Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4019/2023 13.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, İddiaçı cavabdeh "Bank VTB (Azərbaycan)" ASC-yə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, ipoteka predmetinin qiymətləndirməsinin ləğv olunaraq yenidən qiymətləndirməsi” tələbinə dair mülki iş üzrə qəbul edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-1884/2023 saylı qərardadından İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "Bank VTB (Azərbaycan)" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh ASC arasında bağlanmış 17 oktyabr 2014-cü il tarixli, 118313- NEDVİJ-1804 saylı daşınmaz əmlakın ipoteka müqaviləsinin etibarsız hesab olunması, ipotekanın predmetini təşkil edən və xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 63,93 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 18 saylı mənzilin qiymətləndirilməsinin ləğv olunaraq yenidən qiymətləndirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-282/2022 saylı, 17 fevral 2022-ci il tarixli qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. Həmin qərardaddan İddiaçı tərəfindən verilmiş şikayət Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3353/2022 saylı, 20 aprel 2022-ci il tarixli qərardadı ilə təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-282/2022 saylı, 17 fevral 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardaddan İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(102)-5587/2022 saylı qərarı ilə qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3353/2022 nömrəli, 20 aprel 2022-ci il tarixli qərardadı qismən, ipoteka predmetinin qiymətləndirilməsinin ləğv olunaraq yenidən qiymətləndirilməsi hissəsində ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1072/2023 saylı, 07 fevral 2023-cü il tarixli qərardadı ilə İddiaçı Aydin oğlunun şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-282/2022 saylı, 17 fevral 2022-ci il tarixli qərardadı qismən, ipoteka predmetinin qiymətləndirməsinin ləğv olunaraq yenidən qiymətləndirməsi hissəsində ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1884/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh ASC-yə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab olunması, daşınmaz əmlakın qiymətləndirməsinin ləğvi və yenidən qiymətləndirmənin həyata keçirilməsi” tələbinə dair mülki işin icraatına xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 63,93 kv.m olan yaşayış sahəsindən ibarət 3 otaqlı 18 saylı mənzilin qiymətləndirilməsinin ləğv olunaraq yenidən qiymətləndirilməsi hissəsində xitam verilmişdir. Həmin qərardaddan İddiaçı nümayəndəsi və vəkili Vəkil şikayət verərək, qərardadın ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi ipoteka predmetinə tutmanın yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməklə tutmanın ipoteka predmetinə yönəldilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğu halda, həmin əmlakın yenidən qiymətləndirilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir. Halbuki, həmin qərardad qanunsuz və əsassızdır. Həmin qərardad vətəndaşın şikayət vermək hüququnun kobud surətdə pozulması kimi qiymətləndirilməlidir. Belə ki, vətəndaşın məhkəməyə müraciəti ilə bağlı konstitusion hüququna ziddiyyət təşkil edir. Məhkəmə tərəfindən əmlakın qiymətləndirilməsi ilə bağlı ekspertizanın keçirilməsi barədə vəsatətin təmin edilməməsi də, iddiaçının ədalətli məhkəmə araşdırması hüququnu pozmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2(006)-1884/2023 saylı qərardadı ilə şikayət təmin edilməyərək, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir; 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir; 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, Cavabdeh ASCnin “Kredit borcu ödənilməsi, ipoteka predmetinə yönəldilməsi və sair” tələbləri ilə bağlı iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-9501/2017 nömrəli 13 iyul 2017ci il tarixli qətnaməsi ilə İddiaçı 75.136 ABŞ dolları məbləğində borcun ödənilən gün manata məzənnə ilə tutulması, tutmanın cavabdeh İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, A.Məmmədov küçəsi, ev 99 saylı mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 80.000 manat müəyyən olunması, mənzil açıq hərracdan satılmaqla əldə olunmuş vəsait hesabına borcun ödənilməsi, mənzil satıldıqdan ən geci 1 ay sonra cavabdehlərə tərəfindən boşaldılması qət edilmişdir. Qətnamədən cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 14 mart 2018-ci il tarixli qətnaməsi ilə təmin olunmamışdır. Lakin bu qətnamədən onun tərəfindən verilmiş kassasiya şikayəti isə Ali Məhkəmənin Mülki kollegiyasının 29 avqust 2018-ci il tarixli qərarı ilə qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 14 mart 2018-ci il tarixli qətnaməsi qismən, əsas və faiz borcunun tutulması hissədə ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-171/2018 nömrəli, 18 noyabr 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin Mülki Kollegiyası xx.xx.2020-ci il tarixli qərarı ilə bu nəticə ilə razılaşmış və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qeyd edilən qətnaməsini dəyişdirilmədən saxlalmışdır. Bununla da birinci instansiya məhkəməsinin qətnaməsi qanuni qüvvəyə minmişdir. Bununla belə, həm hazırki iş üzrə iddianın “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” hissəsinə, həm də hazırda İddiaçı mübahisələndirdiyi məsələyə (ipoteka predmetinin qiymətləndirməsinin ləğv olunaraq yenidən qiymətləndirməsi) artıq məhkəmə müstəvisində hüquqi qiymət verilmiş və bununla bağlı qanuni qüvvəyə minmiş məhkəmə aktları mövcuddur. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq İddiaçı cavabdeh "Bank VTB (Azərbaycan)" ASC-yə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, ipoteka predmetinin qiymətləndirməsinin ləğv olunaraq yenidən qiymətləndirməsi” tələbinə dair mülki işin icraatına “ipoteka predmetinin qiymətləndirməsinin ləğv olunaraq yenidən qiymətləndirməsi” hissəsində də xitam vermişdir. Bu səbəbdən İddiaçı nümayəndəsi və vəkili Vəkil şikayəti təmin olunmamalı, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)- 1884/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-402-ci, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı nümayəndəsi və vəkili Vəkil şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-1884/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə elektron qaydada kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4019/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4019/2023
13.06.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver