Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3988/2024 03.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 ASC, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi və Sabunçu rayon İcra Şöbəsinə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: hərracın nəticələrinin etibarsız hesab edilməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Ülviyyə Hadi qızı Məmmədlinin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 MMC-nin nümayəndəsi Nümayəndə1, Cavabdeh "xxxx"ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1137/2024 nömrəli, 19 mart 2024cü il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi. İşin halları
1. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-35/2021 №-li iş üzrə verdiyi xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh X4 hüquqi varisləri İddiaçı və X2 müştərək qaydada ümumilikdə 11037,20 manat "xxxx" ASC-yə ödənilməli, tutma Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xəlilbəy Xasməmmədov küçəsi, ev 5, 55 №-li mənzilə (sonradan – mübahisəli mənzil) yönəldilməli, mənzilin ilkin satış qiyməti 59400 manat müəyyən edilməklə açıq hərracdan satılmalı, 11037,92 manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" ASC-nə ödənilməli, satışdan əldə edilmiş vəsait artıq olarsa, artıq məbləğ cavabdehin hüquqi varislərinə qaytarılmalıdır.
2. X1 hüquqi varisləri İddiaçı və X7 barədə olsa da, icra sənədində «borclu» kimi yalnız İddiaçı qeyd olunmuş, onun qeydə alındığı ünvan kimi Sabunçu rayonu, ünvan 1 (həmin zaman onun qeydiyyat ünvanı).
3. Sabunçu rayon İcra Şöbəsi tərəfindən 1028-4171/-3 №-li, xx.xx.2022-ci il tarixli məktubu ilə adıçəkilən icra vərəqəsi üzrə borclu İddiaçı məxsus mübahisəli mənzilə yönəldilməli olan, ilkin satış qiyməti 59400 manat dəyərində əmlakın hərrac vasitəsilə satılması üçün toplanmış materiallar Cavabdeh1 MMC-yə göndərilmişdir.
4. İlkin hərrac Cavabdeh1 MMC tərəfindən xx.xx.2022-ci il tarixə təyin edilmiş, bununla bağlı elan xx.xx.2022-ci il tarixində “Birjanyus” X9 dərc olunmuş, bu barədə iddiaçıya xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, ünvan 3 ünvanına bildiriş göndərilmiş, həmin bildiriş xx.xx.2022-ci il tarixdə «köçüb» qeydi ilə geri qaytarılmışdır.
5. İlkin hərrac baş tutmamış, bu barədə Cavabdeh1 MMC tərəfindən xx.xx.2022-ci il tarixli protokol tərtib edilmişdir.
6. Təkrar hərrac 15% aşağı qiymətə xx.xx.2022-ci il tarixə təyin edilmiş, bununla bağlı elan xx.xx.2022-ci il tarixində “Birjanyus” X9 dərc olunmuş, bu barədə iddiaçıya xx.xx.2022-ci il tarixdə eyni ünvana bildiriş göndərilmiş, həmin bildirişin göndərilməsinə dair xx.xx.2022-ci il tarixli reyestr qovluğa əlavə edilmiş, lakin bildirişin iddiaçıya çatıb çatmamasına dair məlumat qovluğa əlavə edilməmişdir.
7. Təkrar hərrac baş tutmamış, bu barədə Cavabdeh1 MMC tərəfindən xx.xx.2022-ci il tarixli protokol tərtib edilmişdir.
8. Bundan sonra xx.xx.2022-ci il tarixdə Cavabdeh1 MMC 37867,5 manat satış qiyməti ilə mənzili almaq barədə Banka təklif göndərmiş, təklifin surəti iddiaçıya yenə eyni ünvana göndərilmiş, həmin təklifin göndərilməsinə dair xx.xx.2022-ci il tarixli reyestr qovluğa əlavə edilmiş, lakin təklifin iddiaçıya çatıb çatmamasına dair məlumat qovluğa əlavə edilməmişdir.
9. Bank xx.xx.2022-ci il tarixli məktubunda təklifi qəbul etdiyini bildirmiş və mənzilin balansa götürülməsi ilə bağlı müvafiq sənədlərin hazırlanmasını xahiş etmişdir.
10. Cavabdeh1 MMC-nin, Sabunçu rayon icra şöbəsinin və Yelo Bank ASC-nin iştirakı ilə tərtib edilmiş 148/22 №-li, xx.xx.2022-ci il tarixli X18 barədə Protokola əsasən mənzil tələbkar Cavabdeh2 ASC-yə satılmışdır. X16 rayon icra şöbəsinin icra məmurunun imzası yoxdur. Hazırda da Cavabdeh2 ASC-nin mülkiyyətindədir (daşınmaz əmlakın reyestr nömrəsi 005011***709-05101-093003, qeydtyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022). İddiaçı xx.xx.2021-ci il tarixdə (icra vərəqəsi veriləndən təxminən beş ay sonra) ünvan 4 kəndi ünvanına qeydiyyata düşmüş (Azərbaycan Respublikası DİN tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş ******* №-li yaşayış yeri üzrə qeydiyyat haqqında arayış), bu barədə icra şöbəsinə məlumat verməmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı cavabdehlər Cavabdeh1 MMC, "xxxx"ASC, Sabunçu Rayon İcra şöbəsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı məhkəmədə iddia qaldıraraq Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-35/2021 №-li, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən sifarişçi - Bakı şəhəri Sabunçu Rayon İcra şöbəsi, təşkilatçı - Cavabdeh1 MMC və tələbkar - Cavabdeh2 ASC tərəfindən tərtib edilmiş 148/22 №-li, 29 iyul 2022-ci il tarixli “X18 barədə” protokolun və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xəlilbəy Xasməmmədov küçəsi, ev 5, 55 №-li mənzilin Cavabdeh2 ASC-nin adına ********** nömrə ilə xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmasına dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız sayılmasını xahiş etmişdir.
12. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xəlilbəy Xasməmmədov küçəsi, ev 5, 55 №-li mənzil mülkiyyət hüququ ilə mərhum atası X8 məxus olmuşdur. Cavabdeh2 ASC ilə arasında bağlanmış kredit müqaviləsinə əsasən bank tərəfindən ona kredit verilmiş və aralarında bağlanmış ipoteka müqaviləsinə əsasən həmin mənzili həmin kredit müqaviləsinin təminatı kimi ipoteka ilə bank qarşısında yüklü edilmişdir. Bankdan götürülmüş kreditin ödənişlərində müəyyən gecikmələr yaranmışdır. Bank da öz hüququndan sui-istifadə edərək kredit borcunun tutulması və həmin borcun ipoteka predmetinə yönləndirilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülkiyyətçi X10 vəfat etdiyindən iddiaçı məhkəmələrdə onun hüquqi varisi kimi tanınmışdır. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 35/2021-024 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən cavabdeh X4 hüquqi varisləri olaraq iddiaçı və X2 müştərək qaydada 7919,68 manat əsas, 2731,66 manat faiz, 326,58 manat cərimə borcu olmaqla, cəmi 10977,92 manat məbləğində pul vəsaiti, 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu, 20 manat xidmət haqqı, ümumilikdə 11037,20 manat "xxxx" ASC-yə ödənilməli, tutma adıçəkilən mənzilinə yönəldilməli, mənzil açıq hərracdan satılmalı, mənzilinin ilkin satış qiyməti 59400 manat müəyyən edilməli, 11037,92 manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" ASC-yə ödənilməli, vəsait artıq olarsa, artıq məbləğ cavabdehin hüquqi varislərinə qaytarılmalıdır. Qətnamə icra olunması üçün Sabunçu rayon İcra şöbəsinə göndərilmiş, icra şöbəsi tərəfindən ipoteka predmeti olan fərdi yaşayış evinin açıq hərrac vasitəsilə satılması məqsədi ilə Cavabdeh1 MMC-yə sifariş verilmiş, X14 rayon icra şöbəsinin və Yelo Bank ASC-nin iştirakı ilə tərtib etdiyi “148/22” №-li, 29 iyul 2022-ci il tarixli “X18 barədə” protokola əsasən ipoteka predmeti olan həmin mənzil tələbkar Cavabdeh2 ASCyə satılmışdır. Hazırda da Cavabdeh2 ASC-nin mülkiyyətindədir. Hərracın keçirilməsi zamanı hər iki mərhələdə bildirişlərin və məlumatların ipoteka qoyana (hüquqi varislərə) verilməməsi ilə yanaşı müddətlərin gözlənilməsində də qanunsuzluğa yol verilmişdir. Nə hərracın birinci, nə də ikinci mərhələsi ilə bağlı mülkiyyətçiyə heç bir məlumat verilməmiş, qeydiyyatda olduğu ünvana hər hansı bir bildiriş göndərilməmiş, nə özü, nə də ailə üzvləri tərəfindən bu barədə hər hansı bir rəsmi məlumat alınmamışdır. Hərrac keçirilərkən hətta, daha öncədən – xx.xx.2021-ci il tarixdən iddiaçı ünvan 4 kəndində qeydiyyatda olmaqla yaşayır, hərrac mərkəzindən əldə etdiyi birinci və təkrar hərracın keçirilməsi barədə bildirişlərin üzərində isə onun ünvanı ünvan 5min ünvan onun deyil, mərhum atasının qeydiyyatda olduğu ünvan olmuşdur. Hərracın keçiriləcəyi barədə məlumat almış olsaydı, istər hərracın birinci mərhələsində, istərsə də ikinci mərhələdə ipoteka predmetini hüquqi varis kimi elə özü əldə edə bilərdi. Bütün bu hallardan təşkil olunmuş hərracın qanunsuz şəkildə aparıldığı aşkar görünür. Nəticədə isə onun mülkiyyət hüququ əhəmiyyətli dərəcədə pozulmuş hesab olunur.
13. Cavabdeh2 ASC-nin iddia tələbinə qarşı etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının mübahisələndirdiyi protokol tam qanuni şəkildə keçirilmiş hərracın yekun nəticəsi olaraq imzalanmışdır. İddiaçının hərracın keçirilməsi ilə bağlı istinad etdiyi ipoteka Haqqında Qanunun 42.1-ci maddəsinə 28 dekabr 2018-ci il tarixində dəyişiklik olunmuş və hərracın keçirilməsi ilə bağlı elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilməli (göndərilməlidir). Bununla yanaşı hərracın keçirilməsinin bütün mərhələlərini ətraflı şəkildə aşağıdakı formada izahı verilir. İpoteka haqqında qanunun qeyd olunan maddəyə görə hərrac təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Sabunçu Rayon icra Şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixində sifariş Əmlak Hərrac Mərkəzi MMC-yə göndərilmişdir. 1-ci hərracın keçirilməsi xx.xx.2022-ci il tarixinə təyin olunmuşdur. Yəni sifarişdən 27 gün sonra ilk hərrac keçirilərək 30 günlük müddətə əməl olunmuşdur. Həmçinin sifarişin alındığı gündən xx.xx.2022-ci ildə https://Birianews.Az saytında elan dərc etdirilərək sifarişin alındığı gündən 5 iş günü müddətində mediada və özünün rəsmi internet saytında dərc etdirilməsi qaydasına əməl etmişdir. İlkin hərracın keçirilməsi ilə bağlı bildiriş xx.xx.2023-cü il tarixdə tərəflərin hər birinə açıq hərracın keçirilməsinə dair bildiriş göndərilmiş və bildirişin göndərilməsi barədə ən geci 20 günlük qalmış müddətə əməl edilmişdir. İlkin hərracın baş tutmaması barədə elan xx.xx.2022-ci il tarixində həmin saytda dərc etdirilmişdir. İpoteka haqqında qanunun 43.4-cü maddəsinə görə İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. xx.xx.2022-ci il tarixində ilkin hərrac keçirildikdən sonra ikinci hərrac 18 gün sonar - xx.xx.2022-ci il tarixində keçirilərək buradada 20 günlük müddətə əməl olunmuşdur. Qanuna edilmiş dəyişikliyə müvafiq olaraq da artıq qanunun məzmununda birinci və ikinci hərrac anlayışları olmadığı üçün, həmçinin birinci hərracla ikinci hərracın keçirilmə vaxtları arasında 20 günlük müddətlə limitləndirildiyi üçün ən qısa müddətdə, yəni xx.xx.2022-ci il tarixdə açıq hərracın keçirilməsinə dair bildiriş göndərilmiş və xx.xx.2022-ci il tarixdə https ://Birjanews. Az saytında elan dərc etdirilmişdir. İkinci hərracın baş tutmamasına dair protokol və elan xx.xx.2022-ci il tarixində həmin saytda dərc etdirilmişdir. İpoteka haqqında qanunun 43.7- 1-ci maddəsinə görə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. xx.xx.2023-cü il tarixdə ipoteka predmetinin əldə edilməsi barədə təklif İpoteka saxlayan Cavabdeh2 ASC-yə, sürətləri isə İddiaçı və Sabunçu Rayon İcra Şöbəsinə göndərilmişdir. xx.xx.2022-ci il tarixində Yelo Bank ASC tərəfindən Əmlak Hərrac Mərkəzi MMC yə həmin təklifə razılığımızı bildirdiyimiz məktub göndərilmiş və həmin təşkilat tərəfindən qəbul edilmişdir. Buna müvafiq olaraq da xx.xx.2022-ci il tarixində (ipoteka predmetinm ipoteka saxlayan tərəfindən əldə olunmasına dair) X18 barədə protokol imzalanmışdır. Bununla yanaşı iddiaçı tərəfindən irəli sürülən onun qeydiyyatda olduğu ünvana deyil, başqa ünvana bildirişlərin göndərilməsi də əsassız xarakter daşıyır. Belə ki, iddiaçı tərəfindən təqdim olunan sübutlardan - Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı xx.xx.2021-ci ildən ünvan 4 ə/d, Kürkənd kəndində qeydiyyatdadır. Hərracın keçirilməsi üçün əsas olan qətnamə xx.xx.2021-ci il tarixində çıxarılmış, xx.xx.2021-ci il tarixində qüvvəyə minmiş, icra vərəqəsi isə 5 noyabr 2021-ci ildə verilmişdir. Yəni, burdan belə nəticəyə gəlmək olur ki, məhkəmə prosesləri olan müddətdə İddiaçı qeydiyyat ünvanı ünvan 7 olmuş və məhkəmə proseslərinin gedişindədə həmin şəxsin özü və ya nümayəndəsi tərəfindən həmin ünvanda yaşadığı təkzib edən hər hansı bir məlumat məhkəməyə verilməmişdir. İddiaçı qeyd olunan qətnamənin məhkəmə proseslərindən məlumatlı olmuş və qətnamə çıxan müddətdə özünün harada qeydiyyatda olduğu ilə bağlı hər hansı bir sübut təqdim edə bilməmişdir. Mövcud olan icra vərəqəsindən də həmin dövrdə İddiaçı ünvan 7nda qeydiyyatda olduğunu görünür, icra vərəqəsində olan məlumatlar da müvafiq olaraq icra şöbəsinə, daha sonra da Əmlak Hərrac Mərkəzinə yönləndirilmiş və hərracla bağlı olan bütün bildiriş və elanlar həmin ünvana göndərilmişdir. Məhkəmə proseslərindən və qətnamədən məlumatlı olmuş İddiaçı qeydiyyat ünvanını dəyişibsə belə, bununla bağlı icra şöbəsini və ya məhkəməni məlumatlandırmaq öhdəliyi həmin şəxsin üzərinə düşürdü. Lakin İddiaçı bu öhdəliyindən qəsdən, qərəzli şəkildə yayınaraq hazırkı iddiada öz məsuliyyətsiz yanaşmasının nəticələrini başqa şəxslərin üzərinə qoymaq istəyir. X15 Qanunun 42.1-ci maddəsinə görə elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Qanun öhdəliyə həmin bildirişin sadəcə göndərilməsi vəzifəsini qoyur. X19 özündə mövcud olan məlumatlara uyğun olaraq bildirişləri göndərilmiş, lakin digər səbəblərdən) qapı bağlı, köçüb və.s) dolayı həmin bildirişin çatdınlmaması artıq Hərrac Mərkəzinin məsuliyyətinə düşən bir məsələ deyil. Göründüyü kimi, iddia ərizəsi reallığı əks etdirməyən və formal mülahizələr üzrə dəlillər əsas gətirilərək tərtib edilmişdir. Bu isə belə qənaətə gəlməyə əsas verir ki, iddiaçının məqsədi məhkəmə qətnaməsi ilə tutmanın yönəldiyi mənzilin bankın mülkiyyətinə keçməsinə və bankın həmin mənzil ilə bağlı hər-hansı bir sərəncam vermək hüququna maneçilik yaratmaqdır. Odur ki, İddiaçı iddia tələbi əsassız olduğundan təmin edilməməli və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir.
14. "xxxx" ASC-nin iddia müddətinin tədbiqi barədə ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı iddia tələbilə məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddətini buraxmışdır. Belə ki, hərracın nəticələri üzrə protokol xx.xx.2022-ci il tarixdə imzalanmış, iddiaçı isə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Halbuki həmin kateqoriya iddialar üzrə iddia müddəti 1 il müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 354.3-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən hallan bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər.
15. Cavabdeh1-nin iddia tələbinə qarşı etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, Sabunçu rayon İcra Şöbəsinin sifariş məktubu əsasında hərrac sifarişi üzrə ilkin hərracın keçirilməsi xx.xx.2022-ci il tarixinə təyin edilmiş və bu barədə sifarişçi icra şöbəsinə, borclu İddiaçı, eləcə də tələbkar Cavabdeh2ASC-nə bildiriş göndərilmişir. İlkin hərracın keçirilməsi ilə bağlı elan xx.xx.2022-ci il tarixində kütləvi informasiya vasitəsi olan “Birjanyus” X5 (Portalında) dərc olunmuş və hərrac təşkilatçısının rəsmi internet səhifəsində də (“Eherrac.com”) yerləşdirilmişdir. Hərrac iştirakçı olmaması səbəbindən baş tutmamış, əmlak ilkin satış qiymətindən 15% aşağı qiymətə, yəni 50490 manata olmaqla xx.xx.2022-ci il tarixinə təkrar açıq hərraca çıxarılmış, elan xx.xx.2022-ci il tarixində kütləvi informasiya vasitəsi olan “Birjanyus” X5 (Portalında) dərc olunmuş və hərrac təşkilatçısının rəsmi internet səhifəsində də (“E-herrac.com”) yerləşdirilmişdir. Hərrac iştirakçı olmaması səbəbindən baş tutmamışdır. Hərracın təşkilatçısı tərəfindən hərracın baş tutmaması barədə məlumat eyni qaydada dərc olunmuşdur. xx.xx.2022-ci il tarixli, 1415/22 №-li "ipoteka predmetinin əldə olunmasına dair” təklifdən görünür ki, yuxarıda göstərilən ipoteka predmeti “İpoteka haqqında” Qanunun tələblərinə uyğun olaraq təkrar hərracdakı satış qiymətindən 25% aşağı qiymətə ipoteka saxlayana təklif olunmuşdur. İpoteka saxlayan ipoteka predmetini təklif edilən 37867,50 manat məbləğində əldə edilməsinə razı olduğunu bildirmişdir. Qeyd olunan razılığa əsasən “X6” nəzdində Cavabdeh1 MMC-ti tərəfindən xx.xx.2022-ci il tarixli, 148/22 №-li “X18 barədə Protokol” tərtib edilərək təsdiq olunmuş və həmin protokol növbəti tədbirlərin təmin edilməsi məqsədilə Cavabdeh1 MMCnin 1490/22 №-li, xx.xx.2022-ci il tarixli məktubuna qoşma ilə (surəti məlumat üçün tələbkar və borcluya ünvanlanmaqla) sifarişçi icra Şöbəsinə göndərilmişdir. Göründüyü kimi, hərracın təşkilatçısı tərəfindən hərracın keçirilməsi zamanı hər hansı qanun pozuntusuna yol verilməmiş, hərracın vaxtı, yeri və s. barədə tələbkara, eləcə də borcluya onun Sabunçu rayon Məhkəməsinin 2(008)-35/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsində göstərilən ünvanına müvafiq bildirişlərin göndərilməsi hərracın təşkilatçısı tərəfindən təmin olunmuşdur. Göründüyü kimi, hərracın etibarsız sayılmasına bu və ya digər hüquqi əsas yoxdur.
16. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1137/2024 nömrəli, 19 mart 2024-cü il tarixli qətnaməsi ilə (hakim Tahirə Əsədova) iddianın təmin edilməməsi qət edilmişdir.
17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 415.2, 416.1, 416.2-ci maddələrinə, Azərbaycan Respublikası “İpoteka haqqında” Qanunun 42.1, 42.3, 42.4, 42.6, 42.8, 43.7, 43.7-1, 43.8, 44-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti üzrə 30 dekabr 2008-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “C.İsmayılzadənin şikayətinə dair” xx.xx.2007-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
18. Qətnamədən İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. Apellyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, , təkrar hərrac 15% aşağı qiymətə xx.xx.2022- ci il tarixə təyin edilmiş, bununla bağlı elan xx.xx.2022-ci il tarixində yenə də “Birjanyus” X9 (mediyada və özünün internet saytında deyil) dərc olunmuş, bu barədə mənə güya xx.xx.2022-ci il tarixdə eyni (qeydiyyatda olmadığım və yaşamadığım) ünvana bildiriş göndərilmiş, güya həmin bildirişin göndərilməsinə dair xx.xx.2022-ci il tarixli reyestr qovluğa əlavə edilmiş, lakin, bildirişin mənə göndərilib-göndərilməməsi, o cümlədən çatıb-çatmamasına dair məlumat qovluğa əlavə edilməmişdir. Təkrar hərrac baş tutmamış, bu barədə Cavabdeh1 MMC tərəfindən xx.xx.2022-ci il tarixli protokol tərtib edilsə də hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi mediada və özünün rəsmi internet saytında 3 təqvim günü ərzində məlumat dərc etdirməmişdir. Həmçinin, ilkin satış qiymətindən 15 faiz aşağı qiymətə təkrar satış qiymətinin müəyyən edilməsi də düzgün olmamışdır. Çünki, 15 faiz aşağı olan qiymətlə icra sənədi üzrə tutulmalıməbləğ ödəniləcəyi təqdirdə qalan məbləğ hərracın keçirilməsi xərclərinin ödənilməsi üçün kifayət etməyəcəkdir. “İpoteka haqqında” qanunun 43.4-cü maddəsinə görə birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. Həmin qanunun 43.4-cü maddəsinə görə ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə buQanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. Həmin qanunun 43.5- ci maddəsinə görə təkrar hərrac buQanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Bundan əlavə mənzilin bazar qiyməti olduqca aşağı qiymətləndirilmiş, icra məmuru tərəfindən mənzilin orta bazar və likvid dəyərinin müəyyən edilməsi üçün mütəxəssis rəyi alınmamış, mənzilin ilkin satış qiyməti mən razı olmamağıma baxmayaraq çox aşağı həddə qiymətləndirilmişdir ki, bu da bankın maraqlarına xidmət edir. Bundan sonra xx.xx.2022-ci il tarixdə Cavabdeh1 MMC 37867,5 manat satış qiyməti ilə (25 faiz aşağı qiymətlə) mənzili almaq barədə tələbkar banka təklif göndərmiş, təklifin surəti güya mənə yenə eyni ünvana göndərilmiş, həmin təklifin göndərilməsinə dair xx.xx.2022-ci il tarixli reyestr qovluğa əlavə edilmiş, lakin təklifin mənə çatıb çatmamasına dair məlumat qovluğa əlavə edilməmişdir. Bank xx.xx.2022-ci il tarixli məktubunda təklifi qəbul etdiyini bildirmiş və mənzilin balansa götürülməsi ilə bağlımüvafiq sənədlərin hazırlanmasını xahiş etmişdir. Cavabdeh1 MMC-nin, Sabunçu rayon icra şöbəsinin və Yelo Bank ASC-nin iştirakı ilə tərtib edilmiş 148/22 №-li, xx.xx.2022-ci il tarixli X18 barədə Protokola əsasən mənzil tələbkar Cavabdeh2 ASC-yə satılmışdır. X16 rayon icra şöbəsinin səlahiyyətli şəxsinin və ya icra məmurunun imzası yoxdur. Cavabdeh1 MMC tərəfindən məhkəməyə göndərilmiş hərracın keçirilməsinə dair qovluqdan görünür ki, ilkin hərrac Cavabdeh1 MMC tərəfindən xx.xx.2022-ci il tarixə təyin edilmiş, bununla bağlı elan xx.xx.2022-ci il tarixində mediyada və özünün internet saytında deyil, “Birjanyus” X9 hərracın keçirilməsinə 20 gün qalmış deyil, 23 gün sonra elan dərc olunmuş, bu barədə mənə xx.xx.2022-ci il tarixdə hərracın keçirilməsinə 20 gün deyil, 19 gün qalmış, sifarişin verilməsindən 5 gün ərzində deyil, 7 gün sonra mənim qeydiyyatda olmadığım və yaşamadığım Bakı şəhəri, ünvan 3 ünvanına bildiriş göndərilmiş, həmin bildiriş isəxx.xx.2022-ci il tarixdə «köçüb» qeydi ilə geri qaytarılmışdır. İlkin hərrac baş tutmamış, bu barədə Cavabdeh1 MMC tərəfindən xx.xx.2022-ci il tarixli protokol tərtib edilmişdir. Protokol tərtib edilsə də bu barədə mediada və hərrac mərkəzinin özünün internet saytında 3 gün ərzində elan dərc edilməmişdir. Halbuki, “İpoteka haqqında” qanunun 43.1-ci maddəsinə görə hərracın təşkilatçısı hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi mediada və özünün rəsmi internet saytında məlumat dərc etdirir. Həmin qanunun 43.2-ci maddəsinə görə hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Apellyasiya şikayətinə qarşı Cavabdeh1 MMC tərəfindən etiraz verilmiş, etiraz birinci instansiya məhkəməsində təqdim edilən məzmunda əsaslandırılmışdır.
c) Proses iştirakçılarının izahatı
21. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
22. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 MMC-nin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
23. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh "xxxx"ASC-nin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
24. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə digər cavabdehlər Sabunçu Rayon İcra şöbəsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndələri məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən mülki işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
25. Maddə 319.5. Hərrac “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda baş tutmamış elan edildikdə, təkrar hərrac keçirilir. Təkrar hərrac birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, təkrar hərracın birinci hərracın iştirakçısı olmadığı səbəbindən keçirildiyi halda isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur.
26. Maddə 415.2 qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.
27. Maddə 416 bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.
“İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun:
28. Maddə 1.0.9. ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.
29. Maddə 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir.
30. Maddə 41.3 Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir.
31. Maddə 42.1 Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir.
32. Maddə 42.3 İstənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir.
33. Maddə 42.4 Hərracda iştirak edən ipoteka saxlayan beh ödəmir. Hərracı udduğu halda, ipoteka saxlayan tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunur.
34. Maddə 42.6. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.
35. Maddə 42.8. Hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur.
36. Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun
37. Maddə 43.7 Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.
38. Maddə 43.7-1. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir.
39. 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Həmin Qanunun 44-cü maddəsinə («hərracın etibarsız sayılması») əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.
“İcra haqqında” Azərbaycan Respublikası Qanununun:
40. 53.2-ci maddəsinə əsasən, borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır.
41. 61.1-ci maddəsinə əsasən, vergi borcuna görə siyahıya alınmış əmlak istisna olmaqla, borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir.
42. 61.2-ci maddəsinə əsasən, ixtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir.
43. 62.2-ci maddəsinə əsasən, hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.
44. 89-cu maddəsinə əsasən, tələbin yönəldildiyi əmlakın borcluya və başqa şəxslərə məxsus olması (mənsubiyyəti) ilə bağlı mübahisə yarandıqda, maraqlı fiziki və hüquqi şəxslər əmlakın həbsdən azad olunması və ya onun siyahıdan çıxarılması barədə iddia ilə məhkəməyə müraciət etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
47. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
48. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
49. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
50. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
51. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
52. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
53. Hazırki halda, iddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
54. Məhkəmə kollegiyası tərəflərin izahatlarını, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1137/2024 nömrəli, 19 mart 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
55. Kollegiya ilkin olaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
56. Məhkəmə baxışı zamanı işin müəyyən edilmiş hallarından görünür ki, hərrac təşkilatı hərracı bütün qaydalara riayət etməklə hərracın keçirmiş, lakin birinci hərraca dair bildiriş «köçüb» qeydi ilə geri qaytarıldıqdan sonra, sonrakı bildirişi və təklifi eyni ünvana göndərmiş, bu da bildirişlərin iddiaçıya çatdırılmaması ilə nəticələnmişdir və iddiaçı bü mövqeyindən çıxış edərək hesab edir ki, hərracın nəticələri etibarsız hesab edilməlidir.
57. İlk növbədə kollegiya hesab edir ki, “iddiaçı ünvanının dəyişdirilməsi barədə icra şöbəsinə məlumat verməli idi. Belə ki, iddiaçı qətnamə, evin hərraca çıxarılmalı olması barədə tam məlumatlı olmuş, iddiaçı bu zaman rəsmi birja məlumatlarını izləmək imkanına malik olmuşdur. Qeyd edildiyi kimi, hərracın keçirilməsi tərəflərə tək bildiriş vasitəsilə deyil, eyni zamanda mediada və rəsmi internet saytında elan dərc etdirilməklə çatdırılır.
58. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 dekabr 2008-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Yalnız «İpoteka haqqında» 09 iyun 2005-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Qanununun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışları fərqləndirilmiş, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsi nəzərdə tutulmuşdur.
59. Kollegiya qeyd edir ki, Konstitusiya Məhkəməsini mövqeyinə görə hərrac təşkilatı tərəfindən hərracın keçirilməsinin mümkünlüyü bilavasitə bildirişin tələbkara və ya borcluya çatldırılması ilə şərtləndirilmir. Hazırki işdə hərrac təşkilatı icra vərəqəsində göstərilən ünvana bildirişlər göndərmişdir. Qanunda tərəflərə bildirişin çatdırılmadığı təqdirdə hərrac təşkilatının mütləq şəkildə onların ünvanı barədə məlumatın əldə edilməsi kimi vəzifəsi nəzərdə tutulmamışdır.
60. Kollegiya bildirir ki, Mülki Məcəllənin 416.1-ci maddəsinin dispozisiyasına əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Birinci instansiya məhkəməsi tərəfindən hərracın keçirilməsi ilə bağlı qaydaların pozulması halı müəyyən olunmadığından haqlı olaraq iddia tələbi təmin edilməmişdir.
61. Kollegiya apellyasiya şikayətinin dəlillərinə ümumilikdə qiymət verərək qeyd edir ki, apellyasiya şikayətində göstərilənlər işin halları ilə təkzib olunduğundan apellyasiya şikayəti təmin edilə və məhkəmənin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
62. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.
63. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
64. Kollegiya hesab edir ki, hazırkı halda apellyasiya şikayəti təmin edilmədiyindən iş üzrə apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir.
65. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
66. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1137/2024 nömrəli, 19 mart 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatorun aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.