Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4026/2021 27.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı və onun etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin etibarnamə əsasında nümayəndəsi X1 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-72/2021 saylı, 03 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “müqavilələrin etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, onunla Cavabdeh QSC arasında bağlanan 20 iyun 2014-cü il tarixli Saziş № 1073 (İpoteka Müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında), 20 iyun 2014-cü il tarixli Saziş № 2351 (Kredit Xətti Müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında) və 24.06.2014-cü il tarixli Saziş № 3356 (Zaminlik müqaviləsinə dəyişiklik və əılavələr edilməsi haqqında) müqavilələrin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun oğlu X6 14 il Cavabdeh QSCnin işçisi olmuşdur. Kredit xətti müqaviləsi üzrə oğlu Vüqar Camallı Cavabdeh QSC ilə bağladığı 24.06.2014-cü il tarixli 17R000006984 saylı kredit razılaşması əsasında 84 ay müddətinə, aylıq faiz dərəcəsi 0,8333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 58.500 ABŞ dolları məbləğində kredit götürmüşdür. Çox sonradan o başa düşmüşdür ki, Cavabdeh QSC-nin işçilərinin məqsədi onların Abşeron rayonu, Masazır kəndi, Qaçaq Nəbi küçəsi, dalan 4-də xüsusi mülkiyyətdə olan 0,03 ha torpaq sahəsi və onun üzərində yerləşən 2 mərtəbəli, 209.1 kv.m ümumi, 126.7 kv.m yaşayış, 82.4 kv.m yardımçı sahədən ibarət 8 otaqlı, xüsusi mülkiyyətli, 6 nömrəli fərdi yaşayış evlərini əllərindən alınmasıdır. O, sənədlərə qol çəkəndə hesab edir ki, torpağı girova qoymuş, evi yox, evin sənədlərinə qol çəkməyi isə ona çıxarış almaqdır. Belə ki, 2014-cü ildə isə bank işçiləri ona bildirmişlər ki, “Get evə çıxarışı al”. Sonradan o bilmişdir ki, bank onların evlərini əllərindən almaq məqsədi ilə və öz məqsədinə çatmaq üçün bütün bu kredit oyunlarına əl atmışdır. Özü də bir maraqlı məsələni bildirmək istəyir ki, ev faktiki 2 sotun içindədir, yəni 3 sot orda yoxdur, həmin sənədlər tələm-tələsik bank tərəfindən hazırlayanda kobud səhvlərə yol verilmişdir. Bunlar hamısı barədə onun məlumatı olmamışdır. Oğlu krediti götürəndən bir müddət sonra həmin bankdan işdən çıxarılmışdır. Hesab edir ki, cavabdeh tərəfindən oğlu şirnikləşdirilmiş, kredit verilmiş, sonradan da işdən çıxarılmışdır. Bununlada onların ailəsini çox ağır vəziyyətə salmışlar. Hazırda cavabdeh şəhid ailəsinin yaşadığı yeganə evi alaraq onları çölə atır. Eyni zamanda hesab edir ki, fərdi evin qiymətləndirilməsinə dair hesabat da çox qərəzlidir. Belə ki, o, həmin evə qat-qat çox pul sərf etmiş və hesabat evin qiymətləndirilməsini düz aparmamışdır. İşə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılarkən İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə 28 fevral 2020-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, onunla Cavabdeh QSC arasında bağlanan 20 iyun 2014-cü il tarixli Saziş № 1073 (İpoteka Müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında), 20 iyun 2014-cü il tarixli Saziş № 2351 (Kredit Xətti Müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında) və 24.06.2014-cü il tarixli Saziş № 3356 (Zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında) müqavilələrin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-72/2021 saylı, 03 fevral 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh QSC-yə qarşı müqavilələrin ləğv edilməsi tələbinə dair iddiasının rədd edilməsi, iş üzrə məhkəmə məsrəfi olan 100 (bir yüz) manat ekspertiza xərcinin İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 72/2021 saylı, 03 fevral 2021-ci il tarixli qətnaməsi ilə razı deyil və hesab edir ki, qətnamə qanunsuz və ədalətsiz olmaqla işin faktiki halına uyğun gəlmir və qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Belə ki, evin girov qoyulmasında onun qolu deyil. Məhkəmə göndərib ekspertizaya, şübhəli qərar gəlib. Evin üstünə 150 min manat xərc çəkmişdir. Evin qiymətləndirilməsinə dair hesabat qərəzlidir. Belə ki, o, həmin evə qat-qat çox pul sərf etmiş və hesabat evin qiymətləndirilməsini düz aparmamışdır. Apelyasiya şikayətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-72/2021 saylı, 03 fevral 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsinin iclasında, İddiaçı və onun etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil verilmiş apelyasiya şikayətini müdafiə etdiklərini bildirərək, iddia ərizəsində göstərilənlərə və apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verdilər, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-72/2021 saylı, 03 fevral 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etdilər. Apelyasiya məhkəməsinin iclasında, Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin etibarnamə əsasında nümayəndəsi X2 İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirərək, apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-72/2021 saylı, 03 fevral 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda İddiaçı apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnaməndən narazı qalaraq, qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yoxlanılmalıdır. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara əsaslanaraq belə nəticəyə gəlmişdir ki, İddiaçı iddia ərizəsində göstərdiyi halları vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlandığı ilə əsaslandırsa da, sadalananlarla bağlı məhkəməyə hər hansı bir mötəbər sübutlar təqdim etməmiş və gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2, 421, 422 və 423-cü maddələri ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan İddiaçı qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası İddiaçı, onun etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil və Cavabdeh QSC-nin etibarnamə əsasında nümayəndəsi Mirağa Ağamirovun izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, İddiaçı apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Bеlə ki, iş matеriallarında olan, Cavabdeh QSC-nin “Xırdalan” filialı ilə zamin İddiaçı arasında bağlanmış “Zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında” 3356 saylı, 24 iyun 2014-cü il tarixli Sazişin kserosurətindən görünür ki, kredit xəttinin məbləği 150.000 ABŞ dolları və müddəti 166 ay müəyyən edilmiş, tərəflər 13 avqust 2010-cu il tarixdə bağlanmış 01L000002351 nömrəli Kredit Xətti Müqaviləsindən irəli gələn öhdəlikləri tam icra olunanadək qüvvədə olmasına dair razılaşmışlar. İş materiallarında olan, Cavabdeh QSC-nin “Xırdalan” filialı ilə İpoteka verən İddiaçı, borclu X6 arasında bağlanmış “İpoteka müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında” 1073 saylı, 20 iyun 2014-cü il tarixli Sazişin kserosurətindən görünür ki, İpoetak verən İddiaçı özünə məxsus fərdi yaşayış evini 13 avqust 2010-cu il tarixdə bağlanmış 01L000002351 nömrəli Kredit Xətti Müqaviləsi və müqavilənin ayrılması hissələri üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək üçün bank qarşısında ipoteka ilə yüklü etmiş, kredit xəttinin məbləği 150.000 ABŞ dolları və müddəti 166 ay, ipoteka predmetinin dəyəri 47.058 manat, ödəniş dövrülüyü bir aydan bir bərabər hissələrlə ödənilməsi razılaşdırılmışdır. İş materiallarında olan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-257/2018 saylı, 24 may 2018-ci il tarixli qətnaməsinin kserosurətindən görünür ki, iddiaçı Cavabdeh QSC-nin cavabdehlər X4, X3 və İddiaçı qarşı “kredit borcunun tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi, əmlakın satıldıqdan sonra boşaldılması tələbinə dair” iddiası qismən təmin edilmişdir. İş materiallarında olan, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-1514/2019 saylı, 10 yanvar 2019-cu il tarixli qətnaməsinin kserosurətindən görünür ki, İddiaçı apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-257/2018 saylı, 24 may 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 5016/2019 saylı, 10 iyul 2019-cu il tarixli qərarının kserosurətindən görünür ki, İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-1514/2019 saylı, 10 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4/921 saylı, 11.11.2020-ci il tarixli rəyinə əsasən, ekspertizaya təqdim edilmiş, mülki işin 159-cu vərəqində Cavabdeh QSC-nin “Xırdalan” filialı ilə İddiaçı adından bağlanmış olan 3356 nömrəli 24 iyun 2014-cü il tarixli zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında sazişdə “5.2 Zamin:” hissəsində “imza” qrafasındakı və 160-cı vərəqində Cavabdeh QSC-nin “Xırdalan” filialı ilə İddiaçı adından bağlanmış olan 1073 nömrəli 20 iyun 2014-cü il tarixli ipoteka müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında sazişdə “5.2. İpoteka Verən:” hissəsində “imza” qrafasındakı imzalar - İddiaçı tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14-cü maddəsinə əsasən: 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir; 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər, mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin əsaslarındandır. Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Ali Məhkəmənin Mülki Kollegiyası Mülki Məcəllənin həmin maddəsinin hüquqi mahiyyəti ilə əlaqədar qeyd etmişdir ki, etibarsız əqdlər üzrə müddətlər qanunvericlik tərəfindən iddia müddəti kimi müəyyən edilməmişdir. 24 iyun 2005-ci il tarixdə qəbul edilmiş və 01 noyabr 2005-ci il tarixdə qüvvəyə minən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsəslələri haqqında” Azərbaycan Respublikası Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişiklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 949-İİQ nömrəli Qanunu ilə 354-cü maddənin adında “iddia müddətləri” sözləri “müddətlər” sözü ilə, 354.1-ci maddəsində “on gün” sözləri “bir il” söləri ilə əvəz edilmiş və 354.2-ci maddəsinə isə “Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı səxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmıs əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər” redaksiyası verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin Məcəllənin 421-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Həmin Məcəllənin 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması, şəraitin dəyişməsinə bərabər tutulur. Həmin Məcəllənin 423-cü maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Eyni zamanda iş materiallarından görünür ki, İddiaçıla Cavabdeh QSC arasında bağlanmış “İpoteka Müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında” 1073 saylı, 20 iyun 2014-cü il tarixli Saziş, “Kredit Xətti Müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında” 2351 saylı, 20 iyun 2014-cü il tarixli Saziş və “Zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında” 3356 saylı, 24.06.2014-cü il tarixli Saziş üzrə öhtəliklər icra edilməmişdir. Bu səbəbdən müqavilənin ləğv edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 527.1-ci maddəsinə əsasən, öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Həmin Məcəllənin 528-ci maddəsinə əsasən öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halında qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, İddiaçı mübahisələndirilən sazişlərin (müqavilələrin) onun tərəfindən imzalanmaması və ipoteka predmeti olan fərdi yaşayış evinin qiymətinin aşağı olması barədə apelyasiya şikayətindəki dəlillərini əsassızdır. Belə ki, İddiaçı tərəfindən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-257/2018 saylı, 24.05.2018-ci il tarixli qətnaməsi apelyasiya, Bakı Apelyasiya Məhkəməsinin 2(103)- 1514/2019 saylı, 10.01.2019-cu il tarixli qətnaməsi isə kassasiya qaydasında mübahisələndirilmiş, apelyasiya və kassasiya şikayətlərinin əsasını isə ipoteka predmeti olan fərdi yaşayış evinin qiymətinin aşağı olması və sair təşkil etmiş, iddiaçı tərəfindən apelyasiya şikayətində gösdərilən hallar və eləcə də, mübahisələndirilən sazişlərin (müqavilələrin) onun tərəfindən imzalanmaması həmin apelyasiya və kassasiya şikayətlərində ümumiyyətlə mübahisələndirilməmişdir. Eyni zamanda mübahisələndirilən sazişlərin (müqavilələrin) İddiaçı tərəfindən imzalanması Məhkəmə Ekspertizası Mərkəzinin 4/921 saylı, 11.11.2020-ci il tarixli rəyi ilədə tam təsdiq olunmuşdur. Həmçinin İddiaçı apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasını qeyd etsə də, həmin pozuntuların nədən ibarət olmasını və məhkəmənin gəldiyi nəticəyə qarşı etdiyi etirazını əsaslandıra bilməmiş, göstərilənlərin məhkəmə qətnaməsindən fərqli olması barədə məhkəmələrə heç bir sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin mənasına görə tələblərinin əsası kimi istinad etdiyi halları tərəf özü sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Bеləliklə, məhkəmə kollеgiyası, İddiaçı apеlyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun olaraq araşdırıb hеsab еdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosеssual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollеgiyası bеlə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqtеyi nəzərindən qanuni, əsaslı və ədalətli olduğundan, işdə, həmçinin apеlyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv еdilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar olmadığından, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-72/2021 saylı, 03 fevral 2021-ci il tariхli qətnaməsi dəyişdirilmədən, İddiaçı apеlyasiya şikayəti təmin еdilmədən saxlanılmalıdır. Azərbaycan Rеspublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393, 403 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-72/2021 saylı, 03 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4026/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4026/2021
27.04.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver