Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4028/2023 10.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Bakı şəhəri 50 saylı Notariat Ofisinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə və onun 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı mülki iş üzrə (Açar sözlər: alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlərin və verilmiş çıxarışların ləğv edilməsi, əmlakların birgə nikah dövründə ər-arvadın ümumi əmlakı hesab edilərək payların bərabər şəkildə müəyyən edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X9 (sədrlik edən və məruzəçi), lu və undan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, İddiaçı Cavanşir qızının, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavanşir qızının cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Bakı şəhəri 50 saylı Notariat Ofisinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə və onun 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlərin və verilmiş çıxarışların ləğv edilməsi, əmlakların birgə nikah dövründə ər-arvadın ümumi əmlakı hesab edilərək payların bərabər şəkildə müəyyən edilməsi və bununla bağlı müvafiq mülkiyyət sənədinin verilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-207/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Cavabdeh2 ilə İddiaçı xx.xx.2004-cü il tarixdə rəsmi nikaha daxil olmuş, nikahdan iki uşaq dünyaya gəlmişdir. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə nikah pozulmuşdur.
2. Cavabdeh2 ilə İddiaçı nikahda olduqları müddətdə Bakı şəhəri, Yasamal rayonu, Məhəllə 500, Parlament prospekti, ev 2b, 15 saylı mənzili və Füzuli rayonu, Bala Bəhmənli kəndində yerləşən qeyri-yaşayış binasını əvəzli qaydada əldə etmişlər, həmin daşınmaz əmlaklar Cavabdeh2 adına dövlət reyestrində qeydiyyata alınmışdır.
3. Cavabdeh2 Füzuli rayonu, Bala Bəhmənli kəndində yerləşən qeyri-yaşayış binasını xx.xx.2022-ci il tarixdə alqı-satqı müqaviləsinə əsasən Cavabdeh3 18.000 manata satmışdır. Həmin əmlak xx.xx.2022-ci il tarixdə Cavabdeh3 tərəfindən Cavabdeh4 25.000 manata satılmışdır.
4. Cavabdeh2 Bakı şəhəri, Yasamal rayonu, Məhəllə 500, Parlament prospekti, ev 2b, 15 saylı mənzili xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh3 95.000 manata satmışdır.
5. İddiaçı hər iki daşınmaz əmlakın satılmasına dair etiraz etməməsi barədə notarial qaydada təsdiq edilmiş yazılı razılığını bildirmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 ilə Cavabdeh3 arasında xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə Füzuli rayonu, Bala Bəhmənli kəndi ünvanında yerləşən ümumi sahəsi 168.8 kv.m olan iki mərtəbəli qeyriyaşayış binasına (obyektinə) və ünvan 1 ünvanında yerləşən 3 otaqlı mənzilə dair bağlanmış əmlakların alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlərin və verilmiş çıxarışların ləğv edilməsi və sözügedən əmlakların iddiaçı X2 ilə Cavabdeh2 birgə nikah dövründə ər-arvadın ümumi əmlakı hesab edilərək payların bərbər şəkildə müəyyən edilməsi və bununla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və müvafiq mülkiyyət sənədinin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh2 xx.xx.2004-cü ildə rəsmi nikaha girməklə ailə həyatı qurmuşlar. Tərəflərin birgə nikahlarından xx.xx.2005-ci il təvəllüdlü X5 və xx.xx.2009-cu il təvəllüdlü X12 adlı iki uşaqları doğulmuşdur. Tərəflər birgə nikahları dövründə ünvan 2 ünvanda yerləşən üç otaqlı mənzili, Füzuli rayonu, Bala Bəhmənli kəndində yerləşən 168.8 kv.m olan iki mərtəbəli qeyri yaşayış sahəsini (obyekti) və s.daşınar və daşınmaz əmlaklar əldə etmişlər. Tərəflər bir müddət yaxşı yola getsələr də, birgə yaşadıqları son aylar ərzində münasibətləri soyumuş və faktiki olaraq pozulmuşdur. 2022-ci ilin yanvar ayının 17-də Cavabdeh2 iddiaçıya zəng edərək onu təcili olaraq 50 Saylı Notariat Kontoruna çağırmışdır. İddiaçı Cavabdeh2 notariusa gəlmə səbəbini soruşduqda isə Cavabdeh2 ortağı olduğu Qarabağ ərazisində yenidənqurma işlərilə məşğul olan “X8 və Təmir Tikinti" MMC-nin problemlərlə üzləşdiyini və bu səbəbdən də guya böyük məbləğlərdə borclarının yarandığını, bu borcların gələcəkdə onların əmlaklarına yönədilməsin deyə müvəqqəti olaraq bir müddətlik Cavabdeh2 qohumu olan (Cavabdeh2 anasının dayısı oğlu) Cavabdeh3 adına keçirilməsinə zərurət yarandığını və sözü gedən əmlakların birgə nikah dövründə əldə olunması səbəbindən iddiaçının təcili olaraq Notariat Kontoruna gələrək sadəcə bir iki sənədə imza atmasına ehtiyac olduğunu bildirmişdir. Beləliklə, iddiaçı xx.xx.2022-ci il tarixdə və xx.xx.2022-ci il tarixdə 50 saylı Notariat Kontoruna gələrək xatırladığı qədər ona təqdim olunan birgə nikahları dövründə əldə olunmuş ünvan 2 ünvanda yerləşən üç otaqlı mənzilin, Füzulu rayonu, Bala Bəhmənli kəndində yerləşən 168.8 kvm olan iki mərtəbəli qeyri yaşayış sahəsinin (obyektin) bağışlanmasına dair sənədləri imzalamışdır. İddiaçı Notariat Kontorunun X1 imzaladığı sənədlərlə bağlı dolğun və izahlı məlumat istəsə də notarius ona heç bir məlumat verməmişdir. Üzərindən təxminən iki aya yaxın zaman keçdikdən sonra xx.xx.2022-ci ildə Cavabdeh2 həyat yoldaşı iddiaçı ilə Füzuli rayonunda yaşayan qohumlarının evinə ad gününə qonaq gələrək iddiaçını orada qoyaraq heç kimi xəbərdar etmədən, iddiaçının istifadəsində olan mobil telefonları götürərək qonaq gəldikləri evi tərk etmişdir. İddiaçı onunla bir neçə saat əlaqə yaratmağa çalışsa da, Cavabdeh2 onun zənglərinə cavab verməmişdir. Bir müddət sonra Cavabdeh2 iddiaçı ilə əlaqə yaradaraq onu xəyanətdə ittiham etmiş, iddiaçının evə qayıdacağı təqdirdə onu öldürəcəyi ilə hədələmişdir. Üzərindən cəmi bir neçə gün keçdikdən sonra, yəni 2022-ci ilin mart ayının 28-də iddiaçıya Cavabdeh2 tərəfindən “nikahın pozulması və uşaqların yaşayış yerinin atalarının yanında müəyyən edilməsi” ilə bağlı mediasiya təklifi barədə məktub göndərilmişdir. Hal-hazırda həmin iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsində məhkəmə araşdırması davam edir. Cavabdeh2 həmçinin iddiaçını birgə yaşadıqları Nərimanov rayonu, Tələt Şıxəliyev küçəsi, ev 3, 1703 saylı mənzildən faktiki olaraq çölə ataraq həmin mənzili MTK vasitəsilə xalası oğlunun mülkiyyətinə keçirmişdir. İddiaçı halhazırda bütün əmlaklarından məhrum olaraq anasının evində yaşamağa məcburdur. İddiaçı Füzuli rayonu məcburi köçkünü və şəhid ailəsi üzvüdür. O, epilepsiya xəstəliyindən əziyyət çəkir, İİ dərəcəli əlildir. İddiaçıya cavabdehin ona qarşı bu hərəkətlərindən sonra aydın olmuşdur ki, o, hər şeyi əvvəlcədən planlaşdırmış və iddiaçını aldadaraq birgə nikah dövründə əldə etdikləri əmlakları uydurma bəhanələr və saxta yollarla öz qohumlarının adına rəsmiləşdirmişdir. xx.xx.2022-ci il tarixli, AN-İN ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsindən görünür ki, Cavabdeh2 Füzuli rayonu, Bala Bəhmənli kəndi ünvanında yerləşən ümumi sahəsi 168.8 kvm olan iki mərtəbəli qeyri-yaşayış binasını (obyekti) Cavabdeh3 18.000 manata satmışdır. xx.xx.2022-ci il tarixli, AN-İN ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsindən görünür ki, Quliyev X10 rayonu, Məhəllə 500, Parlament prospekti, ev 2b, mənzil 15 ünvanında yerləşən 3 otaqlı mənzili Cavabdeh3 95.000 manata satmışdır. xx.xx.2022-ci il tarixli, AN-İN ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsindən görünür ki, Cavabdeh3 Füzuli rayonu, Bala Bəhmənli kəndi ünvanında yerləşən ümumi sahəsi 168.8 kvm olan iki mərtəbəli qeyri-yaşayış binasını Cavabdeh4 25.000 manata satmışdır. Göründüyü kimi, Cavabdeh2 İddiaçı ilə birgə nikahları dövründə əldə etdikləri həmin daşınmaz əmlakları qohumu Cavabdeh3 bazar qiymətindən təxminən üç dəfə aşağı qiymətə sataraq əmlakları əldən çıxarmışdır. Sonra isə ardıcıllıqla planlı şəkildə izi itirmək məqsədilə Cavabdeh3 Füzuli rayonu, Bala Bəhmənli kəndi ünvanında yerləşən ümumi sahəsi 168.8 kvm olan iki mərtəbəli qeyriyaşayış binasını 25.000 manata Cavabdeh4 satmışdır. Bu hal bir daha Cavabdeh2 əvvəlcədən planlı şəkildə hərəkət etdiyini və gələcəkdə iddiaçı ilə boşandıqdan sonra onu əmlaklardakı paydan məhrum etmək niyyətini sübuta yetirir. Göstərilən xüsusatları nəzərə alaraq hesab edir ki, iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
8. Cavabdeh2 iddiaya etiraz verərək göstərmişdir ki, iddia tələbini qəbul etmir, iddia tələbində qeyd olunanlar tamamilə əsassızdır və yalanlardan ibarətdir. Belə ki, həqiqətən də nikah dövründə bir sıra çətinlikləri olmuş, bu çətinliklərdən də uzun müddətdən bəri xeyli miqdarda borcları yaranmışdır. Son zamanlar borclarına görə narahat olurdular. Ona görə də iddiaçı ilə məsləhətləşib həmin borcları qaytarmaqdan ötrü əmlakları satmalı olmuşdurlar. Əmlakları satdıqları şəxs Cavabdeh3 isə iddiaçının dediyi kimi onun qohumu deyil, amma onunla tanışlıqları var. Bütün bunları iddiaçı özü də bilir. Əgər iddia təmin olunarsa, onda münasibətlərin əvvəlki vəziyyətə gətirilməsi nəticəsində yenə də borclana bilər. Belə halda isə iddiaçı ilə nikahları pozulacağı təqdirdə o, borcları tək qaytarmalı olacaqdır.
9. Birinci instansiya məhkəməsi iddiaçının vəsatəti əsasında xx.xx.2022-ci il tarixli qərardadla əmlakın qiymətləndirilməsi ekspertizası təyin etmiş, xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Məhəllə 500, Parlament prospekti, ev 2b, 15 saylı mənzili hazırda bazar dəyərinin təqribən 104.052 manat, likvid dəyərinin təqribən 98.850 manat, Füzuli rayonu, Bala Bəhmənli kəndində yerləşən qeyri-yaşayış binasının orta bazar dəyərinin 23.000 manat, likvid dəyərinin isə təqribən 21.000 manat məbləğində müəyyən edilmişdir.
10. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)- 207/2023 nömrəli qətnaməsi ilə (hakim M.X.Əfəndizadə) iddia təmin edilməmişdir.
11. Məhkəmə qeyd etmişdir ki, iddiaçı cavadeh Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış 17 yanvar və 27 yanvar 2022-ci il tarixli müqavilələrin etibarsızlığını aşağıdakı hallarla əsaslandırmışdır: 1. Daşınmaz əmlaklar orta bazar qiymətindən dəfələrlə ucuz qiymətə satılmışdır; 2. Daşınmaz əmlakların alqı-satqı müqavilələri görüntü üçün bağlanmışdır. Belə ki, əslində “alıcı” Cavabdeh2 qohumudur; daha sonra da əmlaklardan biri Cavabdeh4 satılmışdır. Bu da onu göstərir ki, boşanmaq niyəti olan Cavabdeh2 sadəcə olaraq əmlakları mülkiyyətindən məqsədli şəkildə çıxarırdı ki, boşanmadan sonra arvadı həmin əmlaklardan pay əldə edə bilməsin.
12. Birinci dəlilə münasibətdə məhkəmə belə münasibət bildirmişdir ki, iş materiallarında olan ekspert rəyi ilə təsdiq olunur ki, əmlaklar bazar qiymətinə uyğun qiymətlərdə satılmışdırlar. Belə ki, ekspert rəyinə əsasən Bakı şəhəri, Yasamal rayonu, məhəllə 500, Parlament prospekti, ev 2b 15 saylı mənzilin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 104.052 manat, likvid dəyəri isə təqribən 98.850 manat məbləğində müəyyən edilmişdir. Füzuli rayonu, Bala Bəhmənli kəndi ünvanında yerləşən qeyri-yaşayış sahəsinin hazırda mövcud olan orta bazar qiyməti təqribən 23.000 manat, likvid dəyəri isə təqribən 21.000 manat məbləğində müəyyən edilir. Nəzərə alınsa ki, alqısatqı müqavilələrinə əsasən əmlaklar müvafiq olaraq 95.000 və 18.000 manat məbləğ qarşılığında özgəninkiləşdirilmişdir, iddia ərizəsində göstərilənlər öz təsdiqini tapmır. Məhkəmə icraatı zamanı ekspert rəyinin mötəbər sübut qismində qiymətləndirilməməsi üçün əsas müəyyən edilməmişdir. Digər tərəfdən, əmlakın ucuz qiymətə satılması özüözlüyündə əqdin etibarsızlığğına əsas olan hal deyil. Belə ki, müqavilə azadlığı prinsipinə əsasən, şəxs öz əmlakını qiymətləndirməkdə sərbəstdir. Nəzərə alınsa ki, cavabdeh öz etirazında cavabdehin çoxsaylı borcu olduğunu, buna görə də əmlakları dərhal satmaq ehtiyacı duyduğunu bildirir, bu hal da mülki işin materillarında olan borc müqavilələri, yazılı iltizamlarla, şahid ifdələri ilə təsdiq edilir, cavabdehin əmlakları bir qədər ucuz qiymətə satmasını qeyri-təbii, şübhəli bir hal kimi qiymətləndirmək düzgün deyil.
13. İkinci dəlilə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçı özü notariat ofisində olmuş, ərizəyə özü imza atmışdır. Yəni, sərbəst iradəsini ifadə etmişdir. Əmlakları əldə edən digər cavabdehin Cavabdeh2 qohumu olması, əmlakların hazırda da faktiki olaraq Cavabdeh2 istifadəsində olması barədə heç bir sübut təqdim etməmişdir. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh2 daşınmaz əmlaları qohumluq münasibətlərində olduğu şəxsə satması təsbit edilsəydi belə, bu özü-özlüyündə müqavilənin etibarsız hesab edilməsi üçün müstəqil əsas ola bilməz.
14. Məhkəmə hesab etmişdir ki, iddiaçının mübahisələndirdiyi alqı-satqı müqaviləsinin etibarsızlığına dair tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun deyildir, yəni dizpozisiya əlamətləri ilə uzlaşmır. Hazırki işin faktiki halları da maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşmadığından iddia tələbinin birinci hissəsi əsaslı sayıla və təmin edilə bilməz.
15. Məhkəmə iddianın alqı-satqı müqaviləsinin etibarsızlığına dair hissəsinin əsassız olduğu üçün hesab etmişdir ki, tələbin çıxarışın ləğv edilməsi, əmlakda payların müəyyən edilməsi və s. hissəsinə də hüquqi qiymət verilməsinə artıq zərurət yoxdur. Məhkəmə tələbin bu hissəsinin əlavə araşdırılmasına lüzum görməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab etmişdir.
16. Məhkəmə həmçinin Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından iddiaçının öz hüquqi mövqeyini sübut edə bilməməsini və iddiasının əsaslı olmasına dair hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməməsini qeyd edərək hesab etmişdir ki, iddia ərizəsi rədd edilməlidir.
17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 324, 337.1, 337.3, 337.4, 399.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Avropa İnsan Hüquqları Məhkəməsinin bir sıra qərarlarına, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81, 124.1, 133.1, 217.4, 220.5-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
18. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı onun adladılmasına dair bir sıra sübutlar təqdim etmişdir. Bu sübutlardan biri də iddiaçı ilə cavabdeh arasında olan “Whatsapp” yazışmasının skrinşotudur. Həmin yazışmanın məzmunundan görünür ki, cavabdeh iddiaçını iddia predmeti təşkil edən daşınmaz əmlakları satmaq üçün manipulyasiya edib. Bunu həmin yazışmada cavabdeh dolayı yolla etiraf edir. Belə ki, tərəflər nikahın pozulması mərhələsindədirlər. İddiaçı bu prosesin başlanmasından qısa müddət əvvəl daşınmaz əmlakların alqı-satqısına razılıq ərizəsi verib. Əgər iddiaçı nikahın pozulmasının fərqində olsaydı, məntiqi olaraq, belə bir addım atmayacaqdı. Lakin cavabdeh iddiaçını bu mərhələdə manipulyasiya edərək aldadıb. Bu manipulyasiyanın necə baş verməsi iddiaçının iddia ərizəsi və izahatları ilə təsdiqlənir. Bundan əlavə, cavabdehin iddiaçıya verdiyi cavabdan görünür ki, cavabdehin həmin daşınmaz əmlakarı nikah pozulduqdan sonra iddiaçı ilə Ailə Məcəlləsinin tələblərinə uyğun bölməmək iradəsi mövcuddur. Bu xüsusat iş üzrə həlledici sübut olub birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
21. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, əmlaklar birgə nikah dövründə əldə olunmuşdur. Tərəflərin qohumları "xxxx" ASC-nin rəhbəri olduğu dövrdə Cavabdeh2 orada işləmişdir. 17 yanvar tarixində iddiaçıya zəng olunur və Cavabdeh2 barəsində araşdırma getdiyi, istintaqda mənimsəmələrin araşdırıldığı üçün onlara məxsus əmlakın da əldən çıxma ehtimalının olduğu bildirilir. Bu məqsədlə iddiaçı tərəfindən bağışlama müqavilələrini imzalamalı olduğu bildirilmişdir. Belə ki, istintaq bitdikdən sonra Cavabdeh3 bağışlanılan bütün əmlakların geri qaytarılacağı bildirilmişdir. İddiaçı tələsərək qeyd etdikləri notariat kontoruna gəlmiş, orada notariusa suallar versə də, notarius tərəfindən iddiaçıya qənaətbəxş cavablar verilməmiş və sənədi imzalamalı olduğu bildirilmişdir. İş materiallarında olan razılıq ərizələri tərəfindən təqdim olunmuşdur. Həmin ərizələr iddiaçı tərəfindən yazılmamış, yalnız imzalamışdır. İddiaçı həmin sənədləri imzalayanda düşünmürdü ki, bütün baş verənlərin kökündə pis niyyət dayanır və iddiaçını əmlakdan məhrum edilməsinə xidmət edir. Sonra 15 mart tarixində qohumlarının evinə, Füzuliyə qonaq gedirlər. Cavabdeh2 iddiaçıya məxsus telefonları götürərək evdən gedir. Onunla həmin günün axşamınadək əlaqə salaya bilmirlər. Axşam isə Cavabdeh2 iddiaçını xəyanətdə ittiham edir. İddiaçıya məxsus telefonlar bütün məlumatlar silinmiş şəkildə sonradan tərəfindən əldə olunmuşdur. Müstəqil ekspertə müraciət edərək, rəy almışlar. Çünki Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş ekspertiza zamanı ekspert Füzuliyə getməmişdir. Beləki, birinci instansiya məhkəmə icraatı zamanı ekspert məhkəmə iclasına dəvət olunmuş və ekspertə verilmiş suala cavab olaraq bildirmişdir ki, Füzulidə tanıdığı əmlakçılara zəng edərək qiyməti müəyyən etmişdir. Eyni zamanda, ekspert tərəfindən Parlament prospektində yerləşən evə də baxış keçirilməsi mümkün olmamışdır. Ona verilmiş suala cavab olaraq bildirdi ki, iddiaçı xəyanət etməmişdir, lakin kiməsə görə bu xəyanət hesab edilə bilər.
22. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, vəkilinin dediklərini təsdiqləyir. Füzulidə yerləşən obyektin satışı bir neçə gün əvvəl baş vermişdi. 14 mart tarixində Anarın oğlu Almaniyaya gedəndə onların evində qonaq olmuşlar. Orada obyekt barədə söhbət olmuşdur, ancaq ona obyektin Cavabdeh4 satıldığı bildirilməmişdir. Ona verilmiş suallara cavab olaraq bildirdi ki, Cavabdeh2 kiməsə borcu olmamışdır. Xəyanət barədə Cavabdeh2 məlumatı satışdan əvvəl olmuşdur. Cavabdehin məqsədi onu əmlaksız qoymaq, qisas almaq olmuşdur. Yazışma aparılan telefon anasına məxsus idi, o da nömrə dəyişəndə format olmuş, məlumatlar silinmişdir.
23. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, müqavilələrin etibarsızlığı üçün heç bir əsas yoxdur. Əmlakların satış qiymətləri bazar qiymətlərinə uyğun olmuşdur. 18 illik bir ailədə iddiaçıdan qisas alınması üçün nə baş verə bilərdi? Təbii ki, heç bir məqsəd ola bilməzdi. Cavabdeh2 borcları barədə iddiaçının da məlumatı olduğunu bildirir. Birinci instansiya məhkəməsində icraat zamanı iddiaçı tərəf məhkəməni inandırmağa çalışırdı ki, mübahisə xəyanətlə bağlı olmuşdur və tərəflər arasında “Whatsapp” yazışmasına istinad edirdi. Həmin vaxt qarşı tərəfə iş materiallarına əlavə edilmiş yazışmaların əslini məhkəməyə təqdim edilməsini bildirsə də, təqdim etməmişlər. Hesab edir ki, belə yazışmaları istənilən şəxs tərəfindən icra etmək mümkündür. Hamıya bəllidir ki, “Whatsapp” proqramında ad bölməsinə istənilən nömrəni yazmaq olar və təqdim edilmiş yazışma elə görünür ki, sanki həmin şəxs yazıb. Cavabdeh2 iddiaçı ilə belə bir yazışmanın baş vermədiyini bildirir. Ona verilmiş suallara cavab olaraq bildirdi ki, heç bir xəyanət hadisəsi baş verməmişdir. Füzuliyə gedən ərəfədə iddiaçı ilə cavabdeh arasında müəyyən ailə narazılıqları olmuşdur. Əgər Cavabdeh2 hər hansı bir niyyəti olsa idi hər iki hadisə eyni tarixdə - 17 yanvarda baş verərdi.
24. Cavabdeh3 vəkili və nümayəndəsi Vəkil3 Elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə müraciət etmiş, başqa məhkəmə prosesində iştirak etməsi ilə əlaqədar olaraq hazırkı məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, lakin bunu təsdiq edən sənədləri əlavə etməmiş, işə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə digər cavabdehlərə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmiş və bunun səbələri barədə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə digər cavabdehlərin (nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
25. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 6.1.5. Müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Maddə 324. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin.
26. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 33.4. Ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır.
27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
29. Hazırkı işdə iddia təmin edilmədiyindən, apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən qətnamənin əsaslığı bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
31. Belə ki, hazırki işin müəyyən olunmuş faktiki halları ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh2 birgə nikah dövründə əvəzli qaydada bir mənzil və bir qeyri-yaşayış binası almışlar. Qeyri-yaşayış binası xx.xx.2022-ci il tarixdə 18.000 manata, mənzil isə xx.xx.2022-ci il tarixdə Cavabdeh3 satılmışdır. Əmlakların satılmasına iddiaçı etiraz etməmiş, yazılı razılığını bildirən ərizələrini notariusa təqdim etmişdir.
32. İddiaçı iddia edir ki, həmin alqı-satqı müqavilələri etibarsızdır, çünki Cavabdeh2 hər şeyi əvvəlcədən planlaşdırmış və iddiaçını aldadaraq birgə nikah dövründə əldə etdikləri əmlakları uydurma bəhanələr və saxta yollarla öz qohumlarının adına rəsmiləşdirmiş, əmlaklar bazar qiymətindən aşağı qiymətə satılmış, o, əmlakların bağışlanmasına dair sənədləri imzalamış, notariat ofisində imzaladığı sənədlərlə bağlı notarius tərəfindən ona dolğun və izahlı məlumat verilməmişdir.
33. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, iddiaçının iddia ərizəsində göstərilənlərə əsasən onun Cavabdeh2 ilə birgə yaşadıqları son aylar ərzində münasibətləri soyumuş və faktiki olaraq pozulmuşdur. Apellyasiya şikayətində bildirilir ki, əgər iddiaçı nikahın pozulmasının fərqində olsaydı, məntiqi olaraq, əmlakların özgəninkiləşdirilməsinə dair ərizələri imzalamayacaqdı.
34. Göründüyü kimi, daşınmaz əmlakların özgəninkiləşdirilməsindən bir neçə ay öncədən artıq iddiaçının cavabdehlə münasibətləri faktiki olaraq pozulmuşdur. Bunun məntiqi ardıcıllığı olaraq tərəflər arasında bağlanmış nikahın pozulması ehtimalının yüksək olmasına baxmayaraq, cavabdeh əmlakların özgəninkiləşdirilməsinə dair iki dəfə müxtəlif tarixlərdə razılıq ərizələri vermişdir.
35. İddiaçı işdə olan “Whatsapp” yazışmasına istinad etməklə cavabdehin iddiaçını daşınmaz əmlakları satmaq üçün manipulyasiya etdiyini bildirsə də, bu yazışmanın həqiqətən də onunla cavabdeh arasında baş verdiyini təsdiq edən mötəbər sübutları (məsələn, yazışma aparıldığı telefonu) məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, cavabdeh tərəf həmin yazışmada əks olunanların onun tərəfindən yazılmadığını bildirir, iddiaçı isə yazışmanın anasının telefonundan aparıldığını, lakin telefonda məlumatların silindiyini bildirir.
36. Bundan başqa, iddiaçı iddia ərizəsində cavabdeh tərəfindən xəyanətdə ittiham olunduğunu bildirsə də, işdə olan Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli qətnaməsindən görünür ki, həmin iş üzrə iddiaçı Cavabdeh2 nikahın pozulması ilə bağlı iddia tələbini cavabdehin xəyanəti ilə bağlı əlaqələndirməmiş, xasiyyətləri uyğun gəlmədiyi ilə əsaslandırmışdır. Hazırki iş üzrə cavabdeh olan Cavabdeh2 nümayəndəsi və vəkili məhkəmə iclasında heç bir xəyanət hadisəsinin olmadığını bildirmişdir.
37. Kollegiya həmçinin qeyd edir ki, daşınmaz əmlakların özgəninkiləşdirilməsinə dair razılıq ərizələri bir gündə verilməmişdir və həmin ərizələrin mətnində yalnız bir cümlə və həmin cümlədə konkret olaraq daşınmaz əmlakın adı göstərilməklə “satılmasına etiraz etmirəm, razıyam” yazılmışdır. Yəni iddiaçının iki dəfə fərqli günlərdə həmin ərizəni oxumaq və orada göstərilənlərlə tanış olmaq imkanı olmuş, odur ki, onun əmlakları bağışlanmasına dair sənədləri imzalaması, həmin sənədlərlə bağlı notarius tərəfindən ona dolğun və izahlı məlumat verilməməsi barədə bildirdikləri inandırıcı görsənmir.
38. İşdə olan ekspert rəyindən həmçinin müəyyən edilir ki, daşınmaz əmlaklar təxminən bazar dəyərinə uyğun qiymətlərə satılmışdır.
39. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilik baxımından satıcının satış qiymətini özü üçün müəyyənləşdirmək azadlığı vardır (N.Hacıyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 mart 2020-ci il tarixli qərarı ). Eyni zamanda, qanunvericilikdə satıcı tərəfindən əmlakın qohumuna satılması ilə bağlı qadağa da yoxdur. İşdən görünür ki, alıcı tərəfindən daşınmaz əmlakların qiyməti qanunvericiliyin tələblərinə uyğun olaraq notariusun depozit hesabı vasitəsilə satıcıya ödənilmişdir.
40. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qanunvericiliyin tələblərini rəhbər tutaraq düzgün olaraq nəticəyə gəlmişdir ki, sözügedən əmlaklar ər-arvadın ümumi gəlirləri hesabına əldə olunsalar da, həmin əmlakların alqı-satqısına dair müqavilələrdə həm alıcı, həm də satıcı tərəfin iradə ifadəsi mövcud olmuş, əqdin forma və məzmunu qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Alqı-satqı müqavilələrinin etibarsızlığına dəlalət edən hallar öz təsdiqini tapmadığından, iddia tələbinin digər hissələri də təmin edilə bilməz və həmin hissələrə hüquqi qiymət verilməsinə artıq zərurət yoxdur.
41. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.
42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)- 207/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakimlər: