyə əsasən qaz ilə təmin edilir. Qaz istifadəsini ölçmə üçün G-4 markalı Smart kart tipli nömrəli 1701AZ**********22 sayğac quraşdırılmışdır.Cavabdeh nümayəndələri ona məxsus G-4 markalı, smart kart tipli S+20N-44 nömrəsi 1102AQ**********40 saylı sayğaca baxış keçirmiş və xx.xx.2018-ci il tarixli ******* saylı akt tərtib etmişlər. Qeyd olunan akt əsasında qaz sayğacı yenisi ilə əvəz olunmuş və sayğacın dəyəri kimi 235.80 m hesablanması qərara alınmışdır. İddiaçı hesab edir ki, akt əsassızdır və onun sayğacına qeyri qanuni olaraq cavabdeh təşkilatın nümayəndələri tərəfindən müdaxilə olunmuşdur. Həmin sayğaca giriş hissədə borunun deşilməsi maraqlarına cavab vermir. İddiaçı hesab edir ki, ziddiyyət səhv qəbul edilsə belə cavabdeh tərəfindən akt tərtib edərkən qanun pozuntularına yol verilmişdir. Belə ki, mübahisə predmeti olan sayğacdakı nasazlıq nəticəsində Cavabdehnə heç bir ziyan dəyməmiş, iddiaçı tərəfindən qazın istehsalı üçün sayğacda göstərilən pul məbləği vaxtlı- vaxtında ödənilmişdir. Hal- hazırda smart karta edilən ödənişlərdən tutmalar aparılır. İş materiallarında olan sənədlərdən, o cümlədən şəxsi hesab vərəqəsindən görünür ki, cavabdeh təşkilat onun evinə quraşdırılmış G-4 markalı smart kart tipli 1102AQ**********0 nömrəli sayğacdan hər ay dövrü olaraq göstəricilər götürülmüş və istehlak edilmiş qaz haqqının ödənilməsi üçün qəbzləri iddiaçıya təqdim etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(003)-329/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh tərəfindən İddiaçı (abonent kodu- **********01790) təbii qazdan istifadə qaydalarının pozulmasına dair tərtib edilmiş xx.xx.2018-ci il tarixli, ******* saylı akta əsasən hesablanmış 486 (dörd yüz səksən altı) manat məbləğində borcun silinməsi və Cavabdehndən 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun alınaraq dövlət nəfinə tutulması qət olunmuşdur. Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-cu il tarixli 2(003)-329/2020 saylı qətnaməsini ləğv edib İddiaçı iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edərək Cavabdeh İB-nin apelyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kolegiyasının iclasında iştirak edən İddiaçı iddia tələbinin dəlillərinə istinad etməklə, apelyasiya şikayətinə etiraz etmiş və qətnamənin qüvvədə saxlanılmasını xahiş etmişdir. Cavabdeh (nümayəndəsi) məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası iş üzrə materialları, apelyasiya şikayətinin dəllillərini və iddiaçının izahatını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2018-ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, istehlakçı İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 2 No-li sahə 60-1970 ünvanında yerləşən fərdi yaşayış evindən itron tipli G-4 markalı, 1102AQ**********0 nömrəli sayğac çıxarılaraq yeni itron tipli G-4 markalı, STS**********6 nömrəli sayğacla əvəz edilmişdir. Sayğacın çıxarılmasına səbəb sayğacın çıxış platsmas borusunun deşik olmasının aşkar edilməsi göstərilmişdir. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2018-ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, Cavabdeh İB-nin nümayəndələri tərəfindən İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 2 No-li sahə 60-1970 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman sayğacın çıxış plasmas borusunun kənar təsir nəticəsində deşik olması aşkar edilmişdir. İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının xx.xx.2018-ci il tarixli qərarından görünür ki, ******* saylı akta əsasən itirilmiş qazın bərpası üçün hesabatın aparılması və hesablanmış məbləğin ödənilməsi qərara alınmışdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. “Qaz təchizatı haqqında” Qanunun 3.4-cü maddəsinə əsasən müvаfiq icrа hаkimiyyəti оrqаnının səlahiyyətli nümayəndələri istehlakçını 5 iş günü əvvəl məlumatlandırmaqla qazdan səmərəli istifadə, məişət qаz qurğulаrının təhlükəsiz və etibarlı istismаr edilməsini təmin еtmək məqsədi ilə həmin qurğulаra, tüstü bacalarına və qazpaylayıcı şəbəkəyə аltı аydа bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməlidir. İstehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. 4.1-ci maddəsinə əsasən istehlakçının məişət qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab verməlidir. 11.6-cı maddəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 13.7-ci maddəsinə əsasən istehlakçıya qazın verilməsinin dayandırılması (dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması ilə əlaqədar dayandırma halı istisna olmaqla) yalnız fərdi qaydada həyata keçirilir. Qaz xətlərinin qanunsuz olaraq kəsilməsi və ya istehlakçıya yazılı bildirişin göndərilməsi tələb olunan hallarda yazılı bildiriş göndərilmədən qazın verilməsinin dayandırılması qadağandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 3.1.3-cü bəndinə əsasən qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlamalıdır. 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hesablanmış 486 manat məbləğində borcun əsasını təşkil edən akt yuxarıda qeyd edilən qaydaların tələbinə uyğun şəkildə tərtib olunmadığından iddiaçının sayğacdan kənar təbii qazdan istifadəsini təsdiq edən sübut kimi qəbul edilməməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı özü daşıyır. O cümlədən, sayğacın yararsız hala düşməsində iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, iddiaçının abonent koduna hesablanmış 486 manat məbləğində borc silinməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilərinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.2. maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Cavabdeh təşkilat öz etirazının əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh təşkilat iddiaçıya hesablanan borcun həqiqiliyini sübuta yetirə bilmədiyi üçün işə baxan məhkəmə iddianı təmin etməkdə haqlı olmuşdur. Cavabdeh apellyasiya şikayətində qeyd olunan hallara dair sübut təqdim edə bilməmişdir. Bununla da cavabdeh tərəf tərtib etdiyi aktın doğruluğunu sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (Bundan sonra MPM-in) 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin izah edir ki, hazırki iddianın qiyməti 2000 manatdan az olduğundan Azərbaycan Respublikası MPM-in 404-1-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apelyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(003)-329/2020 nömrəli qətnaməsi Cavabdehnə münasibətdə dəyişdirilmədən saxlansın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar