Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4002/2021 17.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası, Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 MMC-nin (“xxxx” MMC) nümayəndəsi və vəkili: X3, Cavabdeh: Cavabdeh2 və iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2, Cavabdeh3 MMC-yə qarşı “hərracın nəticələri barədə protokolun və qiymətləndirmə rəyinin ləğv olunması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3315/2019 saylı, 07 noyabr 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, Cavabdeh1 MMC tərəfindən keçirilmiş hərracın nəticələri barədə 24.08.2018-ci il tarixli, 230 nömrəli protokolun və Cavabdeh3 tərəfindən tərtib olunmuş 29.09.2017-ci il tarixli, QXM241 saylı qiymətləndirmə rəyinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 noyabr 2019-cu il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı, apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, Cavabdeh3 tərəfindən əmlak bazar qiymətinə uyğun olaraq düzgün qiymətləndirilməmiş və nəticədə X1 miras kimi qalmış Nəsimi rayonu, Abay döngəsi 7 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh1 MMC tərəfindən 24.08.2018-ci il tarixdə bazar qiymətindən də aşağı qiymətə, yəni 78.645 manata tələbkar Cavabdeh2 satılmışdır. İddiaçının isə belə bir hərracın keçirilməsindən məlumatı olmamış, onun iştirakı təmin olunmamışdır. Bundan əlavə, məlum fərdi yaşayış evinin qiyməti hazırkı bazar qiymətinə uyğun göstərilməmiş, qiymət qərəzli şəkildə azaldılaraq, olduğundan da qat-qat aşağı qiymətə hərraca çıxarılmışdır. Bu səbəbdən də, keçirilmiş hərracın nəticəsi qanunauyğun olmadığından ləğv olunmalıdır. Eyni zamanda, iddiaçı qiymətləndirmə rəyi ilə razı olmadığından vəsatətlə müraciət edərək, məhkəmədən yenidən mənzilin qiymətləndirilməsi üzrə ekspertiza keçirilməsini xahiş etmiş və məhkəmənin bu barədə qərardadı rəy verilməsi üçün DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə göndərilmişdir. Bundan sonra iddiaçı, müvafiq qiymətləndiricini tapıb, onunla əlaqə qurmağa çalışmış, o isə cavab olaraq bildirmişdir ki, Cavabdeh2 evin uçub dağılması ilə bağlı şəkillər təqdim edib, buna görə də, onlar qiymətləndiriləcək bir obyekt olmadığından rəy verməkdən imtina etmişlər. İddiaçı, ekspertə etiraz edərək, evin qiymətinin göstərilənlərdən yüksək olması ilə bağlı onda vacib sənəd olduğunu bildirsə də, buna əhəmiyyət verməmişlər. İş yenidən məhkəmə baxışına təyin edilən zaman o, başqa ekspertə verilməklə təkrar ekspertiza keçirilməsini xahiş etmiş, lakin məhkəmə onun bu barədə şifahi vəsatətini təmin etməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1821/2020 nömrəli iş üzrə 17 iyun 2020-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-448/2021 saylı, 01 fevral 2021-ci il tarixli qərarı ilə həmin qətnamədən iddiaçının verdiyi kassasiya şikayəti təmin edilmiş qətnamə ləğv olunaraq iş yeni apellyasiya baxışına qaytarılmışdır. Kassasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətini təmin edib işin yeni apellyasiya baxışına göndərilməsi ilə bağlı qərarında mövqeyinin hüquqi əsasını belə şərh etmişdir: “...Baxılan iş üzrə apelyasiya instansiyası məhkəməsi iddianın rədd olunması əsası kimi iki hala istinad etmişdir: hərracın keçirilməsi barədə iddiaçıya məlumat verilmişdir; mübahisəli evin dəyərinin aşağı qoyulması barədə hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə mübahisəyə Mülki Məcəllə və “İcra haqqında” Qanunla yanaşı, həmçinin “İpoteka haqqında” Qanunu tətbiq etmişdir. Halbuki iş üzrə məhkəmələr tərəfindən mübahisəli əmlakın ipoteka predmeti olmadığı, mülki işə baxılarkən iddianı təmin tədbiri qismində həbs qoyulduğu və sonradan icra qanunvericiliyinə əsasən açıq hərracda satılığı müəyyən edilmişdir. “İcra haqqında” Qanunun 53-cü maddəsində ipoteka predmeti olmayan və üzərinə həbs qoyulmuş əmlaka tutma yönəldilməsinin qaydaları tənzimlənmişdir. Həmin qaydaya əsasən üzərinə həbs qoyulmuş əmlak ilk növbədə tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. Əmlak satılmadıqda yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə, əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır. İş üzrə iddiaçının tələbinin əsaslarından biri mübahisəli əmlakın açıq hərracdan dəyərindən ucuz qiymətə satılması ilə bağlıdır. İşə baxan məhkəmələr müəyyən etmişlər ki, icra məmuru 27.12.2017-ci il tarixli məktubla hərracın keçirilməsini Cavabdeh1 MMC-yə sifariş etmiş, 25.06.2018-ci il tarixdə, 16.07.2018-ci il tarixdə, 06.08.2018-ci il tarixdə və 24.08.2018-ci il tarixdə hərraclar keçirilmiş, hər növbəti hərracda mübahisəli əmlakın ilkin satış qiyməti 10 % aşağı salınmış və sonuncu hərracda 30% aşağı qiymətlə 78.645 manata tələbkar tərəfindən ələ edilmişdir. Halbuki “İcra haqqında” Qanunun 53-cü maddəsində üzərinə həbs qoşulmuş əmlakın hərracda üç ay ərzində satılmadığı halda təkrar tələbkara təklif olunması və imtina edildiyi halda əmlakın borcluya, icra sənədinin isə məhkəmə və ya digər orqana qaytarılması qaydası müəyyən edilmişdir. Nə “İcra haqqında” Qanunda, nə də həracın təşkili və keçirilməsinin ümumi qaydalarını tənzimləyən Mülki Məcəllənin 414-416-cı maddələrində əmlak hərracda satılmadığı halda onun qiymətinin aşağı salınması qaydasl müəyyən edilməmişdir. Eyni zamanda “İpoteka haqqında” Qanunun analogiya qaydasında da hazırkı münasibətlərə şamil olunması mümkün deyildir. Çünki “İpoteka haqqında” Qanunun preambulasına əsasən bu Qanun mülki hüquqi müqavilələrdən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi ilə bağlı ipotekanın yaranması əsaslarını, onun dövlət qeydiyyatı, təmin olunmuş borcun və digər mülki hüquqi öhdəliyin ipoteka hesabına ödənilməsi qaydalarını, tərəflərin hüquq və vəzifələrini müəyyən edir, habelə bu sahədə digər münasibətləri tənzimləyir. Göründüyü kimi Qanunun özündə onun müdəalarının ipoteka predmeti olmayan əmlaklara şamil edilməsi nəzərdə tutulmamışdır. MPM-in 13.4-cü maddəsi mülki porsesdə barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda hüquq normalarının analogiya qaydasında tətbiqini mümkün heasab edir. Ümumiyyətlə qanunda nəzərdə tutulmuş və ya tərəflər arasında könüllü bağlanmış müqavilədə müəyyən edilən hallar istisna olmaqla, əmlakın açıq hərracdan realizə edilməsinin təyinatı əmlakın daha aşağı qiymətə satılması deyil, müvafiq əmlakı ilkin satış qiymətilə alıcılara təqdim etməkdən və ən yüksək qiymət təklif etmiş alıcıya satmaqdan ibarətdir..” Təkrar apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Məkhəmə iclasında iştirak edən Cavabdeh1 MMC-nin nümayəndəsi isə apellyasiya şikayətinə etiraz edərək izahatlarında bildirmişlər ki, Nəsimi rayon İcra və Probasiya şöbəsilə Cavabdeh1 MMC arasında bağlanmış müqaviləyə əsasən əmlak ilkin satış qiymətindən 30% aşağı qiymətlə satıla bilərdi. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, digər cavabdehlər məhkəmə iclasına gəlmədiklərindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmçinin qeyd olunmalıdır ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. İşin müəyyən edilmiş faktiki hallarına görə, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 5852/2016 saylı, 13.12.2016-cı il tarixli qətnaməsi ilə, mərhum X2 vərəsələri Nadir Tağıyev, Ələkbər Tağıyev, Səidə İsgəndərova, Zeynəb Şərifova və İddiaçı onlara mərhumun miras aktivindən çatan payların hesabına (əldə etdikləri miras aktivləri (payları) həddindən artıq olmamaq şərtilə), miras aktivindən əldə etdikləri paylara uyğun (paylar nisbətində) olaraq cəmi 285.200 manat tutularaq, Cavabdeh2 ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza xərclərinin dəyəri kimi 150 manatın Nadir Tağıyev, Ələkbər Tağıyev, Səidə İsgəndərova, Zeynəb Şərifova və İddiaçı müştərək qaydada tutularaq, “xxxx” MMC-yə ödənilməsi qət edilmiş və məhkəmə aktı icraya yönəldilmişdir. Nəsimi Rayon Məhkəməsinin 8(006)-5101/2014 saylı, 08.10.2014-cü il tarixli qərardadı ilə mərhum X2 mülkiyyətində olan ünvan evin üzərinə həbs qoyulmuşdur. Nəsimi rayon İcra şöbəsinin 28.08.2017-ci il tarixli qərarı ilə sözügedən fərdi yaşayış evinin qiymətləndirilməsi üçün qiymətləndirici dəvət edilməsi qərara alınmış və 17/70- 90219/14 nömrəli, 28.08.2017-ci il tarixli məktubla mənzilin qiymətləndirilməsi “xxxx” MMC-dən xahiş olunmuşdur. QXM/241 saylı, 29.09.2017-ci il tarixli rəylə “xxxx” Mənzil Tikinti Kooperativinin arayışına əsasən, ünvan ünvanın 29.09.2017-ci il tarixə ümumi bazar dəyəri: ayrı-ayrılıqda evin bazar dəyəri 112.350 manat, torpağın bazar dəyəri sənədi olduqda 351.150 manat, ümumilikdə isə 463.500 məbləğində qiymətləndirilmişdir. Nəsimi rayon İcra və Probasiya şöbəsi, 17/70-90219/14 saylı, 27.12.2017-ci il tarixli məktubla surəti tələbkar və borclulara göndərilməklə həmin əmlak barədə hərracın keçirilməsini Cavabdeh1 MMC-yə sifariş etmişdir. Tələbkar Cavabdeh2 08.05.2018-ci il tarixdə ərizə ilə müraciət edərək, ünvan fərdi yaşayış evinin torpaqla birlikdə borcun ödənilməsinə yönəldilməsinə razı olmadığını bildirmiş və yalnız üzərinə həbs qoyulmuş və 112.350 manat məbləğində qiymətləndirilmiş fərdi yaşayış evinin hərraca çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 MMC tərəfindən sözügedən fərdi yaşayış evinin ilkin satış qiyməti 112.350 manat müəyyən olunmaqla, ilk hərracın keçirilmə tarixi 25.06.2018-ci il tarixə, saat 11:00-a təyin olunmuşdur. Mənzilin ilkin satış qiyməti 112.350 manat 10%=101.115 manat müəyyən olunmaqla, təkrar hərracın keçirilmə tarixi 16.07.2018-ci il tarixə, saat 11:00-a, mənzilin ilkin satış qiyməti 112.350 manat-20%=89.880 manat müəyyən olunmaqla, təkrar hərracın keçirilmə tarixi 06.08.2018-ci il tarixə, saat 11:00-a, mənzilin ilkin satış qiyməti 112.350 manat-30%=78.645 manat müəyyən olunmaqla, son hərracın keçirilmə tarixi 24.08.2018-ci il tarixə, saat 11:00-a təyin olunmuşdur. Qeyd olunanlar barədə İddiaçı və digər borcluların ünvanlarına “açıq hərracın keçirilməsinə dair” 25.05.2018-ci il, 06.07.2018-ci il, 19.07.2018-ci il və 10.08.2018-ci il tarixli bildirişlər göndərilmiş və bununla bağlı “Kaspi” qəzetində elanlar yerləşdirilmişdir. 24.08.2018-ci il tarixli, 230 nömrəli hərracın yekunları barədə protokola və həmin tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləyə əsasən, fərdi yaşayış evi 78.645 manat qiymətlə Cavabdeh2 əldə etmişdir. Hazırda iddiaçı, hərraca çıxarılmış fərdi yaşayış evinin ilkin satış qiymətinin qiymətləndirici tərəfindən düzgün müəyyən olunmadığını və real bazar dəyərindən dəfələrlə aşağı qiymətə satıldığını, həmçinin hərrac barədə məlumatının olmadığını və iştirakının təmin olunmadığını bildirərək, qiymətləndirmə rəyinin və hərracın yekunları barədə protokolun ləğv olunmasını tələb edir. Kollegiya, qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 51.1-ci maddəsinə əsasən borclunun əmlakının qiymətləndirilməsi, tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 5-ci maddəsinə əsasən, məhkəmə hökmünün və ya qərarının təmin edilməsi məqsədi ilə əmlakın qiymətləndirilməsinə zərurət olduqda əmlakın məcburi qaydada qiymətləndirilməsi aparılır. Həmin Qanunun 7-ci maddəsinə əsasən, qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Nazirlər Kabineti) müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Adı çəkilən Qanunun 8-ci və 9-cu maddələrinə əsasən, qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Qiymətləndirici dövlət və kommersiya sirləri istisna olunmaqla, qiymətləndirməni həyata keçirmək üçün zəruri hesab etdiyi hər cür məlumatı yazılı və ya şifahi formada üçüncü şəxslərdən almaq hüququna malikdir. İddiaçı Cavabdeh3 MMC-nin 29.09.2017-ci il tarixli rəyində göstərilən qiymətin həqiqi olmadığını bildirərkən, öz hesabına keçirilmiş qiymətləndirmə üzrə “xxxx” MMC-nin 29.307.2019-cu il tarixli, 48 saylı rəyinə istinad edir ki, həmin rəyə əsasən, Bakı şəhəri, Abay döngəsi 7 ünavında yerləşən 246,6 m2 ümumi tikili sahəsi və 309 m2 ümumi torpaq sahəsi olan fərdi yaşayış evinin 29.07.2019-cu il tarixdə bazar dəyəri 529.200 manat təşkil edir. Eyni zamanda, Mülki Məcəllənin 414.1-ci və 414.4-cü maddələrinə əsasən, əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır.Hərrac auksion və ya müsabiqə formasında keçirilir. Ən yüksək qiymət təklif etmiş şəxs auksionda hərracı udmuş sayılır, hərracın təşkilatçısının qabaqcadan təyin etdiyi müsabiqə komissiyasının rəyinə əsasən ən yaxşı şərtlər təklif etmiş şəxs isə müsabiqə üzrə hərracı udmuş sayılır. Həmin Məcəllənin 415.1-ci və 415.2-ci maddələrinə görə, auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Bundan başqa, “İcra haqqında” Qanunun 53-cü maddəsində ipoteka predmeti olmayan və üzərinə həbs qoyulmuş əmlaka tutma yönəldilməsinin qaydaları tənzimlənmişdir. Həmin qaydaya əsasən üzərinə həbs qoyulmuş əmlak ilk növbədə tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. Əmlak satılmadıqda yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə, əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır. İşin halları ilə müəyyən etmişlər ki, icra məmuru 27.12.2017-ci il tarixli məktubla hərracın keçirilməsini Cavabdeh1 MMC-yə sifariş etmiş, 25.06.2018-ci il tarixdə, 16.07.2018-ci il tarixdə, 06.08.2018-ci il tarixdə və 24.08.2018-ci il tarixdə hərraclar keçirilmiş, hər növbəti hərracda mübahisəli əmlakın ilkin satış qiyməti 10 % aşağı salınmış və sonuncu hərracda 30% aşağı qiymətlə 78.645 manata tələbkar tərəfindən ələ edilmişdir. Halbuki “İcra haqqında” Qanunun 53-cü maddəsində üzərinə həbs qoşulmuş əmlakın hərracda üç ay ərzində satılmadığı halda təkrar tələbkara təklif olunması və imtina edildiyi halda əmlakın borcluya, icra sənədinin isə məhkəmə və ya digər orqana qaytarılması qaydası müəyyən edilmişdir. Kollegiya vurğulayır ki, nə “İcra haqqında” Qanunda, nə də həracın təşkili və keçirilməsinin ümumi qaydalarını tənzimləyən Mülki Məcəllənin 414-416-cı maddələrində əmlak hərracda satılmadığı halda onun qiymətinin aşağı salınması qaydası müəyyən edilməmişdir. Eyni zamanda “İpoteka haqqında” Qanunun analogiya qaydasında da hazırkı münasibətlərə şamil olunması mümkün deyildir. Çünki “İpoteka haqqında” Qanunun preambulasına əsasən bu Qanun mülki hüquqi müqavilələrdən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi ilə bağlı ipotekanın yaranması əsaslarını, onun dövlət qeydiyyatı, təmin olunmuş borcun və digər mülki hüquqi öhdəliyin ipoteka hesabına ödənilməsi qaydalarını, tərəflərin hüquq və vəzifələrini müəyyən edir, habelə bu sahədə digər münasibətləri tənzimləyir. Göründüyü kimi Qanunun özündə onun müdəalarının ipoteka predmeti olmayan əmlaklara şamil edilməsi nəzərdə tutulmamışdır. Cavabdehlər harracın təşkilatçısı ilə icra şöbəsi arasında bağlanmış müqaviləyə istinad etsələr də, kollegiya qeyd edir ki, müqavilə şərtləri qanundan üstün tutula bilməz. Mülki Məcəllənin 416-cı maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçıya məxsus əmlak real dəyərindən çox aşağı qiymətlə hərraca çıxarıldığından, habelə hərracın keçirilməsi qaydaları pozulduğundan hərracın nəticələri barədə 24.08.2018-ci il tarixli, 230 nömrəli protokol və Cavabdeh3 tərəfindən tərtib olunmuş 29.09.2017-ci il tarixli, QXM241 saylı qiymətləndirmə rəyi ləğv edilməlidir. Bu qənaətə gələrkən kollegiya həm də nəzərə alır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən biri mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsidir; tərəflərin hüquq və vəzifələri isə mülki qanunvericilik prinsipləri əsas götürülməklə ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmaqla tənzimlənməlidir. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3315/2019 saylı, 07 noyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Cavabdeh1 MMC tərəfindən keçirilmiş hərracın nəticələri barədə 24.08.2018-ci il tarixli, 230 nömrəli protokol və Cavabdeh3 tərəfindən tərtib olunmuş 29.09.2017-ci il tarixli, QXM241 saylı qiymətləndirmə rəyi ləğv edilsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğ onları ödəmiş şəxslərin özlərinə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Кollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Vəfaddin İbayev
Məhkəmə qərarları › İş №2(103)-4002/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4002/2021
17.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver