Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3982/2022 19.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, Cavabdeh ASC-nin nümayəndəsi X3 iştirakı ilə İddiaçı Cavabdeh ASC-nə qarşı “kredit və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-nə (bank) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bankla 25.02.2015-ci il tarixdə bağladığı KXM 01 saylı nömrəli kredit müqaviləsinin və həmin müqavilənin təminatı olan 25.02.2015-ci il tarixli İM 01 saylı ipoteka müqaviləsinin, həmçinin 15.09.2015-ci il tarixli İPK 02 saylı nömrəli kredit müqaviləsinin və həmin müqavilənin təminatı olan 15.09.2015-ci il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, bankla arasında bağlanmış 25.02.2015-cı il tarixli KXM 01 saylı kredit xətti müqaviləsinə əsasən ona 24 ay müddətinə, illik 23 faiz ödəməsi şərtilə 65 000 ABŞ dolları məbləğində kredit xətti açılmış, eyni tarixli İM 01 saylı ipoteka müqaviləsinə görə kredit xətti müqaviləsi üzrə öhdəliklərin təminatı kimi Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi 20 saylı evin 36 saylı mənzili bank qarşısında ipoteka ilə yüklü edilmiş, 15.09.2015-ci il tarixlı İPK 02 saylı kredit müqaviləsinə əsasən ona 18 ay müddətinə illik 28 faiz ödəməsi şərtilə 10 000 ABŞ dolları məbləğində kredit verilmiş, 15.09.2015-ci il tarixli sonrakı ipoteka müqaviləsinə görə, öhdəliklərin təminatı kimi həmin mənzili bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Müqaviləni bağladıqdan sonra hər ay vaxtlı-vaxtında kredit üzrə ödənişini etsə də, sonradan Azərbaycan manatın 130% həcmində kəskin devalvasiyası nəticəsində borcunu ödəyə bilməmiş, buna görə də bank məhkəmədə ona qarşı iddia qaldırmışdır. 2015-ci ildə kredit müqaviləsi bağlanarkən 75 000 ABŞ dolları 78 750 manata bərabər olmuş, devolvasiyadan sonra isə bu məbləğ hətta bütün ödəmələrindən sonra belə 127 500 manata yüksəlmişdir. Hesab edir ki, müqavilədə kreditin qaytarılma şərtləri tam və dəqiq göstərilmədiyi üçün qeyd etibarsız sayılmalıdır. Devalvasiya olacağı təqdirdə kredit müqaviləsinə əsasən götürdüyü 75 000 ABŞ dolları məbləğində kreditə görə 127 500 manat ödəməli olacağı və 152 380 ABŞ dolları kimi qiymətləndirilən əmlakının sonradan 94 117 ABŞ kimi qiymətləndiriləcəyini bilsəydi, əqdi təbii ki, bağlamazdı. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. Qətnamədən apellyasiya şikayəti verən iddiaçı onun ləğv və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun əsaslandırmaqla məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, sübutlara düzgün qiymət vermədiyini, ədalətsiz nəticəyə gəldiyini irəli sürmüşdür. İşə baxılmasının yeri (vaxtı) barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı (nümayəndəsi) məhkəməyə gəlməmiş, məhkəmə iclasında iştirak edən cavabdeh bankın nümayəndəsi isə şikayətin əsassız olduğunu bildirmişdir. Kollegiya cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş hallarına görə, Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış 25.02.2015-cı il tarixli KXM 01 saylı kredit xətti müqaviləsinə əsasən İddiaçı 24 ay müddətinə, illik 23 faiz ödəməsi şərtilə 65 000 ABŞ dolları məbləğində kredit xətti açılmış, eyni tarixli İM 01 saylı ipoteka müqaviləsinə görə isə, kredit xətti müqaviləsi üzrə öhdəliklərin təminatı kimi Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi 20 saylı evin 36 saylı mənzili bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İşin müəyyən olunmuş digər halına görə, bankla İddiaçı arasında bağlanmış 15.09.2015-ci il tarixli İPK 02 saylı kredit müqaviləsinə əsasən İddiaçı 18 ay müddətinə, illik 28 faiz ödəməsi şərtilə 10 000 ABŞ dolları məbləğində kredit verilmiş, kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üçün Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi 20 saylı evin 36 saylı mənzili 15.09.2015-ci il tarixli sonrakı ipoteka müqaviləsi əsasında bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İşin müəyyən edilən halı həmçinin ondan ibarətdir ki, ləğv prosesində olan Cavabdeh ASC-nin İddiaçı, X11, X5, X7, X2 və X12 qarşı “borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 noyabr 2019-cu il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, İddiaçı 25.02.2015-ci il tarixli KXM 01 saylı kredit xətti müqaviləsi üzrə 65 000 ABŞ dolları əsas, kredit xətti müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi 25.02.2017-ci il tarixinə 14 036,46 ABŞ dolları faiz, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 4180 ABŞ dolları faiz borcu olmaqla cəmi 83 216,46 (səksən üç min iki yüz on altı dollar qırx altı sent) ABŞ dolları borcun, 15.09.2015- ci il tarixli İPK 02 saylı kredit müqaviləsi üzrə 5495 ABŞ dolları əsas, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi 15.03.2017-ci il tarixinə 1065,03 ABŞ dolları faiz, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 339 ABŞ dolları faiz borcu olmaqla cəmi 6899,03 (altı min səkkiz yüz doxsan doqquz dollar üç sent) ABŞ dolları (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) borcun və ödənilmiş dövlət rüsumunun 29,70 (iyirmi doqquz manat yetmiş qəpik) manat hissəsinin tutularaq Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, tutmanın ipoteka predmeti olan, tam mülkiyyət hüququ ilə X11 məxsus, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi 20 saylı evin 36 saylı mənzilinə yönəldilməsi və mənzilin ilkin satış qiyməti 160 000 (bir yüz altmış min) manat müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə edilmiş pul vəsaitinin iddia tələbi həcmində borcun ödənilməsinə yönəldilməsi, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 20 saylı evin 36 saylı mənzilinə tutma yönəldildikdən və o satıldıqdan ən geci 1 (bir) ay ərzində İddiaçı, X9, X4, X6, X1 və X10 həmin məzildən çıxarılması qərara alınmış, iddia tələbi qalan hissədə təmin edilməmişdir. İş materiallarından görünür ki, həmin qətnamədən İddiaçı verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 04.03.2020-ci il tarixli qətnaməsi ilə, apellyasiya instansiyası məhkəməsinin aktı isə Ali Məhkəmənin 18 mart 2021-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Kollegiya ilk növbədə qeyd edir ki, əslində qeyd olunan məhkəmə aktları ilə iddiaçının hazırda mübahisələndirdiyi kredit və ipoteka müqavilələrinə dolayısıyla qiymət verilmiş və tərəflər arasındakı münasibətlərə hüquqi müəyyənlik gətirilmişdir; hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi Ryabix Rusiya Federasiyasına qarşı iş üzrə 24 iyul 2003-cü il tarixli qərarında qeyd etmişdir ki, “hüquqi müəyyənlik “res judicata” prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni quvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”. Digər tərəfdən kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada nəzərə alınmalıdır ki, mülki qanunvericiliyə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir və əqdin (o cümlədən kredit və ipoteka müqaviləsinin) etibarlılığı üçün onların bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. İşin hallarından aydın olur ki, mübahisələndirdiyi müqavilələrə dair hüquqi proseslər barəsində iddiaçının müqavilə tərəfi kimi azadlığı olmuş, “müqavilə azadlığı” prinsipi çərçivəsində o, tam sərbəst iradəsi ilə hərəkət edərək müqavilə şərtləri qarşılıqlı razılıq çərçivəsində müəyənləşdirilmişdir. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Kollegiya xüsusi olaraq vurğulayır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-555/2022 saylı iş üzrə 29 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-3982/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3982/2022
19.05.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver