Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4010/2021 19.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, Cavabdeh iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-618/2018 saylı, 21 may 2018-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh X5 qarşı inşa olunmuş tikilinin qanunsuz hesab edilməklə sökülməsi və mənəvi zəririn ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayorıu, Ləhiş bağ sahəsi, 5166 saylı bağ sahəsi 11.04.2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 583 nömrəli reyestr kitabının 55230 nömrəli vərəqində xüsusi mülkiyyət kimi adına qeydiyyata alınmışdır. Sözügedən bağ sahəsində yaşayış evinin tikintisi ilə bağlı təqdim etdiyi layihə Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətində baxılaraq, razılaşdırılmış və bu barədə ona 12.05.2017-ci il tarixi, 6-451 Neli məktub göndərilmişdir. Lakin qonşuluğunda olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 5167 saylı bağ sahəsinin sahibi X7 onun razılığı olmadan özbaşına olaraq torpaq sahələrinin sərhədində inşa olunan ortaq divaradaş hasara bitişik şəkildə, təxminən 17,5 metr uzunluğunda tikili inşa etmiş və tikilinin dam örtüyünü də həyətinə tərəf uzatmışdır. Qeyd olunan tikilinin inşası zamanı cavabdeh Bəşirə Əliyevaya öz iradını bildirməklə, həmin tikilinin ortaq sərhəd hasarının üzərində inşa olunmasının qanunla qorunan mənafeyinə toxunduğunu nəzərinə çatdırsa da, sonuncu dediklərinə məhəl qoymayaraq, öz qanunsuz hərəkətini davam etdirmiş və həmin tikilini inşa edib başa çatdırmışdır. Belə olan halda pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət edəcəyini Bəşirə Əliyevaya bildirdikdən sonra sonuncu əsassız olaraq ona qarşı böhtan xarakterli şikayət ərizəsi ilə Bakı şəhəri Sabunçu RPİ-nin 42-ci polis bölməsinə müraciət edərək, bildirmişdir ki, guya onun tərəfindən qeyd olunan tikilinin sökülməsi ilə bağlı ona təzyiq olunmuşdur. Bəşirə Əliyevanın ərizəsi əsasında aparılmış araşdırmanın nəticəsində onun barəsində səsləndirdiyi əsassız fikirlər öz təsdiqini tapmamış və 11.07.2017-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Cavabdeh qanunsuz və əsassız hərəkətləri nəticəsində onun qanunla qorunan hüquq və mənafeləri pozulmuş və mənəvi zərərə düçər olmuşdur. Belə ki, artıq bir neçə aydır ki, mülkiyyətində olan torpaq sahəsində istədiyi dizaynla təsdiq olunmuş layihə əsasında fərdi yaşayış evinin inşasına başlaya bilmir, bundan başqa Cavabdeh qanunsuz hərəkətləri və böhtan xarakterili şikayətləri əsasında əsassız olaraq hüquq-mühafizə orqanlarına və məhkəmə çəkişməsinə cəlb olunmaq məcburiyyətində qalmışdır ki, bu da dərin mənəvi iztirablar keçirməyinə və əsəb-stressə düçar olmağına səbəb olmuşdur. Qeyd olunanlara əsasən hesab edir ki, aşağıda, mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 5166 saylı bağ sahəsi ilə qonşuluqda olan 5167 saylı bağ sahəsinin sərhədində inşa olunan ortaq divara- daş hasara bitişik şəkildə cavabdeh X7 tərəfindən inşa olunmuş təxminən 17,5 metr uzunluğunda olan tikili qanunsuz hesab edilməklə sökülməli və mənəvi zərərə görə 20.000 (iyirmi min) manat məbləğində pul X1 alınaraq ona verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Bundan başqa Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 72.1-ci maddəsinə əsasən qonşulardan biri tərəfindən sərhəddə inşa olunmuş yanaşı divarda və ya onun müəyyən hissəsində digər qonşu tərəfindən hər hansı əlavə tikili yalnız həmin qonşunun notariat qaydasında təsdiq olunmuş razılığından sonra inşa edilə bilər. Belə hallarda divarın həmin hissəsi ortaq divar sayılır. Bir qonşu kimi iddiaçının isə heç bir razılığı olmamışdır. Buna görə də, mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 5166 saylı bağ sahəsi ilə qonşuluqda olan 5167 saylı bağ sahəsinin sərhədində inşa olunan ortaq divara-daş hasara bitişik şəkildə cavabdeh X7 tərəfindən inşa olunmuş təxminən 17,5 metr uzunluğunda olan tikilinin qanunsuz hesab edilməklə sökülməsi və mənəvi zərərə görə 20.000 (iyirmi min) manat məbləğində pulun X1 alınaraq mənə verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-618/2018 saylı, 21 may 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən İddiaçı apelyasiya şikayəti verərək, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 21 may 2018-ci il tarixli, 2(008)-618/2018 saylı qətnaməsinin ləğv edilməsi, mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 5166 saylı bağ sahəsi ilə qonşuluqda olan 5167 saylı bağ sahəsinin sərhədində ortaq divara-daş hasara bitişik şəkildə Cavabdeh tərəfindən inşa olunmuş təxminən 17,5 metr uzunluğunda olan tikilinin qanunsuz hesab edilməklə sökülməsi və mənəvi zərərə görə 20.000 (iyirmi min) manat məbləğində pulun Cavabdeh alınaraq ona verilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmışdır. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-9912/2018 saylı, 19 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı apelyasiya şikayətinin təmin edilməməsi və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-618/2018 saylı, 21 may 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamədən İddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 04 iyun 2019-cu il tarixli, 2(102)-3933/2019 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 oktyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-394/2020 saylı, 04 mart 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı apelyasiya şikayətinin təmin edilməməsi və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-618/2018 saylı, 21 may 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamədən İddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 02 fevral 2021-ci il tarixli, 2(102)-65/2021 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-394/2020 nömrəli iş üzrə 04 mart 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apelyasiya baxışına göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş İddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-618/2028 saylı iş üzrə 21 may 2018-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 5166 saylı bağ sahəsi ilə qonşuluqda olan 5167 saylı bağ sahəsinin sərhəddində inşa olunan ortaq divarda-daş hasara bitişik şəkildə Cavabdeh tərəfindən inşa olunmuş sahəsi 31 kv.m (4.5 x 6.8), sahəsi 11 kv.m (3.7 x 2.8) və sahəsi 4 kv.m olan (1.6 x 2.6) tikillər Cavabdeh hesabına sökülməli və mənəvi zərərə görə 300 (üç yüz) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir: Belə ki, işdə olan Bakı şəhəri İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının inkişafı və istismarı birliyi tərəfindən verilmiş 21 saylı orderin surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 0.12 ha torpaq sahəsi olan 5167 saylı bağ 19 noyabr 1990-cı ildə X3 istifadəsinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilən Seriya RX ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, sahəsi 0,1174 ha olan 5167 saylı bağ sahəsi X3 xüsusi mülkiyyətindədir. İşdə olan Bakı şəhəri Sabunçu Rauon İcra Hakimiyyəti başçısının X4 ünvanladığı 06 fevral 2017-ci il tarixli məktubda göstərilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 5167 saylı bağ sahəsində bağ evinin tikintisi ilə bağlı təqdim olunmuş layihəyə Sabunçu Rayon İcra Hakimiyyətində baxılaraq razılaşdırılmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinin 08.04.2017-ci il tarixli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, reyestr nömrəsi **********56 olan, sənəd üzrə sahəsi 0.12 ha, faktiki sahəsi 0.12 ha olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 5166 saylı bağ sahəsi xüsusi mülkiyyət kimi İddiaçının adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilən Seriya RX ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 5166 saylı bağ sahəsi 11.04.2017- ci il tarixdən İddiaçı xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 02 aprel 2018-ci ii tarixli mütəxəssis rəyində göstərilir ki, Mütəxəssis rəyinin verilməsi üçün tərəflərin iştirakı ilə tərəflərin naturada göstərdikləri mübahisələndirilən ərazinin koordinatları müəyyən edilməklə yerində ölçüldü. Ölçmə işlərinin nəticəsi kameral şəraitdə “Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzinin elektron bazasında araşdırılıb sxemlər hazırlanmışdır. Baza məlumatlarına əsasən İddiaçı mübahisələndirdiyi Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 5166 saylı bağ sahəsi ilə qonşuluqda olan 5167 saylı bağ sahəsini ayıran daş hasar həmin bağ sahələrinin sərhəddindədir. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 5166 saylı bağ sahəsi ilə qonşuluqda olan 5167 saylı bağ sahəsinin sərhəddində inşa olunan ortaq divaradaş hasara bitişik cavabdehə məxsus tikili X6 mülkiyyətində olan torpaq sahəsində inşa edilmişdir. İşdə olan Məhkəmə Ekspertiza Mərkəzinin 09 aprel 2018-ci il tarixli, 32662 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin 1 saylı Bakı şəhər LTİ-nin aparıcı məsləhətçisi İlham Şərifovun tərtib etdiyi mütəxəssis rəyinin göstəricilərini nəzərə alaraq, İddiaçı mübahisələndirdiyi Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 5166 saylı bağ sahəsi ilə qonşuluqda olan 5167 saylı bağ sahəsini ayıran daş hasar həmin bağ sahələrinin sərhəddində olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş mütəxəssis rəyinin məlumatlarını və cavabdehə məxsus torpaq sahəsinin parametrlərinin onun bağ sahəsinə verilmiş plan və ölçü sənədinə uyğun olduğunu nəzərə alaraq, X8 tərəfindən inşa edilmiş tikililərin onun mülkiyyətində olan torpaq sahəsində yerləşdiyi müəyyən edilmişdir. Həmin tikililər sahəsi 31 kv.metr (4,5x6,8), sahəsi 11 kv.metr (3,7x2,8) və sahəsi 4 kv.metr olan (1,6x2,6) üç tikilidən ibarətdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş mütəxəssis rəyinin məlumatlarını nəzərə alaraq və eləcə də həmin iddiaçının həmdə cavabdehin bağ sahələrinə küçə tərəfdən ayrı-ayrılıqda giriş-çıxış qapılarının olduğunu nəzərə alaraq, mövcud olan tikililər iddiaçının Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 5166 saylı bağ sahəsindən istifadəsinə məhdudiyyət yaratmadığı müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, mübahisə predmet olan həmin tikililər iddiaçının Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 5166 saylı bağ sahəsini əldə edərkən artıq inşa edilmiş və həmin mərhələdə dam örtüyünün tamamlanma işləri həyata keçirilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi ilkin hissədə təmin edilmədiyi üçün mənəvi zərərin ödəilməsi hissəsində də rədd edilməlidir. Kollegiya birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyini əsaslı hesab etmir. Belə ki, kassasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qərarında qeyd olunmuşdur ki, işə baxan apellyasiya instansiyası məhkəməsi kassasiya instansiyası məhkəməsinin həmin iş üzrə əvvəlki icraat zamanı vermiş olduğu göstərişləri yerinə yetirməmiş və dəyərləndirməni ona uyğun aparmamışdır. 2-ci apellyasiya icraatı zamanı məhkəmənin təyin etdiyi ekspertizaya heç bir lüzum olmamışdır. Ekspertiza qarşısında qoyulmuş suallar mübahisənin həlli baxımından əhəmiyyət kəsb etmirdi. Ona görə ekspert haqlı olaraq rəy verməkdən imtina etmişdir. Çünki hazırkı işdə işin faktiki halları artıq aydındır, mövcud faktlar əsasında mübahisəyə tələbin uyğun gələn qanuni əsasını tapmaqla qiymət verilməli idi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. İşin halları ondan ibarətdir ki, tərəflər qonşudurlar. Hər birinin 12 sot bağ sahəsi var. Onların bağ sahələrini orta divar ayırır. Ekspert rəyi ilə müəyyən edilmişdir ki, orta divar məhz qonşuların torpaqlarının kəsişmə sərhəddində inşa edilmişdir. Cavabdeh orta divarın üstündə uzunluğu 17 metr olan tikili tikmiş və dam örtüyü iddiaçının tərəfinə 30-40 sm. çıxarılmışdır. Həmin tikililər sahəsi 31 kv.m (4.5x6.8), sahəsi 11 kv.m (3.7x2.8) və sahəsi 4 kv.metr olan (1.6x2.6) üç tikilidən ibarətdir. Yağış suları iddiaçının tərəfinə axır. Qeyd olunan faktiki hallara uyğun olaraq mübahisə ilə bağlı dəyərləndirmə aparılmalıdır. Deməli, birinci instansiya məhkəməsinin mövqeyi belə olmuşdur ki, hazırkı işdə tələbin qanuni əsası kimi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 72.1. maddəsi deyil (çünki mübahisəli divar qonşu divar deyil, orta divardır), qonşuluq hüququnu nizama salan maddi hüquq normaları tətbiq edilməlidir. Həmin normaların tətbiqi isə, iddiaçının üzərinə qonşu təsirinə dözmək vəzifəsi qoyduğundan iddia rədd edilməlidir. Məhkəmə kollegiyası hüququn tətbiqi ilə bağlı fikir müxtəlifliyini nəzərə alaraq şərh edilən maddi hüquq normalarının dispozisiya şərtlərinə aydınlıq gətirilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi 72.1. maddəsinə əsasən qonşulardan biri tərəfindən sərhəddə inşa olunmuş yanaşı divarda və ya onun müəyyən hissəsində digər qonşu tərəfindən hər hansı əlavə tikili yalnız həmin qonşunun notariat qaydasında təsdiq olunmuş razılığından sonra inşa edilə bilər. Belə hallarda divarın həmin hissəsi ortaq divar sayılır. İşə baxan məhkəmə həmin normada istifadə olunan yanaşı sözünə görə hesab etmişdir ki, həmin normada söhbət qonşular arasındakı ortaq divardan deyil, onlara aid olmayan yanaşı divardan söhbət gedir. Əslində belə yanaşma normanın məzmunu ilə ziddiyyət təşkil edir. Beləki, normada qonşulardan biri tərəfindən sərhəddə inşa olunmuş yanaşı divar sözlərindən istifadə edilir. Divar sərhəddə (iki qonşunun) inşa edilirsə və eyni zamanda onun üzərində tikinti işləri aparılırsa, deməli həmin divar qonşular arasındakı ortaq divar olmaqla həm də yanaşı divardır. Yanaşı divar o halda ola bilərdi ki, cavabdeh qonşunun sərhəddindəki divardan qanunla müəyyən edilmiş məsafəni saxlamaqla başqa divar inşa etmiş olardı. Hətta, yanaşı divar olsaydı belə həmin yanaşı divarlar arasında tikinti işləri aparılsadı 72.1. maddəsinin dispozisiya şərtlərinə uyğun olaraq divarın həmin hissəsi ortaq divar sayılır. Nəzərə almaq lazımdır ki, ortaq divarın hüquqi rejimi yanaşı divarın hüquqi rejimindən daha ciddi hüquqi nəticəyə səbəb olur. Çünki bu divar yanaşı divar kimi qonşu divarından kənarda yerləşmir, qonşu torpaqları ayırdığı üçün qonşuluq hüqunun tətbiqinə əsas verir. Tərəflər arasında yanaşı divar olmadığından və mübahisəsi gedən divar ortaq divar sayıldığından mübahisəyə qonşuluq hüququnu nizama salan maddi hüquq normaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 170.1-ci maddəsinə görə ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 170.2-ci maddəsinə görə qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Həmin Məcəllənin 171.1-ci maddəsinə görə torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Göründüyü kimi qonşuluq hüququ ortaq divarda tikintinin aparılmasını heç bir halda qəbul etmir. Qonşuluq hüququ daşınmaz əmlakın mülkiyyətçisinin öz sahəsindən istifadə etməsində ona maneçilik yaratmayan, hüququnu əhəmiyyətsiz dərəcədə pozan, hədsiz olmayan təsirlərdən dözülməsini özündə ehtiva edir. Bu halda da əmlakdan istifadəyə maneə olmamalıdır. Normanın məzmunundan göründüyü kimi belə maneçiliklər qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərə dözümlülük göstərilməsini nəzərdə tutur. Ortaq divar üzərində tikinti aparılması həmin normanın dözümlülük anlayışı ilə ehtiva oluna bilməz. Çünki ortaq divarın zəbt edilməsi divarın digər mülkiyyətçisini (ortaq divar birgə mülkiyyətdir) ondan istifadə etməsinə maneçilik törədir, dözümlülük anlayışından kənara çıxaraq mülkiyyət hüquqlarını məhdudlaşdırır. Belə maneçiliyin əhəmiyyətli olması aşkardır. Qonşu tikilinin yağış sularının digər mülkiyətçinin torpaq sahəsinə axıdılması, qonşunun həmin divar boyu istifadəsini məhdudlaşdırır, həmin divarın daim nəm olmasına şərait yaradır, divarın xarici görünüşünü pozur, tikilinin ümumi fonunu pozur və.s. Birinci instansiya məhkəməsi tərəfindən ekspertiza keçirilərkən ekspert rəyində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş mütəxəssis rəyinin məlumatların nəzərə alaraq və eləcə də həm iddiaçının, həm də cavabdehin bağ sahələrinə küçə tərəfdən ayrı-ayrılıqda giriş-çıxış qapılarının olduğunu nəzərə alaraq, mövcud olan tikililər iddiaçının bağ sahəsindən istifadəsinə məhdudiyyət yaratmadığı müəyyən edilmişdir. Qeyd olunan ekspert rəyi qeyd olunan hissədə iddianın rədd edilməsi üçün məhkəmə qərarlarında əsas kimi göstərilməsi qanunsuzdur, sübutların qiymətləndirilməsi prinsiplərinə ziddir. Əvvəla, mübahisəli tikilinin iddiaçının hüquqlarını pozub-pozmadığı ekspertin səlahiyyətinə aid olan məsələ deyil, qiymətləndirmə məsələsidir. Bundan başqa, həmin rəyin hazırkı mübahisəyə aidiyyəti yoxdur. Çünki ekspert tərəflərin bağ sahələrinə küçə tərəfdən ayrı-ayrılıqda giriş-çıxış qapılarının olduğunu nəzərə alaraq belə bir rəy vermişdir. Hansı ki, tərəflərin bağ sahəsinə ayrı-ayrılıqda giriş-çıxış qapılarının olması işin mübahisəli halı olmamışdır. Nəzərə almaq lazımdır ki, mövcud qanunvericilik (mülki qanunvericilik, şəhərsalma və tikinti qanunvericiliyi) qonşuluq hüququnun qorunması mövqeyindən və eləcədə şəhərsalma mövqeyindən çıxış edərək ortaq divar üzərində tikinti aparılmasını qəbul etmir və ona görə həmin divar üzərində hansısa tikinti aparılması məsələlərini ümumiyyətlə nizama salmır. Belə tikililər birbaşa qonşunun hüquqlarını pozmaqla şəhərsalma qaydalarına ziddir. Təsadüfi deyil ki, qanunvericilik qonşu tikililər arasında ara məsafəsinin qoyulmasını birmənalı olaraq tənzimləyir (maddə 69.1.). Ara məsafəsinin saxlanmasını istisna edən şərtlər də həmin norma ilə nizama salınır ki, hazırkı halda həmin şərtlər mövcud deyil. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər qonşudurlar. Hər birinin 12 sot bağ sahəsi var. Onların bağ sahələrini orta divar ayırır. Ekspert rəyi ilə müəyyən edilmişdir ki, orta divar məhz qonşuların torpaqlarının kəsişmə sərhəddində inşa edilmişdir. Cavabdeh orta divarın üstündə uzunluğu 17 metr olan tikili tikmiş və dam örtüyü iddiaçının tərəfinə 30-40 sm. çıxarılmışdır. Həmin tikililər sahəsi 31 kv.m (4.5x6.8), sahəsi 11 kv.m (3.7x2.8) və sahəsi 4 kv.metr olan (1.6x2.6) üç tikilidən ibarətdir. Yağış suları iddiaçının tərəfinə axır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin mənəvi ziyanın tutulması hissəsində rədd etməkdə də haqlı olmamışdır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Bundan əlavə, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmçinin, Plenum yuxarıda adı çəkilən qərarda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə kollegiyası qeyd edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkən keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. İş materialları ilə müəyyən olunur ki, İddiaçı mülkiyyətində olan bağ sahəsinin sərhəddində inşa olunan ortaq divarda-daş hasara bitişik şəkildə Cavabdeh tərəfindən tikililər inşa edilmiş və maneə yaradan hərəkətlər edilmişdir. Məhkəmə kollegiyası qeyd edilənlər üzrə dəyərləndirmə apararaq hesab edir ki, İddiaçı mənəvi sarsıntı və iztirablara məruz qalması cavabdehin təqsiri nəticəsində baş verməsi işin mübahisələndirilməyən halıdır. Göründüyü kimi, iddia tələbi mənəvi ziyanın tutulması hissəsində qismən əsaslı olduğundan, cavabdehdən iddiaçının xeyrinə 300 (üç yüz) manat məbləğində mənəvi ziyanın əvəzi tutulması qanuni olmaqla yanaşı ədalətlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İş materiallarında olan qəbzin surətindən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsi üçün 10 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 09 aprel 2018-ci il tarixli, 32662 saylı məktublarından göründüyü kimi, aparılmış tədqiqatının dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya qeyd edir ki, iş üzrə iddia ərizəsinin verilməsi üçün ödənilmiş 10 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Həmçinin kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə mühəndis-texniki ekspertizasının xərci 50 manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə işin müəyyən edilmiş hallarına və qanunvericiliyin tələblərinə uyğun olmamaqla qanuni və əsaslı hesab edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-618/2018 saylı iş üzrə 21 may 2018-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 5166 saylı bağ sahəsi ilə qonşuluqda olan 5167 saylı bağ sahəsinin sərhəddində inşa olunan ortaq divarda-daş hasara bitişik şəkildə Cavabdeh tərəfindən inşa olunmuş sahəsi 31 kv.m (4.5 x 6.8), sahəsi 11 kv.m (3.7 x 2.8) və sahəsi 4 kv.m olan (1.6 x 2.6) tikillər Cavabdeh hesabına sökülməli və mənəvi zərərə görə 300 (üç yüz) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı apelyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-618/2018 saylı iş üzrə 21 may 2018-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 5166 saylı bağ sahəsi ilə qonşuluqda olan 5167 saylı bağ sahəsinin sərhəddində inşa olunan ortaq divarda-daş hasara bitişik şəkildə Cavabdeh tərəfindən inşa olunmuş sahəsi 31 kv.m (4.5x6.8), sahəsi 11 kv.m (3.7x2.8) və sahəsi 4 kv.m olan (1.6x2.6) tikillər Cavabdeh hesabına sökülsün və mənəvi zərərə görə 300 (üç yüz) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 10 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X2 kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK:CTREAZ22, VÖEN: **********, hesab:AZ34CTRE ********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4010/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4010/2021
19.05.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver