Məhkəmə qərarları › İş №2(103)-4004/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4004/2024

21.06.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4004/2024 21.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 12 saylı Notariat Kontoruna qarşı mülki iş üzrə (Açar sözlər: eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisə) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X12 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X6 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 12 saylı Notariat Kontoruna qarşı “xx.xx.2016-cı il tarixli və xx.xx.2023-cü il tarixli vərəsəlik şəhadətnaməsinin etibarsız və miras payının müəyyən olunması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1043/2024 saylı, 15 aprel 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə mülki işə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul olunmuş məhkəmə aktları

1. İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 12 saylı Notariat Kontoruna qarşı “xx.xx.2016-cı il tarixli və xx.xx.2023-cü il tarixli vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi və miras payının müəyyən olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri 12 saylı notariat kontorunun 13 iyul 2023-cü il tarixli 683321 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X7 vərəsəsi Cavabdeh2 Bakı şəhəri, Yasamal rayonu, S. Dadaşov küçəsi, ev 20 miras əmlakdan tam xissədə pay almışdır. Bakı şəhəri 12 saylı notariat kontorunun 14 oktyabr 2016-ci il tarixli X10- Bakı şəhəri, Yasamal rayonu, S. Dadaşov küçəsi, ev 20 və o miras əmlakın 2/3 hissəsinə pay alınması və həmin paya qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Notariat isindən görünür ki, X13 həmin evə xx.xx.2002-ci ildə qeydiyyata alınıb və həmin evdə yaşamayıb. Miras goyan X9 qizı xx.xx.1963-cü ildə ölmüşdür. X3 1969-cu ildə nənəsi Bilqeyiz Məmməd-səfı qızı Cəfərova ilə 11 avqust 1969-cu ildə rəsmi evləniblər. O, 1960-ci ildə anadan olmuş və 1969-cu ildən nənəsinin yanına həmin evə köçmüşdür və bu qünə qədər bu evdə qeydiyyatdadır və ailə üzvləri ilə yaşayır. Cəfərov İbrahim xx.xx.1981-ci ildə vəfat edib. Bilqeyiz Məmməd-səfı qızı Cəfərova 10 04.1992-ci ildə vəfat edib. X13 isə notariat kontoruna 2016-ci ildə müraciət edib. Onu da qeyd etmişdir ki, X13 2007-ci ildə notariat kontoruna ərizə ilə müraciət edərək öz payından imtina edib.

3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 aprel 2024-cü il tarixli, 2(004)- 1043/2024 saylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 12 saylı Notariat Kontoruna qarşı “xx.xx.2016-cı il tarixli və xx.xx.2023-cü il tarixli vərəsəlik şəhadətnaməsinin ləğvi və miras payının müəyyən olunması” tələbinə dair mülki iş üzrə iddianın cavabdeh Bakı şəhəri 12 saylı Notariat Kontoruna qarşı “xx.xx.2016-cı il tarixli vərəsəlik şəhadətnaməsinin ləğvi” hissəsində icraata xitam verilmişdir.

4. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iş materiallarına əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarı ilə iddiaçı Ələkbərov (əvvəlki soyadı Əlimərdanov) Vaqif Frans oğlunun cavabdeh Bakı şəhəri 12 saylı Notariat Kontoruna qarşı “xx.xx.2016-cı il tarixli vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi” tələbinə hüquqi qiymət verilmişdir. İddiaçı cavabdeh Bakı şəhəri 12 saylı Notariat Kontoruna qarşı “xx.xx.2016-cı il tarixli vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi” tələbinə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğundan məhkəmə mülki iş üzrə icraata sözügedən hissədə xitam verilməlidir.

5. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə istinadla əsaslandırmışdır.

Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə:

6. Məhkəmənin həmin qərardadından narazı qalan İddiaçı şikayət ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1043/2024 saylı 15 aprel 2024-cü il tarixli qərardadını ləğv edib, iddia tələbinə mahiyyəti üzrə baxılmasının davam etdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

7. Şikayət onunla əsaslandırılmışdır ki, Cavabdeh2 tərəfindən təqdim edilmiş qətnamədən görünür ki, orda iddiaçı X18 oğlu olub. Hazırki iş üzrə isə İddiaçı oğlu kecir. X18 oğlu Yasamal rayon məhkəmənin 2020-ci il tarixli qərarı ilə X8 2 may 1960-cı ildə X5 doğulmuş X2 atası hesab edilmişdir. Bunun əsasında Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi 20 fevral 2020-ci il tarixdə ona atalığın müəyyən edilməsi haqqında şəhadətnamə vermişdir. Həmin qeydiyyat şöbəsi 11 iyun 2020-ci il tarixli adın, ata adının və soyadının dəyişdirilməsi haqqında şəhadətnamə əsasında X18 oğlu soyadını «Əlimərdanov» dan «Ələkbərov»a, dəyişdirdi. Beləliklə onun tək soyadı dəyişmədi hüququ statusu belə dəyişdi. Ona görə ki, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsindən verilmiş 7-66 nömrəli arxiv arayışından görünür ki, X4 anası Bilqeyiz Məmməd-Şəfi qızıdır. Bu da onu təsdiq edir ki, İddiaçı oğlu X18 oğlu oğlu ilə eyni tərəf deyil. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(004)-3294/2018 nömrəli qətnaməsinə əsasən müəyyən edilir ki, iddiaçı Ələkbərov (əvvəlki soyadı Əlimərdanov) Vaqif Frans oğlunun müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X15 və X13 cəlb olunmuşdurlar. Hazırki iş üzrə isə cavabdehlər Bakı şəhərı 12 saylı notariat kontoru, Cavabdeh2 və maraqlı şəxlər X17i, X11 cəlb olunanlardı. Bu da onu təsdiq edir ki, cavabdehlər də maraqlı şəxslər də fərqlidir, eyni deyillər. Bundan başqa iddianın əsasları da fərqlidir.

8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1043/2024 saylı, 26 aprel 2024-cü il tarixli qərardadı ilə, İddiaçının Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 aprel 2024cü il tarixli, 2(004)-1043/2024 nömrəli qərardadından vermiş olduğu şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

9. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı iddia tələbi üzrə yeni xüsusatların yaranması əsasını göstərsə də, iddiaçı tərəfindən əlavə edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli çıxarışı hazırki iddia tələbi üzrə yeni hüquqi əsasın yaranmasına dəlalət etmir. İddiaçının iddia etdiyi faktiki əsaslar uzun illər öncə vəfat etmiş əvvəlki nəsil üzrə şəxslərin miras əmlakının faktiki qəbul etmələri institutu, həmin mirasın faktiki qəbul institutu üzrə vərəsəlik üzrə sonraki vərəsələrə keçməsi, nəticədə isə iddiaçının hazırki iddiaya hüququnun olmasına söykənir.

Tətbiq edilən hüquq normaları:

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin

10. 261.0.2-ci maddəsinin tələblərinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir.

11. 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır.

12. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir.

13. 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

14. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

15. İşin mübhaisəli halları kontekstində nəzərə alınmalıdır ki, MPM-nin 261.0.2-ci maddəsi iş üzrə icraata xitam verilməsi üçün eyni tərəflər arasında, eyni tələb deyil, məhz eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasını yetərli hesab edir.

16. Qüvvədə olan prosessual qanunvericilikdə iddianı fərdiləşdirən iki elementə rast gəlmək olar: iddianın predmeti və onun əsası (məsələn, MPM-in 53, 153-cü maddələri). Bu elementlər nəinki iddianı, həmçinin iş üzrə prosesin özünü konkretləşdirməyə, onun həcmini, xarakterini, məhkəmənin fəaliyyətinin istiqamətini və xüsusiyyətlərini müəyyən etməyə imkan verir. Prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. İddianın predmeti, barəsində qərar qəbul olunması xahiş edilən subyektiv hüquq olduğu üçün iddianın obyektinə aid olan konkret hərəkətlərin yerinə yetirilməsi, əşyaların alınıb verilməsi kimi tələblərlə eyniləşdirilməməlidir.

17. İddianın əsasını isə irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur. İddianın faktiki əsasını göstərməklə yanaşı, iddiaçı qanuna və digər normativ-hüquqi aktlara, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasına istinad etməyə də haqlıdır. Bu iddianın hüquqi əsasını təşkil edir.

18. Yuxarıda sadalanları konkretləşdirərək məhkəmə kollegiyası qeyd edir ki, ayrıayrı iddia tələblərinin və ya əsasının fərqli formada ifadə olunması və ya zahiri baxımdan fərqlənməsi iddianın predmetinin fərqli olması qənaətinə gəlmək üçün əsas ola bilməz. Odur ki, oxşar iddia tələblərinin eyni predmetli və əsaslı olub-olmamasının müəyyənləşdirilməsi üçün həmin tələblərə iddiaçının subyektiv hüququ, onun qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətləri, iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar baxımından kompleks şəkildə qiymət verilməlidir.

19. İşdə olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(004)-3294/2018 nömrəli qətnaməsinə əsasən iddiaçı Ələkbərov (əvvəlki soyadı Əlimərdanov) Vaqif Frans oğlunun X15 və X13 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdeh Bakı şəhəri 12 saylı Notariat Kontoruna qarşı “xx.xx.2016-cı il tarixli vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi”ni tələb etmək üzrə subyektiv hüquqa malik olmadığı müəyyən edilmişdir. Bu əsas ilə məhkəmə iddianın rədd edilməsi barədə qənaətə gəlmişdir.

20. Qanuni qüvvəsini almış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 3294/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsindən göründüyü kimi iddiaçı Ələkbərov (əvvəlki soyadı Əlimərdanov) Vaqif Frans oğlunun cavabdeh Bakı şəhəri 12 saylı Notariat Kontoruna qarşı (X15 və X13 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “xx.xx.2016-cı il tarixli vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi” tələbinə hüquqi qiymət verilmişdir. Belə ki, iddianın əsaslı olub-olmamasını araşdıran məhkəmə mülki iş üzrə nəticəyə gələrkən iddiaçının X8 ilə Bilqeyiz Məmməd-Şəfi qızının övladı olmadığına deyil, onun miras qoyan X1 birinci növbəli vərəsəsi olmadığına əsaslanmış, miras qoyanın birinci növbəli vərəsəsinin onun oğlu – üçüncü şəxs X13 olmasını qeyd etmişdir. 21.Hazırki mülki iş üzrə iddiaçı Bakı şəhəri 12 saylı Notariat Kontoru və X7 birinci növbəli vərəsəsi olan Cavabdeh2 cavabdeh qismində cəlb etməklə, X7 adına tərtib olunmuş qanun üzrə vərəsəlik haqqında şəhadətnaməni mübahisələndirməklə, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüququnu eyni hüquqi faktlarla əsaslandırmış, bu hüququn mövcudluğunun təsdiqinə nail olmaq niyyətində olmuşdur. 22.Halbuki iddiaçının hüquqi statusunda yenidən məhkəməyə müraciət etməsinə imkan verən dərəcədə dəyişikliyin baş verdiyi halı öz təsdiqini tapmamış, icraata iddianın məhz cavabdeh Bakı şəhəri 12 saylı Notariat Kontoruna qarşı “xx.xx.2016-cı il tarixli vərəsəlik şəhadətnaməsinin ləğvi” hissəsində icraata xitam verilmişdir. Həmçinin məhkəmə haqlı olaraq iddiaçının hazırki tələbinin əvvəlki tələbi ilə predmet və əsas (faktiki və hüquqi) baxımından mahiyyətçə eyni olduğunu nəzərə almışdır.

23. Göründüyü kimi iddiaçı qanuni qüvvəsini almış məhkəmə aktına əsasən öz həllini tapmış məsələni məhkəməyə yenidən müraciət etməklə mübahisələndirir. Halbuki mahiyyəti üzrə araşdırılmış və barəsində yekun məhkəmə aktı qəbul edilmiş halların, o cümlədən həmin hallara əsasən məhkəmənin gəldiyi nəticənin bu cür prosessual qaydada mübahisələndirilməsi yolverilməzdir, bu da həmin nəticənin qanuni və əsaslı olması prezumpsiyasından irəli gəlir.

24. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olduğundan birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün qanuni əsas ola bilməz.

25. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1043/2024 saylı, 15 aprel 2024cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar