Məhkəmə qərarları › İş №2(103)-4010/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4010/2025

23.07.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4010/2025 23.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: əsassız hesablanmış borcun silinməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-1975/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materillarında olan “Təbii X2nın pozulması haqqında” ******* saylı, xx.xx.2023-cü il tarixli AKT-ın surətindən görünür ki, sayğacdan kənar qeyri-qanuni təbi qazdan istifadə olunmuşdur.

2. GASREP-dən görünür ki, xx.xx.2025-ci il tarixə abonentə 8812.8 məbləğində borc hesablanmışdır, borca görə 181.5 manat tutulmuşdur.

3. Abonent saldosundan görünür ki, iddiaçıya 2023-cü ilə 8812,8 manat məbləğində borc hesablanmışdır.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Neft şirkəti Cavabdeh tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Cənub şərq hissəsi, nömrəsiz evdə quraşdırılmış **********05045 abonent kodlu, “SMART” G-4 markalı 1402AZ**********34 saylı qaz sayğacına itirilmiş qaz sərfiyyatına görə qanunsuz olaraq hesablanmış cari 8631,6 (səkkiz min altı yüz otuz bir manat altmış qəpik) manat məbləğində əsassız borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Cənub şərq hissəsi, nömrəsiz ev onun və ailə üzvlərinin istifadəsindədir. Sözü gedən fərdi yaşayış evi quraşdırılmış ona məxsus **********05045 abonent kodlu, “SMART” G-4 markalı 1402AZ**********34 saylı qaz sayğacına əsassız olaraq itirilmiş qaz sərfiyyatına görə ona borc hesablanmış, borc məbləğinin maddi ziyanın əvəzi kimi ödənilməsini tələb edilmişdir. Lakin tərəfindən hər hansı bir qanun pozuntusuna yol verilməmişdir. Qeyd etmişdir ki, xx.xx.2016-cı il tarixində **********05045 abonent kodlu, “SMART” G-4 markalı 1402AZ**********34 saylı qaz sayğacı quraşdırılmışdır. Bu barədə ******* saylı akt tərtib edilərək ona təqdim edilmişdir. Həmin vaxtdan etibarən onlar qanunuyğun olaraq qaz sərfiyyatından istifadə edir, itirilmiş qaz sərfiyyatına görə vaxtında ödənişləri həyata keçirirlər. Göründüyü kimi, uzun illərdir ki, qaz sayğacı quraşdırılmış və tərəflərindən vaxtlı-vaxtında sərf etmiş qazın dəyəri qisimində pulu ödənilmişdir. Bildirmişdir ki, xx.xx.2025-ci il tarixində bütün kommunal xidmətlərin ödənişlərini icra edən zaman ona məlum olmuşdur ki, guya təbii qazdan istifadə edilməsi nəticəsində dəymiş zərərə görə itirilmiş qaz sərfiyyatına görə ona əhəmiyyətli dərəcədə böyük məbləğdə əsassız borc hesablanmış, borc məbləğinin maddi ziyanın əvəzi kimi ödənilməsini tələb edilmişdir. Bu məsələnin araşdırılması məqsədilə tərəfindən aidiyyatı orqana müraciət olunmuş, nəticədə bununla bağlı ona Abonentin saldosu təqdim edilmişdir (Abonentin saldosu ərizəyə əlavə edilmişdir). Həmin Abonentin saldosuna əsasən, ona 8631,6 (səkkiz min altı yüz otuz bir manat altmış qəpik) manat məbləğində əsassız borc hesablanmışdır. Bildirmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Cənub şərq hissəsi, nömrəsiz evdə quraşdırılmış, ona məxsus **********05045 abonent kodlu, “SMART” G-4 markalı 1402AZ**********34 saylı qaz sayğacına xx.xx.2023-cü il tarixində Dövlət Neft Şirkəti Cavabdeh əməkdaşları tərəfindən baxış keçirilmiş, guya təbii qazdan qeyri-qanuni, sayğacdan kənar xətdən istifadə edildiyi üçün Dövlət Neft şirkəti Cavabdeh əməkdaşları tərəfindən “Təbii X2nın pozulması haqqında” ******* saylı, xx.xx.2023-cü il tarixli akt tərtib olunmuşdur (Aktın surəti Ərizəyə əlavə edilmişdir). Həmin akt əsasında tərtib olunmuş xx.xx.2023-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”dən də aşkar olduğu kimi, sayğacdan kənar qeyri-qanuni qaz xəttinin ləğv edilməsi, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması, ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icrası qərara alınmışdır. Halbuki tərəfindən hər hansı bir qanun pozuntusuna yol verilməmişdir. Odur ki, belə olan təqdirdə cavabdeh tərəfindən bu cür əsassız borcun hesablanmasının qanunamüvafiq olmadığını hesab edir. Bunun üçün qanunsuz tələb olunan pulun, əsassız hesablanmış borcun silinməsi üçün bir tək ədalət mühakiməsini həyata keçirən məhkəməyə ümidi qalır. Azərbaycan Respublikasının bir vətəndaşı kimi qanunla mühafizə edilən Konstitusion hüquqları kobud surətdə Cavabdeh tərəfindən pozulmuşdur. Bütün göstərilənləri əsas götürərək, ondan qanunsuz olaraq tələb olunan itirilmiş qaz sərfiyyatına görə hesablanmış 8631,6 (səkkiz min altı yüz otuz bir manat altmış qəpik) manat məbləğində borcun silinməsini məqsədə müvafiq hesab edərək müraciət etmişdir.

6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-1975/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Sahibə Hacıyeva) iddianın təmin edilməsi, “Təbii X2nın pozulması haqqında” ******* saylı, xx.xx.2024-cü il tarixli akta əsasən Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Cənub şərq hissəsi ünvanı üzrə (abonent kodu: **********05045 olan) abonent İddiaçı Cavabdeh tərəfindən hesablanmış 8631,6 (səkkiz min altı yüz otuz bir manat altmış qəpik) manat məbləğində borcun silinməsi, Cavabdehndən 106,32 (yüz altı manat otuz iki qəpik) manat dövlət rüsumunun alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir.

7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2, 448.2-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X2”nın 4.2, 4.6, 4.7, 4.8, 4.9, 5.2, 6.5, 6.7-ci bəndlərinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə, 8-1-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 119.2, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin, apellyasiya şikayətinə etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

8. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək apellyasiya şikayətinin təmin edilməsi və qətnamənin ləğv edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmiş, prosessuаl hüquq normаsının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə qətnamənin ləğv edilməsinə əsasdır. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyriqanuni şəkildə təbii qazı talaması faktı aşkar olunmuş, aşkar olunmuş fakt yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii qazdanistifadə qaydalarının pozulması haqqında” Aktla rəsmiləşdirilmişdir (iş materiallarında vardır). Daha sonra həmin Akt əsasında “Dəymiş ziyanın bərpasına dair” Tələbnamə təsdiq edilmişdir (iş materiallarında vardır). Həmin Tələbnaməyə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həçminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Göründüyü kimi İddiaçı qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacsız qeyri-qanuni istifadə etməklə Cavabdeh İB-nə böyük məbləğdə ziyan vurmuşdur. Belə olan halda birinci instansiya məhkəməsi iddia tələbini təmin edərək, səhv nəticəyə gələrək, əsassız qətnamə qəbul etmişdir. Halbuki, iş materiallarına əlavə edilmiş sübutlar iddia tələbinin rədd edilməsinə əsas verdiyi halda, birinci instansiya məhkəməsi əsassız yerə iddia tələbini təmin etmişdir. İddiaçının ona vurulmuş maddi zərərin əvəzini tam ödənilməsini tələb etmək və s. hüququnun olmasına, həmçinin buna əsas olan sübutların olmasına, həmin maddi hüquq normasına qətnamədə istinad olunmasına baxmayaraq, birinci instansiya məhkəməsi iddia tələbinin vurulmuş maddi zərərin əvəzinin cavabdehdən tutulması hissəsində təmin etməklə səhv nəticəyə gəlmiş, qeyd olunan maddi hüquq normalarının tələblərini pozaraq, düzgün olmayan qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi sübutlara faktların müəyyən edilməsi, mötəbərliyi baxımından obyektiv, qərəzsiz, hərtərəfli araşdırılmasını və sonra hüquq normalarına müvafiq olaraq düzgün qiymətləndirilməsini təmin etməmişdir. Belə olmasaydı birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsini qət edərdi. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutu, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini aydın göstərməlidir Belə ki, iş materiallarında yer almış və təqdim olunan sübutlar tam əsaslı olmasını göstərdiyi halda birinci instansiya məhkəməsi səhv nəticəyə gələrək, iddia ərizəsini təmin etmişdir. İddia tələbinin təmin edilməsi abonenti təbii qazla təchiz edən və onun dəyərini yığmaq öhdəliyini daşıyan Cavabdeh hüquqununpozulması kimi qiymətləndirilməlidir. Sayğacdan kənar xəttə qanunsuz qoşulma öz-özlüyündə sayğaca təbii qazın sərfiyyatının istifadə olunan qədərindən az göstərilməsinə nail olmaq üçün edilən hərəkət kimi qiymətləndirilməlidir. Cavabdeh tərəfindən qanunsuz istifadə edilmiş təbii qazın həcmini (qeydə alınmayan) hesablayaraq müvafiq akta qeyd etmişdir. Belə ki, dəymiş ziyanhəcmi Birliyin mütəxəssisləri tərəfindən hesablanmışdır. Dəymiş ziyanın həcminin hesablanmasında mütəxəssislər abonentin faktiki istifadəsində olan qaz cihazlarının (işlədiciləri) sərfiyyat göstəriciləri əsasında hesabat aparmışlar. Məlum məsələdir ki, abonent təbii qazı sayğacsız istifadə edərkən qənaət etmək barədə düşünməyəcək, əksinə israf edərək təbii qazı talayacaqdır. Bunun nəticəsi olaraq da, birinci instansiya məhkəməsinin gəldiyi səhv nəticə qazpaylayıcı şirkətin hüquqlarını kobud surətdə pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən isə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Beləliklə birinci instansiya məhkəməsinin qətnamədə göstərdiyi nəticə işin hallarına uyğun olmamışdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

b) Proses iştirakçılarının izahatı

11. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı və cavabdeh tərəf məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə hər hansı məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçı və cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X2»nın

12. Qazpaylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir (1.3).

13. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir (1.4).

14. Özbaşına qaz qurğularının quraşdırılmasını həyata keçirmək istehlakçılara qadağandır (3.4.1).

15. 4.2.-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.

16. 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır.

17. 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.

18. 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

19. 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

20. 6.5-6.7-ci bəndlərinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qazpaylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsən tələb etməlidir. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallara adan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarım bəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktlar rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu:

21. 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

22. 8-1-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş X2 ilə tənzimlənir.

“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu:

23. 3. (İstehlakçılar) öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər.

24. 26. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir.

Azərbaycan Respublkasının Mülki Məcəlləsi

25. Maddə 560.1. mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Maddə 89.1. Yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır.

30. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

31. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

34. Hazırki halda, cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-1975/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

36. Kollegiya hesab edir ki, iddiaçı əsassız olaraq hesablanmış borcun abonent hesabından silinməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.

37. Kollegiya qeyd edir ki, zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, zərərvuran şəxsin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir.

38. İşin halları ilə müəyyən edilmişdir ki, İddiaçı yaşadığı ünvanda qaz sayğacına yoxlanış keçirilən zaman ona akt tərtib olunmuş və itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 8812.8 manat məbləğində borc tələb edilmişdir. Cavabdeh tərəfindən iddiaçının qeyri-qanuni olaraq kənar xətt vasitəsilə təbii qazdan istifadə etməsi əsas gətirilmiş, bu səbəbdən borc hesablanmışdır.

39. Məhkəmə qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən qaz xəttinə qaz sayğacından kənar qeyri-qanuni xətlə qoşulması halı öz təsdiqini tapmamışdır.

40. “X2”nın 6.5 və 6.7-ci bəndlərinə əsasən akt tərtib edilərkən ilk növbədə abonentin iştirakı təmin edilməli, aktın bir nüsxəsi ona təqdim edilməlidir.

41. Kollegiya hesab edir ki, cavabdeh tərəfindən təqdim edilmiş aktlar qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyindən mötəbər sübut kimi qəbul edilməməlidir. Hazırkı iş üzrə tərtib edilmiş aktlarda abonentin iştirakı təmin edilməmiş, nə də aktın surəti ona təqdim edilməmişdir. Həmçinin, iş materiallarından tərtib edilmiş aktın surətinin sonradan hər hansı bir üsulla, o cümlədən poçt vasitəsilə abonentə çatdırılması müəyyən edilməmişdir. Müəyyən edilmiş formada tərtib edilməsi nəzərdə tutulmuş aktda həm aktı tərtib edən cavabdehin əməkdaşlarının, həm də istehlakçının (nümayəndəsinin) iştirakı nəzərdə tutulmuşdursa, mütləq qaydada istehlakçının iştirakı təmin edilməli, akt hər iki tərəfin iştirakı qaydasında tərtib edilməlidir. Əks halda, aktda qeyd edilən pozuntu hallarının həqiqətən də baş verməsi və yaxud istehlakçı tərəfindən törədilməsi ciddi şübhə doğurur.

42. Kollegiya hesab edir ki, iddiaçı tərəfindən etiraf edilməyən və qanuniliyi mübahisələndirilən istifadəçinin sayğacdan kənar xətt çəkilməsi yolu ilə təbii qazdan qeyriqanuni istifadə etməsinə görə tərtib edilmiş aktlar əsasında itirilmiş qazın bərpasına görə zərərin yaranmasını iddia etsə də, iş üzrə halların məhkəmədə tədqiq olunması zamanı tələb edilən 8812,8 manat məbləğində borcunun yaranmasına dair əsaslı və mötəbər sübutları cavabdeh məhkəməyə təqdim edə bilməməmişdir. Qanunvericilikdə bu cür aktların qəbul olunması üçün əsas olan halları sübut etmək vəzifəsi aktı qəbul etmiş orqanın üzərinə qoyulmuşdur. Cavabdeh təşkilatın istinad etdiyi halları, yəni zərərin hesablanmasına səbəb olmuş aktın qəbul edilməsi üçün əsas olmuş halları və aktın doğruluğunu sübut etmək vəzifəsi prosessual qanunvericiliyin tələblərinə əsasən aktı tərtib etmiş orqanın üzərinə düşür ki, iddiaçı tərəfindən qəbul edilməyən hallar sübuta yetirilmədiyindən həmin akt üzrə hesablanmış zərər də əsaslı hesab edilə bilməz.

43. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, cavabdeh təşkilatın istinad etdiyi halları, yəni zərərin hesablanmasına səbəb olmuş aktın qəbul edilməsi üçün əsas olmuş halları və aktın doğruluğunu sübut etmək vəzifəsi prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehin üzərinə düşür ki, iddiaçı tərəfindən qəbul edilməyən hallar sübuta yetirilmədiyindən həmin akt üzrə hesablanmış zərər də iddiaçıdan tutula bilməz. Apellyasiya şikayətində göstərilənlər işin halları ilə təkzib olunduğundan apellyasiya şikayəti təmin edilə və məhkəmənin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

44. Kollegiya həmçinin qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Hazırki işdən isə müyyən edilir ki, həmin aktlar tərtib edilərkən bir nüsxəsinin iddiaçıya və qanunvericiliyin tələblərinə uyğun olaraq inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim edilməsi barədə cavabdeh tərəfindən hər hansı bir sübut təqdim edilməmişdir.

45. Həmçinin, cavabdeh tərəf keçən müddət ərzində iddiaçıya ziyanın ödənilməsi istiqamətində rəsmi xəbərdarlığın, bildirişin və s. bu kimi hər hansı sənədin göndərilməsinə dair sübut təqdim edə bilməmişdir. Bununla yanaşı, lobarator baxış zamanı, qüsurun necə və hansı şəraitdə aşkar olunması əsaslandırılmamış, bu zaman abonentin iştirakı təmin olunmamışdır. Sayğacın göstəricilərinə əsasən iddiaçı tərəfindən qazın istehlakına görə hər ay az məbləğdə qaz sərf edildiyi, o cümlədən, qaz sayğacı düzgün işləmədiyi halda, ödəniləcək məbləğin 8631,6 manat məbləğində hesablanmasını məhkəmə ağlabatan hesab etməməklə düzgün nəticəyə gəlmişdir.

46. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddia tələbi tam təmin olunduğundan, iddiaçı da istehlakçı olaraq dövlət rüsumu ödəməkdən azad olunduğundan cavabdehdən 106.32 manat məbləğində dövlət rüsumu alınıb Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir.

47. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

48. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.

49. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

50. Kollegiya hesab edir ki, hazırkı halda apellyasiya şikayəti təmin edilmədiyindən iş üzrə cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.

51. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-1975/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar