Məhkəmə qərarları › İş №2(103)-4001/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4001/2023

18.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4001/2023 18.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı iş üzrə (Açar sözlər: icbari sığorta məbləğinin ödənilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “icbari sığorta məbləğinin ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-109/2023 nömrəli 15 mart 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 18 iyul 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. AD seriyalı 972582 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən «Mercedes-Benz E220 CDİ minik» markalı **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı məxsusdur.

2. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən icbari sığorta olunmuş, X2 məxsus olan, hadisə baş verən anda X7 tərəfindən idarə edilən «VAZ- 21041» markalı, ** CS *** dövlət qeydiyyat nişanlı avtomobillə yol-nəqliyyat hadisəsi törədilmiş, nəticədə İddiaçı məxsus «Mercedes-Benz E220 CDİ minik» markalı, 99- ED914 dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir.

3. Azərbaycanda Daimler AG-nin Rəsmi Dileri "xxxx" QmbH Azərbaycan MMC-nin «Mercedes-Benz» texniki təmir mərkəzi tərəfindən aparılmış ilkin qiymətləndirmə zamanı ehtiyat hissələrinin alınması üçün 11.437,11 manat, xidmət haqqı 2.311,93 manat olmaqla, ümumilikdə 13.749,14 manat hesablanmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən icbari sığorta olunmuş və X2 məxsus, X3 idarə etdiyi «VAZ-21041» markalı, ** CS *** dövlət qeydiyyat nişanlı avtomobillə yol-nəqliyyat hadisəsi nəticəsində ona məxsus «Mercedes-Benz E220 CDİ minik» markalı, **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən zərərin – 5.462 manat məbləğində pul vəsaitinin (avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair sığorta müqaviləsi üzrə icbari sığorta məbləğinin) və 75 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, «Mercedes-Benz E220 CDİ minik» markalı, **-ED-*** dövlət qeydiyyat nişanlı, 2001-ci il buraxılışlı, gümüşü metallik rəngli avtomobil onun mülkiyyətindədir. Həmin avtomobili idarə etmək üçün qohumu X8 xx.xx.2021-ci il tarixdə 10 il müddətinə etibarnamə (DİN BDYPİ Qİ 4 saylı ASAN xidmət mərkəzi) vermişdir. xx.xx.2021-ci ildə saat 12.00 radələrində X11 həmin avtomobili Bakı şəhərində Nizami rayonu Qara Qarayev prospektinə paralel küçədə idarə edərkən, həmin vaxt vətəndaş X7 yüksək sürətlə idarə etdiyi, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən icbarı sığorta olunmuş «VAZ-21041» markalı ** CS *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə (mülkiyyətçi - X6) qəflətən qarşı yola çıxaraq ona məxsus «Mercedes-Benz E220 CDİ minik» markalı, **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobilə çırpılmış, onun avtomobilinin qabaq sağ tərəfi əzilərək yararsız vəziyyətə salınmışdır. Nəticədə avtomobilinə xeyli maddi ziyan dəymişdir. Y.Məlikov baş vermiş yol-nəqliyyat hadisəsi barədə dərhal DİN «102» qaynar xəttinə məlumat verdikdən bir müddət sonra X17 əməkdaşları hadisə yerinə gəlib baxış kecirmiş və müvafiq araşdırma aparmışlar. Vaxtında məlumat verilməsinə baxmayaraq hadisədən düz 4 saat sonra Azərbaycan Respublikası DSKŞ-nin nümayəndəsi hadisə yerinə gəlib fotoşəkillər çəkmiş və oradan uzaqlaşmışdır. Araşdırma zamanı sığorta hadisəsi baş verən zaman «VAZ- 21041» markalı ** CS *** dövlət qeydiyyat nişanlı minik avtomobilinə dair Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti ilə üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart sığorta müqaviləsinin mövcudluğu məlum olmuşdur. Yol-nəqliyyat hadisəsi barədə aparılmış araşdırma nəticəsində Bakı şəhəri DYPİ YNH inspektoru, polis baş leytenantı X4 tərəfindən «VAZ-21041» markalı ** CS *** dövlət qeydiyyat nişanlı minik avtomobilin sürücüsü X7 yol hərəkəti qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində İXP ******* saylı, xx.xx.2021-ci il tarixli İnzibati xəta haqqında protokol tərtib edilməklə inzibati qaydada cərimə olunmuşdur. Bundan əlavə, qeyd olunan yol-nəqliyyat hadisəsi nəticəsində yararsız hala düşmüş, ona məxsus «Mercedes-Benz E220 CDİ minik» markalı, **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ tərəfinin zədələnməsinə dair Bakı şəhəri DYPİ tərəfindən 000255 saylı 03 dekabr 2021-ci il tarixli «Nəqliyyat vasitələrinin zədələnməsi barədə arayış» verilmişdir. Yararsız hala düşmüş minik avtomobilini hadisədən bir gün sonra evakuatorla ilkin qiymətləndirmə və təmir edilməsi üçün Azərbaycanda Daimler AG-nin Rəsmi Dileri "xxxx" QmbH Azərbaycan MMC-nin «Mercedes-Benz» texniki təmir mərkəzinə aparılmışdır. Orada ilkin qiymətləndirmə zamanı ehtiyat hissələrinin alınması üçün 11.437,11 manat, xidmət haqqı 2.311,93 manat olmaqla, ümumilikdə 13.749,14 manat hesablanmışdır. Lakin həmin mərkəzdə ehtiyat hissələri və təmir həddən artıq baha olduğu üçün, eləcə də cavabdehlərin vurulmuş ziyanın aradan qaldırılması ilə bağlı heç bir tədbir görmədiklərini nəzərə alıb avtomobilini aparıb başqa avtomobil servisində təmir etdirməyə məcbur olmuşdur. Təmir zamanı ehtiyat hissələri və təmir xərcləri ilə birlikdə 5.287 manat, «Avrasiya medikal» klinikasında həkim müayinəsindən kecmək üçün 145 manat, evakuatora isə 30 manat olmaqla, cəmi 5.462 manat pul xərclənmişdir. Bununla əlaqədar Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən icbari sığorta olunan «VAZ-21041» markalı **-CS-*** dövlət qeydiyyat nişanlı avtomobillə onun avtomobilinə vurulmuş maddi ziyana görə xərclədiyi 5.462 manat məbləğində pulun ödənilməsi barədə həmin sığorta şirkətinə rəsmi müraciət edilməsinə baxmayaraq, sığortaçı tərəfindən heç bir rəsmi cavab verilməmiş və sığorta hadisəsi nəticəsində vurulmuş zərərin əvəzi ödənilməmişdir.

6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 sentyabr 2022-ci il tarixli 9/4544 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan qaimə fakturalardakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2001-ci il buraxılışlı «Mercedes Benz E220» markalı ** ED *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 4.777 manat müəyyən edilir.

7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 yanvar 2023-cü il tarixli 9/8414 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan «X10 Azərbaycan» şirkətinin xx.xx.2021-ci il tarixli qüsur aktına əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2001-ci il buraxılışlı «Mercedes Benz E220» markalı ** ED *** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci təxminən 128 manat müəyyən edilir. Nəzəri hesablama yolu ilə, iş materiallarında olan qaimə fakturalardakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2001-ci il buraxılışlı «Mercedes Benz E220» markalı ** ED *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 4.777 manat müəyyən edilir.

8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 15 mart 2023-cü il tarixli 2(006)-109/2023 saylı qətnaməsi ilə (hakim Səməd Cəfərov) iddia qismən təmin edilmiş, 4.777 manat sığorta ödənişi və ödənilmiş 75 manat məbləğində dövlət rüsumunun cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq İddiaçı ödənilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 150 manatın cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba köçürülməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.

9. Məhkəmə belə nəticəyə gəlmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə müraciət edərək, avtomobilinə dəymiş zərərin həmin Sığorta Şirkəti tərəfindən ona ödənilməsini xahiş etmiş, lakin cavabdeh iddiaçının haqlı tələbini yerinə yetirməmişdir. İddiaçının avtomobilinə dəymiş maddi zərər qanunvericiliyin tələbinə görə cavabdeh tərəfindən ödənilməlidir. Dəymiş maddi zərər məbləğinə münasibətdə məhkəmə, ekspert rəyində qeyd olunan dəyərləndirmə ilə razılaşaraq hesab etmişdir ki, avtomobilə vurulmuş 4.777 manat məbləğində maddi zərər həddində sığorta ödənişi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.

10. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 442, 922.1, 926.1, 926.2, 934.1, 934.2, “İcbari sığorta haqqında” Qanunun 6.1, 6.2, 18.1, 18.2, 53.1, 53.4, 52.1, 56.1.2, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

11. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsini və iddia tələbinin qismən, yəni tələbin 1770 manat hissəsində təmin olunmasını, ekspertiza xərci olan 150 manat vəsaitin iddiaçıdan tutulması hissəsi də daxil, qalan hissədə isə rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Apellyasiya şikayətində göstərilmişdir ki, baş vermiş sığorta hadisəsi nəticəsində iş üzrə iddiaçının mülkiyyətində olan avtomobilə dəymiş zərər Şirkət tərəfindən aparılmış qiymətləndirmə nəticəsində 1770 manat məbləğində müəyyən edilmişdir. Məhkəməyə verilmiş əlavə ekspertiza keçirilməsi barədə vəsatətdə ekspert tərəfindən iş materiallarında olan bütün sübutlardan, o cümlədən avtomobilə məxsus foto şəkillərdən, cavabdeh tərəfindən təqdim olunmuş qüsur aktından istifadə edilmədiyi, avtomobilə yerində baxış keçirilmədiyi, yalnız iddiaçının təqdim etdiyi qaimə-fakturalara əsasən dəymiş zərəri qiymətləndirdiyi əsaslandırılmışdır. Hansı ki, həmin qaimə fakturaların cəmi elə 4777 manata bərabərdir ki, bu da ekspertin hər hansı tədqiqat aparmadığını, qaimə fakturalardakı məbləği olduğu kimi verməsini göstərir. Məhkəmə vəsatətdə qeyd olunanlar əsasında əlavə məhkəmə ekspertizası təyin etmiş, bu barədə qərardadda foto şəkillər və Şirkət tərəfindən tərtib olunmuş qüsur aktındakı məlumatların nəzərə alınması tələb kimi qoyulmuş, buna baxmayaraq verilmiş xx.xx.2023-cü il tarixli, 9/8414 nömrəli ekspert rəyi birinci ekspert rəyini olduğu kimi təkrarlamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

15. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

16. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

17. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xəclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

18. Maddə 922.1. Sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunvericiliyində, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir (həmin Məcəllənin 922.2-ci maddəsi).

«İcbari sığorta haqqında» Azərbaycan Respublikası Qanunu

19. Maddə 52.1. Avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur.

20. Maddə 53.1. Mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar.

21. Maddə 53.4. İcbari sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, istifadəsi ilə bağlı sahibinin mülki məsuliyyəti bu Fəslə uyğun olaraq sığortalanmış avtonəqliyyat vasitəsini qanuni əsaslarla istifadə edən istənilən şəxs üçüncü şəxslər qarşısında mülki məsuliyyətinə görə əmlak mənafeyi sığortalanmış sığorta olunan hesab edilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

Apellyasiya baxışının hədləri

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

27. Qətnamə cavabdehin apellyasiya şikayətinə münasibətdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə dəyişdirilməlidir.

29. Göründüyü kimi yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə iddiaçının avtomobilinə ziyan dəymişdir, bu hal mübahisəsizdir.

30. Avtomobilə dəymiş zərərin müəyyən edilməsi məqsədi ilə məhkəmə tərəfindən ekspertiza və əlavə ekspertiza təyin edilmiş və ekspert rəylərinə əsasən avtomobilin təmir-bərpa xərci təxminən 4777 manat müəyyən edilmişdir.

31. Birinci instansiya məhkəməsi tərəfindən isə həmin məbləğin tutulması müəyyən edilmişdir.

32. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşan Kollegiya hesab edir ki, vurulmuş maddi ziyanın məbləğinə aid hissədə qətnamə dəyişdirilməlidir.

33. Belə ki, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş ekspert rəyinin tədqiqi hissəsində dəyişilməli hissələrin adı və qiymətləri göstərilmiş cədvəl tərtib edilmişdir.

34. Həmin cədvəldə dəyişilməli hissə kimi qiyməti 60 manat olan “oblisovka” (radiator barmaqlığı) göstərilmişdir. Lakin yol nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuş avtomobilin iş materiallarında olan fotoşəkillərinə nəzər yetirdikdə aydın olur ki, avtomobilin ekspert rəyinə əsasən dəyişilməli hissə kimi göstərilmiş “oblisovka” hissəsi sağlamdır, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində həmin hissəyə hər hansı zərər vurulmamışdır. Belə olan halda həmin hissənin dəyişilməli hissə kimi nəzərə alınması və onun dəyərinin vurulmuş zərərin dəyərinə hesablanması yolverilməzdir.

35. Bundan əlavə dəyişilməli hissə kimi “intekuller-qiyməti 120 manat”, “karter - qiymət 70 manat”, “kapotun amartizatoru - qiymət 40 manat”, “traves - qiymət 150 manat”, “kapotun çexolu – qiymət 55 manat”, “karopka yağı - qiymət 150 manat” göstərilmişdir. Bu hissələrdə də Kollegiya ekspert rəyini əsasız hesab edir, çünki iş materiallarında olan fotoşəkillərdən vizual baxışla belə aydın olur ki, avtomobilin bu hissələri sağlam olmuşdur, həmin hissələrə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində zərər vurulmadığı aşkardır. Ona görə də həmin hissələrə görə müəyyən edilmiş dəyərin vurulmuş zərərə daxil edilməsi əsassızdır.

36. Həmçinin Kollegiya qeyd edir ki, cədvəlin “təmir bərpa işləri” qrafasında “üzləyici” qeyd edilməklə qiyməti 200 manat göstərilmişdir. Bu hissədə də Kollegiya qeyd edir ki, belə bir təmir bərpa işinin nəzərdə tutulması aydın deyildir. Həmin hissə vurulmuş zərərin məbləği hissəsindən çıxılmalıdır.

37. Beləliklə dəyişilməli hissə kimi göstərilən yuxarıda adları çəkilən ehtiyat hissələrinin dəyəri 645 manat (60+120+70+40+150+55+150) və təmir bərpa işi kimi göstərilmiş “üzləyici”yə görə müəyyən edilmiş dəyər 200 manat müəyyən edilmiş ümumi məbləğ olan 4777 manatdan çıxılmalı və tutulmalı olan zərər məbləği 3932 manat (4777- 845) məbləğində müəyyən edilməlidir.

38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-109/2023 nörməli iş üzrə 15 mart 2023-cü il tarixli qətnaməsi cavabdehdən tutulmalı olan sığorta məbləğinə aid hissədə dəyişdirilsin və cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutulmalı olan sığorta ödənişi məbləği 3932 manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar