Məhkəmə qərarları › İş №2(103)-4014/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4014/2021

14.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4014/2021 14.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri - Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, Türkmənli Lamiyə Elman qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi (vəkili) X2 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı «müqavilə öhdəliklərinin yerinə yetirilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli, 2(001)-2766/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı «müqavilə öhdəliklərinin yerinə yetirilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 16.10.2018-ci il tarixli müqavilələrə əsasən ünvan 1 ünvanında yerləşən binanın B blokunun 18-ci mərtəbəsində sahəsi 150,9 kv.m olan 3 otaqlı, 119 saylı mənzilin və həmin yaşayış binasının B blokunun 18-ci mərtəbəsində sahəsi 110,8 kv.m olan 2 otaqlı, 117 saylı mənzilin Cavabdeh MMC tərəfindən İddiaçı təhvil verilməsi və İddiaçı həmin mənzillərdən istifadəyə bütün maeələrin aradan qaldırılmasının bir vəzifə olaraq Cavabdeh MMC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, cavabdehlə bağladığı 16.10.2018-ci il tarixli müqavilələrə əsasən, ünvan 1 ünvanında yerləşən binanın B blokunun 18-ci mərtəbəsində sahəsi 150,9 kv.m olan 3 otaqlı, 119 saylı mənzilin dəyərini, yəni 150900 manat pulu, həmçinin ünvan 1 ünvanında yerləşən binanın B blokunun 18-ci mərtəbəsində sahəsi 110,8 kv.m olan 2 otaqlı, 117 saylı mənzilin dəyərini, yəni 110800 manat pulu tam ödənilməklə həmin mənzilləri almışdır. Qeyd edilmiş müqavilələrin 3.4-cü bəndinə əsasən, icraçı müqavilə qiyməti tam ödənildikdən sonra mənzili sifarışçiyə təhvil verməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini bu günədək yerinə yetirməmiş, mənzilləri ona təhvil verməmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli, 2(001)- 2766/2020 saylı qətnaməsi ilə (hakim İlkin Əliyev) iddia təmin olunmuş, Cavabdeh MMC tərəfindən ünvan 1 ünvanında inşa edilən binanın B blokunun 18-ci mərtəbəsində sahəsi 150,9 kv.m olan 3 otaqlı 119 saylı mənzilin və B blokunun 18-ci mərtəbəsində sahəsi 110,8 kv.m olan 2 otaqlı, 117 saylı mənzilin İddiaçı təhvil (istifadə və sahibliyinə) verilməsi vəzifəsinin Cavabdeh MMC-yə həvalə edilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayətləri verərək, qətnamənin ləğv olunmasını, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini - birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, məhkəmə iclaslarında iştiraklarının təmin olunmaması, binada tikinti-təmir işlərinin davam etməsi, binanın istismara təhvil verilməməsi, tərəflər arasında bağlanmış müqavilədə də bu halla bağlı müddətin müəyyən olunmaması, müqvilələrin 3.4-cü bəndinə əsasən bina tikildikdən və dəyəri tam ödənildikdən sonra mənzillərin sifarişçiyə təhvil verilməsi, eyni zamanda təsisçilərdən X3 və müqavilə imzalanan vaxtı direktor olmuş X4 barəsində müxtəlif maddələrlə cinayət işinin olması, onların əməlləri nəticəsində binanın tikintisinin tam başa çatmaması kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, orada göstərilən dəlillərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, iddiaçı həqiqətən cavabehlə müvafiq müqavilələr bağlamış, hər iki mənzilin dəyəri tam ödənilmişdir. Həmin hissədə aralarında hər hansı mübahisə yoxdur. Eyni zamanda, yaşayış binası mərtəbələr üzrə inşa olunmuş, eləcə də iddiaçıya məxsus mənzillər tikilmiş, lakin bəzi işlər tamamlanmamışdır (mənzillərin qapısı qoyulmamışdır, kanalizasiya xətləri çəkilir və s.). Tərəflər arasında bağlanmış müqavilələrin 3.4-cü bəndlərində də qeyd olunmuşdur ki, “İcraçı” mənzilə aid olan bütün hüquqları bina tikildikdən və ümumi müqavilə qiyməti tam ödənildikdən sonra “Sifarişçi”yə təhvil verir. Müqavilədə binanının hansı tarixə tikilməli olması ilə bağlı müddət müəyyən olunmamışdır. Hesab edir ki, tina tam tikilmədiyindən mənzillərin iddiaçıya təhvil verilməsi mümkün deyildir. Əlavə olaraq bildirir ki, mübahisə predmeti olan yaşayış binasından mənzillər almış digər şəxslər tərəfindən də onlara qarşı analoji iddialar qaldırılmış və məhkəmə tərəfindən təmin olunmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini əsassız sayaraq, iddia ərizəsində göstərilənlərə və birinci instansiya məhkəməsində verlmiş izahatına uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, yaşayış binası tam inşa olunmuş, bu hal təqdim olunmuş fotoşəkillərdən də tam aydın görünür. Hətta bəzi şəxslərə mənzilləri təhvil verilmiş, həmin şəxslər təmir işlərinə başlamışlar. Bununla yanaşı, həmin binadan mənzillər almış bir qrup şəxs də məhkəməyə analoji tələblərlə müraciət etmiş, tələbləri təmin olunmuşdur. İddiaçı aldığı mənzillərin dəyərini tam ödəmişdir, müqavilə şərtlərini pozmamışdır. Cavabdeh isə formal səbəblər gətirməklə mənzilləri iddiaçıya təhvil verməkdən imtina edir, bununla da iddiaçının əmlak hüquqları pozulur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.1ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, işdə olan Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 16 oktyabr 2018ci il tarixli «Mənzil tikintisi və satışına dair» müqavilədən görünür ki, Cavabdeh MMC ünvan 1 ünvanında yerləşən binanın B blokunun 18-ci mərtəbəsində sahəsi 110,8 kv.m olan 2 otaqlı, 117 saylı mənzilini tikib sifarişçiyə satır. Sifarişçi isə bu müqavilədə göstərilənlərlə tam razılaşaraq, ümumi müqavilə qiymətini bu müqavilədə göstərilmiş qrafik əsasında tam və vaxtında ödəməklə mənzili alır. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən mənzilin 1 kv.metri üçün qiymət 1000 manat məbləğində müəyyən edilmişdir. Mənzilin ümumi müqavilə qiyməti 110800 manat təşkil edir. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən sifarişçi icraçıya ümumi müqavilə qiymətini tam ödəmişdir. İşdə olan Cavabdeh MMC tərəfindən verilmiş 16 oktyabr 2018-ci il tarixli, 10/5 saylı maliyyə arayışının surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, M.Cəlal küçəsi 145 ünvanında inşa edilən yaşayış binası Cavabdeh MMC-yə məxsusdur. Həmin binanın B blokunun 18-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 110,8 kv.m olan 2 otaqlı, 117 saylı mənzilə dair İddiaçı Cavabdeh MMC-yə maliyyə borcu yoxdur. İşdə olan Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 16 oktyabr 2018-ci il tarixli «Mənzil tikintisi və satışına dair» müqavilədən görünür ki, Cavabdeh MMC ünvan 1 ünvanında yerləşən binanın B blokunun 18-ci mərtəbəsində sahəsi 150,9 kv.m olan 3 otaqlı, 119 saylı mənzilini tikib sifarişçiyə satır. Sifarişçi isə bu müqavilədə göstərilənlərlə tam razılaşaraq, ümumi müqavilə qiymətini bu müqavilədə göstərilmiş qrafik əsasında tam və vaxtında ödəməklə mənzili alır. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən mənzilin 1 kv.metri üçün qiymət 1000 manat məbləğində müəyyən edilmişdir. Mənzilin ümumi müqavilə qiyməti 150900 manat təşkil edir. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən sifarişçi icraçıya ümumi müqavilə qiymətini tam ödəmişdir. İşdə olan Cavabdeh MMC tərəfindən verilmiş 16 oktyabr 2018-ci il tarixli, 10/4 saylı maliyyə arayışının surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, M.Cəlal küçəsi 145 ünvanında inşa edilən yaşayış binası Cavabdeh MMC-yə məxsusdur. Həmin binanın B blokunun 18-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 150,9 kv.m olan 3 otaqlı, 119 saylı mənzilə dair İddiaçı Cavabdeh MMC-yə maliyyə borcu yoxdur. İddiaçı hazırki iddia tələbində – dəyərini tam ödədiyi mənzillərin cavabdeh tərəfindən ona təhvil verilərək maneələrin aradan qaldırılması tələb etmişdir. Cavabdeh isə etirazının əsası kimi yaşayış binasının tam tikilməməsini, istismara təhvil alınmamasını və s. göstərmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən müəyyən etmişdir ki, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanan 16 oktyabr 2018-ci il tarixli «Mənzil Tikintisi və Satışına dair» müqavilələrdən görünür ki, Cavabdeh MMC tərəfindən ünvan 1 ünvanında inşa edilən binanın B blokunun 18-ci mərtəbəsində sahəsi 150,9 kv.m olan 3 otaqlı 119 saylı mənzili və B blokunun 18-ci mərtəbəsində sahəsi 110,8 kv.m olan 2 otaqlı, 117 saylı mənzilləri tikib İddiaçı təhvil verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilələrin 5.2-ci bəndindən görünür ki, sifarişçi İddiaçı tərəfindən mənzillərin dəyəri tam və nağd formada ödənilmişdir. Bu baxımdan İddiaçı müqavilələrdə göstərilən əmlaklara sahiblik etmək və ondan istifadə etmək hüququnu əldə etmişdir. Cavabdeh MMC tərəfindən İddiaçı verilən 16 oktyabr 2018-ci il tarixli, 10/4 və 10/5 saylı maliyyə arayışlarından görünür ki, İddiaçı Cavabdeh MMC-yə mənzil alğı-satqısından yaranan borcu yoxdur. Lakin Cavabdeh MMC tərəfindən 16 oktyabr 2018-ci il tarixli «Mənzil Tikintisi və Satışına dair» müqavilələrindən irəli gələn öhdəliklər pozulmuş tikintisi başa çatdırılan mənzillər mülkiyyətçi İddiaçı təhvil verilməmişdir. Məhkəmə formasından, habelə müqavilədə tərəflərin necə adlandırılmasından asılı olmayaraq hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə öz hüquqi təbiətinə görə podrat müqaviləsidir. Belə ki, Cavabdeh MMC hazırki mübahisə üzrə podratçı qismində çıxış edərək, İddiaçı mübahisələndirdiyi yaşayış sahəsini inşa etmiş və İddiaçı sifarişçi qismində çıxış edərək, həmin mənzillərin dəyərini tam olaraq ona ödəmişdir. Məhkəmə kollegisı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, həmçinin apellyasiya şikayətinin dəlilllərini əsassız sayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Tərəflər arasında mübahisə predmeti olan mənzillərin tikintisi və satışına dair 16 oktyabr 2018-ci il tarixli müqavilələrin bağlanması, həmin müqavilələrlə müəyyən olunmuş pul vəsaitlərinin iddiaçı tərəfindən tam ödənilməsi işin mübahisə olunmayan hallarıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 178.8.-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair 25.10.2012-ci il tarixli qərarında qeyd olunur ki, Kooperativ üzvlərinin mülkiyyət hüququ ilə əlaqədar qeyd edilməlidir ki, pay haqqının tam ödənilməsinə qədər kooperativin və onun üzvü arasında yaranan hüquq münasibətləri öhdəlik xarakterlidir. Bu öhdəliyin mahiyyəti ondan ibarətdir ki, kooperativin üzvü yaşayış və ya qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən pay haqqının tam ödənilməsi vəzifəsini, kooperativ isə həmin sahənin müəyyən olunmuş müddətdə kooperativ üzvünə təhvil verilməsi vəzifəsini daşıyır. Beləliklə, kooperativin üzvü tərəfindən kooperativə pay haqqının tam ödənilməsi onun dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə və sərəncam hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ yaradır. Qeyd edilən qərarda həmçinin göstərilmişdir ki, kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. MM-nin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Cavabdeh apellyasiya şikayətində tərəflər arasında bağlanmış müqavilənin 3.4-cü bəndinə əsaslanaraq, iddiaçıya məxsus mənzillərin təhvil verilmədiyini göstərmişdir. Həmin bəndə əsasən – “İcraçı” mənzilə aid olan bütün hüquqları bina tikildikdən və ümumi müqavilə qiyməti tam ödənildikdən sonra “Sifarişçi”yə təhvil verir. Göründüyü kimi, qeyd edilən bənddə mənzilin təhvil verilməməsi ilə bağlı istisna nəzərdə tutulmamışdır. Eyni zamanda, «Mənzilə aid bütün hüquqların Sifarişçiyə təhvil verilməsi» dedikdə konkret olaraq nəyin nəzərdə tutulması müqavilədə tam və aydın göstərilməmişdir. Bu tip müqavilələr məhz iddiaçı tərəfindən tərtib olunaraq mənzil əldə etmək niyyətində olan şəxslərə təqdim edildiyindən, onun təfsiri zamanı bütün qeyrimüəyyənliklər cavabdehin ziyanına şərh olunmalıdır. Belə ki, MM-nin 417.1-ci maddəsinə əsasən müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir. MM-nin 419-cu maddəsinə əsasən müqavilələrin standart şərtlərinin formaca qeyriadi olduğuna görə digər tərəfin nəzərdə tuta bilmədiyi müddəaları müqavilənin tərkib hissəsinə çevrilmir. Müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyrimüəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir. Həmçinin qeyd edilməldiir ki, istər tərəflərin nümayəndələrinin izahatlarından, istərsə də təqdim edilmiş fotoşəkildən görünür ki, yaşayış binası mərtəbələr üzrə (iddiaçıya məxsus mənzillər da daxil olmaqla) inşa edilmişdir. Qanunvericiliyin yuxarıda qeyd edilən tələblərindən və Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi, iddiaçı mənzillərin dəyərini tam ödəməklə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu əldə edir. Sərəncam hüququ isə daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra yaranır. Göründüyü kimi, cavabdehin etirazları qətnamənin ləğvinə, iddianın təmin olunmamasına qanuni əsas yaratmır. Əksinə, cavabdehin hərəkətləri iddiaçının əmlak hüquqlarının pozulması ilə nəticələnir. «Marks Belçikaya qarşı» işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. «Mançini İtaliyaya qarşı» işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. Bununla yanaşı, işdə olan məhkəmə qərarlarından (Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 yanvar 2020-ci il tarixli, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 01 sentyabr 2020-ci il tarixli qətnaməsi) görünür ki, eyni yaşayış binasından mənzillər almış digər şəxslərin cavabdehə qarşı həmçinin analoji iddiaları da təmin olunmuş, mənzillərin (həmçinin qeyriyaşayış sahələrinin) təhvil verilməsi qət olunmuşdur. MM-nin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 425.1-ci maddəsinə əsasən Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. MM-nin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Beləliklə, məhkəmə kollegiyası, qeyd edilənləri məcmu halda nəzərə alaraq, belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsaslı və qanunidir. Cavabdeh apellyasiya şikayətinin dəlillərini əsalandıra və etirazının əsası kimi istinad etdikləri halları təsdiq edən sübutları təqdim edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri, həmçinin apellyasiya şikayətinin dəlillərinin əsassız olmasını nəzərə alaraq, hesab edir ki, şikayət təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı «müqavilə öhdəliklərinin yerinə yetirilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli, 2(001)-2766/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. İş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli, 2(001)-2766/2020 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar