Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4016/2022 14.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Həsənov Rəşad Məhəmməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Xətai Rayon Məhkəməsinin 2(011)-157/2022 saylı, 04 mart 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı (bundan sonra iddiaçı) Cavabdehnə (bundan sonra cavabdeh) qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əsassız olaraq hesablanmış 1855.60 manat cərimə borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Xətai Rayon Məhkəməsinin 2(011)-157/2022 saylı, 04 mart 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh tərəfindən iddiaçının faktiki istifadəsində olan ünvan 1 ünvanı ilə bağlı hesablanmış 1855.60 manat borc məbləğini silmək vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayəti vermiş və şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, rayon məhkəməsi qeyri-qanuni və əsassız qətnamə qəbul etmişdir, belə ki, onların təqdim etdikləri sayğacların saldoları, aktlar, fotoşəkillər sübut qismində araşdırılmamış, iddiaçının hüquqazidd və təqsirli əməli nəticəsində cavabdehə maddi zərər dəysə də, məhkəmə hesablanmış borc məbləğinin silinməsi barədə qətnamə qəbul etmişdir. Bu səbəbdən cavabdeh tərəfindən iddia tələbinin rədd edilməsinə dair yeni qətnamənin qəbul edilməsi xahiş edilmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi R.Əliyev apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, məsələ ilə bağlı ekspertiza keçirilimişdir, ancaq fotoşəkillər və aktlar ötən ilə aid olmasına baxmayaraq, ekspert qarşısında qoyulan suallar indiki dövrə aid olmuşdur. Bu səbəbdən, rayon məhkəməsinin qətnaməsnin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Cavabdeh İB-si tərəfindən verilmiş abonentin saldosundan məlum olur ki, İddiaçı yaşadığı evə dair ümumilikdə 1855.60 manat borc hesablanmışdır . Cavabdeh tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktların surətlərindən məlum olur ki, Ağayev Ağataib oğlunun mülkiyyətində olmuş və hazırda İddiaçı istifadəsində olan Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Şəfqət küçəsi, Döngə 1, ev 5 ünvanda qaz sayğacına baxış keçirilmiş və “sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edildiyi aşkar edilmişdir” qeyd edilmişdir. Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin 10/7201 saylı, 26 yanvar 2022-ci il tarixli ekspert rəyindən görünür ki, ekspertə təqdim edilmiş Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Şəfqət küçəsi, Döngə 1, ev 5 ünvanına təbii qazdan istifadə ilə əlaqədar sayğacdan kənar hər hansı qoşulma halı, eləcə də paylayıcı qaz xəttinin üzərində əvvəllər qoşulmaya xas olan izlər (borucuq, qaynaq və s.) aşkar edilməmişdir. Mülki işin materiallarında olan ölüm haqqında şəhadətnamədən çıxarışdan görünür ki, Ağayev X2 17 fevral 1980-ci il tarixdə vəfat etmişdir. Hüquqi dəyərləndirmə. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə əsasən tam yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Cavabdeh iddiaçı tərəfindən iddiaçının hüquqazidd və təqsirli əməli nəticəsində ona maddi zərər dəydiyini qeyd etsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Mülki iş materiallarında olan Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin 10/7201 saylı, 26 yanvar 2022-ci il tarixli ekspert rəyindən görünür ki, ekspertə təqdim edilmiş Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Şəfqət küçəsi, Döngə 1, ev 5 ünvanına təbii qazdan istifadə ilə əlaqədar sayğacdan kənar hər hansı qoşulma halı, eləcə də paylayıcı qaz xəttinin üzərində əvvəllər qoşulmaya xas olan izlər (borucuq, qaynaq və s.) aşkar edilməmişdir. MPM-in 77.1-ci mddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və iş üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən qanunla müəyyən olunmuş qaydada əldə edilmiş məlumatlar sübut hesab olunur. Həmin məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, eləcə də işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2). Qanunun tələbinə görə, tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər (maddə 106.2). Belə olan halda kollegiyanın mövqeyinə görə, məhkəmənin təyin etdiyi ekspertiza tədqiqatı zamanı cavabdehin hərəkətsizliyində ifadə olunan davranışı MPM-in 106.2-ci maddəsinin təsiri altına düşür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, 385.1.2-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun 3-cü maddəsinə əsasən, istehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablanmalıdır və hər ay istehlakçıya məlumat (hesabat) təqdim etməlidir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 3.1.7-ci bəndinə əsasən, qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməli. İstehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). "Smart-kart" tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.5-ci bəndinə əsasən, qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qaydaların 6.5 və 6.7-ci bəndlərinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. «Qazdan istifadə Qaydaları»na 3 nömrəli Əlavənin 2.1.6-cı bəndinə əsasən, istehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğularının tam və dəqiq uçotunu aparmaq paylayıcının vəzifəsidir. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 387, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Xətai Rayon Məhkəməsinin 2(011)-157/2022 saylı, 04 mart 2022-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Rəşad Həsənov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-4016/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4016/2022
14.06.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver