Məhkəmə qərarları › İş №2(103)-4003/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4003/2025

04.09.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4003/2025 04.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1 və İddiaçı2 Cavabdeh MTK-ya qarşı mülki iş üzrə (Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X2 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X1 ibarət tərkibdə, İsmayılova Ayşən Saəddin qızının katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakları ilə, İddiaçı1 və İddiaçı2 Cavabdeh MTK-ya qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1322/2025 saylı 10 aprel 2025-ci il tarixli qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçılar İddiaçı1 və oğlu İddiaçı2 xx.xx.1992-ci il tarixdən məcburi köçkün kimi məskunlaşdığı Bakı şəhəri, Nəsimi rayonu, M.Qasımov küçəsi, 8 ünvanında yerləşən, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli sərəncamına əsasən faktiki sahəsi 32,65 kv.m olan ev (yaşayış üçün yararlı vəziyyətə gətirilmiş qeyriyaşayış sahəsi) onlarla Cavabdeh MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilənin predmeti olmuşdur (müqavilədə evin faktiki sahəsinin 31 kv.m olması qeyd edilmişdir). Belə ki, iddiaçılar sözügedən evi sökülmək üçün MMC-yə təhvil verməyi, əvəzində isə təhvil verdikləri evin sahəsinə 20 % əlavə edilməklə, MMC tərəfindən tikiləcək yeni yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 50 kv.m olan 1 otaqlı mənzili qəbul etməyi öhdələrinə götürmüş, tərəflər yeni mənzil təhvil verilənədək MMC tərəfindən iddiaçılara ödənilməli olan kirayə pulunun məbləğini də razılaşdıraraq müqavilədə göstərmişlər.

2. Tərəflər müqavilə üzrə üzərlərinə götürdükləri öhdəlikləri icra etmiş, belə ki, iddiaçılar məskunlaşdıqları evi sökülmək üçün MMC-yə təhvil vermiş, ev sökülərək yerində yeni bina tikilmiş və müqavilədə göstərilmiş mənzil iddiaçılara təhvil verilmişdir (bu müddətdə iddiaçılara vaxtaşırı kirayə pulunun ödənilməsi faktı mübahisələndirilməmişdir). İddiaçılar 2019-2020-ci ildən onlara verilmiş yeni mənzilə köçüb orada yaşamışlar.

3. İddiaçılardan İddiaçı1 mənzildə yaşamağa başlayandan 3-4 il sonra (2023- cü ildə) MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, MMC ilə aralarındakı razılaşmaya əsasən, evin həyətyanı sahəsi olan 21 kv.m torpaq sahəsinə görə 20.000 manat məbləğində kompensasiya tələb etmiş, lakin onun iddiası rayon məhkəməsi tərəfindən təmin edilməmiş, apellyasiya və kassasiya şikayətləri də, həmçinin, yuxarı instansiya məhkəmələri tərəfindən əsassız sayılmışdır. Beləliklə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2873/2023 nömrəli, xx.xx.2023cü il tarixli qətnaməsi yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmaqla qanuni qüvvəsini alaraq, hazırkı iş üzrə preyudisial əhəmiyyət daşıyan faktları da müəyyən etmişdir.

4. Həmin qətnamənin 37-ci və 40-cı bəndlərində qeyd edilmişdir ki, “cavabdeh təşkilat tərəfindən iddiaçıya 31 kv.m. əvəzinə 50 kv.metrdən yuxarı sahədən ibarət mənzil verilmişdir. Bundan əlavə olaraq iddiaçının məhkəməyə təqdim etdiyi 14 saylı MKİS-nin mühəndisi N.Həsənova tərəfindən tərtib edilmiş planın surətindən görünür ki, Bakı şəhəri, M.Qasımov küçəsi, 8 saylı evdə yaşayan İddiaçı1 məxsus qeyri-yaşayış sahəsinin ümumi sahəsi 39,2 kv.m olmuşdur, yəni hətta 39,2 kv.m sahə olmuş olsaydı belə, bunun üzərinə 20 % artıq sahə gəlindikdə 48 kv.m sahə təşkil edəcəkdi ki, cavabdeh tərəf iddiaçıya bundan əlavə 2 kv.m sahə əlavə etməklə 50 kv.m sahə vermişdir”; “iddiaçı xx.xx.2017-ci il tarixli müqavilə şərtləri ilə razılaşmış, 50 kv.metrlik mənzili cavabdehdən təhvil almış və müqaviləni sərbəst şəkildə bağlamışdır. Qeyd edilən vəd barəsində hər hansı yazılı razılaşma mövcud olmamış, bunun əksinə olaraq tərəflər arasında yaşayış sahəsinin verilməsi barədə yazılı müqavilə bağlanılmış və həmin müqavilə şərtlərinə hər iki tərəf könüllü qaydada imza etməklə iradə ifadələrini açıq bəyan etmişlər”.

5. Ötən müddət ərzində MMC təşkilati-hüquqi formasını dəyişərək MTK-ya çevrilmişdir.

6. Hazırda iddiaçılar 14 saylı MKİS-in mühəndisi tərəfindən imzalanmış plana istinadən ümumi sahəsi 39,2 kv.m olan evin cavabdehlə aralarında bağlanmış müqavilədə 31 kv.m kimi göstərilməsinin onların iradəsinə zidd olduğunu, müqavilə bağlanan vaxt bu məsələni mübahisələndirsələr də, qarşı tərəfin bunun formal olduğunu bildirdiyini, faktiki sahəsi 39,2 m2 olan evin əvəzinə sahəsi daha böyük mənzil verilməli olduğunu, cavabehin onları aldatdığını, habelə hədə-qorxu gəldiyini bildirərək, aralarında bağlanmış müqavilənin etibarsız hesab edilməsini tələb edirlər.

Birinci instansiya məhkəməsində icraat

7. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MTK-ya qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia onunla əsaslandırılmışdır ki, Nəsimi rayon İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli sərəncamına əsasən təsərrüfat məqsədi üçün onlara ünvan 2 ünvanında qeyriyaşayış sahəsi verilmişdir. Onlar həmin qeyri-yaşayış sahəsini öz şəxsi vəsaiti hesabına yaşayışa yararlı vəziyyətə gətirərək, 6 nəfər ailə tərkibi ilə birlikdə məskunlaşmışlar. Yararlı vəziyyətə gətirildikdən sonra 3 otaq yaşayış sahəsi 26,7 kv.m., köməkçi sahə 12,5 kv.m., ümumi sahəsi isə 39,2 kv.m-dən və 21 kv.m. həyətdən ibarət olmuşdur. Göstərilənlər Nəsimi rayon İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli sərəncamına əlavə olunmuş sxemdən də görünür. 2017-ci ildə ünvan 2 ünvanında yaşadıqları ev və evin həyəti söküntüyə düşmüşdür. Söküntü işlərini aparan MTK ilə aralarında uzun müddət ərzində danışıqlar olmuşdur. Tikinti şirkəti onları əmin etmişdir ki, onlar yaşadıqları ev və həyətə görə ədalətli kompensasiya alacaqlar. Müqavilə bağlayan zaman isə tikinti şirkəti onları bilərəkdən aldadaraq söküntüyə düşən evin sahəsini az göstərmiş, həyəti isə ümumiyyətlə nəzərə almamışdır. Belə ki, Nəsimi rayon İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli sərəncamına əlavə olunmuş sxemdən də görünür ki, yaşayış sahəsinin ümumi sahəsi 39,2 kv.m. olsa da, şirkətlə bağlanmış müqavilədə mənzilin sahəsi 31 kv.m. qeyd olunmuşdur. Bununla bağlı etirazlarını bildirəndə şirkətin rəsmiləri şifahi olaraq bildirmişlər ki, “narahat olmayın, biz buradayıq, onsuz da evi də biz tikəcəyik”. Lakin tikinti şirkəti onları aldatmış, verdiyi vədə əməl etməmiş və nəticədə iddiaçılara almalı olduqları sahədən dəfələrlə az sahəni vermişlər. Qeyd olunanlara əsasən tərəflər arasında bağlanan xx.xx.2017-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməlidir.

9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1322/2025 saylı 10 aprel 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.

10. Məhkəmə qeyd etmişdir ki, müqavilədə evin sahəsinin yanlış göstərilməsi iddiaçıların hüquqlarını ümumiyyətlə pozmamış, iddiaçılar istifadələrində olduğunu iddia etdikləri sahənin 20 %-dən də əlavə, 2,96 m2 artıq sahə də əldə etmişlər. Beləliklə, məhkəmə hesab etmişdir ki, müqavilədə texniki xəta nəticəsində və ya bilərəkdən səhv yazılmış bu sahə hazırkı iş üzrə müqavilənin etibarsızlığına dəlalət etmir. Çünki müqavilə bağlanarkən tərəflərin vahid iradə ifadəsinin iddiaçıların məskunlaşdıqları sahənin əvəzində 20 % də əlavə edilməklə yeni mənzil verilməsinin olması mübahisəsiz olmuşdur. Müqavilənin icrası nəticəsində də bu iradə ifadəsinin həyata keçirilməsi müəyyən edilmişdir.

11. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçılar qarşı tərəfin onlara hədə-qorxu gəldiyini, əslində evlərinin sökülməsini istəmədiklərini iddia etsələr də, bununla bağlı işlə əlaqəsi olmayan sübutları (divarda “buranı dağıtma, mən qaçqınam” yazısı olan fotoşəkil, komendantın nəsə oğurladığını iddia etdikləri videoyazı və s.) məhkəməyə təqdim etmiş, guya cavabdehin “sizi Şuşaya göndərəcəyik” dediyini şifahi şəkildə bildirmişlər. Məhkəmə araşdırmaları nəticəsində iddiaçıların müqaviləni könüllü razılıq əsasında imzalamaları, onların cavabdeh tərəfindən təhvil verilmiş evi pretenziyasız qəbul edib artıq 5-6 ildir ki, orada yaşamaları müəyyən edilmişdir. İddiaçılar qarşı tərəfin onları hədələdiyini, müqavilə bağlamağa məcbur etdiyini bildirsələr də, bu faktı heç bir əsaslı sübutla təsdiqləməmişlər.

12. Sonda məhkəmə hesab etmişdir ki, iddia tələbi əsassız olduğundan və iddiaçı tərəfindən sübuta yetirilmədiyindən, habelə iddia tələbi ilə bağlı kəsici müddət ötürüldüyündən, hazırkı iddia təmin edilməməlidir.

13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 16.1, 324.5, 337.1-337.2, 337.4-337.5, 339, 347.1-347.2, 347.5-347.7, 354.2, 385.1, 386.1, 390.1, 390.4, 404.1-404.2, 425.1, 442, 560.1-560.2, 662, 752.1, 773-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin dəlilləri

14. İddiaçı2 həmin qətnamədən apellyasiya şikayətini iddia ərizəsində qeyd olunan dəlillər ilə əsaslandırmaqla, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 aprel 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir və bildimişdir ki, onları aldadıblar.

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 apellyasiya şikayətini müdafiə edərək bildirişdir ki, müqavilə etibarsız hesab edilməsi üçün əsas odur ki, onlara kvadratı az veriblər. Onların məhkəməyə gec müraciət etmələrinin səbəbi odur ki, deyirdilər ki, hər şey yaxşı olacaq. 4 ildir ki, şikayət edirlər. Onlar ora köçəndə karantin vaxtı idi, eyni zamanda 44 günlük müharibə də gedirdi.

18. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Apellyasiya baxışının hədləri

19.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 20.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 21.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 22.Məhkəmə kollegiyası qeyd edir ki, qətnamədən yalnız İddiaçı2 apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Mübahisə predmetinin bölünməzliyini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.

Tətbiq edilən maddi hüquq norması

23.Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

24.«İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

25.324.1-ci, 324.2-ci və 324.3-cü maddələrinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. 26.329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə,qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 27.337.1-ci və 337.2-ci maddələrinin məzmununa görə məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 28.337.3-cü və 337.4-cü maddələrinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 29.337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 30.339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. 31.339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 32.339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. 33.354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. 34.390.1-ci maddəyə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 35.390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir.

36.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “T.Qasımovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 1 dekabr 2020-ci il tarixli Qərarına görə Aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: aldadan tərəf müqavilənin bağlanılması və xüsusilə də müqavilənin bağlanmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir; aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni müəyyən bir müqavilənin bağlanmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formalaşdırılmış olmalıdır; müqavilə məhz aldatma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanmış olmalıdır. Belə ki, aldatma olmasaydı mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı (Konstitusiya Məhkəməsi Plenumunun B.Qasımovun şikayəti üzrə 2019cu il 9 dekabr tarixli Qərarı). 37.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə uyğun olaraq, mübahisə edilən əqdlərin etibarsızlığı əqdin mübahisələndirilməsi ilə bağlı iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə şərtləndirilir. Əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa tərəflər məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd bağlandığı andan arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Əqdin əhəmiyyətsizliyi ilə bağlı mübahisə olarsa əhəmiyyətsizliyin təsdiqi üçün məhkəmədə iddia qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqd üzrə yaranan əsassız varlanma halları ilə bağlı icra edilmişlərin geri qaytarılması tələblərinə tətbiq edilir. Bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks etdirilən hüquqi mövqelərə uyğun olaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsində müəyyən edilmiş restitusiya və 354.1-ci maddəsində göstərilən bir illik müddət həmin Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. Tətbiq edilən prosessual hüquq norması

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin

38. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 39.217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

40.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.

41. Belə ki, işə mahiyyəti üzrə baxan məhkəmə mülki qanunvericiliyin əqdin mübahisələndirilməsi ilə bağlı müvafiq normalarını tətbiq etməklə və araşdırmanı aldatmanın olub-olmaması və s. istiqamətində aparmaqla haqlı olmuşdur.

42. Kollegiya vurğulayır ki, qanunverici, etibarsız əqdləri subyekt, iradə ifadəsinin sağlamlığı, forma və məzmun tələbləri və s. baxımdan təsnif etməklə müvafiq maddələrdə qruplaşdırmışdır. Tərəfin iradəsi qüsurlu olan əqd, özündə əqd bağlanarkən daxili iradənin lazımi olmayan şəraitdə formalaşmasını və ya iradənin xaricə düzgün ifadə olunmamasını ehtiva edir. Bu baxımdan, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (tam fəaliyyət qabiliyyətli və səlahiyyətli şəxslərin) iştirakı, onların sağlam (zədələnməmiş) iradəsinin mövcudluğu, bu iradənin lazımi formada və doğru ifadə edilməsi zəruridir. Məhz göstərilən qaydalara əməl edilməklə bağlanmış əqd etibarlı hesab edilir.

43. İddiaçı məhkəməyə müraciət edərək cavabdehin başdan etibarən aldatma niyyətilə hərəkət etdiyini, tərəfindən aldandığını qeyd etməklə iddia tələblərinin qanuni əsası kimi Mülki Məcəllənin 339-cu maddəsinə istinad etmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan maddənin dispozisiya şərtləri müəyyən edilməmişdir.

44. Məhkəmənin gəlidyi qənaəti ilə razılaşan kollegiya işdə olan sənədlərə əsasən belə nəticəyə gəlir ki, mübahisələndirilən müqavilə tərəflərin iradə ifadəsinə və qanunvericiliyin tələblərinə uyğun gələn və onunla müəyyənləşdirilmiş qaydaları və qadağaları pozmayan formada və məzmunda bağlanmış, rəsmiləşdirilən zaman hakimiyyətdən sui-istifadə, zorakılıq, hədələmə təsiri, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi halları olmamış, tərəflərin hər biri müqavilə azadlığı prinsipinə uyğun olaraq iradələrini ifadə etmişlər.

45. Beləliklə iddiaçıların daşınmaz əmlakların əvəzləşdirilməsi müqaviləsinin bağlanması məqsədi ilə aldadılması, həmin müqavilənin məzmunundan məlumatlı olmaması və s. barədə dəlillər öz təsdiqini tapmamış, iddiaçı tərəfindən müqavilənin yalan məlumatlar əsasında hədə-qorxu nəticəsində bağlanması və bu halların onun etibarsızlığına səbəb olması qənaətinə gəlmək üçün hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. İddiaçı ümumiyyətlə adatmanın, qarşı tərəfon qeyri-qanuni davranmasının hansı hərəkətlərdə ifadə olunmasını izah edə bilməmişdir.

46. Bundan başqa iş materiallarından görünür ki, iddiaçı cavabdehə qarşı əvvəllər də iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, MMC ilə aparılan danışıqlara əsasən ona 50 kv.m sahədən ibarət mənzil və 21 kv.m-lik torpaq sahəsinə görə əlavə olaraq hər kv.m sahə üçün 1.000 manat pul vəsaitinin verilməsi vəd edildiyi üçün 21 kv.m-lik torpaq sahəsinin dəyəri olaraq cavabdehdən xeyrinə 20.000 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, cavabdehin iddiaçı qarşısında müqavilədən və ya qanundan irəli gələn, icra edilməmiş digər öhdəliyinin mövcudluğu sübuta yetirilmir.

47. Məhkəmə kollegiyası həmçinin hazırkı mübahisəyə kəsici müddətin tətbiq edilməsinə zərurət olmadığını qeyd edərək vurğulayır ki, qanunvericilik tərəfindən etibarsız əqdlər üzrə müddətlərin kəsici müddət kimi müəyyən edildiyi, kəsici müddətin isə iddia müddətinin bir növü olduğu nəzərə alınmalı, hazırkı mülki iş üzrə iddiaçıların subyektiv hüququnun pozulması müəyyən edilmədiyindən və iddia əsassız olması səbəbi ilə rədd edilməli olduğundan məhkəmənin təşəbbüsünə əsasən kəsici müddətin tətbiqindən (ötürülüb-ötürülmədiyini araşdırılmasından) imtina edilməlidir.

48. Beləliklə birinci instansiya məhkəməsinin gəldiyi qənaət Mülki Məcəllənin 339-cu maddəsinə və Konstitusiya Məhkəməsi Plenumunun aldatma nəticəsində bağlanmış əqdlərin etibarsızlığı ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə uyğun olmuşdır. Məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşır. 49.MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 50.Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. 51.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1, 392, 393,402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1322/2025 saylı 10 aprel 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün İddiaçı2 tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar