Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4026/2020 21.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlunun və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənova Ülkər Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X2 və vəkili X3 iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-782/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları: İddiaçı BOKT MMC (bundan sonra iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh (bundan sonra cavabdeh) ilə arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli, CALiz137279/18 saylı X5 ləğv edilməsi, cavabdehdən onun xeyrinə faiz borcuna görə 485,18 manat, gecikdirilmiş günlər üçün ödənilməli olan cərimə 145,29 manat məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin tutulması, lizinq obyekti olan “Porsche Cayenne” markalı, **- AJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin (ili-2008, Ban: WP1ZZZ9PZ9LA65879, mühərrik: G906387, rəng-qara metallik) təşkilata geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir (İddia tələbi dəqiqləşdirilmişdir). Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-782/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Apelyasiya şikayəti və onun dəlili: İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş və şikayətin dəlili kimi qeyd etmişdir ki, qətnamə qanunsuz və əsassızdır, belə ki, sözügedən avtomobilin onların mülkiyyətində olmasına baxmayaraq qətnamədə sahibliklərində olması göstərilmiş, bundan əlavə, qanun hakim tərəfindən səhv təfsir olunmuş, lizinq ödənişlərinin 2 dəfədən artıq ödənilməməsi müddəası, rayon məhkəməsi tərəfindən yanlış olaraq üç ay kimi qəbul edilmiş, bundan əlavə cavabdeh tərəfindən lizinq müqaviləsinin daha bir müddəası pozulmuş, təmir işlərinin aparılması barədə MMC-yə hər hansı bir məlumat verilməmişdir. Göstərilənləri nəzərə alaraq, qətnamənin ləğv edilməsini və iddia tələblərinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Ü.Mirzəliyeva apellyasiya şikayətini müdafiə edərək, şikayətin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi R.Qəniyeva və vəkili K.Tağıyev ayrı-ayrılıqda apellyasiya şikayəti ilə razılaşmayaraq, təmin edilməməsini xahiş etdilər. Sübutların tədqiqi: CALiz137279/18 saylı, xx.xx.2018-ci il tarixli X5 surətindən görünür ki, iddiaçı “Porsche Cayenne” markalı, **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobili cavabdehə 24 ay müddətinə, illik 26 faizlə lizinqə verməyi, cavabdeh öz növbəsində qeyd edilən krediti və hesablanmış faizləri müəyyən olunmuş müddət ərzində qaytarmağı öhdəsinə götürmüşdür; xx xxxxxxx 2019-cu il tarixli son xəbərdarlıq məktubundan görünür ki, iddiaçı tərəfindən lizinq alan cavabdehdən 3 iş günündən gec olmayaraq lizinq müqaviləsi üzrə müvafiq ödəniş tarixinə ödənilməmiş əsas və faiz borcu, həmçinin hesablanmış cərimənin ödənilməsi tələb edilmiş, əks təqdirdə müqaviləyə birtərəfli qaydada xitam verilməklə nəzərdə tutulan qanuni tədbirlərin icrası həyata keçiriləcəkdir; AD seriyalı, 359315 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Porsche Cayenne” markalı, **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçının sahibliyindədir; xx xxxxxx 2019-cu il tarixli maliyyə arayışından görünür ki, cavabdehin iddiaçıya 13995,35 manat əsas, 485,18 manat faiz, 145,29 manat cərimə borcu olmaqla, ümumilikdə 14625,82 manat borcu vardır; xx xxxxxx 2019-cu il tarixli maliyyə arayışından görünür ki, cavabdehin iddiaçıya 13625,81 manat əsas, 98,41 manat faiz, 81,07 manat cərimə borcu olmaqla, ümumilikdə 13805,29 manat borcu vardır; AP ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, X7 Y.Səfərov küçəsində ara məsafəni saxlamayaraq, qarşıda gedən “Porsche Cayenne” markalı, **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur, İXM-nin 327-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; xx xxxxxx 2019-cu il tarixli qüsur aktından görünür ki, “Porsche Cayenne” markalı, **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə cəmi 2750 manat zərər vurulmuşdur; xx xxxxxx 2019-cu il tarixli mədaxil qəbzinin surətindən görünür ki, cavabdeh 1001 manat lizinq ödənişi etmişdir; Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə münasibətdə tam yoxlayır. Məhkəmə kollegiyasıtərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, tərəflərin izahatını dinləyib və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Mülki iş materialları, tədqiq olunmuş sübutlarla kollegiya tərəfindən müəyyən edilir ki, xx xxxxxx 2018-ci ildə tərəflər arasında CALiz 137279/18 saylı daxili Lizinq müqaviləsi bağlanmışdır. Müqavilənin predmeti (lizinq obyekti) “Porche Cayenne” markalı minik avtomobili olmuşdur. Müqavilənin 2.1-ci maddəsinə əsasən “Lizinq alan” Lizinq əməliyyatları ilə bağlı aparılan bütün bank və ya digər xərlərin ödənilməsini, o cümlədən “Lizinq verən” tərəfdən Lizinq obyektinin satıcısına alqı-satqı müqaviləsi ilə olan bank köçürmələrinin və həmin vəsaitin satıcı tərəfdən nağdlaşdırılması ilə bağlı xərclərin ödənilməsini öz üzərinə götürmüşdür. Müqavilənin 2.2-ci bəndində “Lizinq alanın” mövcud Lizinq layihəsinə şəxsi qoyuluşu 12.750 manat nəğd pul şəklində Lizinq obyektinin 38 %-ni, “Lizinq verənin” isə 62 % olmaqla 21250 manat təşkil etdiyi göstərilmişdir. Müqavilə 24 ay müddətinə illik 26% şərtilə bağlanmışdır. İddiaçının təqdim etdiyi maliyyə arayışına görə müqavilə üzrə cavabdeh cəmi 12.220 manat ödəniş etmişdir. Cavabdeh hər ayın 4-nə qədər 1150 manat ödəniş etməli olduğu halda xx.xx.2019-cu ildə 1500 manat, xx.xx.2019-cu ildə 1000 manat ödəniş etmişdir. İddiaçı isə xx.xx.2019-cu ildə müqavilənin ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Yəni cavabdeh 10-cu ay ödəniş etməmiş, 11-ci ay isə 4 gün gecikməylə ödəniş etmişdir. Bundan başqa, iddiaçı iddia edir ki, cavabdeh lizinq obyektinə 2750 manat zərər vurmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 747.1-ci maddəsinə görə lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Hazırkı halda iddiaçı məhz Məcəllənin 748-1.12.4-cü maddəsinəəsasəncavabdeh tərəfindən iki dəfə ardıcıl ödəniş edilmədiyi üçün hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbinin təmin etməyən rayon məhkəməsi normanın məzmunundan da görünür ki, qanunvericilik öhdəliyin pozulmasını lizinq alanın 2 dəfə ödəniş etməməsi kimi yox, 2 dəfədən artıq ödəməməsi kimi təsbit etmişdir. Geniş şərh edərsək həmin norma lizinq alanın ardıcıl olaraq 2 dəfədən artıq ödəməməsi dedikdə, ardıcıl olaraq 3-cü ödəniş müddəti çatdıqdan sonra ödəniş etmədiyi halları ehtiva etdiyi aydın olur. Belə ki, əksi düşünüldüyü təqdirdə qanunvericilik “ardıcıl olaraq 2 dəfədən artıq” ifadəsini deyil,” ardıcıl olaraq 2 dəfə” ifadəsini işlədərdi. Bu baxımdan məhkəmə o qənaətə gəlmişdir ki, cavabdeh müqavilə üzrə nəzərdə tutulmuş qrafiklə ardıcıl olaraq 3-cü ödəniş müddəti çatanadək ödəniş etmiş və nəticədə müqavilənin vaxtından əvvəl ləğv edilməsi üçün əsas yaranmamışdır . Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin mövqeyi ilə razılaşaraq hesab edir ki, ödəniş müddətləri cavabdeh tərəfindən ardıcıl olaraq iki dəfədən artıq pozulmadığı üçün hazırkı iddia tələbi təmin edilə bilməz. Məhkəmə kollegiyası maddi zərərlə bağlı qeyd edir ki, rayon məhkəməsi iddiaçı tərəfindən iddia tələbinin həmin hissəsi ilə bağlı əsaslı sübut təqdim edilmədiyi üçün iddia tələbinin təmin edilməməsi ilə bağlı iş üzrə dügün nəticəyə gəlmişdir. MPM-nin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsini əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. Nəticə: Göstərilənlərə əsasən, Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 , 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı BOKT MMC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-782/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmən təqdim edildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-4026/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4026/2020
21.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver