Məhkəmə qərarları › İş №2(103)-399/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-399/2024

20.02.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-399/2024 20.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və ünvan 1 qarşı vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi, mirasın qəbul edilməsi və miras əmlakın bərabər paylara bölünməsi tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (açar sözlər: vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi, mirasın qəbul edilməsi və miras əmlakın bərabər paylara bölünməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X8 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi, iddiaçıların nümayəndəsi Vəkil2, Cavabdeh2 nümayəndəsi Nümayəndə1, cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və ünvan 1 qarşı vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi, mirasın qəbul edilməsi və miras əmlakın bərabər paylara bölünməsi tələbinə dair iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 iyun 2023-ci il tarixli, 2(008)-2448/2023 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Ə.Məhəmmədov küçəsi, ev 5, 60 saylı mənzil X3 mülkiyyətində olmuşdur.

2. X6 01 mart 2022-ci il tarixdə tarixdə vəfat etmişdir.

3. Cavabdeh1 tərəfindən ünvan 1 ünvanlanmış ərizədə onun özündən başqa digər vərəsələr İddiaçı1, İddiaçı2, İddiaçı3, Cavabdeh2 olması qeyd edilmişdir.

4. 02 sentyabr 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 01 mart 2022-ci il tarixdə tarixdə vəfat etmiş X1 miras qalmış Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Ə.Məhəmmədov küçəsi, ev 5, 60 saylı mənzil üzərində vərəsələri Cavabdeh1 və Cavabdeh2 hər birinə 1\2 hissə pay hüququ tanınmşdır.

5. Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Ə.Məhəmmədov küçəsi, ev 5, 60 saylı mənzil ½ hissəsi Cavabdeh1 adına 05 sentyabr 2022-ci il tarixdə, ½ hisəssi Cavabdeh2 adına 02 sentyabr 2022-ci il tarixdə rəsmiləşdirilmişdir.

Birinci instansiya məhkəməsində icraat

6. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhəri 14 saylı notariat ofisinin xüsusi notariusu X7 tərəfindən Cavabdeh2 və Cavabdeh1 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrinin və həmin şəhadətnamə əsasında Bakı şəhəri ünvan 2 ünvanının ½ hissəsinə dair 02 sentyabr 2022-ci il tarixdə Cavabdeh2 və 05 sentyabr 2022-ci il tarixində ½ hissədə Cavabdeh1 adına verilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın ləğv edilməsi, miras əmlakın İddiaçı1, Cavabdeh1, Cavabdeh2 Sahin qızı, İddiaçı2, İddiaçı3 tərəfindən qəbul edilməsi, bərabər paylarla qanun vərəsəlik hüququnun tanınması, bərabər paylara bölünməsi, vərəsəlik hüququ üzrə mülkiyyətlərinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil vəfat etmiş X4 məxsus olmuşdur. Mübahisəli mənzil qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrinə əsasən ½ hissədə Cavabdeh2 və ½ hissədə Cavabdeh1 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış verilmişdir. Mübhaisəli mənzilin faktiki olaraq qəbul edilməsinə baxmayaraq notarius tərəfindən mübahisəli mənzilin İddiaçı1, Cavabdeh1, Cavabdeh2 Sahin qızının, İddiaçı2, İddiaçı3 miras əmlakın qəbul edilməsi bərabər paylarla qanun vərəsəlik hüququnun tanınması və bərabər paylara bölünməli idi, vərəsəlik hüququ üzrə mülkiyyətə verilməli idi. Bu səbəbdən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr və həmin şəhadətnamələr əsasında göstərilən mənzilin 1/2 hissəsinə dair Cavabdeh2 Sahin qızının və 1/2 hissəsinə dair Cavabdeh1 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilməlidir. Vərəsələr İddiaçı1, Cavabdeh1, Cavabdeh2 Sahin qızının, İddiaçı2, İddiaçı3 miras əmlakda yaşamışlar, bacılarının vəfatından sonra miras qalmış həmin evdə yaşamışlar, miras əmlakı faktiki qəbul edib idarə etmişlər və mirasa vərəsədirlər.

8. Cavabdeh2 etirazı onunla əsaslandırılmışdır ki, vərəsələr İddiaçı1, Cavabdeh1, Cavabdeh2, İddiaçı2, İddiaçı3 miras əmlakda yaşamışlar, bacılarının vəfatından sonra miras qalmış həmin evdə yaşamışlar, miras əmlakı faktiki olaraq qəbul edib idarə etmişlər və mirasa vərəsədirlər. İddiaçılar miras əmlak olan mənzili faktiki olaraq qəbul edib idarə etməmişlər. Onların gətirdiyi dəlillər heç bir sübutu olmayan şəxsi mülahizələridir. Mərhum bacıları X6 vəfat edənədək həmin mənzildə tək yaşamış, nə onunla birgə nə də ki, onun vəfatından sonra qardaş və bacıları həmin mənzildə yaşamamışlar. Yalnız Cavabdeh2 sağlığında ona ara sıra baş çəkmişdir. X13 yoldaşından boşanmış və birgə nikah dövründə onların övladları olmamışdır. Onun vəfatından sonra mənzilin açarı qanun üzrə vərəsələrdən biri, həmçinin notariat ofisinə müraciət etməklə vərəsəliyi qəbul etmiş Cavabdeh1 olmuşdur. İddiaçılar isə mirasın qəbulu üçün heç bir cəhd göstərməmiş, nə də ki, mirası faktiki idarə etməmiş, orada yaşamamış və bununla da onlar mirasın qəbulu üçün qanunverciliklə nəzərdə tutulmuş müddəti buraxmışlar. Mirası qəbul etmək hüququ ya bilavasitə iradə ifadəsi, məsələn notariat orqanına mirasın qəbulu barədə ərizə verməsi ilə, ya da ki, müəyyən hərəkətlər vasitəsi ilə edilə bilər. Həmin hərəkətlərin məzmunundan vərəsənin əmlaka sahiblik etməsi və ya əmlakı idarə etməyə faktik başlaması və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməsi bəlli olmalıdır. Bu hallar, adətən mirası qoyanın sağlığında onun vərəsə ilə birgə sahiblik və istifadə etdiyi əşyalarla əlaqədar yaranır. Vərəsə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda vərəsənin əmlaka sahibliyə və onu idarə etməyə başlaması faktiki olmalı və heç bir şübhə yaratmamalıdır. Əmlaka sahiblik etməyə və onu idarə etməyə faktiki başlamağa sübut kimi məsələn: vərəsənin miras qoyanla birgə yaşaması haqqında mənzil istismar sahəsinin arayışı, əmlak üçün vergilərin, kommunal xidmətlər üçün haqların vərəsəlik açıldıqdan sonra vərəsə tərəfindən ödənilməsinə dair aidiyyəti qurumlar tərəfindən verilmiş arayışlar və ya bu ödənişlər barədə qəbzlər və digər ödəmə sənədləri ola bilər. Göstərilən hallardan biri mövcud olarsa, vərəsə mirası qəbul etmiş sayılır. Eyni zamanda, vərəsə mirasın yalnız bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab olunur ki, o, mirası tamamilə qəbul etmişdir. Bu halda mirasın nədə ifadə edilməsinin və harada olmasının əhəmiyyəti yoxdur. İş materiallarından da görünür ki, iddiaçılar miras əmlaka nə sahiblik etməyə nə də ki, əmlakı idarə etməyə faktik başlamamış, eyni zamanda notariat ofisinə mirasın qəbulu ilə bağlı müraciət etməmişlər.

9. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 iyun 2023-ci il tarixli, 2(008)- 2448/2023 nömrəli qətnaməsi ilə iddia rədd olunmuşdur.

10. Qətnamənin əsaslarına görə, iddiaçılar mirasın açıldığı vaxtdan mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməmişlər. Həmçinin onlar həmin əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqlarını bildirsələr də, buna dair məhkəməyə mənzil istismar sahəsinin arayışı, əmlak üçün vergilərin, kommunal xidmətlər üçün haqların və sair kimi ödənişlər formasında heç bir sübut təqdim etməmişlər. Məhkəmədə dindirilməsini xahiş etdikləri şahid isə ifadəsində bildirmişdir ki, nə İddiaçı1, İddiaçı2, İddiaçı3 mübahisəli ünvanda yaşamayıblar. Məhkəmə iddiaçıların əmlaka faktiki istifadə etmələri barədə dəlilini inandırıcı hesab etmir. Belə ki, iddiaçılardan İddiaçı1 izahat verərkən əvvəlcə miras-əmlakda, mal mülkdə gözünün olmadığını bildirmiş, sonra qanunu bilməməsinə istinad etmiş, daha sonra isə mirasın Cavabdeh1 adına rəsmiləşdirilməsinə özlərinin razlığı olduğunu bildirərək məhkəmə araşdırmasını qəlizləşdirmişdir. Miras əmlak iddiaçılar tərəfindən faktiki istifadə olunmamışdırsa, onların 6 ay müddətində notariusa müraciət etməmələri mirasdan imtina etmələrinə dəlalət edirdi.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19, 1243.2, 1246, 1248.1, 1159.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

12. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

13. Apellyasiya şikayətinin dəlillərinə görə, mirasın vərəsə tərəfindən qəbul edilməsi üçün 2 əsas şərtdən biri mövcud olmalıdır. Bunlardan birincisi, vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbuletdiyi barədə ərizə ilə müraciət etməsi, ikincisiisəəmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlaması və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməsidir. Hazırki işdə, iddiaçılar tərəfindən miras əmlakın faktiki olaraq qəbul edilməsişəksiz olaraq nümayiş etdirilmiş, bunu təsdiq edən sübutlar məhkəməyə təqdimedilmişdir. Belə ki, X3 vəfatından sonra mübahisələndirilən mənzilin açarı İddiaçı2 olmuş, nümayəndəsi Nümayəndə2 tərəfindən məhkəmə iclasında həmin mənzilin açarı məhkəməyə təqdim edilmişdir. Digər İddiaçı3 nümayəndəsi X5 MKİS-dən əldə etdiyi arayışı, kommunal xərclərin ödənilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Bayramova Nailə ifadəsində bildirib ki, İddiaçı1 mərhumun ölümündən sonra həmin ünvanda dəfələrlə görüb. Qeyd edilənlərlə yanaşı,Cavabdeh1 izahatında hazırki bölgünü ədalətsiz hesab etmiş, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bu sübutlar artıq göstərir ki, iddiaçılar əmlaka sahiblik etmiş, onu faktiki olaraq idarə etmiş və nəticədə, MM-nin 1243.2-ci maddəsinə müvafiq olaraq, mirası qəbul etmişdir. Beləliklə, miras əmlakın hansı üsulla qəbul edilməsindən və vərəsəlik şəhadətnaməsinin olubolmamasından asılı olmayaraq vərəsə tərəfindən miras əmlakın saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin bariz şəkildə nümayiş etdirilməsi onun miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. Əks yanaşma, yəni vərəsə sayılan şəxslərin qeyri-formal üsulla mirası qəbul etməsinə baxmayaraq məhkəmələr tərəfindən formal mülahizələrə əsasən (vərəsəlik şəhadətnaməsinin olmaması, vərəsənin mirasa ehtiyacının olmaması vəs.) bu faktın inkar edilməsivərəsəlik hüququnun mahiyyətinəzidd olmaqla, həmin şəxslərin məhkəmə müdafiəsi, o cümlədən subyektiv hüququn “olmaması” səbəbi ilə iddia ərizəsinin rədd edilməsi ədalətli məhkəmə araşdırması hüquqlarının, bu isə öz növbəsində mülkiyyət hüququnun və qanunla qorunan maraqların əhəmiyyətli dərəcədə pozulmasına səbəb olar. Mövcud işdə iddiaçıların kommunal xərclərini ödəməklə və evin açarına sahib olmaqla, özündə saxlamaqla, mirasın qəbulunu bariz şəkildə nümayiş etdirmələrini məhkəmə nəzərə almamış, bununla da, iddiaçıların vərəsə kimi qanunla təsbit olunmuş hüquqlarının kobud şəkildə pozulmasına səbəb olmuşdur. 14 saylı notariat ofisi Cavabdeh1 və Cavabdeh2 vərəsəlik haqqında şəhadətnamə verməzdən öncə, onlara bu şəhadətnamə almaq hüququnu verən halları təsdiq edən sübutları tələb edərək yoxlamalı idi. Amma 14 saylı notariat ofisinin xüsusi notariusu X7 bu vəzifəsini lazımi qaydada yerinə yetirməmişdir, çünki əgər yerinə yetirsə idi və müraciət edilən vərəsəlik məsələsi ilə bağlısübutları lazımi dərəcədə təhlil etsə idi, daha doğrusu Cavabdeh1 tərəfindən notariat ofisinə təqdim edilmiş 30 aprel 2022-cü iltarixli ərizədə digər vərəsələrin – hazırkı iş üzrə iddiaçıların və digər cavabdehin adlarının yazılmasına “diqqət etsə” idi, miras əmlakı üzrə vərəsələrin sayının iki nəfər deyil, beş nəfər olduğundan xəbərdar olar və buna uyğun davranardı. Lakin iş üzrə digər Cavabdeh2 tərəfindən notariat ofisinə təqdimetdiyi 13 may 2022-ci il tarixli ərizədə digər vərəsə kimi yalnız Cavabdeh1 qeyd etmişdir. Cavabdeh2 notariusa qeyd edilən ərizə ilə müraciət edəndə artıq Cavabdeh1 ərizəsi notariusa təqdim edilmişdi. Notarius isə yalnız Cavabdeh2 ərizəsini əsas götürərək, vərəsələrin sayının “2 nəfər olduğu” qənaətinə gəlmiş, nədənsə Cavabdeh1 ərizəsində qeyd edilən vərəsələri-hazırkı iş üzrə iddiaçıları nəzərə almamışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə etiraz onunla əsaslandırılmışdır ki, məhkəmə prosesi gedişində iddiaçılar verdikləri izahatlarında bildirmişdilər ki, onlar mərhumənin ölümündən sonra ondan miras qalmış əmlak olan mübahisəli mənzilin qardaşları Cavabdeh1 tərəfindən qəbul edilməsi və onun adına rəsmiləşdirilməsi, sonra həmin mənzilin satılaraq aralarında dəyərinin bölüşdürülməsi barədə razılığa gəlmişlər. Həmçinin bildirmişlər ki, miras əmlak olan mənzili faktiki olaraq qəbul etmişlər. Miras əmlakın faktiki olaraq tərəflərindən qəbul edilməsilə bağlı hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişlər. Məhkəmə iclasında şahid qismində dəvət etdikləri Bayramova Nailə ifadəsində bildirmilşdir ki, mərhumə ilə uzun müddətdir qonşu olmuş və Dilarə xəstə olan zaman ona özü və qardaşı oğlu baxırdı. Dilarənin qardaşı Mütəllimin tez-tez gəldiyini, ölümündən sonra isə mənzildə heç kimin yaşamadığını və sonradan mənzilin açarının dəyişdirildiyini bildirmişdir. İddiaçılar miras əmlak olan mənzili faktiki olaraq qəbul edib idarə etməmişlər. Onların gətirdiyi dəlillər heç bir sübutu olmayan şəxsi mülahizələridir. Mərhum bacıları X6 vəfat edənədək həmin mənzildə tək yaşamış, nə onunla birgə nə də ki, onun vəfatından sonra qardaş və bacıları həmin mənzildə yaşamamışlar. Yalnız Cavabdeh2 sağlığında ona ara sıra baş çəkmişdir. X13 yoldaşından boşanmış və birgə nikah dövründə onların övladları olmamışdır. Onun vəfatından sonra mənzilin açarı qanun üzrə vərəsələrdən biri, həmçinin notariat ofisinə müraciət etməklə vərəsəliyi qəbul etmiş Cavabdeh1 olmuşdur. İddiaçılar isə mirasın qəbulu üçün heç bir cəhd göstərməmiş, nə də ki, mirası faktiki idarə etməmiş, orada yaşamamış və bununla da onlar mirasın qəbulu üçün qanunverciliklə nəzərdə tutulmuş müddəti buraxmışlar. Vərəsə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda vərəsənin əmlaka sahibliyə və onu idarə etməyə başlaması faktiki olmalı və heç bir şübhə yaratmamalıdır. Əmlaka sahiblik etməyə və onu idarə etməyə faktiki başlamağa sübut kimi məsələn: vərəsənin miras qoyanla birgə yaşaması haqqında mənzil-istismar sahəsinin arayışı, əmlak üçün vergilərin, kommunal xidmətlər üçün haqların vərəsəlik açıldıqdan sonra vərəsə tərəfindən ödənilməsinə dair aidiyyəti qurumlar tərəfindən verilmiş arayışlar və ya bu ödənişlər barədə qəbzlər və digər ödəmə sənədləri ola bilər. Göstərilən hallardan biri mövcud olarsa, vərəsə mirası qəbul etmiş sayılır. Eyni zamanda, vərəsə mirasın yalnız bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab olunur ki, o, mirası tamamilə qəbul etmişdir. Bu halda mirasın nədə ifadə edilməsinin və harada olmasının əhəmiyyəti yoxdur. İş materiallarından da görünür ki, iddiaçılar miras əmlaka nə sahiblik etməyə nə də ki, əmlakı idarə etməyə faktik başlamamış, eyni zamanda notariat ofisinə mirasın qəbulu ilə bağlı müraciət etməmişlər. Bu səbəbdən də həm qanunun tələbi baxımından, həm də müvafiq işlər üzrə məhkəmə təcrübəsinə əsaslanaraq hesab edirəm ki, miras əmlak yalnız cavabdehlər tərəfindən qəbul edildiyindən iddiaçıların tələbləri təmin edilməməli, onların miras əmlak üzərində vərəsəlik hüquqları müəyyən edilməməlidir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. İddiaçının nümayəndəsi və iddiaçıların vəkili Vəkil2 apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etdi.

16. Cavabdeh2 nümayəndəsi Vəkil1 şikayətin təmin olunmamasını məhkəmədən xahiş etdi.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır; Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər; Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır; Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır; Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir; Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar; Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir; Maddə 1248.1. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər;

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, və 1273-1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 26 dekabr 2023-ci il tarixli Qərarı: Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

20. Apellyasiya şikayəti ilə qətnamənin ləğvi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməlidir.

22. Birinci instansiya məhkəməsi işin faktiki hallarına maddi hüquq normalarının tətbiq olunmasında yanlışlığa yol vermişdir ki, bu da mübahisələndirilən qətnamənin ləğvi üçün əsaslar yaratmışdır.

23. Belə ki, kollegiya ilk növbədə cavabdehin iddiaçı tərəfindən qanunvericiliklə müəyyən edilən müddət ərzində vərəsəliyi qəbul etməməsi barədə dəlillərinə, o cümlədən bu mövqe ilə razılaşan birinci instansiya məhkəməsinin qətnaməsinə münasibətdə aşağıdakıları qeyd edir.

24. Məlum olduğu kimi hazırki işə baxılan zaman Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2, 1246 və 1273-1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” sorğu ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciət olunmuş və bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarı dərc olunmuşdur.

25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, və 1273-1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 26 dekabr 2023-ci il tarixli Qərarı qəbul olunan zaman hazırki mübahisə məhkəmənin icraatında olduğundan bu mübahisəyə tətbiq edilir və həmin qərarda gəlinən nəticə ondan ibarətdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilir. Yəni, vərəsə miras payından imtina etmədiyi halda, mirası faktiki qəbul edib – etməməsindən və ya notariat kontoruna ərizə verib – verməməsindən asılı olmayaraq vərəsə hesab olunur.

26. Konstitusiya Məhkəməsi həmin Qərarında hesab etmişdir ki, vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz.

27. Məhkəmə kollegiyası hesab edir ki, Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” qeyd olunan Qərarı ilə birinci instansiya məhkəməsinin hazırki işdə tətbiq etdiyi mirasın qəbulu müddətləri ilə bağlı Mülki Məcəllənin 1246-cı maddəsi qüvvədən düşmüş hesab edildiyindən və həmin qərar məhkəmələrin icraatında olan mübahisələrə şamil olunduğundan, iş materialları iddiaçıların Azərbaycan Respublikası Konstitusiyasının 29cu maddəsinin Vİİ hissəsinə, Mülki Məcəllənin 1159-cu maddəsinə uyğun olaraq vərəsəlik hüququnun mövcudluğu, mövcud olduğu halda, miras əmlakda payının müəyyən edilməsi və digər tələbləri baxımından araşdırılmalı və buna uyğun qanuni qərar qəbul edilməlidir.

28. İşin halları ilə müəyyən olunur ki, miras qoyanın ümumilikdə 5 vərəsəsi mövcuddur: İddiaçı1, İddiaçı2, İddiaçı3, Cavabdeh1, Cavabdeh2. Artıq Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri qüvvədən düşdüyündən bu şəxslərin hər biri bərabə pay hüquqlu vərəsələr hesab olunur. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, vərəsəlik şəhadətnamələri və həmin şəhadətnamələr əsasında verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışlar ləğv edilməli, miras əmlak üzərində tərəflərin bərabər paylarla qanun vərəsəlik hüquqları tanınmalıdır.

29. İddianın miras əmlakın vərəsələrin mülkiyyətlərinə verilməsi hissəsini isə məhkəmə kollegiyası əsassız hesab edir. Belə ki, mülki qanunvericiliyin tələblərinə əsasən miras açıldığı gündən vərəsənin mülkiyyəti hesab olunur və tərəflərə bərabər paylarla qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verildikdən sonra həmin şəhadətnamələr miras əmlak üzərində onların mülkiyyət hüquqlarının qeydə alınması üçün əsas hesab olunur. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddia həmin hissədə təmin edilə bilməz.

30. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 iyun 2023-ci il tarixli, 2(008)- 2448/2023 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 iyun 2023-ci il tarixli, 2(008)- 2448/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı1, İddiaçı2, İddiaçı3 Cavabdeh1, Cavabdeh2 və ünvan 1 qarşı vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi, mirasın qəbul edilməsi və miras əmlakın bərabər paylara bölünməsi tələbinə dair iddiası qismən təmin edilsin. Bakı şəhəri, 14 saylı Notariat ofisi tərəfindən Cavabdeh2 və Cavabdeh1 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr və həmin şəhadətnamələr əsasında Bakı şəhəri, ünvan 2 ünvanının ½ hissəsinə dair 02 sentyabr 2022-ci il tarixdə Cavabdeh2 və 05 sentyabr 2022-ci il tarixində ½ hissədə Cavabdeh1 adına verilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışlar ləğv edilsin. Bakı şəhəri ünvan 2 üzərində İddiaçı1, Cavabdeh1, Cavabdeh2 Sahin qızının, İddiaçı2, İddiaçı3 bərabər paylarla qanun üzrə vərəsəlik hüquqları tanınsın. İddia qalan hissədə rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Fərrux Qasimov

Fuad Abdıyev

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar