Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4022/2025 18.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: əsassız borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Səlimova Səadət Rəşid qızı və X1 ibarət tərkibdə, Xəlilov Tural Xəlil oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 aprel 2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı ünvan 1 ünvanında yaşayır. İddiaçının yaşadığı evə cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli ******* nömrəli, xx.xx.2023-cü il tarixli, ******* №-li və xx.xx.2023-cü il tarixli, ******* saylı, xx.xx.2023-cü il tarixli ******* nömrəli aktlar tərtib edilmiş, aktlarda sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi barədə qeyd aparılmaqla, Bakı Regional Qazın Satışı Departamenti tərəfindən itirilmiş qazın bərpası məqsədilə hesabat aparılmış və iddiaçıya dəymiş ziyan olaraq 2023-cü ilin fevral ayından 2023-cü ilin iyun ayınadək 5.999,41 manat məbləğində borc hesablanmışdır.
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh İB-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona məxsus olan ünvan 1 ünvanına dair qaz sərfıyyatına görə tərtib edilmiş edilmiş xx.xx.2023-cü il tarixli, ******* №-li aktın və xx.xx.2023-cü il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi və həmin aktlar əsasında abonent hesabına əsassız yazılmış 6.687,46 manat məbləğində borcun silinməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.
3. İddia tələbi belə əsaslandırılmışdır ki, evinə aid olan küçədə quraşdırılmış köhnə qaz sayğacları Cavabdeh işçiləri tərəfindən çıxarılıb aparılmışdır, bu barədə onun xəbəri və iştirakı olmadan birtərəfli 28 fevral 2023-cü il tarixdə və 29 aprel 2023-cü il tarixdə birtərəfli aktlar tərtib edilmişdir ki, güya “mənzilə baxış keçirilən zaman abonentin sayğacsız qeyri-qanuni təbii qazdan istifadə etdiyi aşkarlanmışdır”. Sonra da, laboratoriyada onun xəbəri, iştirakı olmadan sayğaca baxış keçirilmişdir. Həmin aktlar uzun müddət ondan qəsdlə gizlədilmiş, kartından ödədiyi pullar əsassız olaraq ondan xəbərsiz silinmişdir.
4. Birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim A.Abdullayeva, 2(011)-142/2025 nömrəli iş üzrə) iddia tələbi qismən təmin edilmiş, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi üzrə (abonent kodu: **********00040) İddiaçı 2023cü ilin fevral ayından 2023-cü ilin iyun ayınadək hesablanmış cəmi 5.999,41 (beş min doqquz yüz doxsan doqquz manat qırx bir qəpik) manat borc məbləğinin 5.390,29 (beş min üç yüz doxsan manat iyirmi doqquz qəpik) manat hissəsinin abonentin borc hesabından silinməsi, 73,91 (yetmiş üç manat doxsan bir) manat məbləğində dövlət rüsumunun Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır.
5. Birinci instansiya məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, iddiaçının qaz xəttinə müdaxilə edərək qaz xəttinə kənar xətt vasitəsilə qoşulması işin mübahisəsiz halıdır. İddiaçıya məxsus mənzildə işlədilmiş cıhazların siyahısına 1 ədəd dörd gözlü qaz peçi (PQ-4), 1 ədəd su qızdırıcısı və 1 ədəd qızdırıcı radiator peçi aiddir.Qaz xəttinə kənar qoşulma halında iddiaçının sadaladığı cihazlar üzrə 1 ədəd dörd gözlü qaz peçi üçün 1,2 m3 saatlıq qaz sərfi, 1 ədəd su qızdırıcısı üçün 1,5 m3 saatlıq qaz sərfi və 1 ədəd radiator peçi üçün üçün 2 m3 saatlıq qaz sərfi hesablanmalıdır. Cihazlar üçün 12 saat orta günlük iş rejimi və 90 gün hesabat müddəti nəzərə alındıqda ümumi qaz sərfiyyatı 5.076 m3 təşkil edir. (12x90x1,2 m3=1.296 m3 , 12x90x1,5 m3=1.620 m3 , 12x90x2 m3=2.160 m3 ). Həmin qaz sərfiyyatına görə ödənilməli məbləğ 609,12 manat təşkil edir (Sərfiyyat olan 5.076 m3 üçün 0,12 qəpik məbləğindən hesablanmaqla 609,12 manat məbləği). Məhkəmə qeyd edir ki, hesablanmış borc faktiki istifadə ilə əlaqədar sayğacdan keçən (faktiki sərfiyyatla bağlı sayğacın qeydiyyata aldığı) qaz sərfiyyatı olmadığından, limitlərin nəzərə alınması məqsədəuyğun deyil. Belə ki, limitlərin tətbiqi sayğacdan keçən (sayğacın qeydə aldığı) sərfiyyatın ödənilməsi üçün tətbiq olunan hesablama və ödəniş qaydasıdır, 90 gün üçün gündəlik 12 saatlıq qaz sərfiyyatı isə - faktiki istifadə ilə əlaqəli olmamaqla, qaz xəttinə müdaxilə zamanı dəymiş ziyanın hesablanması üsuludur. Məhkəmə hesab edir ki, 2023-cü ilin fevral ayından 2023-cü ilin iyun ayınadək qaz xəttinə kənar qoşulma nəticəsində ödəniləcək məbləğin cavabdeh təşkilat tərəfindən 5.999,41 manat məbləğində hesablanması düzgün deyildir. Belə ki, istifadə edilən cihazların sərfiyyat göstəriciləri və sair yuxarıda sadalanmış zəruri hallar nəzərə alınmaqla, iddiaçıya 2023-cü ilin fevral ayından 2023-cü ilin iyun ayınadək hesablanmış 5.999,41 manat borcun 609,12 manat hissəsi saxlanılmaqla, qalan borc, yəni 5.390,29 manat məbləğində borc iddiaçının abonent hesabından silinməlidir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
6. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin rədd olunmasını xahiş etmişdir.
7. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarındaolan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktı aşkar olunmuş, aşkar olunmuş fakt yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktla rəsmiləşdirilmişdir. Sayğacdan kənar xəttə qanunsuz qoşulma öz-özlüyündə sayğaca təbii qazın sərfiyyatının istifadə olunan qədərindən az göstərilməsinə nail olmaq üçün edilən hərəkət kimi qiymətləndirilməlidir. Dəymiş ziyanın həcminin hesablanmasında mütəxəssislər abonentin faktiki istifadəsində olan qaz cihazlarının (işlədiciləri) sərfiyyat göstəriciləri əsasında hesabat aparmışlar. Məlum məsələdir ki, abonent təbii qazı sayğacsız istifadə edərkən qənaət etmək barədə düşünməyəcək, əksinə israf edərək təbii qazı talayacaqdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. İddiaçı məhkəmə kollegiyasının iclasında izahat verərkən apellyasiya şikayətini qəbul etmədi və onun rədd olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. 10.Cavabdeh məhkəmə iclasının keçirilməsinin yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, habelə bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
12.Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13 (8-1-ci bəndi 2022-ci ilin may ayından qüvvədə olan) Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.
13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”
Bənd 4.6. Qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Bənd 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Bənd 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.
Apellyasiya baxışının hədləri
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
15. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən mübahisələndirildiyindən və iddia qismən təmin edildiyindən qətnamənin əsaslılığı iddianın təmin olunan hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
16. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
17. Məhkəmə kollegiyası iddia tələbinə düzgün qiymət verilməsi üçün ilk növbədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın və “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq tələblərini qeyd etməyi zəruri hesab edir.
18. Həmin qaydaların tələblərinə əsasən, sayğaca müdaxilə halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün Azərbaycan Respublikasının Energetika Nazirliyinə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.
19. “Qaz paylayıcısı” dedikdə isə alqı-satqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanılmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikasının Qaz İstismar Xidməti nəzərdə tutulur.
20. Göründüyü kimi, qanunvericiliklə qaz paylayıcısının, yəni Cavabdeh üzərinə sayğaca müdaxilə halları aşkar edildikdə tərtib etdiyi aktı adıkeçən orqanlara təqdim etməsi vəzifəsi qoyulmuş və konkret olaraq müəyyən edilmişdir ki, istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb edə bilər. 21.Lakin iş materiallarını araşdıran məhkəmə kollegiyası müəyyən etmişdir ki, həmin akt- lar tərtib edilərkən bir nüsxəsi nə akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), nə də bir nüsxəsini isə qanunvericiliyin tələblərinə uyğun olaraq inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim edilməsi barədə cavabdeh tərəfindən hər hansı bir sübut təqdim edilməmişdir.
22. Qeyd olunan hal isə (müvafiq orqanların və ya məhkəmənin qərarı olmadan vurulmuş zərərin tələb edilməsi) qanunvericiliyin tələblərinin bilavasitə pozulmasıdır, qanunvericiliyin tələbləri pozulmaqla tələb olunan borc məbləği isə silinməlidir. 23.Məhkəmənin qanunsuz qoşulma nəticəsində təmin etmədiyi 609,12 manat isə iddiaçının etirafı əsasında hesablanmış borcdan silinməmişdir. Belə ki, iddiaçı birinci instansiya məhkəməsində verdiyi izahatında yaşadığı ünvanda müvəqqəti olaraq qısa müddətdə - təqribi 1 gün rezin boru vasitəsilə kənar xətdən istifadə edildiyini etiraf etmiş, yaşayış evində 1 ədəd dörd gözlü qaz peçi, 1 ədəd iran peçi və 1 ədəd su qızdırıcısı olduğunu bildirmişdir. 24.Baxılan iş üzrə iddiaçı fiziki şəxsdir. Cavabdeh iddiaçının abonent hesabına hesablanmış qalan borcun hansı əsasla yaranması, məhz iddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edildiyi, qəsdən zərər yetirildiyi barədə heç bir sübut təqdim etməmiş, iddiaya etirazını öz əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmiş rəy və aktlarla, subyektiv mülahizə və ehtimallarla əsaslandırmağa çalışmışdır. 25.İş üzrə keçirilmiş məhkəmə-trasoloji ekspertizasının rəyi ilə də iddiaçıya məxsus ünvanda qaz xəttinin (borunun) üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmiş, qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir. 26.Apellyasiya şikayətinin dəlillərində sadəcə sayğacın saldolarının, aktların, tələbnamələrin sübut qismində araşdırlmamasını qeyd etmişdir. Cavabdeh tərəfindən qeyd olunanlar iddia tələbinin əsaslığını təkzib edə biləcək mötəbər sübut kimi qiymətləndirilə bilməz. Çünki abonentin saldosu hesablanmış və ödənilmiş borcları, tərtib olunmuş akt keçirilmiş yoxlamanın nəticələrini, tələbnamə dəymiş ziyanı göstərir. Həmin sənədlər onsuz da iddiaçı tərəfindən mübahisələndirilir və onların qanuniliyi şübhə altındadır.
27. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir (“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarı).
28. Belə olan halda, həmin sənədlərin mötəbərliyi şübhə altında olduğundan istehlakçının, yəni, iddiaçının adına hesablanmış borcun əsaslı olmasını təsdiq etmir. 29.Şərh olunanlara əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi mülki prosessual qanunvericiliyə əsaslanaraq yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və onların mötəbərliyini nəzərə almaqla istifadə etmiş, cavabdeh isə iddia tələbinə etirazının dəlillərini sübut edə bilməmiş və formal mülahizələrə əsaslanmışdır. Nəticədə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş mötəbər sübutlarla əsaslandırmış və iddia tələbini qismən təmin etməkdə haqlı olmuşdur.
30. Odur ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 32.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q ə t e t d i:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin iş üzrə 23 aprel 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə (iddianın təmin olunan hissəsində) dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.