Məhkəmə qərarları › İş №2(103)-399/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-399/2021

20.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-399/2021 20.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-352/2020 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər “xxxx” MMC Hərrac Mərkəzi və Nərimanov rayon icra və probasiya şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 25 nömrəli mənzilin açıq hərracda satılması ilə bağlı “xxxx” MMC Hərrac Mərkəzi tərəfindən xx.xx.2019-cu il tarixində keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(005)- 352/2020 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(103)-570/2018 nömrəli qətnaməsi ilə iddiaçı “xxxx” ASC-nin ləğvedicisi “X1 Company” MMC-nin cavabdehlər İddiaçı, X14, X12 və X2 qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-125/2015 saylı iş üzrə xx xxxx 2015-ci il tarixli qətnaməsinin X4 1726 ABŞ dolları faiz borcunun tutulması, habelə “ipoteka predmetinin satşından əldə olunan vəsaitin qalan hissəsinin ipoteka qoyan X14 adından ipoteka müqaviləsini imzalamış etibarnaməyə əsasən nümayəndəsi X7 qaytarılması” hissələrində dəyişdirilməsi, İddiaçı “xxxx” ASC-nin xeyrinə tutulmalı olan faiz borcu 1463,76 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə) məbləğində müəyyənləşdirilməsi, ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin İddiaçı, X7, X5, X9 X6 və X10 qaytarılması, qətnamənin “Bakı şəhəri, Nərimanov rayonu, H Əliyev küçəsi 111 saylı evin 25 saylı mənzilinin açıq hərrac vasitəsilə satılmasından əldə olunan vəsaitin qalan hissəsinin X7 qaytarılmasına dair vəfat etmiş ipoteka qoyan X8 vərəsələri arasında mübahisə yarandığı təqdirdə onlara məhkəməyə müraciət etmək hüquqlarının olmasının izah edilməsi hissəsində ləğv olunması, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamə ilə ipoteka predmetinin hərracda ilkin satış qiymətinin 60000 manat müəyyən edilməsi hissəsində Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd edilən qətnamə əsasında verilmiş icra sənədinə əsasən Cavabdeh2 tərəfindən icraata başlanılmışdır. İcra və probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli sifariş məktubu əsasında “xxxx” MMC Hərrac Mərkəzi tərəfindən ünvan 1 ünvanında yerləşən 25 nömrəli mənzil xx.xx.2019-cu il tarixdə birinci dəfə açıq hərracda satışa çıxarılmışdır. Həmin hərracın keçirilməsi vaxtı və yeri barədə xx.xx.2019-cu il tarixli 01 nömrəli bildiriş tərtib olunmuş, iddiaçının ünvanına göndərilmiş və xx.xx.2019-cu il tarixdə sonuncuya imza etdirməklə şəxsən verilmişdir. Həmçinin hərracın keçirilməsi ilə bağlı elan “Birja yenilikləri” qəzetinin 18-xx xxxxxxx 2019-cu il tarixli 189 nömrəli buraxılışında dərc olunmuşdur. xx.xx.2019-cu il tarixdə keçirilən ilkin hərracda əmlak 60.000 manata təklif olunmuş, lakin alıcı olmadığına görə bu hərrac baş tutmamışdır. Buna görə xx.xx.2019-cu il tarixə təkrar hərrac təyin edilmiş və əmlak 15% aşağı qiymətə 51000 manata təklif olunmuşdur. Həmin hərracın keçirilməsi vaxtı və yeri barədə də xx.xx.2019-cu il tarixli 02 nömrəli bildiriş tərtib olunmuş və iddiaçının ünvanına göndərilmişdir. Həmçinin hərracın keçirilməsi ilə bağlı elan “Birja yenilikləri” qəzetinin 22-xx xxxxxx 2019-cu il tarixli buraxılışında dərc olunmuşdur. Lakin alıcı olmadığına görə bu hərrac da baş tutmamışdır. Bundan sonra Hərrac Mərkəzi hər iki hərracda əmlak satılmadığına görə ipoteka saxlayan ləğv prosesində olan "xxxx" ASC-yə və ipoteka qoyan İddiaçı xx.xx.2019-cu il tarixli bildiriş göndərərək, “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25% az olmayan qiymətlə 38250 manata almağı təklif etmişdir. Mənzilinin satılması ilə bağlı mövcud qanunvericiliyə uyğun olaraq keçirilmiş hərraclar baş tutmaması, müvafiq olaraq təkrar hərracın baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin 06-xx xxxxxx 2019-cu il tarixli 196 nömrəli buraxılışında elan dərc edilmişdir. İddiaçı bildirir ki, ipoteka ilə yüklü edilmiş, mübahisəli mənzilin qiymətləndirilməsinə dair ekspertiza keçirilmədiyindən həmin mənzilin ipoteka müqaviləsində qeyd edilmiş ilkin satış qiyməti ilə “xxxx” MMC hərrac mərkəzində açıq hərracda satışa çıxarılması qanunvericiliyin tələblərinə ziddir. Həmin məhkəmə proseslərinin heç birində (nə birinci instansiyada, nə də apellyasiya instansiyasında) ipoteka ilə yüklü edilmiş həmin mənzilin ilkin satış qiymətinin və hazırki bazar dəyərinin müəyyən edilməsinə dair qanunvericiliyin tələbinə müvafiq olaraq ekspertiza keçirilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Mülki Məcəllənin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 416.2-ci maddəsində isə təsbit olunmuşdur ki, hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Kollegiya qeyd edir ki, iddiaçı tərəfindən Mülki Məcəllənin 415-ci maddəsində göstərilən qaydaların pozulmasına deyil, hərraca çıxarılmış əmlakın aşağı məbləğdə qiymətləndirilməsinə istinad olunmuşdur. Hərracın keçirilməsinə dair xüsusi qaydalar müəyyən olunsa da, mahiyyət etibarı ilə hərrac müqavilənin bağlanması üçün keçirilir (Mülki Məcəllənin 414-cü maddəsi). Mülki Məcəllənin 398 və 597-ci maddələrinin birgə dəyərləndirilməsindən isə müəyyən olunur ki, müqavilənin qiyməti ya tərəflərin razılaşması, ya da oxşar əmlakın bazar qiymətinə uyğun olmalıdır. Bu baxımdan kollegiya hesab edir ki, Mülki Məcəllənin 416.1-ci maddəsi geniş mənada təfsir olunaraq bu əsasla hərracın mübahisələndirilməsi mümkündür. Lakin hazırki işdə iddianın təmin edilməsi üçün əsaslar mövcud deyil. Belə ki, ipoteka predmetinin ilkin satış qiyməti Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli qətnaməsi ilə 60000 manat məbləğində müəyyən olunmuşdur. İddiaçının dəlilləri nəzərə alınaraq hazırki apelyasiya baxışı zamanı iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və «xxxx» MMC tərəfindən verilmiş xx xxxx 2021-ci il tarixli Ç-085 saylı qiymətləndirmə hesabatında qeyd olunmuşdur ki, ünvan 1 ünvanında yerləşən 25 nömrəli mənzilin bazar qiyməti 75000 manat, likvid qiyməti 68000 manat təşkil edir. Göründüyü kimi ekspert rəyi ilə müəyyən olunan likvid qiymət ilə hərracda ilkin satış qiyməti arasında əhəmiyyətli fərq yoxdur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının xx xxxx 2020-ci il tarixli 01 saylı qərardadına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Bu baxımdan kollegiya hesab edir ki, hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün əsaslar mövcud deyildir. Ona görə də kollegiya hesab edir ki, iddia tələbləri rədd edilməlidir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-352/2020 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar