Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3989/2021 02.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Elmira Nağıyeva və Xəyalə Cəmilovadan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MTK-ya qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadından İddiaçı2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Həmin qərardadla qərara alınıb ki, iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad onunla əsaslandırılıb ki, tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Hüquqi əsas kimi Mülki-Prosessual Məcəllənin 259.0.6-cı maddəsinin göstərişinə istinad olunub. Həmin maddəyə görə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Şikayətdə tələb olunub ki, qərardad ləğv olunsun. Şikayət onunla əsaslandırılıb ki, iddiaçı işə baxanahakimə etiraz verib, etiraz xx.xx.2021-ci il tarixdə məhkəməyə daxil olub, lakin etiraz nəzərə alınmadan xx.xx.2021-ci il tarixli qərardadla iddia ərizəsi baxılmamış saxlanılıb. İddiaçının məhkəmə iclasına gəlməməsinin səbəbi hakimə etirazın baxılıb qurtarmaq gözləmək olmuşdur. Şikayət təmin olunmalıdır. Belə ki, İddiaçı2 hakimə etiraz verib (iş v. 49). Etiraz xx.xx.2021-ci il tarixdə sürətli poçt vasitəsilə məhkəməyə göndərilib və həmin gün məhkəməyə daxil olub (iş v. 50). Bundan 1 gün sonrakı tarixdə - xx.xx.2021-ci il tarixdə həmin hakim iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardad qəbul edib. Etirazın dəftərxana tərəfindən hakimə qərardadın qəbul edilməsindən sonra verilməsi iddiaçıya münasibətdə işin hallarını dəyişmir: iddiaçı iclasdan əvvəl hakimə etiraz verib. Prosessual qanunvericilik məhkəmədən tələb edir ki, etiraza münasibət bildirisin. Xronoloji baxımdan daha əvvəlki tarixdə verilmiş etiraza münasibət bildirilmədən sonrakı tarixlə iddia ərizəsinin baxılmamış saxlanılması Mülki-Prosessual Məcəllənin 259.0.6-cı maddəsinin mənasına uyğun deyil. Beləliklə, qərardad ləğv edilməli və iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin olunsun. Hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ləğv olunsun və iş həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-3989/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3989/2021
02.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver