Məhkəmə qərarları › İş №2(103)-4028/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4028/2024

08.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4028/2024 08.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Mustaphaeva Giulnaraya qarşı iş üzrə (Açar sözlər: müqavilənin ləğvi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X3 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Cavabdehin nümayəndəsi-vəkili Vəkil1 Rüfət oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Mustaphaeva Giulnaraya qarşı “müqavilənin ləğvi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-805/2024 nömrəli 26 aprel 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 08 oktyabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ilə Mustaphaeva Giulnara arasında bağlanmış 28 sentyabr 2023-cü il tarixli alğı-satqı müqaviləsinə görə tərəflər ünvan 1 ünvanında yerləşən mənzilin 7.2 kv.mnin alqı-satqısına dair razılığa gəlmişdirlər. Həmin Müqavilənin 4-cü bəndinə əsasən daşınmaz əmlakın dəyəri 5400 manat məbləğində razılaşdırılır.

2. İddiaçının əri Şahid ilə cavabdehin qardaşı X2 arasında telefon danışığının səsyazmasını özündə əks etdirən CD-yə nəzər yetirərkən məlum olur ki, tərəflər sözügedən əmlakın 7 kv. metr hissəsinin alğı-satqısını həyata keçirərkən ilk öncə 5400 manat məbləğində qiymətə razılaşmışdılarsa da, sonradan cavabdeh həmin pulu ödəməməsi müqabilində sözügedən əmlaka dair tərəflərə ayrı-ayrı çıxarış alacağı barəsində iddiaçıya vəd vermiş və iddiaçı bu vədin zəmanəti kimi cavabdehdən 1000 manat pul alıb özündə saxlamışdır. Səsyazmanı nəzərdən keçirərkən habelə məlum olur ki, cavabdehin qardaşı iddiaçıya sözügedən 5400 manat pulu ödəmədiyini bildirir. İddiaçının əri əmlakın müqabilində cavabdehdən heç bir pul almadığını bildirəndə cavabdehin qardaşı bununla razılaşır və etiraz etmir. Əksinə cavabdehin qardaşı bildirir ki, sözügedən əmlaka dair tərəflərə ayrı-ayrı çıxarış alacağı barəsində iddiaçıya vermiş olduğu vəd ondan asılı olmayan səbəblərdən yerinə yetirilə bilməmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə edərək, xx.xx.2023-cü il tarixli müqavilənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi belə əsaslandırılmışdır ki, cavabdeh ilə aralarında ünvan 2 ünvanında yerləşən mənzilin 7.2 kv.m-nin alqı-satqısı barədə xx.xx.2023-cü il tarixli müqavilə bağlanmışdır. Müqavilədə sahənin dəyəri kimi 5400 manat göstərilmişdir. Lakin cavabdeh tərəfindən həmin 5400 manat ödənilməmiş, cavabdeh əvəzində həmin mənzilə dair tərəflərin hər birinin adına ayrıca çıxarışın alınması öhdəliyini götürmüşdür. Lakin müqavilənin bağlanmasından 5 aya yaxın müddət keçməsinə baxmayaraq cavabdeh tərəfindən üzərinə götürdüyü öhdəliklər icra olunmamışdır.

5. Məhkəmə hazırlıq iclasında şahid qismində dindirilən Şahid belə izahat vermişdir ki, “iddiaçının həyat yoldaşıyam. Hal-hazırda yaşadığımız evi satın alıb rəsmiləşdirdikdən sonra qonşumuz Mustafayeva Gülnarənin qardaşı bizə yaxınlaşaraq bildirdi ki, evin 7 kv. metr sahəsi onlara məxsusdur. Qonşuluq münasibətləri olduğundan bildirdim ki, çıxarış məsələsini həll etdikləri təqdirdə 7 kv metr sahənin onlara verilməsinə etiraz etməyəcəyəm. Bunun qarşılığında 2000 manat vəsaiti mənə girov qismində verməsini razılaşdırdıq. Ancaq notariatda olarkən mənim yaxın qohumumun Mustafayeva Gülnarənin qardaşının dostu olduğunu öyrəndim. Bu səbəbdən 2000 deyil, 1000 manat pulu girov qismində qəbul etdim. Notariatda alqı-satqı müqaviləsini rəsmiləşdirdik. Notarius bizə 5400 manat pulun əlbəəl də verilməsinin mümkün olduğunu və rüsum ödənilməyəcəyini bildirdi. Orada cavabdeh tərəf mənə hər hansı ödəniş etmədi. 1000 manat pulu müqaviləni bağlamamışdan əvvəl almışam. Hazırda pul məndədir.”

6. Şahid qismində dindirilən X2 belə izahat vermişdir ki, “Cavabdehin qardaşıyam. 5400 manat pulu şəxsən mən əlbəəl Şahid vermişəm. 1000 manat pulu alqı-satqı müqaviləsi bağlanan gün Şahid vermişəm. 5400 manat pulu notariusun yanında qarışıqlıq olduğundan otaqdan çıxdıqdan sonra vermişəm. 1000 manat pulu Şahid evin sənədləşmə işlərini həll etməyim üçün girov kimi istəmiş və mən isə vermişdim. Çıxarış alındıqdan sonra mənə geri qaytaracaqdı. 1000 manat pul hələ də Şahiddır. Mən çıxarış alacağım barədə öhdəlik götürməmişdim. Alınacağını düşünürdüm. Ancaq obyektiv səbəblərdən mümkün olmadı”.

7. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26 aprel 2024-cü il tarixli 2(009)-805/2024 nömrəli qətnaməsi (hakim İlkin Rüstəmli) ilə iddia təmin edilmiş, İddiaçı ilə Mustaphaeva Giulnara arasında bağlanmış xx.xx.2023-cü il tarixli AN-İ ******* nömrəli Alğı-satqı Müqaviləsinin ləğv edilməsi, ödənilmiş 100 manat dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir.

8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, həqiqətən də iddiaçı tərəfin və iddiaçının ərinin şahid qismində bildirdiyi kimi cavabdeh müqavilə razılaşdırılmış məbləği iddiaçıya verməmiş, əvəzində başqa bir öhdəlik götürmüş, lakin yekun olaraq həmin öhdəliyi də yerinə yetirə bilməmişdir. Müqavilənin ləğvi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar hazırki işdə mövcuddur və bu səbəbdən tərəflər arasında bağlanmış xx.xx.2023- cü il tarixli alğı-satqı müqaviləsi ləğv edilməlidir.

9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1, 421.1, 421.2, 424.2, 442, 567, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayətində göstərilmişdir ki, birinci instansiya məhkəməsi sübut kimi təqdim olunan səs yazısına qiymət verərəkən qətnamədə göstərmişdir ki, cavabdehin qardaşı 5400 manat pulu iddiaçıya ödəməmişdir. Halbuki həmin səs yazısında pulun ödənilməməsi ilə bağlı ümumiyyətlə heç bir sübut yoxdur. 1000 manat ödənişin olunması hissəsində də məhkəmə düzgün nəticəyə gəlməmişdir. Çünki həmin 1000 manat pul cavabdehin qardaşı ilə iddiaçının əri Məmmədtağı arasında olan çıxarışların paylı mülkiyyətdən çıxarılması ilə bağlı olmuş, Şahid həmin pulu çıxarışların ayrılmaması üçün qaytarmamışdır. 1000 manat pulun ümumiyyətlə bu müqaviləyə heç bir aidiyyatı yoxdur və müqavilə tərəfləri arasında 1000 manatla bağlı heç bir razılaşma olmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

13. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi.

14. İddiaçının nümayəndəsi-vəkili ərizə ünvanlayaraq, ailə üzvünün xəstəliyi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyindən məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etsə də, hər hansı sənəd əlavə edilmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

15. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

16. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 17.Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 18.Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

24. Qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi rədd edilməlidir.

26. Mübahisəli mənzil ünvan 1 ünvanında yerləşir.

27. Kollegiyanın sorğusuna cavab olaraq 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən mübahisəli mənzilə dair arxiv sənədləri təqdim edilmişdir.

28. 29 sentyabr 1993-cü il tarixli 237 nömrəli sərəncamdan görünür ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü, 85-ci maddələri rəhbər tutulmaqla komissiyanın qərarı ilə Ö.Nemanzadə küçəsi 92 nömrəli mənzilin kirayə müqaviləsi C.H.Cabbarov ilə bağlanması və şəxsi hesab vərəqəsinə 1 nəfər yazılması göstərilmişdir.

29. Qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri Səbail rayonu Ö.F.Nemanzadə küçəsindəki 92 nömrəli mənzil X4 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. Bu barədə xx.xx.1997-ci ildə qeydiyyat aparılmışdır.

30. 09.06.2021-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, X8 ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 122 kv.m, yaşayış sahəsi 34,5 kv.m olan 2 otaqlı tam mülkiyyət hüququ üzrə ona məxsus mənzildən sahəsi 18 kv.m olan 1 otağı X5 mülkiyyətinə verir. Mənzilin qalan hissəsi X4 mülkiyyətində qalır. Paylı mülkiyyətçi olaraq müvafiq çıxarış verilmişdir.

31. 11.11.2022-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, X9 ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 112.9 kv.m olan mənzilin paylı mülkiyyət üzrə ona məxsus olan 1 otaq 15,1 kv.m hissəni Mustaphaeva Giulnara 34800 manata satmışdır. Bununla bağlı paylı mülkiyyətçi kimi sonuncuya çıxarış verilmişdir, xx.xx.2022-ci il tarixdə qeydiyyatdan keçmişdir.

32. 17.06.2023-cü il tarixli alqı-satqı müqaviləsindən görünür ki, X8 ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 112.9 kv.m olan mənzilin paylı mülkiyyət üzrə ona məxsus olan hissəsindən 97,8 kv.m hissəni İddiaçı 62000 manata satmışdır.

33. Göründüyü kimi ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 112.9 kv.m olan mənzilin 15,1 kv.m (1 otaq) hissəsi Mustaphaeva Giulnaranın, 97,8 kv.m hissəsi isə İddiaçı paylı mülkiyyətində olmuşdur.

34. Arxiv sənədlərindən həmçinin müəyyən olunur ki, X9 ünvan 4 ünvanında yerləşən evin (mənzilin) ümumi sahəsi bəzi sənədlərdə 122 kv.m, bəzi sənədlərdə isə 112,9 kv.m, X4 X1 1 otağın ölçüsü isə, müvafiq olaraq bəzi sənədlərdə 18 kv.m, bəzi sənədlərdə isə 15 kv.m göstərilmişdir. Görünən də odur ki, tərəflər arasında aparılmış alqı-satqı müqaviləsi məhz həmin fərqlə bağlı olmuşdur.

35. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı ünvan 1 ünvanında yerləşən mənzilin 7.2 kv.m hissəsini 5400 manata Mustaphaeva Giulnaraya satmışdır.

36. Hazırda iddiaçı iddia edir ki, cavabdeh tərəfindən 5400 manat ödənilməmiş, cavabdeh əvəzində həmin mənzilə dair tərəflərin hər birinin adına ayrıca çıxarışın alınması öhdəliyini götürmüşdür. Lakin müqavilənin bağlanmasından 5 aya yaxın müddət keçməsinə baxmayaraq cavabdeh tərəfindən üzərinə götürdüyü öhdəliklər icra olunmadığından müqavilənin ləğv edilməsini tələb etmişdir.

37. Kollegiya qeyd edir ki, müqaviləyə görə ödənilməli olan 5400 manatın ödənilməmiş olması müqavilənin ləğvi üçün əsas hesab edilmir. İddiaçı həmin pulun ödənilməsi ilə bağlı müstəqil iddia qaldıra bilər.

38. Digər tərəfdən Kollegiya qeyd edir ki, işin hallarına əsasən müəyyən edilir ki, tərəflərin mübahisəli müqaviləni bağlaması evin cavabdehə məxsus 7,2 kv.m sahəsinin sənəd üzərində ona qaytarılması ilə bağlı olmuşdur və tərəflər razılaşmışlar ki, cavabdeh həmin əmlaka dair hər birinin mülkiyyət hüquqlarını təsdiq edəcək ayrı-ayrı çıxarışlar alacaqdır. Həmçinin iddiaçı cavabdehin vermiş olduğu bu vədin zəmanəti kimi 1000 manat pulu alıb girov kimi özündə saxlamışdır.

39. Hazırki mübahisə də məhz cavabdeh tərəfindən bu çıxarışlar alınmadığı üçün yaranmışdır.

40. Kollegiya qeyd edir ki, cavabdeh tərəfindən əmlaka dair tərəflərə ayrı-ayrı mülkiyyət hüquqlarını təsdiq edəcək çıxarışın alınıb-alınmaması sözügedən müqavilənin ləğv edilməsi üçün əsas yaratmır. Yəni, iddiaçının tələbinin əsası kimi istinad etdyi hallar tərəflər arasında bağlanmış müqavilənin ləğvinə əsas verən hallar deyildir.

41. Kollegiya həmçinin qeyd edir ki, 1 saylı Bakı Ərazi tərəfindən ünvanlanmış sorğuya cavab məktubunda göstərilmişdir ki, bəhs edilən mənzilə dair İddiaçı adına hazırlanmış ********** qeydiyyat nömrəli xx.xx.2023-cü il tarixli çıxarış vətəndaş tərəfindən təhvil alınmadığı və arxivləşdirilmədiyi üçün həmin sənədin surətinin təqdim edilməsi mümkün olmamışdır.

42. Göründüyü kimi mübahisəli mənzilə dair iddiaçının adına hazırlanmış Çıxarış mövcuddur, lakin sonuncu tərəfindən alınması ilə bağlı müraciət olunmamışdır.

43. Beləliklə qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilənin ləğv edilməsi üçün əsaslar müəyyən edilməmişdir.

44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:

Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-805/2024 nömrəli iş üzrə 26 aprel 2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh Mustaphaeva Giulnaraya qarşı “müqavilənin ləğvi tələbinə dair” iddiası rəd edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar