Məhkəmə qərarları › İş №2(103)-4001/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4001/2021

06.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4001/2021 06.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh X4 nümayəndəsi-vəkili X2 iştirakı ilə İddiaçı ASC-nin cavabdehlər Hüseynov Cavabdeh2, X5, Cavabdeh3 və Cavabdeh4 qarşı borcun ipoteka predmetinə yönəldilməsi, əmlakın hərracdan satılaraq tələbin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 28 yanvar 2020-ci il tarixli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq kollegiya M Ü Ə Y Y Ə N E T D İ: Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-661/2020 saylı 28 yanvar 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbləri təmin edilərək, Suraxanı Rayon Məhkəməsinin 16 iyul 2019-cu il tarixli, 2(010)-3393/2019 saylı qətnaməsi ilə Hüseynov Cavabdeh2, X6 və Cavabdeh3 müştərək qaydada İddiaçı QSCnin xeyrinə tutulması qət edilmiş ümumilikdə cəmi 27520,36 manat borcun və 30 manat dövlət rüsumunun, eyni zamanda hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, 7 saylı evin 50 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və satışdan əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi; Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, 7 saylı evin 50 saylı mənzilinə tutma yönəldikdən və o satıldıqdan sonra Cavabdeh3, Cavabdeh4 və X3 həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi qət edilmişdir. Qətnamə ilə ipoteka predmeti olan mənzilin ilkin satış qiyməti 56000 manat (32898,60 ABŞ dolları) müəyyən edilmişdir. Qətnamədən İddiaçı QSC-nin səlahiyyətli nümayəndəsi apellyasiya şikayəti verərək qətnamənin ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməsi və ekspertiza keçirilməklə əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətini ipoteka predmetinin qiyməti müəyyən edilərkən əmlakın real qiymətinin nəzərə alınmaması ilə əsaslandırmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5256/2020 nömrəli iş üzrə 29 iyul 2020-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmeti olan mənzilin açıq hərracda ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. İddiaçı QSC kasasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasına müraciət edərək, Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 iyul 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-516/20 saylı 01.02.2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)- 5256/2020 nömrəli iş üzrə 29 iyul 2020-ci il tarixli qətnaməsi ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilmiş, işin həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər cavabdehlər X6 və Cavabdeh3 kollegiyanın iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə gəlməyən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarından görünür ki, İddiaçı ASC cavabdehlər Hüseynov Cavabdeh2, X6, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə qət edilmiş cəmi 27520,36 manat borcun və 30 manat dövlət rüsumunun, eyni zamanda hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının ipoteka predmeti olan mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və satışdan əldə olunan vəsait hesabına qeyd edilən borcun Banka ödənilməsi, mənzilə tutma yönəldikdən və o satıldıqdan sonra cavabdehlər Cavabdeh3, Cavabdeh4 və X3 həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələblərini onunla əsaslandırmışdır ki, cavabdeh Hüseynov Cavabdeh2 sözügedən kredit xətti müqaviləsi və kredit razılaşması üzrə Bank qarşısında öhdəliklərini tam icra etmədiyindən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə qeyd edillən məbləğdə borc müəyyən edilmişdir və bu borc, eləcə də qeyd edilən digər xərclər həmin kredit xətti müqaviləsi üzrə öhdəliklərin təminatı olan ipoteka predmetinə yönəldilməlidir. İşə baxan məhkəmə instansiyaları tərəfindən mübahisə üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-516/20 saylı 01.02.2021-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5256/2020 saylı 29 iyul 2020-ci il tarixli qətnaməsi ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edildiyindən, qətnamənin əsaslığı həmin hissədə yoxlanılmalıdır. Kollegiya Sədrlik edənin məruzəsini dinləyib, tərəflərin izahatlarını dinləyib, işdə olan sübutları qiymətləndirdikdən sonra hesab edir ki, aşağıdakı hüquqi əsaslara görə cavabdehin apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə ipoteka predmeti olan, Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, 7 saylı evin 50 saylı mənzilin ilkin satış qiyməti hissəsində dəyişdirilərək, ilkin satış qiymətinin 65000 (altmış beş min) manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır(372.6). İşin hallarından görünür ki, tərəflər arasında kredit və ipoteka müqavilələrinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əməl gəlmə əsaslarından biridir. İşin müəyyən olunmuş hallarına görə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 iyul 2019-cu il tarixli, 2(010)-3393/2019 saylı qətnaməsinə əsasən Hüseynov Cavabdeh2, X6 və Cavabdeh3 müştərək qaydada 23514,38 manat əsas, 3923,92 manat faiz borcu, 82,06 manat cərimə borcu olmaqla, cəmi 27520,36 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə tutulması qət edilmiş, qətnamədən şikayət verilməmiş və qətnamə qanuni qüvvəsini almışdır. İş materillarında olan 29.06.2017-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, eyni tarixli kredit xətti müqaviləsi üzrə Hüseynov Cavabdeh2 İddiaçı QSC qarşısında öhdəliklərinin icrasını təmin etmək məqsədilə Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, 7 saylı evin 50 saylı mənzil ipoteka ilə yüklü edilmişdir. İş materialalrında olan 29.06.2017-ci il tarixli ipoteka müqaviləsinin 2.5-ci bəndinə əsasən ipoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 56000 manat (32898,60 ABŞ dolları) təşkil edir. İş materiallarından görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən qeydə alınmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsinin qətnaməsi ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində maddi hüquq normalarının tələblərinin pozulması ilə qəbul edilmişdir. Belə ki, birinci instansiya məhkəməsi iddiaçının nümayəndəsi etiraz etmədiyi üçün ipoteka predmetinin ilkin satış qiymətini ipoteka müqaviləsində müəyyən edilmiş qiymət əsasında həm manatla, həm də xarici valyutada (ABŞ dolları ilə) müəyyən etmişdir. Halbuki “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsi müstəqil qiymətləndiricinin rəyi olmadığı halda ipoteka predmetinin ilkin satış qiymətininin ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında müəyyənləşdirilməsini mümkün hesab edir. Qanunun mənasına görə ilkin satış qiyməti o halda tərəflərin razılığı əsasında müəyyən edilir ki, həm ipoteka qoyan həm də ipoteka saxlayan buna etiraz etməsin. Məhkəmə kollegiyası hesab edir ki, yalnız iddiaçının (ipoteka saxlayanın) nümayəndəsinin razılığı ilə ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi “İpoteka haqqında” Qanunun 39.3.3- cü maddəsinin tələbləri baxımından qanuni hesab edilə bilməz. Bununla yanaşı, nəzərə alınmalıdır ki, qanunda ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsinin məqsədi həmin əmlakın həm ipoteka qoyanın, həm də ipoteka saxlayanın mənafelərinə uyğun olaraq açıq hərracda realizə olunmasından ibarətdir. Əmlak açıq hərracda satıldığı halda hərracın nəticələrinə dair alqı-satqı müqaviləsinə bərabər tutulan yekun protokol imzalandığından ipoteka predmeti olan əmlakın qiyməti də yalnız milli valyutada, yəni Azərbaycan manatı ilə müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə, Mülki Məcəllənin 439.1-ci maddəsinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14.05.2015-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə əsasən alqı-satqı müqaviləsi üzrə ödənişlər pul öhdəliyidir və həmin öhdəlik yalnız manatla ifadə oluna bilər. Lakin birinci instansiya məhkəməsi ipoteka predmeti olan əmlakın ilkin satış qiymətini həm manat, həm də ABŞ dolları ilə müəyyən etmişdir. Kollegiyanın iclasında iddiaçının səlahiyyətli nümayəndəsi Şahin Sadıqov ərizə təqdim edərək, hazırkı iş üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti olaraq 56000 (əlli altı min) manat müəyən ediliməsini xahiş etmişdir. Eyni zamanda ərizədə cavabdeh tərəfində həmin qiymətlə razı olduğu üçün əmlakın yenidən qiymətləndirilməsi üçün zərurətin olamaması göstərilmişdir. Kollegiyanın iclasında cavabdeh Hüseynov Cavabdeh2 ipoteka predmeti olan mənzilin ilkin satış qiyməti ilə bağlı İddiaçı QSC ilə aralarında razılığın olmasını və mənzilinn ilkin satış qiyməti olaraq 56000 (əlli altı min) manat müəyyən ediliməsinə etirazın olmadığını bildirmişdir. Belə olan halda kollegiya hesab edir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 28 yanvar 2020-ci il tarixli qətnaməsi ipoteka predmeti olan mənzilin ilkin satış qiyməti hissəsində dəyişdirilərək, ilkin satış qiymətinin 65000 (altmış beş min) manat müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçı QSC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 28 yanvar 2020-ci il tarixli qətnaməsi tutmanın ipoteka predmeti olan ipoteka predmeti olan, Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, 7 saylı evin 50 saylı mənzilin ilkin satış qiyməti hissəsində dəyişdirilərək, ilkin satış qiyməti 65000 (altmış beş min) manat müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar