Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4016/2024 01.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: təbii qazın təchizatı, təbii qazdan istifadə qaydalarının pozulması, əsassız hesablanmış borc, borcun silinməsi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi ilə İddiaçı Cavabdeh İB-nə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 may 2024-cü il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən və İddiaçı məxsus olan ev 2023-cü ilin mart ayından etibarən təbii qazla təchiz olunmuş, İddiaçı **********04449 abonent kodu verilmiş, ünvana sayğac quraşdırılmışdır.
2. Cavabdeh İB tərəfindən 30 dekabr 2022-ci il tarixdə tərtib olunmuş aktda göstərilmişdir ki, İddiaçı təbii qazdan qeydiyyatsız istifadə etdiyi aşkarlanmışdır.
3. Cavabdeh İB tərəfindən 28 fevral 2023-cü il tarixdə tərtib olunmuş aktda göstərilmişdir ki, İddiaçı təbii qazdan qeydiyyatsız istifadə etdiyi aşkarlanmışdır.
4. 28 fevral 2023-cü il tarixli akt əsasında İddiaçı 4104 manat manat borc hesablanmış və onun abonent hesabında əks etdirilmişdir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
5. İddiaçı (iddiaçı) Cavabdeh İB-nə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli aktların ləğv olunması və cavabdeh tərəfindən ona hesablanmış 4104 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Abşeron rayonu, Hökməli qəsəbəsi, Yeni yaşayış massivi adlanan ərazidə yaşayır. Həmin ərazidə yeni tikililər olduğu üçün orada yaşayan vətəndaşlar birlik olaraq Abşeron Rayon Cavabdeh İB-yə həmin əraziyə qaz xəttinin çəkilməsi ilə müraciət etmişlər. Cavabdeh İB-nin əməkdaşı Natiq Əliyev adlı şəxs onlardan hər evə görə 800 manat məbləğində pul tələb etmiş, onlar da maddi imkanları olmadığı üçün onun bu təklifi ilə razılaşmamışlar və bu ciddi məsələ ilə bağlı Bakı Regional Qazın Satış Departamentinə müraciət etmişlər. Hər ailədən 400 manat məbləğində pul yığılmış və 2022-ci ilin dekabr ayında vətəndaşlara qaz xətti çəkilmişdir. 2023-cü ilin sentyabr ayından xəbəri olmuşdur ki, Cavabdeh özləri tərəfindən çəkilmiş qaz xəttinə görə vətəndaşları qeyri-qanuni təbii qaz xəttinə görə külli miqdarda cərimə edirlər. Qonşular yenə də bu ciddi məsələ ilə bağlı Xırdalan şəhəri Cavabdeh İBnin İdarəsinə müraciət etmişlər. Ona 30 dekabr 2022-ci il tarixdə tərtib edilmiş akt verilmiş və həmin məbləğin də 30 dekabr 2022-ci ildən onun adına yazıldığı bildirilmişdir. Guya aktdan xəbəri var və bilərəkdən aktı qəbul edib imzalamamışdır. Halbuki özünün müraciətindən sonra hadisələrdən xəbəri olmuşdur. Onlar həmin ərazidə 11 ailədən ibarətdirlər. Cavabdeh 11 ailə üzvünü heç bir araşdırma aparmadan cərimə edib. Ondan əlavə digər qonşuların da bundan xəbəri olmamışdır. Hətta Cavabdeh İB tərəfindən ona abonentin saldosu, akt, dəymiş ziyanın bərpası barədə sənədlərin surəti və fotoşəkillər əlavə edilmişdir. Maddi cəhətdən çox əziyyət çəkir, iki qardaşı şəhiddir.
7. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etmiş, cavabdeh isə nümayəndəsini məhkəməyə göndərməmişdir.
8. Məhkəmənin təyinatı əsasında tədqiqat aparan Məhkəmə Ekspertiza Mərkəzinin eksperti xx.xx.2024-cü il tarixli rəyində göstərmişdir ki, “tədqiqata təqdim edilən qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmiş, qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə olunmamışdır”.
9. Birinci instansiya məhkəməsinin 02 may 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, İddiaçı Cavabdehnə 200 (iki yüz) manat məbləğində borcunun olmasının müəyyən edilməsi, qalan 3904 (üç min doqquz yüz dörd) manat məbləğində borcun Cavabdeh tərəfindən iddiaçıya məxsus **********04449 saylı abunə kodundan silinməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi, Cavabdehndən 59,04 (əlli doqquz manat dörd qəpik) manat dövlət rüsumunun və 64 (altmış dörd) manat ekspertiza xərcinin alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət olunmuşdur.
10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh İB-nin əməkdaşları sayğaca müdaxilə aşkar etdikdə bu barədə akt tərtib etməli, aktın bur nüsxəsini inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməli idilər. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə cavabdeh təşkilat tərəfindən vurulmuş zərərin ödənilməsi istehlakçıdan tələb edilə bilərdi. Lakin hazırkı mülki işin məhkəmə araşdırması zamanı "Azəriqaz” İB əməkdaşları tərəfindən müvafiq akt tərtib edilsə də, istehlakçının təqsirinin müəyyən edilməsi və qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi istiqamətində hər hansı tədbirlərin görüldüyü müəyyən edilməmişdir. Cavabdeh təşkilatın əməkdaşları tərəfindən istehlakçının təqsiri qanunvericiliklə müəyyən edilmiş qaydada sübuta yetirilmədən dəymiş zərər qanunvericiliyin tələblərinə riayət edilmədən istehlakçıdan tələb edilmişdir. Məhkəmə araşdırması zamanı keçirilmiş ekspert tədqiqatı nəticəsində iddiaçının qaz sayğacına kənar xətlə qoşulma halı öz təsdiqini tapmasa da, iddiaçı məhkəmə iclasında verdiyi izahatla bir müddət sayğacdan kənar qazdan istifadə etdiyini bildirmişdir. Odur ki, iddiaçının yaşadığı ünvanda quraşdırılmış qazla işləyən cihazların sayını, cavabdeh tərəfindən ayda bir dəfə, bu mümkün olmadıqda isə üç aydan bir yoxlama aparılmalı olmasını nəzərə alaraq, məhkəmə iddianın qismən təmin edilməsini, iddiaçının cavabdeh "Azəriqaz” İstehsalat Birliyinə üç ay üzrə 200 manat məbləğində borcunun olmasının müəyyən edilməsini, iddiaçının abonent hesabına yazılmış 4104 manat borcdan 3904 manat borcun silinməsini qanuna müvafiq hesab edir.
11. Gəldiyi qənaətin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 560-ci, “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinə istinad etmişdir.
12. Həmin qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, məhkəmənin sübutlara düzgün qiymət vermədiyi, maddi hüquq normalarını düzgün tətbiq etmədiyi arqumentləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinə qarşı etiraz
13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya baxışı, izahat
14. İşə baxılmasının yeri (vaxtı) barəsində lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəməyə gəlməmiş, Cavabdeh İB də nümayəndəsini məhkəməyə göndərməmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
15. Maddə 1091. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
16. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
“Qaz təchizatı” haqqında Qanun
17. Maddə 13 (bənd 8). Qaz paylaycısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesabat) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylaycısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylaycısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
18. Maddə 13 (2022-ci ilin may ayından qüvvədə olan 8-1-ci bənd). Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”
19. Bənd 4.2. Qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir.
20. Bənd 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
21. Bənd 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Şurasının 14 mart 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması” Qaydaları
22. Bənd 3. İstehlakçılar tərəfindən təbii qazın alqı-satqı müqaviləsində göstərilən qaz cihazları üçün nəzərdə tutulan normativ hesabata müvafiq olaraq, axırıncı texniki baxış müddətindən sonrakı dövr üçün və ya iddia müddəti ərzində (3 ilə qədər) qaz sərfinə bərabər qanunsuz istifadə olunmuş qazın dəyəri hesablanaraq istehlakçı tərəfindən təchizatının hesablanma hesabatına ödənilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
26. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
29. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki apellyasiya baxışının həddini qətnamənin iddianın qismən təmin olunması ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnamədən iddiaçı şikayət verməmiş, cavabdeh isə qətnamənin yalnız qeyd olunan hissəsini mübahisələndirmişdir. Bu o deməkdir ki, iddia tələbinin təmin edilməmiş hissəsi hazırkı apellyasiya baxışının predmeti deyildir.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
30. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə və müvafiq əsaslandırma ilə razılaşır.
31. Nəzərə alınmalıdır ki, tələb olunan borcun real, həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğu sübuta yetirilməlidir və bu halda sübutetmə yükü təchizatçının üzərinə düşür. Məhz cavabdeh, hesablanmış borcun həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğunu sübuta yetirməlidir. Kollegiya hesab edir ki, akta əsasən hesablayıb tələb etdiyi məbləğ baxımından cavabdeh bunu sübut edə bilməmişdir.
32. Cavabdeh tərəfindən qanunvericiliyin tələblərinə (§ 19) əməl olunmamış, akt tərtib edilərkən onun bir nüsxəsi həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələbinə uyğun olaraq nə iddiaçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), nə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), yaxud cinayət təqibi orqanına təqdim edilməmiş, beləliklə də iddiaçının (istehlakçının) qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən olunmamışdır.
33. Birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas deyildir.
34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh nümayəndəsinin apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-862/2024 saylı iş üzrə 02 may 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği Cavabdehnə aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən hakim Elnur Həsənov
Hakimlər Xumar Mərdanova
Məmməd Məmmədov