Məhkəmə qərarları › İş №2(103)-3993/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3993/2025

21.07.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3993/2025 21.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı işi üzrə Açar sözlər: (“borcun silinməsi”) hakimlər X2, İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçı və onun vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-542/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı

1. İddiaçı ünvan 1 ünvanına (Abonent kodu **********00010) ’’Azəriqaz” İstehsalat Birliyi tərəfindən qanunsuz hesablamış 10098 manat 60 qəpik məbləğində borcun silinməsi barədə iddia ərizəsi (dəqiqləşdirmə - iş səh.112) ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Zirə qəsəbəsi, Maqomayev küçəsi, ev 4 ünvan üzrə “Azəriqaz" İstehsalat Birliyinin **********00010 saylı kodu ilə abonent kimi xx.xx.2005-ci il tarixdə vəfat edən qardaşı X5 qeydə alınıb. Lakın həmin evdə o ailəsi ilə yaşamaqda davam edir. “Azəriqaz" İstehsalat Birliyi tərəfindən ona bildirildi ki, onun borcu var. Borc 10098 manat 60 qəpik məbləğindədir. Borcu araşdırdıqda müəyyən etdi ki, “Azəriqaz" İstehsalat Birliyinin işçiləri tərəfindən ünvanında təbii qazın uçotu və təbii qazın istifadə qaydalarına riayət olunması yoxlanıldı və təbii qazın istifadə qaydalarının pozulması haqqında aktlar tərtib olundu. Həmin aktda baxış keçirilən zaman aşkar olunmuş nöqsan kimi göstərilib ki, "mənzildə sayğacdan kənar təbii qazdan istifadə olunur". Cavabdeh tərəfindən 2019-cu ilin sentyabr ayından başlayaraq 12 dəfə ona məxsus həyətdə yerləşən sayğacdan kənar xətt aşkar olunduğu barədə aktlar tərtib olunmuşdur: xx.xx.2019-cu il tarixdə ******* №- li, xx.xx.2019-cu il tarixdə ******* №-li, xx.xx.2019-cu il tarixdə ******* №-li, xx.xx.2019-cu il tarixdə ******* №-li,xx.xx.2019cu il tarixdə ******* №-li, xx.xx.2020-ci il tarixdə ******* №-li, xx.xx.2020-ci il tarixdə ******* №-li, xx.xx.2020-ci il tarixdə ******* №-li, xx.xx.2022-ci il tarixdə ******* №-li, xx.xx.2023-cü il tarixdə ******* №-li, xx.xx.2024-cü il tarixdə ******* №-li və xx.xx.2024-cü il tarixdə ******* №-li. Hər dəfə də aktlara əsasən görüləcək tətbir kimi qeyd olunur ki, sayğacdan kənar qeyri-qanuni qaz xətti ləğv edilsin. İndi sual olunur: O nə dərəcədə vicdansız və ağılsız adam olmalıdır ki, kənar xəttə aşkar olunduqdan sonra sayğacdan kənar qazdan istifadə etməkdə davam etmişdir. Axı aktlara əsasən kənar xətt ləğv olunur, o, isə yenidən əsas qaz xəttinə sayğacdan kənar qoşularaq qazı oğurlamaqda davam edir. Bu hansı məntiqə uyğundur. Bu dərəcədə de saxtakarlıq olmaz. Aktlara qaz borusuna müdaxilə yerinin fotoşəkili əlavə olunub. Hər 12 akta əlavə olunun şəkillər eynidir, lakın heç bir fotoşəkildə ana qaz xəttinə qoşulduğu yer əks olunmayıb: daş hasarını çəkiblər və orada olan ağaclığı. Ağaclıq yeri də ona məxsus evə heç bir aidiyyəti yoxdur. Bu tamam ona bəlli olmayan bir yerin fotoşəkilidir. 2 aktdan savayı qalan fotoşəkillərdə çəkildiyi tarix əsk olunmayıb, həmin şəkillər bir dəfə çəkilib və sonradan qalan aktlara kserosurətləri əlavə olunub. İndi tarix olan fotoşəkillərə nəzər salınsa, xx.xx.2024-cü il tarixli akta əlavə olunmuş fotoşəkil 16 fevral 2024-cü il tarixdə çəkilib, xx.xx.2024-cü il tarixli akta əlavə olunmuş fotoşəkil isə 21 may 2024-cü il tarixdə çəkilib. Sual yaranır: niyə nöqsan aşkar olunduğu gün akt tərtib olunmur, ancaq 10-13 gün keçəndən sonra? Butun aktlar rəhmətə getmiş qardaşı X1 iştirakı ilə tərtib olunub və güya rəhmətlik akta imza etməkdən imtina edib, imtina etsə də, aktin bir nüsxəsi ona təqdim olunub. Belə çıxır ki,xx.xx.2005-ci il tarixdə vəfat etmiş qardaşı X5 “Azəriqaz" İstehsalat Birliyinin işçiləri ilə bir yerdə olub, onun isə bundan xəbəri olmayıb. “Azəriqaz" İstehsalat Birliyinin işçiləri tərəfindən saxtakarlığa yol verərək qanunsuz onun üzərinə cərimə yazıblar. Bu absurd bir haldır. “Azəriqaz" İstehsalat Birliyinin işçilərinin qanunsuz hərəkətləri nəticəsində o ziyan çəkir. Hesab edir ki, üzərinə qoyulmuş borc əsassızdır.

2. Birinci instansiya məhkəməsində icraat zamanı sübut qismində təqdim edilən: - Abonentin saldosundan və “Gasrep” proqramı çıxarışından görünür ki, verilən qaz xətti üzrə **********00010 sayla qeydiyyata alınmış abonent koduna 2019-2024-cü illərdə aktlar üzrə ümumilikdə cəmi 10004,0 manat zərər hesablanmışdır; - Təbii X4 pozulması haqqında aktların surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə ******* saylı, xx.xx.2019-cu il tarixdə ******* saylı, xx.xx.2019-cu il tarixdə 0247682saylı, xx.xx.2019-cu il tarixdə ******* saylı, xx.xx.2019-cu il tarixdə ******* saylı, xx.xx.2020-ci il tarixdə ******* saylı, xx.xx.2020- ci il tarixdə ******* saylı, xx.xx.2020-ci il tarixdə ******* saylı, xx.xx.2022- ci il tarixdə ******* saylı, xx.xx.2023-cü il tarixdə ******* saylı, xx.xx.2024-cü il tarixdə ******* saylı və xx.xx.2024-cü il tarixdə ******* saylı akt əsasında sayğaca müdaxilə faktına görə borc hesablanmışdır; Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2005-ci il tarixdə ölmüşdür; - xx.xx.2024-cü il tarixli 937 saylı arayışdan görünür ki, İddiaçı ondan ötrü ki, o, həqiqətən ünvan 2 ünvanında qeydiyyatlı yaşayır; - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş RX seriyalı ******* saylı çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 2 X3 mülkiyyətindədir. Doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, atası X5, anası X8 olan X6 doğulmuşdur; - Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji məsələlərinin tənzimlənmə agentliyi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli mütəxəssis rəyinin surətindən görünür ki, 1.İddiaçı məxsus olan Bakı şəhəri, Zire qəsəbəsi, Maqomayev küçəsi, ev 4, mənzil 1 (Abonenet kodu **********00010) ünvanına gələn qaz borusunun, qaz sayğacına qədər olan hissəsı üzərində hər hansı bir iz(lər) (qaynaq yeri, deşik, kəsik, qanunsuz qoşulmaya xarakterik digər izlər və s.) aşkar edilməmişdir. Bakı şəhəri, Zirə qəsəbəsi, Maqomqyev küçəsi, ev 4, mənzil 1 (Abonenet kodu **********00010) ünvanı üzrə 2019-cu ilin iyul ayı üzrə və 2019-cu ilin sentyabr ayından 2020-ci ilin mart ayına kimi istehlak olunan təbii qaza görə ödəniş edilməmişdir. 2019- 2020-ci il tarixləri aralarında istehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş Zərərin hesablanması məsələləri həmin dövr qüvvədə olan qanunvericilikdə tənzimlənmirdi.

3. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-542/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh tərəfindən ünvan 3 ünvanına (abonent kodu **********00010) hesablanmış 10000,04 manat məbləğində borcun silinməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, Cavabdehndən 120 manat dövlət rüsumunun alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamədə «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 6-2, 11.6, 13.8, 13.8-1; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 88, 107, 119.2; Mülki Məcəlləsinin 21, 448.2; Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 1.3, 1.4, 2.5, 2.12, 3.4, 6.5, 6.6, 6.7-ci maddələrinə; "Elektrik enerjisindən istifadə Qaydalarının 8.15, 8.35-ci bəndlərinə istinadən qeyd edilmişdir ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, istehlakçı ilə qurum arasında "qaz paylayıcısı ilə sənayə qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmış, həmin müqaviləyə əsasən, iddiaçı cavabdehi təbii qazla təmin etmək, cavabdeh isə iddiaçı tərəfindən ona ötürülən təbii qazın dəyərini ödəməyi öhdəsinə götürmüşlər. Həmin müqavilə bağlandıqdan sonra iddiaçı təşkilatın əməkdaşları tərəfindən cavabdehin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi aşkar edilmiş, bununla bağlı aktlar tərtib edilmiş, iddiaçının yaşadığı ünvana akt əsasında borc hesablanmışdır. Hazırda iddiaçı iddia tələbinin təmin olunmaqla ona hesablanmış 10098,0 manat məbləğində borcun silinməsini tələb edir. Məhkəmə qeyd edir ki, cavabdeh qanunvericiliyə uyğun olaraq iddiaçıya müayinə keçirilməsi ilə bağlı rəsmi bildiriş təqdim etməmiş, cavabdeh tərəfindən tərtib edilmiş akt iddiaçı tərəfindən imzalanmamış, həmin akt cavabdeh təşkilatın əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmiş, qeyd olunan pozuntu video lentə alınmamışdır. Bundan əlavə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində təbii qaz şəbəkəsinə qoşulmaqla ondan istifadə edilməsi vurulmuş ziyanın məbləğindən asılı olaraq inzibati və cinayət məsuliyyəti yaradır. Belə olan halda uzun müddət ərzində dəfələrlə qanunsuz qoşulma faktı olduğu halda cavabdehin bu fakt barədə hüquq mühafizə orqanlarına məlumat vermədən davamlı olaraq yeni aktlar tərtib etməsi həmin aktların mötəbərliyi barədə şübhə doğurur. Məhkəmə həmçinin qeyd edir ki, yuxarıda göstərilən qaydalara uyğun olaraq tərtib edilmiş aktların bir nüsxələrinin cavabdeh tərəfindən iddiaçıya təqdim edilməsi, habelə ondan vurulmuş zərərin tələb edilməsi barədə sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə 2019-2020-ci illər ərzində aktlar əsasında iddiaçıya hesablanmış ziyanın silinməsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji məsələlərinin tənzimlənmə agentliyi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli mütəxəssis rəyinə əsasən İddiaçı məxsus olan Bakı şəhəri,Zirə qəsəbəsi, Maqomayev küçəsi, ev 4, mənzil 1 (Abonenet kodu İ**********0010) ünvanına gələn qaz borusunun, qaz sayğacına qədər olan hissəsı üzərində hər hansı bir iz(lər) (qaynaq yeri, deşik, kəsik, qanunsuz qoşulmaya xarakterik digər izlər və s.) aşkar edilməmişdir. ünvan 4 (Abonenet kodu **********00010) ünvanı üzrə 2019-cu ilin iyul ayı üzrə və 2019-cu ilin sentyabr ayından 2020-ci ilin mart ayına kimi istehlak olunan təbii qaza görə ödəniş edilməmişdir. Bu səbəbdən də İddiaçı məxsus olan ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evində (Abonent kodu: **********00010) təbii qazdan sayğacdan kənar istifadə ilə bağlı "Azəriqaz” İB tərəfindən yazılmış, xx.xx.2019-cu il tarixdə ******* nömrəli, xx.xx.2019-cu il tarixdə ******* nömrəli, xx.xx.2019-cu il tarixdə ******* nömrəli, xx.xx.2019-cu il tarixdə ******* nömrəli, xx.xx.2019-cu il tarixdə ******* nömrəli, xx.xx.2020-ci il tarixdə ******* nömrəli, xx.xx.2020-ci il tarixdə ******* nömrəli, 16.03. 2020-ci il tarixdə ******* nömrəli aktlar üzrə hesablanmış borcun məbləğinin düzgün hesablandığını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə qurum tərəfindən iddiaçının ünvanına 2019-2020-ci ildə olan dövr üzrə iddiaçının qaz sayğacından qanunsuz istifadə etməsi ilə bağlı aktlar tərtib etsə də, məhkəmə ekspert rəyini sübut kimi qəbul edir və onunla razılaşır. Beləliklə məhkəmə hesab edir ki, təbii qazdan sayğacdan kənar istifadə ilə bağlı "Azəriqaz” İB tərəfindən yazılmış, xx.xx.2019-cu il tarixdə ******* nömrəli, xx.xx.2019-cu il tarixdə ******* nömrəli, xx.xx.2019-cu il tarixdə ******* nömrəli, xx.xx.2019-cu il tarixdə ******* nömrəli, 30.12..2019-cu il tarixdə ******* nömrəli, xx.xx.2020-ci il tarixdə ******* nömrəli, xx.xx.2020-ci il tarixdə ******* nömrəli, 16.03 2020-ci il tarixdə ******* nömrəli aktlar üzrə hesablanmış 1449,8 manat məbləğində borc silinməlidir. Məhkəmə həmçinin 2022-2024-cü il üzrə aparılmış yoxlamalar üzrə tərtib edilmiş aktlara münasibətdə qeyd edir ki, cavabdeh tərəfindən yoxlamalar aparılması barədə müvafiq bildiriş təqdim edilməyib, tərtib edilmiş aktlar iddiaçı tərəfindən imzalanmamış, həmin aktlar cavabdeh təşkilatın əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmiş, 2 nüxsədən ibarət olmalqla aktın birini iddiaçıya tədim edilməli olduğu halda təqdim edilməmişdir. Bundan əlavə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində təbii qaz şəbəkəsinə qoşulmaqla ondan istifadə edilməsi vurulmuş ziyanın məbləğindən asılı olaraq inzibati və cinayət məsuliyyəti yaradır. Belə olan halda uzun müddət ərzində dəfələrlə qanunsuz qoşulma faktı olduğu halda Azəriqaz İB tərəfindən bu fakt barədə hüquq mühafizə orqanlarına məlumat vermədən davamlı olaraq yeni aktlar tərtib etməsi həmin aktların mötəbərliyi barədə şübhə doğurur. Məhkəmə həmçinin qeyd edir ki, yuxarıda göstərilən qaydalara uyğun olaraq tərtib edilmiş aktların bir nüsxələrinin cavabdeh tərəfindən iddiaçıya təqdim edilməsi, habelə ondan vurulmuş zərərin tələb edilməsi barədə sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, zərərin hesablanmasına əsas olmuş aktlar tərtib edilərkən cavabdeh tərəfindən imzalanması barədə xüsusi qeyd edilməmiş, abonentin və ya ailə üzvlərindən hər hansı bir şəxsin iştirakı təmin edilməməklə aktın bir surəti digər tərəfə təqdim edilməmiş, formal olaraq abonentin imtina etməsi qeyd edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi 2022-2024-cü illər üzrə iddiaçıya qaz sərfinə görə (abonent kodu:**********00010 olan) hesablanmış 8551,04 manat məbləğində borc silinməli və iddia bu hissədə təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərclərinə daxil olan ödənilmiş dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddianın qiyməti 100000,0 manatadək olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 120,0 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

4. Cavabdeh apellyasiya şikayəti verərək, Xəzər Rayon Məhkəməsinin 2(003)-542/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi təmin edilmiş hissədə ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386, 1097.1; Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3; Azərbaycan Respublikası Mülki Prosessual 77, 88, 217.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən İddiaçı tərəfindən özünə sərf etdiyi tərzdə təbii qazdan sayğacdan kənar əlavə xətt vasitəsilə istifadə etməklə, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş aktlarla rəsmiləşdirilmişdir. Belə ki, abonentin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aktlar əsasında ümumilikdə 10000 manat 04 qəpik (qalıq və aktlara görə) manat ziyan hesablanmışdır. Xəzər rayon məhkəməsi mülki işi icraata götürdüyü zaman iddiaçının iddia verilməsinə yönəlik subyektiv hüququn olub olmadığını araşdırmamışdır. Belə ki, İddiaçı iddia tələbinin irəli sürülməsinə yönəlik heç bir subyektiv hüququ yoxdur. Çünki **********00010 saylı istehlakçı hesabı İddiaçı adına deyil digər şəxs, yəni X1 adına rəsmiləşdirilmişdir. Göründüyü kimi iddiaçının zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməli nəticəsində cavabdehə dəymiş maddi zərər tam həcmdə ödənilməlidir. Lakin 1-ci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. Təqdim edilmiş sayğacların saldoları, aktlar, fotoşəkillər sübut qismində araşdırılmamış, onlardan istifadə edilməmişdir. Birinci instansiya məhkəməsi həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv həllinə lazımi sərait yaratmayaraq sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra əlaqəli səkildə araşdırmamış, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş, nəticədə MPM-in 88-ci maddəsinin tələbləri pozulmuşdur. Birinci instansiya məhkəməsi həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv həllinə lazımi şərait yaratmayaraq sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra əlaqəli şəkildə araşdırmamış, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş, nəticədə MPM-in 88-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, təqdim edilmiş iş üçün mühüm əhəmiyyətə malik olan məlumatları özündə əks etdirən sayğaclar üzrə saldolar, fotoşəkillər, aktlar, nəzərə almayıb. Birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədə göstərilən dəlillər işin faktiki və həqiqi hallarına tam uyğun olmadığından,işin faktiki və həqiqi halları məhkəmə tərəfindən tam, obyektiv və hərtərəfli araşdırılmadığından məhkəmə tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədə göstərilən dəlillər işin faktiki və həqiqi hallarına tam uyğun olmadığından, işin faktiki və həqiqi halları məhkəmə tərəfindən tam, obyektiv və hərtərəfli araşdırılmadığından məhkəmə tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Həmin maddəyə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı tərəfdən qanunsuz qoşulmanı həyata keçirməməsini təsdiq edən halları sübut edən sənədlər məhkəməyə təqdim edilməmişdir. Cavabdeh olaraq iddia ərizəsinin təmin edilməməsinə dair, onun əsassız olmasına dair kifayət qədər sübutlar (aktlar, faktları təsbitləyən fotoşəkillər, saldo və s.) 1-ci instansiya məhkəməsinə təqdim edilmişdir. Bu hissədə məhkəmənin hansı faktiki halları aydınlaşdırmadığı dəqiq göstərilməli və hər birinin qarşısında bu halın məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətinin nədən ibarət olduğuna aydın şəkildə izah verilməlidir. Xəzər rayon məhkəməsi mülki işi icraata götürdüyü zaman iddiaçının iddia verilməsinə yönəlik subyektiv hüququn olub olmadığını araşdırmamışdır. Belə ki, İddiaçı iddia tələbinin irəli sürülməsinə yönəlik heç bir subyektiv hüququ yoxdur. Xəzər rayon məhkəməsi mülki işi icraata götürdüyü zaman iddiaçının iddia verilməsinə yönəlik subyektiv hüququn olub olmadığını araşdırmamışdır. Belə ki, İddiaçı iddia tələbinin irəli sürülməsinə yönəlik heç bir subyektiv hüququ yoxdur. Çünki **********00010 saylı istehlakçı hesabı İddiaçı adına deyil digər səxs, yəni X1 adına rəsmiləşdirilmişdir. Məhkəmə Kollegiyasının diqqətinə çatdırır ki, iddiaçıya aid olan abonent koduna hesablanaraq vurulmuş məbləğ iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində, yəni təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Göründüyü kimi 1-ci instansiya məhkəməsi iddia tələbini təmin etməklə səhv nəticəyə gəlmiş və bununla da mübahisələndirdiyimiz qətnamədə göstərdiyi nəticə işin hallarına uyğun olmamışdır. Apellyasiya instansiyası icraatı zamanı müəyyən edilən hallar

5. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili Vəkil cavabdeh tərəfindən ünvanın mübahisələndirilmədiyini, iddiaçının qeyd edilən ünvanda qeydiyyatda olduğunu, həmin evdən onun istifadə hüquqlarının mövcud olduğunu, vərəsə olmadığı halda cavabdehiliyi iddiaçının daşıdığını, iddiaçının həmin abonent kodu üzrə ödənişlər etdiyini, müvafiq qəbzlərin iş materiallarında mövcud olduğunu, iş üzrə mütəxəssis rəyinin alındığını qeyd etmiş və əlavə olaraq bildirmişdir ki, cavabdeh tərəfindən 12 akt tərtib olunmuşdur və cavabdeh tərəfindən vətəndaşın həmin aktları qəbul etməkdən imtina etdiyi qeyd edilsə də, həmin aktlardan müəyyən edilir ki, istehlakçı kimi mərhum Əmirov Əhlimanın adı qeyd edilmişdir, qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

6. Məlumatlandırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri

7. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi

8. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən: 6.2. Bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. 6-1.1. Qaz paylayıcısı tərəfindən müayinə və texniki xidmət məlumatları üzrə reyestr (bundan sonra – Reyestr) yaradılır. Reyestrə daxil edilmiş məlumatlar müvаfiq icrа hаkimiyyəti оrqаnının müəyyən etdiyi orqan (qurum) və istehlakçılar üçün açıq olmalıdır. Reyestrin aparılması və ondan istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. 2. Qaz paylayıcısı müayinə və texniki xidmətlə bağlı məlumatları müayinənin və ya texniki xidmətin keçirildiyi vaxtdan 5 (beş) iş günündən gec olmayaraq Reyestrə daxil etməlidir. 6-2.1. Qaz paylayıcısının işçiləri istehlakçıya 5 (beş) iş günü əvvəl sifarişli poçt göndərişi və ya istehlakçının əvvəlcədən razılığı ilə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə bildiriş təqdim etməklə (göndərməklə), bu Qanunun 6-2-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulan hallar istisna olmaqla, ildə bir dəfə (hər il noyabrın 1- dək) müayinə keçirilməsini təmin etməli, nəticəsi barədə müvafiq icra hakimiyyəti оrqаnının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi formada 2 (iki) nüsxədə müayinə aktını istehlakçının (və ya onun səlahiyyətli nümayəndəsinin, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin) iştirakı ilə tərtib etməli və aktın bir nüsxəsini istehlakçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud eyni ünvanda yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) təqdim etməlidir. Müayinə zamanı nöqsan və (və ya) pozuntular aşkar edildikdə müayinə aktında texniki xidmətin qaz paylayıcısı, ixtisaslaşmış podratçı və ya məişət abonenti olmayan istehlakçının müvafiq ixtisaslı işçi heyəti tərəfindən bir aydan çox olmayan müddətdə həyata keçirilməsi barədə istehlakçının seçimi qeyd edilməlidir.Müayinə zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş tədbirlər görülür. Qaz paylayıcısı tərəfindən müayinənin keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. 6-3.1. Qazpaylayıcı şəbəkəyə texniki xidmət qaz paylayıcısı tərəfindən həyata keçirilir. 6-3.2. Müayinə aktında istehlakçının qaz qurğularına və qaz xətlərinə texniki xidmətin qaz paylayıcısı tərəfindən həyata keçirilməsi nəzərdə tutulduqda, o, bu Qanunun 6-2-ci maddəsinin 1-ci hissəsinə əsasən müayinə aktını tərtib etdikdən sonra 2 (iki) iş günü müddətində istehlakçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) texniki xidmətin göstərilməsi ilə bağlı müqaviləni sifarişli poçt göndərişi və ya istehlakçının razılığı ilə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə təqdim etməlidir (göndərməlidir). İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin) müqavilə şərtləri ilə razı olduqda 3 (üç) iş günü müddətində müqaviləni imzalayaraq qaz paylayıcısına onun təqdim edildiyi (göndərildiyi) üsulla təqdim edir, razılaşmadıqda isə həmin müddətdə seçdiyi ixtisaslaşmış podratçı və ya məişət abonenti olmayan istehlakçının müvafiq ixtisaslı işçi heyəti barədə məlumatı bu Qanunun 6-3-cü maddəsinin 3-cü hissəsində nəzərdə tutulan qaydada qaz paylayıcısına təqdim etməlidir. Tüstü bacalarına, habelə havalandırma və havadəyişmə xətlərinə texniki xidmət bu Qanunun 6-3-cü maddəsinin 7-ci hissəsinə uyğun olaraq yaşayış evlərinə münasibətdə istehlakçının seçdiyi ixtisaslaşmış podratçı, digər tikinti obyektlərinə münasibətdə isə bu Qanunun 6-3-cü maddəsinin 6-cı hissəsinə uyğun olaraq ixtisaslaşmış podratçı və ya məişət abonenti olmayan istehlakçının müvafiq ixtisaslı işçi heyəti tərəfindən həyata keçirilir. 13.6. Qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandırır: istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; istehlakçı qaz paylayıcısının işçilərini müayinə keçirilməsi üçün onun mülkiyyətində və ya istifadəsində olan tikinti obyektinə daxil olmasına maneə törətdikdə və ya müayinənin keçirilməsinə şərait yaratmadıqda; istehlakçı qaz paylayıcısının işçiləri tərəfindən tərtib edilmiş müayinə aktında qeyd olunmuş nöqsan və (və ya) pozuntuların aradan qaldırılması üçün bu Qanunun 6-2-ci və 6-3-cü maddələrinin tələblərini yerinə yetirmədikdə; məhkəmənin qərarı ilə; dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparıldıqda, həmin əməliyyatın aparılma zonasında, dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan orqanın göstərişi əsasında. 13.7. İstehlakçıya qazın verilməsinin dayandırılması (dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması ilə əlaqədar dayandırma halı istisna olmaqla) yalnız fərdi qaydada həyata keçirilir. Qazın dəyərini vaxtında ödəməyən istehlakçıya qazın verilməsinin dayandırılması, qazın dəyərini vaxtında ödəyən digər istehlakçıların hüquqlarının pozulması ilə nəticələnməməlidir. Qaz xətlərinin qanunsuz olaraq kəsilməsi və ya istehlakçıya yazılı bildirişin göndərilməsi tələb olunan hallarda yazılı bildiriş göndərilmədən qazın verilməsinin dayandırılması qadağandır. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirildikdən sonra 1 (bir) gün müddətində qazın verilməsi bərpa edilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. 13.8. Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smartkart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. 13.8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.

9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə Təsdiq edilmiş X4 tələbələrinə əsasən: 3.1. Qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı aşağıdakı vəzifələri yerinə yetirməlidir: 3.1.2. istehlakçını qazın alqı-satqı müqaviləsində göstərilən keyfiyyətdə və həcmdə, habelə dövlət standartlarının tələblərinə uyğun qazla təmin etməli; 3.1.3. qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlamalı; 3.1.5. istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməli; 3.1.6. bu Qaydaların 3.2.7-ci və 3.2.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallarda məlumat daxil olduqda, dərhal zəruri tədbirlər görməli, 3.2.10-cu yarımbəndində nəzərdə tutulmuş halda məlumat daxil olduqda isə istehlakçının qaz qurğularını dəmir örtüklü qapaqla və ya tıxacla xətdən ayırmalı; 3.1.7. qazpaylayıcı şəbəkədə qəza hallarının qarşısını almalı və nəticələrini aradan qaldırmalı; 3.1.8. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-2-ci maddəsinə uyğun olaraq müayinəni həyata keçirməli; 3.1.9. qazpaylayıcı şəbəkəyə texniki xidməti həyata keçirməli;3.1.10. bu Qaydaların 2.11-1-ci və 2.11-2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir; 3.1.11. qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarının qarşısının alınması məqsədilə qaz paylayıcısı tərəfindən müəyyən edilən, lakin bu Qaydaların 3.1.10-cu yarımbəndində nəzərdə tutulan qaydada və müddətlərdə şəbəkəyə baxış keçirməli və nəticəsini aktla rəsmiləşdirməlidir.4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 5.1. Qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. 5.2. Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Qazın dəyəri barədə ödəniş hesabının nümunəsi bu Qaydaların 4 nömrəli əlavəsində göstərilmişdir. 5.3. İstifadə olunan qazın dəyəri yalnız bank və ya poçt şöbələri vasitəsilə ödənilir. 5.4. Qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. 5.5. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. 5.6. Qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 6.5-1. İstehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: 6.5-1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. 6.5-2. İstehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. 6.5-3. İstehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. 6.5-4. Qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. 6.6. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirildikdən sonra 1 (bir) gün müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməli və aktın 1 (bir) nüsxəsi istehlakçıya təqdim edilməlidir. 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.

10. İstehlakçıların Hüquqlarının Müdafiəsi haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən (3 və 8-ci maddə): Azərbaycan Respublikası ərazisində istehlakçılar aşağıdakı hüquqlara malikdir: malların (işlərin,xidmətlərin) və onların istehsalçısının, icraçısının və satıcısının sərbəst seçilməsinə;istehlak etdikləri malların (işlərin,xidmətlərin) lazımi keyfiyyətdə olmasına; malların (işlərin, xidmətlərin) təhlükəsizliyinə; malların (işlərin, xidmətlərin) miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğun və düzgün məlumat əldə etməyə;qanunvericilikdə nəzərdə tutulan hallarda, lazımi keyfiyyəti olmayan, habelə insanların sağlamlığına, həyatına təhlükəli olan malların (işlərin, xidmətlərin) vurduğu zərərin ödənilməsinə; öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə;ictimai təşkilatlarda (istehlakçılar birliyində) birləşməyə. Bazarda hökmran mövqe tutan istehsalçı və ya icraçı (onun nizamnamə fəaliyyətindən, yaxud istehsal imkanlarından kənara çıxdığını sübut etdiyi hallar istisna olmaqla) istehlakçı ilə işlərin icra edilməsi və xidmət göstərilməsi üçün qeyri-bərabər şərt təklif etmədən müqavilə bağlamağa borcludur. Bu halda o, öz istehsalat, yaxud digər təsərrüfat fəaliyyətini elə təşkil etməlidir ki, əhalinin ehtiyacları lazımi səviyyədə və fasiləsiz təmin edilsin. İcraçının əsassız olaraq, müqavilə bağlamaqdan imtina etməsi nəticəsində o, işlərin yerinə yetirilməsindən və xidmətlərin göstərilməməsindən istehlakçıya dəyən ziyanın əvəzini ödəməyə borcludur.

11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1, 560.2 və 560.3.4-ci maddələrinə əsasən: Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi xüsusən hüquqdan sui-istifadə kimi nəzərdə tutulmuşdur. Məcəllənin 1096.1-1096.2 əsasən: Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.3 və 14.2-ci maddələrinə əsasən, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məcəllənin 77.1-ci maddəsinə əsasən: hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 106.1- 106.2-ci maddələrinə müvafiq: işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər.

13. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən: İ.Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. İİ. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. İİİ. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. İV. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. V. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz.

14. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissələrdə tədqiq edən məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 279, 280, 282, 542; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 324, 385-388, 560, 1096-1098, 1128-1131; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.2, 119, 217.4, 220.5, 385-390-cı maddələrinə istinadən hesab edir ki, cavabdehin apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri formal mülahizə xarakteri daşıdığından, əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin bu əsaslarla dəyişdirilməsi üçün əsas ola bilməz. Belə ki, ümumiyyətlə iş materiallarında iddiaçı tərəfindən pozuntu törədilməsi ilə bağlı hər hansı mötəbər sübut aşkar edilməmiş, cavabdeh təşkilat öz etirazının əsası kimi hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Mötəbərliyi dayanıqlı sübutlarla təmin edilməyən şikayətin dəlillərinə qiymət verilməsi isə hüquqdan (dispozitiv imkandan və diskression səlahiyyətlərdən) sui-istifadəyə şərait yaradan hal kimi mülki mühakimə icraatı qaydasında mübahisəlidir və müzakirəyə çıxarılan sübutlar təkzibediləndir. Qeyd edilən müstəvidə mülki münasibətlərin səciyyəsi, deliktin mövcudluğu və onun kim tərəfindən törədilməsi, müqavilə öhdəliklərinin yerinə yetirilməməsi, bunun səbəbləri və ya digər xüsusatların əsasları mübahisə edilən hissədə müəyyən edilmir. Cavabdehin (vəzifəli şəxslərinin) tərtib etdiyi aktların nəticəsiz qalması onların şübhələrdən kənar sübut növü kimi qəbulu üçün əsaslar müəyyən etmir. Kollegiya hesab edir ki, təqdim edilmiş aktlar üzrə peşəkar struktur təsisata malik olan cavabdeh (vəzifəli şəxsləri) tərəfindən mülki mühakimənin əsaslarını təşkil edən istehlakçı tərəfindən yol verilmiş pozuntulara dair sübutetmə vəzifələrinə formal yanaşılmışdır (talama faktı üzrə nəzarəti qanunla həvalə edilmiş müvafiq icra hakimiyyətinə və ya müvafiq hüquqmühafizə orqanlarına aidiyyəti müraciətlər edilməmişdir). Qeyd edilən müstəvidə mülki münasibətlərin səciyyəsi vaxtında aparılmamış müvafiq (cinayət və ya inzibati xəta haqqında) araşdırma prosedurlarının nəticələriindən asılıdır. Apellyasiya şikayətinin subyektiv hüquqla bağlı dəlillərinə və ümumiyyətlə ünvanların fərqli olmasına dair mülahizələrə dair qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji məsələlərinin tənzimlənmə agentliyi tərəfindən aparılmış araşdırmanın nəticəsi olaraq bu məsələyə dair münasibət bildirməmişdir və belə halların aşkar edilməsi müəyyən edilmir. Məhkəmə kollegiyası iddiaçı ilə cavabdeh arasında yaranan münasibətlər hazırki dövrü əhatə etdiyindən münasibətlərin mövcud qanunvericilik əsasında tənzimlənməsini qanuni hesab edir. Ümumiyyətlə, vəfat etmiş (iddiaçının qardaşı ilə) şəxslə hər hansı münasibətlərin yaranması mümkün olmadığından aktların zamanında tərtib edilməsinə aid şübhələr onların təkzibedilməz sübutedici əhəmiyyətini istisna edir.

15. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məkhəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

16. Apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və onun verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərci (şikayətin əsassızlığı nəzərə alınaraq) onu ödəyən şəxsə aid edilməlidir.

17. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-542/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar